Tarixdə elə şəxsiyyətlər olur ki,
onların fəaliyyəti xalqın, dövlətin
inkişaf yolunu müəyyən edir,
qoyduqları irs isə gələcək nəsillər
üçün dövlətçilik ənənələrinin
yaşamasında inkişafın istiqamətini
formalaşdırır. Azərbaycan
dövlətçiliyinin tarixində Ümummilli
Liderlik zirvəsinə ucalan məhz
Heydər Əliyev olub. Azərbaycan
tarixinin bütöv bir mərhələsi böyük
dövlət xadimi Heydər Əliyevin adı
ilə bilavasitə bağlıdır.
Azərbaycan xalqının dahi oğlu, hər
zaman Vətəninə və xalqına hədsiz
məhəbbəti ilə seçilən Ulu Öndər
Heydər Əliyev xalqımızın dövlətçilik
şüurunun, müasir ictimai-siyasi
fikrin ən bariz təcəssümüdür. Dahi
şəxsiyyət və görkəmli siyasi xadim
Heydər Əliyev ən uca missiyanı
həyata keçirərək müasir müstəqil
Azərbaycan dövlətinin memarı olub və
öz misilsiz fəaliyyəti ilə bütöv bir
tarix yazıb. Ulu Öndərin həyatı və
çoxşaxəli fəaliyyəti tariximizin ən
şanlı səhifələrindəndir. Məhz
Ümummilli Lider Heydər Əliyevin
rəhbərliyi dövründə ölkəmiz əsrlərə
bərabər inkişaf yolu keçib.
Bu il dahi şəxsiyyət, xalqımızın
Ümummilli Lideri Heydər Əliyevin
anadan olmasının 100 illik
yubileyidir. Ulu Öndər Heydər
Əliyevin 100 illik yubileyinin
dövlət səviyyəsində qeyd olunmasını
təmin etmək məqsədilə Prezident
İlham Əliyev tərəfindən imzalanan
2022-ci il 29 sentyabr tarixli
Sərəncamla Azərbaycan
Respublikasında 2023-cü il “Heydər
Əliyev İli” elan edilib. Həmin
Sərəncamda qeyd edilib: “Dövlətçilik
salnaməmizdə silinməz izlər qoymuş,
azərbaycanlı olması ilə ömür boyu
fəxr etmiş, milli qürur və iftixar
mənbəyimiz olan Heydər Əliyev bütün
dünyada Azərbaycanın rəmzi kimi
qəbul edilir. Xalqımız onun əziz
xatirəsini həmişə uca tutur və
minnətdarlıqla anır, yenidən
hakimiyyətə gəldiyi günü Azərbaycan
Respublikasının dövlət bayramı -
Milli Qurtuluş Günü kimi qeyd edir”.
Bütün mənalı ömrünü xalqına və
dövlətinə xidmətə həsr edən Ulu
Öndərin şəxsiyyətinin əzəməti,
gördüyü işlərin vacibliyi və
böyüklüyü zaman keçdikcə daha da
dərindən dərk edilir. Azərbaycan
xalqı hər zaman Heydər Əliyevin
şəxsiyyətinə, onun ideyalarına,
qoyduğu dəyərli irsə böyük hörmət və
ehtiram hissi ilə yanaşır. Məhz buna
görə Ulu Öndərin irsini öyrənmək,
təbliğ və tətbiq etmək qarşımızda
duran vacib və aktuallığını
itirməyən mühüm məsələdir. Prezident
İlham Əliyevin qeyd etdiyi kimi:
“Heydər Əliyevin xatirəsinə ən böyük
hörmətimiz onun yoluna
sədaqətimizdir. Biz bu yolla gedirik
və bu gün Azərbaycan reallıqları,
uğurlar, qələbələr, bax, bu yolun
təməlində dayanıb”.
Məlum olduğu kimi, ötən əsrin 60-cı
illərində Azərbaycan
iqtisadiyyatının bir çox sahələrində
mənfi meyllər özünü büruzə verir,
ölkə iqtisadi və mədəni tənəzzül
dövrünü yaşayırdı. Respublikamızın
inkişafı getdikcə ləngiyərək,
ümumilikdə əhalinin sosial-iqtisadi
vəziyyətinə kifayət qədər mənfi
təsir göstərməyə başlamışdı. Məhz
belə bir ağır vəziyyətdə ölkə
rəhbərliyində mühüm dəyişiklik baş
verdi. Belə ki, 1969-cu ildə Ulu
Öndər Heydər Əliyevin Azərbaycana
rəhbərliyinin Birinci dövrü başladı.
Ümummilli Liderin rəhbər seçilməsi
xalqımızın taleyində əhəmiyyətli
dönüşün başlanğıcı, eyni zamanda,
Azərbaycanın sürətli inkişafının
əsasının qoyulduğu tarixdir. Doğma
xalqına olduqca bağlı olan Ulu Öndər
Heydər Əliyev çox mürəkkəb şəraitdə
Azərbaycanı Sovet İttifaqının
qabaqcıl ölkələrindən birinə
çevirmək üçün genişmiqyaslı
islahatlar proqramının həyata
keçirilməsinə nail oldu.
1969-1982-ci illər ərzində zəngin
təcrübəyə əsaslanan dahi şəxsiyyət
Heydər Əliyevin rəhbərliyi ilə
respublikada istehsalın sürəti xeyli
artıb, məhsuldarlıq yüksəlib,
elmi-texniki tərəqqidə böyük
irəliləyişlər baş verib, eyni
zamanda, əhalinin maddi rifah halı
əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Tarixi inkişafın sonrakı gedişatı
bir daha sübut etdi ki, Ümummilli
Lider hələ o zamanlar müstəqil
Azərbaycanı qurmağa başlamışdı. Ötən
əsrin 60-cı illərinin sonunda Ulu
Öndər Heydər Əliyevin Azərbaycanda
siyasi rəhbərliyə irəli çəkilməsi
ölkənin gələcək müstəqilliyinə
etibarlı bünövrə formalaşdırmağa
başladı. Ümummilli Lider Heydər
Əliyevin hakimiyyətinin birinci
dövründə yaradılmış iqtisadi
potensial müstəqillik illərində
Azərbaycan üçün çox böyük rol oynadı.
