E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

KAMAL ABDULLA HAQQINDA FİKİRLƏR


Xalq yazıçısı, akademik Kamal Abdullanın bədii əsərləri, hər şeydən əvvəl, bədiilikdə elm faktorunun birgə fəal iştirakı ilə səciyyələnir. Daha doğrusu, elmi idrakla bədii düşüncənin hər iki qanadında özünü isbat etmiş Kamal Abdulla həm də elmi baxışın ədəbiyyatın inkişafı üçün ikinci mühüm nəfəs olduğunu özünün orijinal bədii əsərləri ilə təsdiqləmişdi. Fikrimcə, Kamal Abdullanı Azərbaycanda postmodern ədəbiyyatın yaradıcısı olmasına gətirən yol da onun yaradıcılığında elmi və bədii düşüncənin dialektik vəhdətinə doğru atılmış düşünülmüş addımlarla üzvü surətdə əlaqədardır.Kamal Abdulla böyük zəhməti və qabiliyyətləri hesabına elmdə akademik rütbəni, ədəbiyyatda Xalq yazıçısı fəxri adını almaqdan başqa, həm də bədii yaradıcılıqda elmlə ədəbiyyatın mükəmməl sintezini yaratmış yeni tipli yazıçı-alim modelinin də mükəmməl bir daşıyıcısıdır.

 

İsa Həbibbəyli,

AMEA-nın Prezidenti


Kamal hələ cavan çağlarından Azərbaycan folklorunu uca tuturdu və bu ucalıq bu gün də onun yaradıcılıq aurasının içindədir. O, bu folklorun elmi-nəzəri təsnifatı naminə xüsusi bir ehtiras və şövq ilə çalışır və onun bədii yaradıcılığı da ən sıx tellərlə folklora - bunu bir daha təkrar edirəm - ilk növbədə də "Dədə Qorqud"a bağlıdır. El ədəbiyyatına bağlılıq Kamal Abdullanın fərdi bədii-estetik zövqünün formalaşmasında mühüm rol oynayıb və ən əsası isə, bu gün ədəbi prosesi, bir sıra radio və televiziya kanallarını bürümüş bayağılıq, sənətlə bağlı sosial şəbəkədə tez-tez rastlaşdığımız primitivlik içində oxucuların bədii zövqünün pozulmaması baxımında əhəmiyyətli rol oynayır.
 

Elçin Əfəndiyev,

 Xalq yazıçısı


Əgər Kamal Abdullanı bir neçə sözlə ifadə etmək lazım gəlsə, mən onu ÖZ İÇİNDƏ GİZLİ ADAM kimi səciyyələndirərəm. Məncə, onun bu xarakteri və obrazı istər ictimai fəaliyyətində, istərsə də əsərlərində özünü göstərir. Nədənsə tez-tez mənə elə gəlir ki, hətta bizlər də, ən yaxın dostları da bu soyuqqanlı, sakit, təmkinli görkəmin arxasındakı, içindəki gerçək Kamal Abdullanı tanımırıq. Hansısa ağrı, ya sirr var ki, bunu da yalnız yazıçı özü bilir. Əsərlərinin də bu qeyri-adi biçimi, ovqatı, üslubu, hətta fərqli dili onun yazdığı mövzuların içərisində gizli qalmaq istəyindən, öz ağrılarını pərdələmək niyyətindən və dünyanın bütün dadını duyub görmüş insana xas müdrikliyindən irəli gəlir.

