E L E K T R O N M Ə L U M A T B A Z A S I


Kamil Museyib oğlu Əliyev 22 oktyabr 1921-ci ildə Qərbi Azərbaycanın İrəvan şəhərində anadan olmuşdur. Həmin dövrdə erməni təqiblərinə, terroruna və qətliyamlarına məruz qalan yüz minlərlə azərbaycanlılar kimi hələ çox kiçik yaşlarında olan Kamil Əliyevin də ailəsi əvvəlcə Türkiyəyə (Kars), oradan Cənubi Azərbaycana (Təbriz), oradan da Şimali Azərbaycana (Bakı) köç etmişlər. Uşaqlığı Bakının indiki Dağüstü park adlanan Çəmbərikənd məhəlləsində keçən Kamil Əliyev çox erkən yaşlarında atasını itirmişdi. O, zəhmətkeş nənəsinin (atası tərəfindən) və anasının himayəsində böyümüş və yeniyetmə yaşlarından ailəsinin yükünü böyük evlad kimi öz üzərinə götürmüşdü. Gözəl yaradıcılıq xüsusiyyətləri olan Kamil Əliyev Asəf Zeynallı adına Bakı Rəssamlıq məktəbinə daxil olan kimi, hələ 17 yaşında olanda “Azərxalçaittifaq” müəssisəsinə iş üçün müraciət etmiş, o zamanlar hələ çox gənc olan dahi xalçaçı rəssam, xalçaşünas alim, Professor Lətif Kərimovun xeyir-duası və təklifi ilə işə qəbul edilmişdi. Bir müddət sonra hərbi xidmətə çağrılan Kamil Əliyev Hərbi Hava Qüvvələrinin Tbilisi Hərbi Zenit məktəbində oxuyur. Bir neçə aydan sonra Onu ön cəbhəyə göndərirlər. Gənc K. Əliyev müharibənin odlu-alovlu yollarını keçərək Berlinədək döyüşür. Qələbədən sonra da onu bir il müddətinə Almaniyada SSRİ Hərbi Qüvvələri sırasında xidmətdə saxlayırlar. Yalnız 1946-cı ilin sonunda gənc zabitKamil Əliyev ordu sıralarından tərxis edilərək Azərbaycana qayıdır.

Rəssam Kamil Əliyev əmək fəaliyyətini öz doğma müəssisəsində davam etdirir.

“Azərxalça” EYİB-də fəaliyyəti...

Gənc və perspektivli rəssam K. Əliyev həm də bacarıqlı təşkilatçı idi. Fəaliyyəti dövründə bacarıqlı mütəxəssis kimi Onu müxtəlif vəzifələrə təyin etmişlər. Kamil Əliyev bir müddət Mədəniyyət Nazirliyinin tabeçiliyində Bədii Fonda rəhbərlik etmişdi. Onun işgüzarlığı diqqəti cəlb etmiş və K. Əliyevi Zərgərlik zavoduna direktor təyin etmişlər. Uzun illər bu zavoda rəhbərlik edən Kamil Əliyevin təkçə bacarıqlı təşkilatçı olması deyil, həm də məhsuldar yaradıcı fəaliyyəti Onun qarşısında yeni cığırlar açırdı. Çox sayda ziynət əşyaları məhz Onun şəxsi dizaynları ilə həyata vəsiqə alırdı. Bir müddətdən sonra Kamil Əliyevi Azərbaycan Respublikası Yerli Sənaye Nazirliyinin İstehsalat İdarəsinə rəhbər təyin edirlər və uzun illər bu vəzifədə çalışır. Nazirlikdəki fəaliyyəti dövründə də O, yaradıcı təklifləri ilə diqqəti cəlb edir və dəfələrlə müxtəlif bəzək və məişət əşyalarının dizaynını verirdi. Bütün işlərində Onun dəsti-xətti, rəng xüsusiyyətləri və milliyi öndə dururdu.Lakin Kamil Əliyev bütün karyerası boyunca əsas sevdiyi sənətini unutmurdu. Xatirimdədir, bir yerliteleviziya kanalına müsahibəsində K. Əliyev bildirmişdi: ”Mən sənətimə xəyanət etsəm də o mənə xəyanət etmədi. Odurki, daim birlikdəyik”. Teleaparıcının: “Sizin sənətə xəyanətiniz nədən ibarətdir?” sualına O, cavab vermişdi ki, müxtəlif vəzifələrdə çalışmışam, vaxtım olmurdu ki, qələmi, fırçanı əlimə götürüm. Amma fürsət olan kimi həmən içimdəkiləri kağıza və oradan da ilmələrin yaddaşına həkk edirdim.”...