Ulu Öndərin həyata keçirdiyi
düşünülmüş daxili siyasət sayəsində
ölkəmizdə milli özünüdərk və
vətənpərvərliyin gücləndirilməsi
baxımından da olduqca vacib addımlar
atıldı. Milli şüurun inkişaf
etdirilməsi, müxtəlif sahələrdə
yerli kadrların yetişdirilməsi, o
cümlədən milli ruhun yüksəldilməsi
istiqamətində bir çox mühüm işlər
həyata keçirildi. Bununla bağlı
2022-ci il 29 sentyabr tarixli
dövlətimizin başçısının Sərəncamında
qeyd edilib: “Ulu Öndərin xalqın
yaradıcılıq enerjisini bir məqsədə
yönəltməklə tarixi yaddaşın bərpası
istiqamətindә atdığı qətiyyətli
addımlar o dövrdə milli ruhun
canlanmasına xidmət göstərmiş,
özünüdərki və soy-kökə qayıdışı
təmin etmiş, müstəqil dövlət
quruculuğuna aparan yolun təməl
daşına çevrilmişdir”.
1991-ci ildən Azərbaycanda cərəyan
edən mürəkkəb və eyni zamanda
ziddiyyətli proseslər, həmçinin
ölkənin müstəqilliyi üçün
təhdidlərin meydana çıxması,
vətəndaş qarşıdurmasının güclənməsi,
anarxiya mühitinin dərinləşməsi onu
göstərdi ki, ölkəni yaranmış ağır
vəziyyətdən yalnız Ulu Öndər Heydər
Əliyev kimi güclü lider xilas edə
bilər. Ümummilli Lider Heydər Əliyev
1993-cü ildə xalqın təkidli
çağırışlarına cavab verərək
hakimiyyətə geri qayıdıb,
Azərbaycanın fəlakətlərlə üz-üzə
qaldığı bir dövrdə həyatını
təhlükəyə ataraq, xalqımızın
tarixinə milli dövlətçiliyin
xilaskarı kimi daxil olub. Xalqının
yanında olmağa qərar verən dahi
şəxsiyyət Heydər Əliyev özünün həyat
fəlsəfəsini belə izah edirdi: “Mənim
həyat amalım bütün varlığım qədər
sevdiyim Azərbaycan xalqına,
dövlətçiliyimizə, ölkəmizin iqtisadi,
siyasi, mənəvi inkişafına xidmət
olub. Bu yolda bütün gücümü və
iradəmi yalnız müdrik və qədirbilən
xalqımdan almışam. Ən çətin anlarda,
ən mürəkkəb vəziyyətlərdə yalnız və
yalnız xalqıma arxalanmışam. Bu da
mənə dözüm, iradə verib və bütün
uğurlarımı təmin edib”.
1993-cü ildə yenidən rəhbərliyinə
qayıdan dahi Heydər Əliyev öz müdrik
siyasəti və eyni zamanda, tarixi
uzaqgörənliyi ilə milli dövlətçilik
ideyasının həyata keçirilməsinə,
müasir və müstəqil Azərbaycan
dövlətinin qurulmasına nail oldu,
ölkəmiz öz liderinin rəhbərliyi ilə
yeni inkişaf yoluna qədəm qoydu. Ulu
Öndər Heydər Əliyev belə mürəkkəb
vəziyyətdə ölkə daxilində siyasi
sabitliyin təmin edilməsi, iqtisadi
siyasət prioritetlərinin müəyyən
edilməsi, kompleks xarakterli
islahatların həyata keçirilməsinə
əsas yaradan qanunvericilik
bazasının hazırlanması vəzifələrinin
öhdəsindən məharətlə gəldi. Həmin
dövrdə mövcud olan hüquq sistemi və
qanunlar hüquqi və demokratik
cəmiyyət quruculuğuna, qanunun
aliliyinin təmin olunmasına,
həmçinin insan hüquq və
azadlıqlarının səmərəli müdafiəsinə
təminat vermirdi. Cəmiyyətin gələcək
inkişafı digər sahələrlə yanaşı,
eyni zamanda, hüquq sahəsində də
köklü islahatların həyata
keçirilməsini, tamamilə yeni və
demokratik dəyərlərə əsaslanan milli
qanunvericilik bazasının
formalaşdırılmasını zərurətə
çevirmişdi. Məhz bu səbəbdən
müstəqil dövlət qarşısında duran ən
vacib məsələlərdən biri yeni
Konstitusiya layihəsinin
hazırlanması oldu.
Milli Məclisin 1995-ci il 2 may
tarixli 1048 saylı qərarı ilə Ulu
Öndər Heydər Əliyevin sədrliyi ilə
yeni Konstitusiya layihəsini
hazırlayan Komissiyanın tərkibi
təsdiq olundu. Konstitusiya
Komissiyasının tərkibinə
qanunvericilik, icra və məhkəmə
hakimiyyəti orqanlarının
nümayəndələri ilə yanaşı, tanınmış
ictimai-siyasi və elm xadimləri,
görkəmli hüquqşünaslar, tarixçilər,
dilçilər daxil edilmişdi. Ümummilli
Lider Heydər Əliyev Komissiyanın
fəaliyyəti zamanı Əsas Qanunun
layihəsinə dair öz dəyərli
tövsiyələrini verib, Konstitusiyanın
hər bir müddəasını şəxsən nəzərdən
keçirib, Konstitusiya layihəsinin
açıq müzakirələrini təşkil etməklə
onun ən yetkin formada qəbulunu
təmin etmək üçün gərgin əmək sərf
edib.
