“Azərbaycan dinamik və dayanıqlı iqtisadi inkişafa
nail olan ölkədir. Həyata keçirilən siyasi, hüquqi
və sosial siyasət nəticəsində Azərbaycanda
demokratik və ədalətli dövlət qurulmuş, şəffaf
ictimai münasibətlər sistemi formalaşmışdır”. Bu
fikri Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev Azərbaycan Hökuməti və Avropa Şurası
tərəfindən Avropa Şurasının Korrupsiyaya Qarşı
Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və
Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA)
iştirakçılığı ilə “Korrupsiyaya qarşı mübarizə:
beynəlxalq standartlar və milli təcrübələr”
mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın
iştirakçılarına müraciətində hələ 2014-cü ildə
bildirmişdi. Prezident İlham Əliyev qeyd etmişdi ki,
dövlət idarəçiliyində səmərəliliyin təmin edilməsi,
açıq hökumət institutlarının tətbiqi, elektron
xidmətlərin inkişafı, korrupsiyaya qarşı mübarizə
dövlət siyasətinin başlıca istiqamətləridir. Dövlət
başçısının sözlərinə görə, Azərbaycanda korrupsiyaya
qarşı mübarizəni uğurla aparmaq üçün möhkəm siyasi
iradə mövcuddur: “Ölkəmizin korrupsiyaya qarşı
mübarizə sahəsində beynəlxalq təşəbbüslərə qoşulması
ilə qanunvericilik bazası tam müasirləşdirilmiş və
institusional islahatlar həyata keçirilmişdir”.
Prezidentimiz tərəfindən mütəmadi olaraq öz
çıxışlarında korrupsiyaya qarşı mübarizədə vətəndaş
cəmiyyətinin rolu vurğulanmış, bu sahədə daim yeni
təşəbbüslərin irəli sürülməsinin zəruri olması
bildirilmiş, sosial-iqtisadi inkişafa aparan yolda,
yürüdülən siyasətdə korrupsiyaya qarşı sistemli
mübarizə aparılmışdır. Azərbaycan Avropa Şurası
Nazirlər Komitəsinin sədr olduğu dövrdə də
korrupsiyaya qarşı mübarizəni prioritet elan etmiş
və üzv ölkələrin qarşılaşdıqları problemlərlə ciddi
şəkildə məşğul olmuşdur.
Korrupsiyanın tərifləri
“Korrrupsiya” termini geniş mənada qeyri-qanuni
hərəkətlərə qısa şəkildə istinad etmək üçün istifadə
edilir. Korrupsiyanın anlayışı barəsində universal,
yaxud hərtərəfli tərif olmasa da, ən məşhur
təriflərdə ortaq şəkildə dövlət səlahiyyətlərindən
və vəzifədən şəxsi mənfəət üçün istifadə edilməsi
vurğulanır. Geniş Oksford Lüğətində korrupsiyaya
belə tərif verilir: “dövlət vəzifələrinin yerinə
yetirilməsi zamanı rüşvətxorluqla, yaxud iltifatla
doğruluğun təhrif olunması, yaxud məhvi”. Meriam
Vebster Akademik Lüğətində korrupsiya düzgün olmayan
və ya qeyri-qanuni vasitələrlə səhv hərəkətlərin
stimullaşdırılması kimi müəyyən olunur. Dünya Bankı
tərəfindən istifadə edilən qısa tərif belədir
”dövlət vəzifəsindən şəxsi mənfəət üçün sui-istifadə”.