Respublikamız müstəqillik əldə etdikdən sonra da K. Əliyevin bacarıqlı mütəxəssis olduğu unudulmur. 1990-cı illərdə Qarabağın işğalı zamanı həmin ərazilərdə fəaliyyətdə olan xalça müəssisələri ermənilər tərəfindən tamamilə darmadağın edilmişdi. Ümumilikdə isə “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyi iflic vəziyyətinə düşməkdə idi. 1970-85 – ci illərdə illik istehsal həcmi 38-42 min kvadrat metr olan “Azərxalça” Birliyində cəmi 5-6 min kvadrat metr xalça və xalça məmulatları istehsal olunurdu. 1995-ci ilin iyun ayında Ulu Öndər tərəfindən bu birliyə Professor Kamil Əliyev Baş direktor vəzifəsinə təyin edildi. Bu, birliyin tarixində yeni mərhələnin başlanğıcı idi. Bir sıra insanlar 70-dənartıq yaşı olan Kamil Əliyevin belə ağır işin altına girməsindən ehtiyat edir və hər hansı bir dönüşün əldə ediləcəyinə şübhə ilə yanaşırdılar. Lakin enerjisi tükənməyən, özünə və ətrafındakılara olduqca tələbkar olan K. Əliyevin rəhbərliyi altında qısa müddət ərzində müəssisədə geriliyin və davam edən böhranın qarşısı alınır, müəssisə yeni-yeni nailiyyətlərə imza atır.Qısa müddətdə dünya xalça bazarında tanınmış ticarət markasına çevrilən “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyi öz məhsullarını xalçaçılığın milli xüsusiyyətlərini saxlamaqla xalça bazarının kommersiya tələblərinə də uyğunlaşdırırdı. Bu isə hazır məhsulun istehsal və satış tempini artırmağa şərait yaradırdı. Nəticə göz qabağında idi. Cəmi 3 il ərzində müəssisədə ciddi dönüş yaradıldı. İstehsal həcmi orta hesabla 4 dəfəyə yaxın artırıldı. “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyi öz tarixində ilk dəfə Kamil Əliyevin rəhbərliyi dövründə beynəlxalq xalça bazarına tam müstəqil olaraq çıxa bilmişdi.

Müstəqillik dövrünün yeni tələbləri ilə ölkədə aparılan təzadlı və mürəkkəb təcrübi sınaqların fonunda müəssisənin inkişafı özünü hərtərəfli şəkildə biruzə verirdi. Xüsusilə1995-2000-ci illər ərzində dünyanın işgüzar dairələri, əsasən də xalçasevərlər tərəfindən müasir dünya əl xalçaları istehsalçıları sırasında xalq rəssamı, Professor Kamil Əliyevin rəhbərlik etdiyi“Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin əməyi, yorulmaz və gərgin fəaliyyəti xüsusi qiymətləndirilmişdi. Birliyin fəaliyyətindəki milli-ənənəvi və texnoloji prosseslərə əsaslanan naliyyətləri, o cümlədənistehsal etdiyi məhsulların dünya bazarında daha geniş miqyasda və ləyaqətlə tanıdılması Dünya Ticarət Liderləri Klubu tərəfindən diqqətsiz qalmamış və müəssisə1998-ci ildə öz fəaliyyəti tarixində ilk dəfə olaraq ən nüfuzlu iki dünya mükafatı – İsveçrədə “Ən yaxşı ticarət markasına görə” və Amerikada “Ən yüksək keyfiyyətə görə” mükafatları və “Qızıl Nişanı” ilə təltif olunmuşdu.Bütün bu nailiyyətlər Xalq rəssamı, Professor Kamil Əliyevin bacarıqlı təşkilatçılığı və düzgün rəhbərliyi altında əldə edilmişdi.

Yaradıcılığı...

Bəzən siyasi və işgüzar əməkdaşlığın məhsuldar başlanğıcına yol açan ilk körpülər sənət adamlarının emalatxanalarında planlanır. Onların təfəkkürünün məhsulu olmaqla, mənsub olduğu xalqının mədəniyyətini təmsil edən əsərlər belə dahi insanların qələmindən, fırçalarından çıxaraq və ya ilmələrlə zamanın yaddaşına həkk olunmaqla mədəniyyət tariximizi formalaşdırır. Belə əsərləri ilə buz qəlbləri əritməyə qadir olan dahi sənətkarlardan biri də məhz, Kamil Əliyev idi.O, yaradıcılığı ilə Azərbaycan xalq dekorativ-tətbiqi sənətini yüksəklərə qaldıran, xalçaçılıq sənətinin incəliklərini qoruyub-saxlayan, onu daha da zənginləşdirən, xalçada rəngarəng milli naxışlar, müxtəlif rəng çalarları, kompozisiya və süjetlər yaradan görkəmli sənətkar idi. K. Əliyev fəaliyyəti dövründə yalnız xalı və parça kimi toxuma məmulatlarında deyil, qeyd etdiyim kimi, həm də qızıl, gümüşvə digər qiymətli metal materiallarında da özünün mahir bədii tərtibatçı, ornamental rəssam kimi məharətini nümayiş etdirib.