Yeni Konstitusiya layihəsini
hazırlayan Komissiyanın 1995-ci il
iyunun 5-də ilk iclası keçirildi və
həmin iclasda geniş nitq ilə çıxış
edən Ümummilli Lider Heydər Əliyev
dövlətimizin konstitusiya quruculuğu
tarixinə toxunaraq qeyd etmişdi ki,
müstəqil Azərbaycanın ilk
Konstitusiya layihəsinin
hazırlanması respublikamızın
tarixində böyük hadisədir. Ulu Öndər
həmin çıxışında bildirmişdi:
“Konstitusiya yaratmaq üçün şübhəsiz
ki, tarixi keçmişimizə nəzər
salmalıyıq, amma eyni zamanda
ümumbəşəri dəyərlərdən, dünyanın
demokratik dövlətlərinin əldə etdiyi
nailiyyətlərdən, təcrübədən istifadə
etməliyik, bəhrələnməliyik”.
Eyni zamanda, həmin çıxışında Ulu
Öndər Heydər Əliyev yeni
Konstitusiyanın məramı, qaynaqları,
mahiyyətinə aydınlıq gətirərək
ölkənin Əsas Qanunu barədə belə
demişdi: “Konstitusiya birinci
növbədə dövlətlə, hakimiyyətlə
xalqın arasında olan münasibətləri
özündə əks etdirməlidir. Hakimiyyət
bölgüsü, ali icra, qanunvericilik,
məhkəmə hakimiyyətləri - bunlar
hamısı xalqın iradəsinə söykənməli,
seçkilər yolu ilə təmin olunmalıdır”.
Həmçinin yeni Konstitusiya
layihəsini hazırlayan Komissiyanın
1995-ci il oktyabrın 3-də keçirilən
iclasında Komissiyanın sədri Heydər
Əliyev bildirmişdi: “Bizim yeni
Konstitusiyamız, şübhəsiz ki,
birinci növbədə Azərbaycan
Respublikasının dövlət
müstəqilliyini, bu müstəqilliyin
əbədi olduğunu və dövlət
müstəqilliyini qoruyub saxlamaq,
yaşatmaq üçün bütün prinsipləri əks
etdirməlidir. Yeni konstitusiyamız
demokratik prinsipləri özündə əks
etdirməlidir. Yəni dünya
demokratiyasının əldə etdiyi bütün
nailiyyətlərdən, demokratiya
sahəsində inkişaf etmiş dövlətlərin
konstitusiya təcrübəsindən istifadə
etməli və Azərbaycan Respublikasının
özünəməxsus tarixi, milli
ənənələrini əks etdirən prinsipləri
özündə cəmləşdirməlidir. Bir sözlə,
biz elan etmişik və mən bir daha
bəyan edirəm ki, Azərbaycanda
demokratik, hüquqi, sivilizasiyalı,
dünyəvi dövlət qururuq”.
Yeni Konstitusiya 5 bölmə, 12 fəsil,
158 maddə, preambula və keçid
müddəalarından ibarət olmaqla
1995-ci il noyabrın 12-də ümumxalq
səsverməsi – referendum yolu ilə
qəbul edildi, 1995-ci il noyabrın
27-də isə qüvvəyə mindi. İlk
Konstitusiyanın milli dövlətçilik
tarixində müstəsna əhəmiyyəti nəzərə
alınaraq, Ulu Öndər Heydər Əliyev
tərəfindən imzalanan 1996-cı il 1
noyabr tarixli Fərmana əsasən, hər
il noyabrın 12-si Konstitusiya Günü
kimi qeyd edilməyə başlanıb. 1995-ci
ildə Əsas Qanunun qəbul edilməsi
müstəqillik tariximizin ən vacib
hadisələrindən biri olmaqla yanaşı,
dövlətçiliyimizin möhkəmləndirilməsi
baxımından çox mühüm ictimai-siyasi
hadisə kimi qiymətləndirilməlidir.
Yeni Konstitusiyanın qəbulu eyni
zamanda, ölkəmizin inkişafının
prinsipcə tamamilə yeni mərhələyə
qədəm qoymasının göstəricisi olmaqla,
müstəqillik illərində əldə olunan
nailiyyətlərin hüquqi fundamenti
qismində çıxış edib.
Əsas Qanunun Preambulasında
Azərbaycan dövlətinin müstəqilliyini,
suverenliyini və ərazi bütövlüyünü
qorumaq, bu ali sənəd çərçivəsində
demokratik quruluşa təminat vermək,
vətəndaş cəmiyyətinin bərqərar
edilməsinə nail olmaq, xalqın
iradəsinin ifadəsi kimi, qanunların
aliliyini təmin edən hüquqi, dünyəvi
dövlət qurmaq, ədalətli iqtisadi və
sosial qaydalara uyğun olaraq
hamının layiqli həyat səviyyəsini
təmin etmək, ümumbəşəri dəyərlərə
sadiq olaraq bütün dünya xalqları
ilə dostluq, sülh və əmin-amanlıq
şəraitində yaşamaq və bu məqsədlə
qarşılıqlı fəaliyyət göstərmək kimi
ülvi niyyətlər bəyan edilib.
Hər bir demokratik dövlətin Əsas
Qanunu hüquq sisteminin özəyini,
əsasını təşkil edir, cəmiyyətdə
siyasi sabitliyin təminatı qismində
çıxış edir. Ölkə Konstitusiyasının
ən yüksək və birbaşa hüquqi qüvvəyə
malik olan normaları bütövlükdə
hüquqi tənzimetmə sisteminin
əsasında durmaqla, ictimai
münasibətlərin inkişafında
müəyyənlik amili kimi çıxış edir.
