Azərbaycan Respublikasının Korrupsiyaya qarşı
mübarizə üzrə Komissiyası 3 mart 2004-ci il
tarixində yaradılmışdır və korrupsiyanın qarşısının
alınması sahəsində ixtisaslaşmış orqan
funksiyalarını həyata keçirir. Komissiyanın
səlahiyyətləri isə Azərbaycan Respublikasının
2005-ci il 3 may tarixli qanunu ilə təsdiq edilmiş
Əsasnamə ilə müəyyən olunur.
Komissiya öz fəaliyyətində Azərbaycan
Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələri, Azərbaycan Respublikasının qanunlarını
və digər normativ hüquqi aktlarını, habelə bu
Əsasnaməni rəhbər tutur.
Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil
edilir və fəaliyyət göstərir. Komissiyanın 5 üzvü
Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 5
üzvü Azərbaycan Respublikasının Milli Məclisi
tərəfindən, 5 üzvü isə Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.
Komissiya öz fəaliyyətini qanunvericilik, icra və
məhkəmə hakimiyyətləri ilə qarşılıqlı əlaqədə qurur
və korrupsiyaya qarşı mübarizənin vəziyyəti barədə
Azərbaycan Respublikasının Prezidentini, Azərbaycan
Respublikası Milli Məclisini və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsini mütəmadi
olaraq məlumatlandırır.
Komissiyanın fəaliyyətinə rəhbərliyi və işinin
təşkilini Komissiyanın sədri həyata keçirir.
Komissiyanın nəzdində daimi fəaliyyət göstərən
Katiblik yaradılır. Katiblik Komissiyanın
iclaslarının keçirilməsi ilə bağlı təşkilati
məsələlərin həll edilməsi, Komissiyanın müzakirəsinə
çıxarılacaq məsələlər üzrə sənədlərin hazırlanması,
kargüzarlıq və digər işlərin aparılması üzrə
fəaliyyəti həyata keçirir.
Komissiyanın səlahiyyətlərinə aid edilmiş məsələlərə
onun iclaslarında baxılır. Komissiyanın iclasları
mütəmadi olaraq, lakin üç ayda bir dəfədən az
olmayaraq keçirilir.
Komissiyanın əsas vəzifələri
Komissiyanın həyata keçirdiyi əsas vəzifələr
aşağıdakılardır:
korrupsiyaya qarşı mübarizə sahəsində dövlət
siyasətinin formalaşdırılmasında iştirak etmək, bu
sahədə dövlət orqanlarının və digər qurumların
fəaliyyətini əlaqələndirmək;
korrupsiyaya qarşı mübarizənin vəziyyətini və
səmərəliliyini təhlil etmək;
Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət
Proqramlarının icrasına nəzarəti həyata keçirmək;
maliyyə xarakterli məlumatları qəbul etmək;
maliyyə xarakterli məlumatların təqdim edilməsinə
nəzarəti həyata keçirmək;
korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı
məlumatları toplamaq, təhlil etmək, ümumiləşdirmək
və müvafiq dövlət orqanlarına təkliflər vermək;
korrupsiyaya qarşı mübarizə sahəsində dövlət
orqanları və digər qurumlarla əməkdaşlıq etmək.
Komissiya qanunvericiliyə müvafiq olaraq digər
vəzifələri yerinə yetirir.
Komissiyanın əsas hüquqları
Öz vəzifələrini yerinə yetirmək məqsədi ilə
Komissiya aşağıdakı hüquqları həyata keçirir:
korrupsiyaya qarşı mübarizə haqqında
qanunvericiliyin icra vəziyyətini öyrənir və
ümumiləşdirir, bu barədə hüquq mühafizə və digər
dövlət orqanlarının rəhbərlərinin məlumatlarını və
hesabatlarını dinləyir:
dövlət və yerli özünüidarə orqanlarından zəruri
məlumatları və materialları alır:
Korrupsiyaya qarşı mübarizə üzrə dövlət
proqramlarında nəzərdə tutulan tədbirlərin yerinə
yetirilməsi barədə müvafiq dövlət orqanlarından
məlumatları alır və görülən işlərin vəziyyətini
təhlil edir;
korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin
artırılması, həmçinin korrupsiyaya qarşı mübarizə
sahəsində müəyyən edilmiş nöqsanların aradan
qaldırılması üçün təklif və tövsiyələr hazırlayır,
onların həyata keçirilməsi üçün tədbirlər görür;
korrupsiya ilə bağlı ictimai rəyin öyrənilməsi və
korrupsiyaya qarşı mübarizə sahəsində
maarifləndirmənin həyata keçirilməsi üçün tədbirlər
görür;
qeyri-hökumət təşkilatları, kütləvi informasiya
vasitələri və özəl sektorun nümayəndələri, müstəqil
ekspertlər ilə əməkdaşlıq edir və zərurət olduqda
onları müəyyən işlərin görülməsinə cəlb edir;
korrupsiyaya qarşı mübarizənin təşkili və
səmərəliliyinin artırılması üçün beynəlxalq
əməkdaşlığın həyata keçirilməsində iştirak edir;
daxil olmuş materiallarda korrupsiya ilə əlaqədar
hüquqpozmalar haqqında müraciətlərin
ümumiləşdirilməsini həyata keçirir, habelə onun
nəticələrinə əsasən fəaliyyətinə dair daha çox
şikayətlərin daxil olduğu dövlət və ya bələdiyyə
orqanlarının, habelə dövlət müəssisələrinin
fəaliyyətinin yoxlanılmasını dövlət orqanlarına və
ya auditor təşkilatlarına həvalə edir və cinayət
əlaməti olan hüquqpozmalar aşkar edildikdə yoxlama
materiallarını Azərbaycan Respublikasının Baş
Prokurorluğuna göndərir;
əlamətləri olduqda həmin materialları yoxlanılması
üçün müvafiq orqanlara göndərir;
korrupsiyaya qarşı mübarizə haqqında
qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı
təkliflər verir.
korrupsiyaya qarşı mübarizə məsələləri ilə əlaqədar
proqramların və layihələrin hazırlanması və həyata
keçirilməsi üçün qeyri-hökumət təşkilatlarına
maliyyə yardımı göstərir.
Komissiya qanunvericiliyə müvafiq olaraq digər
hüquqları həyata keçirir.
|