Bu tərif qlobal anti-korrupsiya səylərində aparıcı
QHT olan Transparency International (TI) tərəfindən
istifadə olunan tərifə oxşardır: “Korrupsiya dövlət
sektorundakı vəzifəli şəxslər - istər dövlət xadimi
olsun, istərsə də qulluqçular tərəfindən elə bir
davranışdır ki, bu zaman onlara etibar edilmiş
dövlət səlahiyyətlərindən düzgün olmayan şəkildə
istifadə etmək yolu ilə özlərini, yaxud özlərinə
yaxın olan şəxsləri qeyri-düzgün və qeyri-qanuni
yolla varlandırırlar”. Daha geniş tərif aşağıdakı
kimidir: Korrupsiya dövlət və özəl sektordakı
vəzifəli şəxslər tərəfindən elə bir davranışdır ki,
bu zaman tutduqları vəzifədən düzgün olmayan tərzdə
istifadə etməklə onlar özlərini və ya onlara yaxın
olanları varlandırır, yaxud başqalarını bunu etməyə
sövq edirlər. Adətən ”korrupsiya” adlandırılan
qeyri-qanuni davranışların siyahısı Avropa İttifaqı
Birliyi (AİB) üçün ən böyük maraq və narahatçılıq
doğuran sahələri əhatə etməkdir. Korrupsiyanın bəzi
növləri daxili xarakter daşıyır, onlar hökumət
təşkilatının işçiləri işə götürmək və öz işçilərini
idarə etmək, öz ehtiyatlarından səmərəli istifadə
etmək, yaxud obyektiv daxili araşdırmalar aparmaq
qabiliyyətinə müdaxilə edir. Korrupsiyanın digər
növləri xarici xarakter daşıyır, belə ki, bu zaman
müştərilərlə, yaxud təchizatçılarla manipulyasiya
etmək, yaxud onlardan pul almaq və ya daxildəki
informasiyadan bəhrələnmək üçün səy göstərilir. Daha
başqa növlər bazar əməliyyatlarına icazəsiz müdaxilə,
məsələn, rəqabəti süni surətdə məhdudlaşdırmaq və
monopoliya haqqı yaratmaq üçün dövlət
səlahiyyələrindən istifadə edilməsindən ibarətdir.
Korrupsiyanın daha dar tərifləri qeyri-qanuni
davranışın xüsusi növlərinə istinad etmək üçün
lazımdır. Məsələn, tədarük fırıldaqçılığı sahəsində
Dünya Bankı korrupsiyalı praktikaya ”tədarük
prosesində və ya müqavilənin icra edilməsində dövlət
rəsmisinin hərəkətinə təsir etmək üçün hansısa
qiymətli bir şeyin təklif edilməsi, verilməsi,
alınması və ya tələb edilməsi” kimi tərif verir.
Dünya Bankının tərifi dövlət siyasətini və
proseslərini rəqabətdə üstünlük (fayda) üçün çevirən
özəl agentlərin fəaliyyətini ehtiva edir. Adətən
yüksək vəzifəli şəxsləri, böyük qərarları və ya
müqavilələri və böyük miqdarda pul vəsaitlərinin
mübadiləsini əhatə edən böyük korrupsiya ilə, aşağı
səviyyəli işçilərin, standart malların və
xidmətlərin, kiçik miqdarda pulların cəlb olunduğu
xırda korrupsiyanı bir-birindən fərqləndirmək çox
zaman faydalıdır. Sistematik korrupsiya bütöv
hökuməti və ya nazirliyi əhatə edir. Fərdi xarakter
daşıyan korrupsiya daha çox təcrid olunmuş və qeyri-müntəzəm
xarakter daşıyır. Rüşvət almaq və onu yaymaq üçün
yaxşı düşünülmüş sistemlərin qurulduğu sindikat
halında olan korrupsiya ilə, ayrı-ayrı vəzifəli
şəxslərin nizamsız və koordinasiya olunmayan tərzdə
rüşvət almaq istəməsi və ya bunun üçün rəqabət
aparması ilə qeyri-sindikat xarakterli korrupsiya
arasında fərq vardır.
Korrupsiyalı davranışların illüstrativ siyahısı:
- Pul (rüşvət) ödənilməsi və siyasi himayədarlıq
üçün imkanlar olduğuna görə iqtisadi cəhətdən
sərfəli olmayan layihələrin tərtib edilməsi, yaxud
seçilməsi;
- Tədarüklə bağlı fırıldaqçılıq, o cümlədən gizli
razılığa gəlmə, artıq haqq tutulması və ya
potdratçıların, təchizatçıların və məsləhətçilərin
ən aşağı qiymət irəli sürən mahiyyət etibarilə
tələblərə cavab verən tender üzvündən fərqli
meyarlarla seçilməsi;
- İctimaiyyətin qanuni olaraq hüqugunun çatdığı mal