Eyni zamanda, Əsas Qanun ölkədə
təşəkkül tapmış dövlətçilik
ənənələrinin, hüquq qaydasının,
demokratik cəmiyyətin qurulmasına
xidmət edir. 1995-ci ildə qəbul
edilən Əsas Qanun bir sıra təməl
prinsipləri özündə əks etdirərək,
müasir sivil cəmiyyətin əsas inkişaf
istiqamətlərini müəyyən edən ideya
və dəyərləri geniş şəkildə özündə
ehtiva edib: insan şəxsiyyətinə və
ləyaqətinə hörmət; dövlət hakimiyyət
orqanlarının demokratik qaydada
formalaşdırılması; insan
hüquqlarının səmərəli müdafiəsi
mexanizmlərinin mövcudluğu; siyasi
sistemdə plüralizmə təminat
verilməsi; sosial ədalətə nail olmaq;
ümumbəşəri dəyərlərə sadiqlik; milli
qanunvericiliyin beynəlxalq hüquqa
uyğunlaşdırılması və sair.
Dövlət quruluşunun başlıca
prinsiplərini müəyyən etməklə yanaşı,
Konstitusiya həm də cəmiyyət
həyatının müxtəlif sahələrinə
dövlətin müdaxiləsinin meyarlarını
və belə müdaxilənin yol verilən
hədlərini dəqiqləşdirərək, bu sahədə
dövlət siyasətinin əsas
istiqamətlərini müəyyən edir.
Konstitusiya Azərbaycan
Respublikasında xalqın dövlət
hakimiyyətinin yeganə mənbəyi
olduğunu elan edir, öz müqəddəratını
sərbəst və müstəqil həll etməyi və
öz idarəetmə formasını müəyyən
etməyi Azərbaycan xalqının suveren
hüququ kimi təsbit edir. Həmçinin
Əsas Qanun Azərbaycan dövlətini
demokratik, hüquqi, dünyəvi, unitar
respublika elan edir, Azərbaycan
Respublikasında dövlət
hakimiyyətinin daxili məsələlərdə
yalnız hüquqla, xarici məsələlərdə
isə yalnız ölkəmizin tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən
irəli gələn müddəalarla
məhdudlaşdığını bəyan edir, insan və
vətəndaş hüquqlarının və
azadlıqlarının, Azərbaycan
Respublikasının vətəndaşlarına
layiqli həyat səviyyəsinin təmin
olunmasını dövlətin ali məqsədi
olaraq təsbit edir.
Xüsusilə qeyd edilməlidir ki, Əsas
Qanunda insan və vətəndaş hüquq və
azadlıqlarının, habelə onların
reallaşdırılmasının ümumi
mexanizmləri olduqca geniş şəkildə
əksini tapıb. Konstitusiyada bu
hüquq və azadlıqlar dövlət
tərəfindən verilən xüsusi imtiyaz
olaraq deyil, məhz hər kəsin
doğulduğu andan malik olduğu
toxunulmaz, pozulmaz və ayrılmaz ali
dəyərlər kimi ifadə edilir. Bununla
bağlı, “Konstitusiyada təsbit
edilmiş insan və vətəndaş
hüquqlarını və azadlıqlarını
gözləmək və qorumaq qanunvericilik,
icra və məhkəmə hakimiyyəti
orqanlarının borcudur” Konstitusiya
müddəası olduqca mühüm əhəmiyyət
kəsb edir.
İnsan hüquqlarına etibarlı təminat
yaradan Konstitusiyanın ən böyük
fəsli də bütünlüklə əsas insan və
vətəndaş hüquqları və azadlıqlarına
həsr edilib. Həmin fəsildə
demokratik, hüquqi dövlətdə təmin
edilməsi zəruri olan hüquq və
azadlıqlar, onların həyata
keçirilməsi mexanizmləri, habelə
ayrı-ayrı hüquqların beynəlxalq
standartlara müvafiq olaraq, qanuni
məhdudlaşdırılmasının yol verilən
hədləri nəzərdə tutulub.
Dövlətin Əsas Qanununun hüquqi
əlamətlərindən biri onun
sabitliyidir. Konstitusiya
uzunmüddətli fəaliyyət üçün nəzərdə
tutulan aktdır. Bununla belə,
Konstitusiya özü canlı orqanizm kimi
daim inkişafdadır. İctimai-siyasi
münasibətlərin inkişaf tempi, müasir
cəmiyyətdə, dünyada və dövlətdə baş
verən dəyişikliklər
konstitusiyaların da zərurət
yarandıqda təkmilləşdirilməsini,
onlara müvafiq əlavə və
dəyişikliklərin edilməsini labüd
edir. Bu cür zərurət heç də təsadüfi
deyil. Konstitusiyanın qəbulundan
ötən müddət ərzində cəmiyyətin
siyasi-hüquqi, sosial-iqtisadi
həyatında olduqca mühüm
dəyişikliklər baş verir.
Konstitusiyanın qəbulu zamanı onun
tənzimetmə predmetini təşkil edən
ictimai münasibətlər və bu
münasibətlərin tərkib hissəsi olan
hüquqi, siyasi, sosial və iqtisadi
vəziyyət dəyişir, cəmiyyət yeni elm
və texnologiya dövrünə qədəm qoyur.
Bu baxımdan konstitusiyaların da
təkmilləşdirilməsi, bu ali sənədə də
müəyyən əlavələrin və
dəyişikliklərin edilərək müasir
tələblərə uyğunlaşdırılması kifayət
qədər səciyyəvi haldır.