 

Rəşad Məcid,
Mətbuat Şurasının sədri


Kamal Abdullanın yenilikçiliyindən, atdığı addımların ölkədə ilk addımlar olmasından danışarkən onun multikulturalizm sahəsindəki təşəbbüslərini xatırlamamaq qeyri-mümkündür. Yadımdadır, 10-15 il bundan qabaq Kamal Abdulla bizi multikulturalizmlə bağlı konfranslara çağıranda bəziləri bu məsələyə skepsiscəsinə yanaşırdılar, multikulturalizm kursunun, xüsusən onun Azərbaycan modelinin geniş vüsət alacağına o qədər də inanmırdılar. Amma Kamal Abdulla böyük inam və əzmlə, Ulu öndər tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən multikulturalizm kursunun elmi araşdırılması və təbliğ edilməsi sahəsində tarixi xidmətlər göstərdi. Əvvəl "Multikulturalizmə giriş" sonra isə "Azərbaycan multikulturalizmi" dərslikləri yarandı. Dərsliklər müxtəlif dillərə (o cümlədən ingilis dilinə) tərcümə olundu. Hal-hazırda bir çox xarici ölkələrin universitetlərində həmin dərsliklər əsasında Azərbaycan multikulturalizmi xüsusi fənn kimi tədris olunur.

 

Elmira Axundova,

Xalq yazıçısı


Bu işıqlı insanı, zəkalı alimi, novator yazıçını tərəddüd etmədən jurnalist adlandırar, söhbətimin əsas məğzini bu sahədəki ustalığının üzərində qurardım. Kamal müəllimi 30 ildir tanıyıram. İllər ərzində bizi yaxınlaşdıran başlıca dəyər xalqımız, dövlətimiz naminə çəkici eyni zindana vurmağımızdır. Açığını deyim, qarşılıqlı hörmətimizin səbəbkarı yubilyarın nə ad-sanı, tutduğu vəzifələri şərəflə daşıması, ədəbi, elmi-publisistik irsidir. Ən başlıcası mənəvi dəyərləri, bitkin obrazıdır.

 

Əflatun Amaşov,
"Xalq qəzeti"nin baş redaktoru.


Kamal Abdulla Azərbaycanın görkəmli alimi, tanınmış yazıçısı, nüfuzlu ictimai xadimidir. Onun müxtəlif dillərə tərcümə olunan əsərləri müasir Azərbaycan ədəbiyyatının daha dolğun şəkildə tanıtımı üçün böyük əhəmiyyət daşıyır. Hazırda Kamal Abdulla nəsri vasitəsilə dünyanın bir çox ölkəsində Azərbaycan ədəbiyyatının yeni dalğası haqqında geniş oxucu kütləsində təsəvvürlər formalaşır. Kamal Abdullanın ədəbi qayəsi və bəlkə də yaradıcılıq ideyası azərbaycanlı identifikasiyasının mənəvi və ruhani mənbəyini tarixin dərin qatlarından qələmlə qazaraq gün üzünə çıxarmaqdır.

 

Fazil Mustafa,

Milli Məclisin deputatı


Hər bir insanın getdiyi yol, onun əməlləri, gördüyü işləri, tutduğu mövqeyi və insansevərliyi ilə yadda qalır, zənnimcə. Kamal Abdullanın yolu zəngin və parlaq bir yoldur. Və yalnız Kamal Abdulla bilir - "B uyol gəlir, ya gedir?".

Fəxrəddin Manafov,

Xalq artisti  


Biz Kamalla bir-birimizi çoxdan və yaxşı tanıyırıq. Köhnə dosduq. Kamal həmişə qeyri-adi yazıçı olub. O, standartlardan, konservativ Azərbaycan üsullarından həmişə uzaq olub. Həmişə eksperimentlə məşğul olurdu. Yeni şeylər yazmaq, yeni söz demək, fikir demək...Bu çox vacibdir.

 

Fərhad Bədəlbəyli,

BMA-nın rektoru


Kamal Abdullanın elmi fəaliyyəti öz-özlüyündə çoxcəhətlidir. Kamal Abdulla həm bədii, həm elmi yaradıcılıqda bütün ömrü boyu daim yenilik axtarmış öz yolunu , üslubunu tapmağa, tarixin və müasir günlərimizin yeni prinsiplərlə dərkinə çalışmışdır.