və xidmətlərin, məsələn buraxılış və lisenziyaların
vaxtlı-vaxtında verilməsini asanlaşdırmaq üçün
hökumətin vəzifəli şəxslərinə qeyri-qanuni
“sürətləndirmə pulunun” ödənilməsi;
- İctimaiyyətin qanuni olaraq hüququnun çatmadığı
mallardan, xidmətlərdən və yaxud informasiyadan
istifadə etməyi asanlaşdırmaq üçün, yaxud
ictimaiyyətin qanuni olaraq hüququnun çatdığı mal və
xidmətlərdən istifadə etməsinə mane olmaq üçün
hökumətin vəzifəli şəxslərinə qeyri-qanuni olaraq
pul ödənilməsi;
- Qaydaların və təlimatların ədalətli və məntiqi
qaydada tətbiq edilməsinin qarşısını almaq üçün
xüsusilə də ictimai təhlükəsizlik, qanunçuluğun
təmin edilməsi və gəlirlərin toplanması sahələrində
qeyri-qanuni odəmələr;
- Monopolist və oliqopolist məhdudiyyətlər üçün
məcburedici iqtisadi rasionalın olmadığı halda
bazarlara bu cür (monopolist və oliqopolist tipli)
girişi stimullaşdırmaq və saxlamaqdan ötrü hökumətin
vəzifəli şəxslərinə pul ödənilməsi;
- Şəxsi mənfəət məqsədilə məxfi informasiyanın
qeyri-qanuni yolla əldə edilməsi üçün, məsələn,
ictimai nəqliyyat marşrutları haqqında məlumatların
qiymətinin, qalxacağı ehtimalı olan daşınmaz əmlaka
investisiya qoymaq üçün istifadə edilməsi;
- Korporasiyaların maliyyə vəziyyəti haqqında qəsdən
saxta, yaxud çaşdırıcı məlumatların yayılması, geniş
özəlləşdirmə üçün nəzərdə tutulmuş müəssisələrin
şərti öhdəliklərinin bəyan edilməməsi, yaxud onların
aktivlərinin həqiqətdə olduğundan aşağı
qiymətləndirilməsi;
- Dövlət mülkiyyətinin və pullarının oğurlanması və
mənimsənilməsi;
- Rəsmi vəzifələrin və vəzifədə irəliyə çəkmənin
satılması, qohumbazlıq, yaxud peşəkar, qabiliyyətdən
asılı olan dövlət qulluğunun yaradılması işini pozan
digər hərəkətlər;
- Dövlət vəzifəsindən şantaj məqsədilə, yaxud sui-istifadə
edilməsi, məsələn, şəxsi mənfəət əldə etmək üçün
vergi yoxlaması aparılacağı ilə, yaxud qanunla
nəzərdə tutulan sanksiyalardan istifadə ediləcəyi
ilə bağlı hədələmə üçün istifadə edilməsi;
- Ədalətin bərqərar olmasına mane olmaq, yaxud
qeyri-qanuni davranışı aşkar etmək, onu araşdırmaq
və təqib etmək səlahiyyətləri olan təşkilatların öz
vəzifələrini yerinə yetirməsinə müdaxilə etmək.
Antikorrupsiya
Dövlət və ya özəl bir vəzifədən şəxsi mənfəət üçün
sui-istifadə edilməsi kimi tərif verilən korrupsiya
problemi tarix boyu hökumətlərin qarşılaşdıqları ən
davamlı çətin vəziyətlərdən biri olmuşdur.
Korrupsiyalı davranışın xarakterində və miqyasında,
eləcə də antikorrupsiya tədbirlərinin hansı dərəcədə
tətbiq edilməsində fərqlər ola bilər, bu fenomenə
faktiki olaraq bütün dövrlərdə və hər bir siyasi
sistemdə rast gəlmək olar.
Tarixən korrupsiya ilə bağlı narahatlıqlar özünü
sikllər (dövr) şəklində büruzə vermiş, belə ki, bu
zaman xidməti sui-istifadə hallarının aşkar olunması
antikorrupsiya kampaniyalarını və inzibati əks-tədbirləri
doğurmuşdur. Korrupsiyanı azaltmaq, yaxuq tam aradan
qaldırmaq arzusu yaxşı idarəetmə üzrə bir çox möhkəm
innovasiyaların əsasında dayanmışdır. 19-cu əsrin
sonlarında və 20-ci əsrin əvvəllərindəki dövlət
idarəçiliyi sahəsindəki böyük islahatlar, o cümlədən
qabiliyyətdən asılı olan dövlət qulluqçuluğu sistemi
və hökumət nazirliklərinin və departamentlərinin
peşəkar şəkildə idarə edilməsi və ya büdcə, tədarük
və audit proseslərinin və agentliklərinin
yaradılması - baş verə biləcək rüşvət və siyasi
himayədarlıq kimi sui-istifadə hallarının qarşısının
daha erkən alınması arzusundan irəli gəlmişdir.