Azərbaycan Respublikasının
Konstitusiyasına 2002-ci il avqustun
24-də, 2009-cu il martın 18-də və
2016-cı il sentyabrın 26-da
keçirilmiş referendumlar nəticəsində
bir sıra əhəmiyyətli əlavələr və
dəyişikliklər edilib. İlk dəfə
2002-ci ildə konstitusiya
dəyişikliklərinə yaranan ehtiyac bir
çox sahələrdə olduqca nəzərə çarpan
sürətli inkişafdan irəli gəlirdi.
Ulu Öndər Heydər Əliyev tərəfindən
2002-ci il iyunun 22-də “Azərbaycan
Respublikasının Konstitusiyasında
dəyişikliklər edilməsi məqsədi ilə
ümumxalq səsverməsi (referendum)
keçirilməsi haqqında” Fərman
imzalanıb. Bu referendumla bağlı
Milli Məclisin 2002-ci il 29 iyul
tarixli Azərbaycan xalqına
müraciətində qeyd edilib:
“Konstitusiyada edilməsi nəzərdə
tutulan dəyişikliklər insan
hüquqlarının və azadlıqlarının
qorunmasının əlavə təminatları,
seçki sistemi, dövlət hakimiyyəti
orqanlarının fəaliyyətinin
tənzimlənməsi, məhkəmə
hakimiyyətinin rolunun artması ilə
bağlıdır ... Azərbaycan
Respublikasının Milli Məclisi bəyan
edir ki, Azərbaycan Respublikasının
Prezidenti cənab Heydər Əliyevin
ümumxalq səsverməsinə (referenduma)
çıxardığı Konstitusiya
dəyişikliklərini dəstəkləyir və
onların həyati zəruriliyini bir daha
qeyd edir”.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü
ilə keçirilən 2002-ci il avqustun
24-də referendumunda Əsas Qanunun
bir sıra maddələrində əlavə və
dəyişikliklərin edilməsi məhz həmin
dövr üçün ictimai münasibətlərin
daha səmərəli tənzimlənməsi
məqsədilə aparılan konstitusiya
islahatlarının tərkib hissəsi oldu.
Bu əlavə və dəyişikliklər bir sıra
mühüm məsələləri, o cümlədən
Azərbaycan Respublikası
Prokurorluğuna qanunvericilik
təşəbbüsü hüququnun verilməsi,
Azərbaycan Respublikasında
apellyasiya instansiyası məhkəmələri,
eləcə də Azərbaycan Respublikasının
İnsan hüquqları üzrə müvəkkili (Ombudsman)
institutunun yaradılmasını nəzərdə
tutmuşdur. Həmçinin Konstitusiyaya
edilən həmin əlavə və dəyişikliklər
nəticəsində İnsan hüquqları üzrə
müvəkkil (Ombudsman), məhkəmələr və
hər kəs (hüquqi və fiziki şəxslər)
Konstitusiya Məhkəməsinə birbaşa
müraciət etmək hüququ əldə etdi.
Azərbaycan Respublikası
Konstitusiyasının mətninə 2002-ci il
avqustun 24-də keçirilmiş
referendumla edilmiş əlavə və
dəyişikliklər hüquq sisteminin
təkmilləşdirilməsinə xidmət edib,
eyni zamanda, Əsas Qanunun mühüm
əhəmiyyətə malik yeni müddəalarla
zənginləşməsi ilə nəticələnib.
Ümumilikdə qeyd edilməlidir ki,
Konstitusiyaya edilmiş əlavə və
dəyişikliklər demokratik prinsip və
dəyərlərin bərqərar olmasının, o
cümlədən insan və vətəndaş hüquq və
azadlıqlarının təminatına ən ali
səviyyədə göstərilən diqqətin
təzahürüdür. Konstitusiya
islahatları hüquqi dövlət və
vətəndaş cəmiyyəti prinsiplərinin
daha da möhkəmlənməsi,
demokratikləşmə proseslərinin
dərinləşməsi, insan hüquq və
azadlıqlarının daha səmərəli şəkildə
təmin olunması məqsədlərinə xidmət
edir.
Əminliklə demək olar ki, Azərbaycan
dövlətinin hərtərəfli tərəqqisi,
ölkə həyatının müxtəlif sahələrində
həyata keçirilən hərtərəfli
islahatlar öz mənbəyini məhz Əsas
Qanundan götürüb. Konstitusiyada
təsbit edilmiş əsas istiqamətlər,
prinsip və prioritetlər ölkəmizdə
güclü sosial dövlətin qurulmasına,
hüquqi, iqtisadi və digər
islahatların həyata keçirilməsinə,
dövlət hakimiyyəti orqanlarının
müasir tələblərə uyğun təşkil
edilməsinə, eyni zamanda, insan
hüquq və azadlıqlarının səmərəli
müdafiə mexanizmlərinin
formalaşdırılmasına davamlı hüquqi
zəmin yaradıb.
Dövlətimizin Əsas Qanunu qəbul
edildikdən sonra 1998-ci ildə
konstitusiya nəzarəti orqanı -
Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi fəaliyyətə
başlayıb, bu təsisatın dövlət
hakimiyyəti sistemində yeri və rolu
müəyyənləşdirilib. Ulu Öndər Heydər
Əliyevin bilavasitə təşəbbüsü ilə
yaradılmış və bu il fəaliyyətə
başlamasının 25 illik yubileyini
qeyd edən Konstitusiya Məhkəməsinin
əsas məqsədləri Azərbaycan
Respublikası Konstitusiyasının
aliliyini təmin etməkdən, hər kəsin
əsas hüquq və azadlıqlarını müdafiə
etməkdən ibarətdir.