1950-ci illərdən etibarən Kamil Əliyevin yaradıcılığında süjetli və portret xalçalar aparıcı mövqe tutub. Dərin rəng duyumuna malik sənətkar həmin illərdə bir-birinin ardınca xalça naxışlarından istifadə edərək, yüksək professionallıqla yaradıcılığındakı hisslər və emosiyalar aləmini rəng çalarları və sirli-sehirli ilmələr vasitəsilə canlandırıb.

O, Azərbaycan və dünya klassiklərinin, şair və mütəfəkkirlərinin, görkəmli dövlət və ictimai xadimlərinin portretlərini yaradıb. Bir dəfə öz müsahibələrindən birində K. Əliyev ilk portret əsəri barədə danışanda Ona sual olundu ki,bu hansı əsərdir və neçənci ildə toxunub. K.Əliyev söylədiki,1957-ci ildə Məhəmməd Füzulinin portreti. Bəs, niyə M. Füzuli sualına, çünki O, Yaradana və yaradılanlara olan ən ülvi və ali sevgini yaşamışdır, deyə cavab vermişdi. Bəli, yaradıcılıq həvəsi, istəyi ali hisslərin və fitri istedadın vəhtədindən və ruhun ilhamından doğur.

1986-cı ildə SSRİ Mərkəzi Komitəsinin Baş Katibi Mixail Qorbaçov Hindistana səfərə hazırlaşarkən hədiyyə hazırlanması məqsədilə bütün 15 respublika rəhbərlərinə müraciət etmişdi. Həmin dövrlərdə Moskvada SSRİ Nazirlər Soveti Sədrinin Birinci Müavini vəzifəsində çalışan Heydər Əliyev bu məsələ ilə əlaqədar Xalq Rəssamı Kamil Əliyevə İndira Qandinin xalça üzərində portretinin toxunmasını tapşırmışdı. Bütün İttifaq respublikalarından gətirilən hədiyyələr arasında Azərbaycan xalçasına istər dövlət komissiyası, istərsə də M. Qorboçov tərəfindən xüsusi önəm verilmişdi. Buxalça, SSRİ-nin timsalında olsa da Azərbaycan milli xüsusiyyətlərinin və hind mədəniyyətinin vəhtədini təşkil etməklə əslində iki şərq xalqlarının mədəni yaxınlığına atılmış ciddi addım idi. Kamil Əliyevin söylədiklərinə, həmin dövrdə “İzvestiya” qəzetində dərc olunmuş foto rəsmlərə və məqaləyə əsasən demək olar ki, bir xalça iki xalqın mədəni yaxınlaşmasına və iki dövlətin diplomatik əlaqələrinin ciddi surətdə isinməsinə səbəb olmuşdur. Bu görüş zamanı iki dövlət arasında əsasən SSRİ-nin maraqları çərçivəsində olan dəyərli Müqavilələr də imzalanmışdı.

Kamil Əliyevin hiss və duyğularının məhsulu olan, insanların ruhunu oxşayan vəöxünəməxsus xüsusiyyətləri ilə fərqlənən əsrarəngiz xalça əsərləri dünyanın müxtəlif ölkələrində şəxsi kolleksiyaların bəzəyidir. Azərbaycan mədəniyyətini təmsil edən ayrı-ayrı incəsənət nümunələrimiz kimi Kamil Əliyevin də bir sıra dəyərli əsərləri uzun illərdirAzərbaycan Milli Xalça Muzeyində sevə-sevə nümayiş olunur.Kollektivimiz hər il Xalq rəssamı, Professor Kamil Əliyevin əziz xatirəsini yad edir və onun sənət dünyası barədə geniş məlumatı mütəmadi olaraq ictimaiyyətin diqqətinə çatdırır.


Əlisəfa Nuriyev
Azərbaycan Milli Xalça Muzeyi

 

Palitra.-2019.-25 oktyabr.-S.13.

<< Geri