Son vaxtlar korrupsiyaya qarşı mübarizə səyləri
yaxşı idarətmə və iqtisadi inkişaf haqqında
debatların mərkəzində olmuşdur. Bu hərəkət bir çox
mənbələrdən stimullaşdırılmışdır. Donorlar
tərəfindən Soyuq Müharibənin sona çatması yardım
edən ölkələrin daha geniş geosiyasi maraqlar fonunda
maliyyə cəhətdən qeyri-düzgünlük hallarına nəzər
yetirməmək meyillərini azaltmışdır. Donorlar xarici
yardım təşkilatlarına getdikcə daha böyük təzyiq
göstərmişdir ki, onlar pulu maksimum şəkildə
dəyərləndirdiklərini nümayiş etdirsinlər. Bir çox
beynəlxalq korporasiyalar inanmağa başlamışlar ki,
onların maraqları açıq və şəffaf rəqabət şəraitində
daha yaxşı gözlənilir. Ən ekstremal halda isə,
korrupsiyanın şiddətli bir tərzdə irəliləməsinə
imkan verilərsə, bir ovuc “kleptokratik” (oğru)
rejimlərin mənfəət nümunəsi siyasi və sosial
uğursuzluq təhlükəsini aydın şəkildə göstərmişdir.
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə
dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə
dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4
aprel tarixli Sərəncamı ilə təsdiq edilmişdir.
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə
dair 2022─2026-cı illəri əhatə edən bu çoxşaxəli
Milli Fəaliyyət Planı fərqli fəaliyyət istiqamətləri
olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə
səylərini birləşdirməyə xidmət edir, eləcə də
korrupsiyaya qarşı mübarizənin bütün dövlət
strukturları və vətəndaş cəmiyyəti institutları ilə
birgə sistemli və əlaqəli şəkildə
gerçəkləşdirilməsinə imkan yaradır.
Ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir
göstərən korrupsiya qanunların aliliyinə və sosial
ədalətə ciddi təhlükə yaradır, iqtisadi və sosial
inkişafı ləngidir, əlverişli biznes mühitinin
yaranmasına mane olur. Korrupsiya tarix boyu
cəmiyyətlərin üzləşdiyi problemlərdən olmuşdur və bu
gün də bütün dünya ölkələrində aktual problemlərdən
biri olaraq qalmaqdadır. Korrupsiyaya qarşı
mübarizənin davamlı olması, korrupsiyanın qarşısının
alınması ilə bağlı müasir çağırışlara uyğun effektiv
mexanizmlərin tətbiq edilməsi xüsusi əhəmiyyət kəsb
edir. Buna görə də həm beynəlxalq, həm də milli
səviyyədə korrupsiyaya qarşı mübarizədə yeni
təşəbbüslərin irəli sürülməsi zəruridir və bu sahədə
icra edilən tədbirlər korrupsiyaya şərait yaradan
halların və korrupsiya hüquqpozmalarının
səbəblərinin, növlərinin və nəticələrinin qarşısının
alınmasına yönəldilməlidir.
Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi
sistemli, kompleks və innovativ xarakteri ilə
seçilir. Bu sahədə görülən tədbirlər çərçivəsində
korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya
və fəaliyyət planları qəbul edilmiş, yeni baxışlar
və vəzifələr müəyyən edilmişdir. Hazırda ölkəmizdə
sosial dövlətin yeni modeli formalaşmışdır və dövlət
siyasətinin əsas məqsədi insanların yüksək sosial
rifahına nail olmaqdır.
Ölkəmizdə son illərdə əsas strateji hədəflərə çatmaq
üçün beynəlxalq miqyasda və ölkə daxilində görülmüş
məqsədyönlü, düşünülmüş tədbirlər nəticəsində istər
sosial-iqtisadi inkişaf, istərsə də
hüquqi-institusional zəmin baxımından əhəmiyyətli
irəliləyişə nail olunmuşdur.
Eyni zamanda, Vətən müharibəsi nəticəsində işğal
altında olan ərazilərin azad edilməsi ilə ölkəmiz
üçün yeni inkişaf mərhələsi açılmışdır. Xarici və
yerli investorların həmin ərazilərdə infrastruktur
layihələrinin icrasına cəlb edilməsi, bu torpaqlarda
sahibkarlıq fəaliyyətinin genişləndirilməsi kimi
dövlətin yeni strateji prioritetləri bölgənin
gələcək inkişafının şərait yaradır. Korrupsiyadan
azad mühit və şəffaflıq kimi komponentlər isə məhz
bu inkişafın başlıca amilləridir.