Ali konstitusiya ədalət mühakiməsi
orqanı olan Konstitusiya Məhkəməsi
Əsas Qanunun ona verdiyi
səlahiyyətlər çərçivəsində sorğu,
müraciət və şikayətlər əsasında
qəbul etdiyi məhkəmə aktları ilə bu
məqsədləri həyata keçirir və bununla
milli hüquq sisteminin inkişafına,
hüquq tətbiqetmə təcrübəsinin
istiqamətləndirilməsinə öz töhfəsini
verir. Konstitusiya Məhkəməsinin
qərarlarında əksini tapan hüquqi
mövqelər Konstitusiyanın əsasları,
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən
irəli gələn müddəalar, habelə insan
hüquq və azadlıqlarının prioriteti
prinsipi nəzərə alınmaqla
formalaşdırılır.
Qeyd edilməlidir ki, tarixi nöqteyi-nəzərdən
qısa müddətdə dövlətimiz əsrə
bərabər inkişaf yolu keçib.
Dövlətimiz ildən-ilə güclənərək,
dinamik şəkildə inkişaf edir. Bu gün
Azərbaycan müstəqil siyasət
yürütməyə qadir, dayanıqlı iqtisadi
sistemə malik, müasir, sürətli
inkişaf yolu ilə inamla irəliləyən,
beynəlxalq birliyin tamhüquqlu üzvü
olan nüfuzlu dövlətdir. Azərbaycan
özünü dünya birliyində ən mötəbər
kürsülərdən sözünü deyən, öz haqlı
mövqeyini bildirən və bu mövqeyini
qoruyan, eyni zamanda zəngin
iqtisadi potensiala malik bir dövlət
kimi tanıdıb. Regionun lider dövləti
olan Azərbaycan müasir beynəlxalq
münasibətlər sistemində etibarlı
tərəfdaş olmaqla qlobal xarakterli
strateji layihələrin nəinki
iştirakçısı, eyni zamanda,
təşəbbüskarı qismində çıxış edir.
Əldə olunan bütün bu nailiyyətlər
məhz Prezident İlham Əliyevin siyasi
iradəsi, qətiyyəti, hərtərəfli
düşünülmüş daxili və xarici siyasəti
sayəsində mümkün olub.
Əminliklə deyə bilərik ki, Ulu Öndər
Heydər Əliyevin ideyaları, zəngin
dövlətçilik irsi əsasında inkişaf
yolunda inamla irəliləyən müasir
Azərbaycan dövləti tarixinin
qüdrətli dövrünü yaşayır. Müstəqil
dövlətçilik tariximizin ən mühüm
hadisəsi isə tarixi torpaqlarımızın
işğaldan azad edilməsi oldu. 2020-ci
il sentyabrın 27-də başlayan, 44 gün
davam edən və işğal altındakı
ərazilərimizin qaytarılması ilə
nəticələnən Vətən müharibəsi
tariximizin ən parlaq səhifəsinə,
Azərbaycan xalqının qürur mənbəyinə
çevrildi. Azərbaycan dövləti 44 gün
ərzində bütün dünyaya səs salaraq öz
gücünü nümayiş etdirdi, Azərbaycan
əsgəri əsl qəhrəmanlıq, mərdlik,
rəşadət nümunəsi göstərdi. 44 günlük
Vətən müharibəsində qazanılan Zəfər
Azərbaycan Prezidenti, Müzəffər Ali
Baş Komandan İlham Əliyevin
qətiyyətli hərbi, siyasi və
diplomatik fəaliyyəti, rəşadətli
Azərbaycan Ordusunun şücaəti və
xalqımızın birliyi sayəsində mümkün
oldu. Qazanılan tarixi Qələbə milli
şüurun, xalq və ordu birliyinin
təcəssümünə çevrildi. Dövlət başçısı
İlham Əliyev bununla bağlı qeyd edib:
“Biz öz haqqımızı, öz hüquqlarımızı
döyüş meydanında bərpa etdik. Qırx
dörd gün ərzində mənfur düşməni
torpaqlarımızdan qovduq və Qarabağda
Azərbaycan Bayrağını ucaltdıq. Bu,
çoxəsrlik Azərbaycan tarixinin ən
parlaq səhifəsidir”.
Azərbaycan dövlətinin şanlı Qələbəsi
sayəsində Konstitusiyanın hüquqi
qüvvəsi işğaldan azad edilmiş
torpaqlarımızda bərpa olunub,
vətəndaşlarımızın Əsas Qanunda
təsbit edilmiş bir sıra hüquqlarının
bərpası üçün zəmin yaranıb.
Bu il aprelin 18-də Prezident İlham
Əliyev Salyan şəhərində Azərbaycan
Televiziyasına müsahibə verərək qeyd
edib: “Biz dəfələrlə bəyan etmişdik
ki, daxili işlərimizi heç bir ölkə
ilə müzakirə etməyəcəyik. Qarabağ
bizim daxili işimizdir. Qarabağda
yaşayan ermənilər ya Azərbaycan
vətəndaşlığını qəbul etməlidirlər,
ya da ki, özləri üçün başqa yaşayış
yeri tapmalıdırlar. Burada tam
sərbəstlik var, bütün demokratik
əsaslar təklif olunur. Bu məsələ
insan hüquqları əsasında öz həllini
tapmalıdır”. Bu bəyanat bir daha onu
təsdiq edir ki, dövlətimizin başçısı
İlham Əliyevin rəhbərliyi ilə Əsas
Qanunun hüquqi qüvvəsinin beynəlxalq
ictimaiyyət tərəfindən tanınan bütün
Azərbaycan ərazisində təmin edilməsi
prosesi uğurla həyata keçirilir.
Aprelin 23-də isə mühüm əhəmiyyət
kəsb edən, əlamətdar və tarixi
hadisə baş verdi. Azərbaycan öz
legitim və suveren hüququnu həyata
keçirərək Ermənistan ilə sərhəddə,
Laçın-Xankəndi yolunun başlanğıcında
nəzarət-buraxılış məntəqəsini qurdu.