 

Sabir Rüstəmxanlı,

Vətəndaş Həmrəyliyi Partiyasının sədri


Ədəbi həyatımızda Kamal Abdullanın ciddi dilçi alim kimi, tənqidçi kimi mötəbər yeri var... Özünü alim kimi təsdiq edəndən az sonra Kamal bədii yaradıcılıqla da məşğul olmağa başladı, hekayələr, povestlər, romanlar, pyeslər, şeirlər yazdı və qısa zaman ərzində tək Azərbaycanda deyil, Rusiyada, Türkiyədə də tanındı, Fransada, başqa ölkələrdə, o sıradan çox uzaq məmləkətlərdə - Yaponiyada, Braziliyada kitabları nəşr olundu. Yaradıcılığıyla ətraflı tanış olandan sonra Kamal Abdulla haqqında iri bir esse də yazmışdım. Bu essedə Kamalın istər bədii əsərləri, istərsə də elmi araşdırmaları üçün səciyyəvi bir cəhəti - gözlənilməz baxış bucağını vurğulayırdım.

 

Anar,

Xalq yazıçısı


Azərbaycan ruh azadlığı, türk fikrinin dərinliyi və hədsiz ürək açıqlığının təkrarolunmaz məkanı olaraq həmişə qalmaqdadır. Məhz bunda bizim Kamal - akademik Kamal Abdulla kimi ulu Azərbaycan Türk xalqının görkəmli oğullarının böyük xidməti vardır.

 

Oljas Süleymanov,

Şair, yazıçı - ədəbiyyatşünas


Yubiley adətən uğurlarla qeyd edilir. Dostum Kamal Abdullanın uğurları lazım olduğundan da çoxdur. O, böyük alim, tanınmış ictimai xadim, məşhur və maraqlı yazıçıdır. Əsərləri dünyanın əksər ölkələrində çap olunub. Hətta bir dəfə o mənə özünəməxsus bir oyun təklif etdi. Yeni bir ölkəyə gələndə o, ilk növbədə, burada Çingiz Abdullayevin kitablarının çap olunub - olunmaması ilə maraqlanırdı. Biz heç də qohum deyilik, amma çox yaxşıdır ki, Abdullayevlərin soyadları Azərbaycan yazıçıları kimi çəkilir.

 

Çingiz Abdullayev,

Xalq yazıçısı


Kamal Abdullanın Azərbaycan elmində, mədəniyyətində, ictimai fikrində təxminən yarım əsrlik bir dövrdə göstərdiyi xidmətlərin miqyasını təsəvvürdə canlandırdıqca ən mütəvaze mövqedən belə heyrətlənməmək mümkün deyil. Kamal Abdulla heç şübhəsiz, böyük mütəfəkkirdir...

Nizami Cəfərov,

Ədəbiyyatşünas - filoloq

 


Görkəmli ictimai xadim, məşhur filoloq alim olaraq, Kamal müəllim fitri istedad və bacarığı ilə Azərbaycanı dünya elmi müstəvisində yüksək səviyyədə təmsil etmiş, özünün akademik elmi və bədii əsərləri ilə Azərbaycan xalqının zəngin ədəbi ənənələri xəzinəsinə böyük tohfələr bəxş etmişdir. Azərbaycanın ictimai- siyasi tarixində öz dəsti xətti ilə seçilən Kamal müəllimi səciyyələndirən mühüm cəhətlər sırasında, heç şübhəsiz ki, peşəkarlıq, vətənpərvərlik, səmərəli idarəçilik, güclü dövlətçilik təfəkkürü, əzmkarlıq sayıla bilər. Üzvü olduğu dünya ölkələri Akademiyalarının, beynəlxalq təşkilatların, layiq görüldüyü beynəlxalq mükafatların adlarını sadalamaqla bitməz. Şübhəsiz ki, onun bütün bu uğurları Azərbaycanımızın adına şərəfdir

 

Şeyxülislam Allahşükür Paşazadə,

Qafqaz Müsəlmanları İdarəsinin sədri


 

 

<< Geri