Şübhəsiz ki, bu hadisə regionda
təhlükəsizliyin və sabitliyin təmin
olunmasında mühüm addım olmaqla,
sülh prosesinə də öz mühüm töhfəsini
vermiş olacaq. Eyni zamanda, nəzarət-buraxılış
məntəqəsinin qurulması Azərbaycanın
bütün suveren əraziləri üzərində
nəzarətinin tam bərpa edilməsi,
bununla da bu ərazilərdə qanunun
aliliyinin təmin edilməsi deməkdir.
44 günlük Vətən müharibəsində
qazanılan hərbi-siyasi Zəfərdən
sonra qarşıda duran ən mühüm vəzifə
işğaldan azad olunan ərazilərin ən
qısa zamanda bərpası və yenidən
qurulması, 30 ilə yaxın məcburi
köçkün həyatı yaşamış insanların öz
doğma yurdlarına qayıdışının təmin
edilməsidir.
Qarabağ və Şərqi Zəngəzur
torpaqlarının işğalçılardan azad
edilməsi ilə həmin ərazilərdə
yenidənqurma, bərpa işlərinə start
verilib və quruculuq işləri bu gün
də sürətlə davam etdirilməkdədir.
Dövlət başçısı İlham Əliyevin
bilavasitə rəhbərliyi və Birinci
vitse-prezident Mehriban xanım
Əliyevanın fəal və yaxından iştirakı
ilə işğaldan azad edilmiş şəhər və
rayonlarımızda zəruri
infrastrukturun yaradılması üzrə
misli görünməmiş çoxşaxəli işlər
həyata keçirilir.
44 günlük Vətən müharibəsinin başa
çatmasından ötən müddət ərzində
aparılan bərpa və quruculuq işləri
dövlətimizin gücünün təsdiqidir.
Qısa zaman kəsiyində genişmiqyaslı
infrastruktur layihələrinin
icrasının başa çatdırılması, eyni
zamanda, Prezident İlham Əliyevin
siyasi iradəsinin təcəssümüdür.
Bərpa-quruculuq işlərinin aparılması
ilə yanaşı, işğaldan azad edilmiş
torpaqlara əhalinin qayıtması, bu
prosesin təşkil edilməsi Qarabağın
inkişafı ilə bağlı qarşıda duran ən
mühüm istiqamətlərdən biridir.
Bununla bağlı, 2022-ci il noyabrın
16-da Prezident İlham Əliyev
tərəfindən imzalanan Sərəncamla
“Azərbaycan Respublikasının işğaldan
azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair I Dövlət Proqramı”
təsdiq edilib. Sərəncamda qeyd
olunub: “Həyata keçirilən
məqsədyönlü və genişmiqyaslı
layihələr Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarının sürətlə
dirçəlməsinə, əhalinin dayanıqlı
məskunlaşmasına və davamlı iqtisadi
aktivliyinin təmin olunmasına xidmət
edir, habelə həmin ərazilərin yüksək
inkişaf etmiş regiona çevrilməsi
üçün sağlam bünövrə yaradır”.
Bu Dövlət Proqramının məqsədlərinə
aiddir: ərazilərdə təhlükəsiz
yaşayışı və dövlət idarəetməsini
təşkil etmək; şəhər, qəsəbə və kənd
yaşayış məntəqələrinin tikintisini
və dayanıqlı infrastrukturla
təminatını həyata keçirmək; müasir
standartlara uyğun xidmətlərin
yaradılmasını təmin etmək;
ərazilərdə məskunlaşacaq əhalinin
sosial müdafiəsini gücləndirmək;
əhalinin məşğulluq imkanlarını
artırmaq; sosial xidmətlərin əhatə
dairəsini genişləndirmək və
əlçatanlığı təmin etmək; dayanıqlı
sosial-iqtisadi inkişafı təmin etmək
və digərləri.
Böyük Qayıdışa dair I Dövlət
Proqramı dövlət başçısı İlham
Əliyevin rəhbərliyi ilə yüksək
səviyyədə həyata keçirilir. Bu ilin
martında Proqram çərçivəsində Tərtər
rayonunun işğaldan azad edilmiş
Talış kəndinə ilk mərhələdə
köçürülən ailələr doğma torpaqlarına
qayıdıblar.
Prezident İlham Əliyev aprelin 18-də
Salyan şəhərində Azərbaycan
Televiziyasına müsahibə verərkən
bununla bağlı qeyd edib: “Hazırda
artıq iki yaşayış məntəqəsində
keçmiş köçkünlər yaşayır - Ağalı və
Talış kəndlərində. Biz bu kəndlərin
timsalında bütövlükdə gələcək
Qarabağın və Şərqi Zəngəzurun
simasını görürük - abad şəhərlər,
abad kəndlər, ağıllı idarəetmə
prinsipləri əsasında yaradılan
infrastruktur. Yəni, bütün bunlar
göz qabağındadır. Yenə də deyirəm,
bu iki layihə artıq bütün Azərbaycan
əhalisinə və bütün dünyaya göstərir
ki, gələcək Qarabağın və Şərqi
Zəngəzurun siması necə olacaq”.
İşğaldan azad edilmiş ərazilərimizə
Böyük Qayıdışın həyata
keçirilməsinin Ulu Öndər Heydər
Əliyevin 100 illik yubileyi
ərəfəsinə təsadüf etməsi olduqca
əlamətdardır. Xalqımızın Ümummilli
Lideri Heydər Əliyevin ən böyük
arzusu tarixi torpaqlarımızın
işğaldan azad edilməsi və
Azərbaycanın ərazi bütövlüyünün
təmin olunması idi. Bu il aprelin
10-da Astanada Heydər Əliyev
küçəsinin təntənəli açılış
mərasimində Prezident İlham Əliyev
çıxış edərək qeyd edib: “Heydər
Əliyev bizə onun işlərini davam
etdirməyimizi vəsiyyət edib. Onun
əsas vəsiyyəti ondan ibarət idi ki,
biz torpaqlarımızı işğaldan azad
etməli, ərazilərimizi özümüzə
qaytarmalı, Azərbaycan xalqının
ləyaqətini bərpa etməliyik. Biz onun
xatirəsinə, vəsiyyətlərinə sadiqik,
onun bütün tapşırıqlarını şərəflə
yerinə yetirmişik. Bu gün Ulu
Öndərin 100 illik yubileyi
ərəfəsində inamla deyə bilərik ki,
onun düşündüklərinin hamısı
reallaşıb”.
Dahi şəxsiyyət Heydər Əliyevin 100
illik yubileyi istər respublika,
istərsə də beynəlxalq səviyyədə
geniş şəkildə qeyd olunur.
Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi də öz
növbəsində Ulu Öndər Heydər Əliyevin
anadan olmasının 100 illiyi ilə
bağlı silsilə tədbirlər həyata
keçirməkdədir. Belə ki, 2022-ci ilin
oktyabrında Ümummilli Lider Heydər
Əliyevin anadan olmasının 100 illiyi
və 12 noyabr - Konstitusiya Gününə
həsr olunmuş “Hüquqi dövlətin
əsasları” adlı hüquq olimpiadası
respublikanın bir sıra rayonlarında
təşkil edilib. Həmçinin cari ilin
martında Ümummilli Lider Heydər
Əliyevin 100 illik yubileyi
münasibətilə Konstitusiya
Məhkəməsinin, Elm və Təhsil
Nazirliyinin, Gənclər və İdman
Nazirliyinin birgə təşkilatçılığı
ilə paytaxtda məktəblilər arasında
və Azərbaycan Dövlət İqtisad
Universitetinin Türk Dünyası iqtisad
fakültəsində “Heydər Əliyev və
hüquqi dövlət” adlı hüquq
olimpiadaları keçirilib.
Eyni zamanda, “Azərbaycan
Respublikasında 2023-cü ilin “Heydər
Əliyev İli” elan edilməsi ilə bağlı
Tədbirlər Planı”nın icrası
çərçivəsində bu ilin martın 18-də
Konstitusiya Məhkəməsinin kollektivi
ağacəkmə aksiyası keçirib.
Bu tədbirlərin davamı olaraq,
aprelin 19-da Konstitusiya
Məhkəməsinin təşkilatçılığı ilə
xalqımızın Ümummilli Lideri Heydər
Əliyevin 100 illik yubileyinə həsr
olunmuş “XXI əsrdə insan hüquq və
azadlıqlarının müdafiəsi sahəsində
müasir nəzəri və praktiki yanaşmalar”
mövzusunda elmi-nəzəri konfrans
keçirilib. Artıq ənənə halını almış
bu konfrans bu il daha geniş
formatda keçirildi. Hüquq
ictimaiyyətinin, alimlərin iştirakı
ilə keçirilən konfransda hüquq
elminin aktual məsələlərinə
toxunulub, olduqca maraqlı məruzələr
təqdim edilib.
Dünya şöhrətli siyasətçi Heydər
Əliyevin Azərbaycan dövlətçiliyinin
qorunub saxlanması və
möhkəmləndirilməsi istiqamətində
əvəzedilməz xidmətləri bir çox
xarici ölkə başçıları, tanınmış
siyasi xadimlər tərəfindən hər zaman
vurğulanır. Qazaxıstan Prezidenti
Kasım-Jomart Tokayev aprelin 10-da
Astanada Heydər Əliyev küçəsinin
açılış mərasimindəki çıxışında qeyd
edib: “Heç bir mübaliğəyə yol
vermədən deyə bilərik ki, Heydər
Əliyev dinamik inkişaf edən müasir
Azərbaycanın memarıdır. Son dərəcə
mürəkkəb dövrdə ölkəyə rəhbərlik
edən Heydər Əliyev çoxəsrlik
Azərbaycan dövlətçiliyinin
möhkəmlənməsində müstəsna rol
oynayıb. Onun müdrik rəhbərliyi ilə
Azərbaycanda dərin siyasi və
sosial-iqtisadi islahatlar həyata
keçirilib. Bu mürəkkəb,
enişli-yoxuşlu yolu qət edən ölkə
irəliyə doğru böyük sıçrayış edib,
dünya birliyinin nüfuzlu üzvünə
çevrilib. Əslində Heydər Əliyevin
adı Azərbaycanın əsl rəmzi olub.
Heydər Əliyevin həyat yolu millətə
fədakarcasına xidmətin parlaq
nümunəsidir. Müasirləri Heydər
Əliyevi yüksək insani
keyfiyyətlərinə, prinsipiallığına,
dürüstlüyünə, ədalətliliyinə görə
qiymətləndirirdilər”.
Əminik ki, bu il 100 illik
yubileyini qeyd etdiyimiz Ulu Öndər
Heydər Əliyevin əsasının qoyduğu
milli tərəqqi yoluna malik müstəqil
Azərbaycan dövlət başçısı İlham
Əliyevin rəhbərliyi ilə bundan sonra
da dinamik inkişaf edəcək, tarixi
nailiyyətlərə imza atmaqda davam
edəcək. Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi də öz
növbəsində müəllifi Ulu Öndər Heydər
Əliyev olan Əsas Qanunun aliliyinin
təmin edilməsi, demokratik, hüquqi
dövlət quruculuğu prosesinin
möhkəmlənməsi və qanunçuluğun
qorunması istiqamətində Prezident
İlham Əliyevin həyata keçirdiyi
mütərəqqi fəaliyyətinə dəstək olaraq
üzərinə düşən vəzifələri layiqincə
yerinə yetirməyə çalışacaq
Fərhad Abdullayev,
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin sədri