Ölkəmizin hazırkı inkişaf mərhələsi korrupsiyaya
qarşı mübarizə sahəsində görülməli olan sistem
xarakterli tədbirlərin effektivliyini və
davamlılığını təmin edəcək Korrupsiyaya qarşı
mübarizəyə dair yeni Milli Fəaliyyət Planının qəbul
edilməsini şərtləndirir. Milli Fəaliyyət Planında
əks etdirilmiş kompleks tədbirlərin icrası ölkəmizdə
korrupsiyaya qarşı mübarizə sahəsində həyata
keçirilən məqsədyönlü və qətiyyətli fəaliyyətin
tərkib hissəsi kimi, şəffaflığın artırılmasına,
dövlət orqanları (qurumları) tərəfindən göstərilən
xidmətlərin keyfiyyət etibarilə yaxşılaşdırılmasına,
ictimai nəzarətin təşkilində və korrupsiyanın ifşa
edilməsində vətəndaş cəmiyyəti institutlarının
rolunun artırılmasına xidmət edir.
Dövlət sektorunda idarəetmə mexanizmlərinin
təkmilləşdirilməsi, yerli özünüidarəetmədə
aşkarlığın və ictimai iştirakçılığın təmin edilməsi,
özəl sektorda beynəlxalq standartlar əsasında
antikorrupsiya standartlarının formalaşdırılması,
müvafiq istiqamətlərdə qanunverici bazanın mütərəqqi
beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi
korrupsiyaya qarşı mübarizə sahəsində qarşıya
qoyulmuş əsas prioritet istiqamət və məqsədlərdir.
Milli Fəaliyyət Planı çərçivəsində həyata
keçiriləcək tədbirlərin müvafiq icraçı qurumlar üçün
dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər və
qanunla qadağan olunmayan digər mənbələr hesabına
maliyyələşdirilməsi nəzərdə tutulur.
Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan
Respublikasının Qanunu
Bu Qanun korrupsiya ilə əlaqədar hüquqpozmaların
aşkar edilməsi, qarşısının alınması və nəticələrinin
aradan qaldırılmasına, sosial ədalətin, insan və
vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə
olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli
şəraitin yaradılmasına, dövlət orqanlarının və yerli
özünüidarəetmə orqanlarının, publik hüquqi şəxslərin,
vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin,
şəffaflığının və səmərəliliyinin təmin edilməsinə
yönəlmişdir. Bu Qanun, habelə dövlət orqanlarına və
yerli özünüidarəetmə orqanlarına, qurumlara əhalinin
etimadının möhkəmləndirilməsi, peşəkar kadrların
dövlət orqanlarında və yerli özünüidarəetmə
orqanlarında, qurumlarda qulluğa girməyə
həvəsləndirilməsi, həmin şəxslərin korrupsiya ilə
əlaqədar hüquqpozma törətməsini istisna edən
şəraitin yaradılması məqsədini daşıyır.
Korrupsiya ilə əlaqədar cinayətlərin yüksək ictimai
təhlükəlilik dərəcəsi, habelə ölkəmizin qoşulmuş
olduğu BMT-nin 2004-cü il tarixli “Korrupsiya
əleyhinə” Konvensiyasının 36-cı maddəsinin hər bir
iştirakçı dövlətin öz hüquq sisteminin əsas
prinsiplərinə uyğun olaraq korrupsiya ilə mübarizə
aparmaq üçün ixtisaslaşmış orqanların mövcudluğunun
təmin edilməsi barədə öhdəliyinin icrası qaydasında
“Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan
Respublikasının Qanununun tətbiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3
mart tarixli 114 nömrəli Sərəncamı əsasında
Azərbaycan Respublikasının Baş prokuroru yanında
Korrupsiyaya qarşı Mübarizə İdarəsi yaradılmışdır.
Baş İdarə korrupsiya ilə bağlı cinayətlər üzrə
həyata keçirilən ibtidai istintaq sahəsində
ixtisaslaşmış qurumdur və Azərbaycan Respublikasının
Baş prokuroruna tabedir. “Azərbaycan Respublikasının
Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə
Baş İdarəsinin Əsasnaməsi”nə uyğun olaraq Baş
İdarənin əsas vəzifələrinə korrupsiya ilə əlaqədar
hüquqpozmalara dair daxil olmuş məlumatlara baxmaq
və araşdırma aparmaq, korrupsiya ilə bağlı
cinayətlərlə əlaqədar cinayət işi başlamaq və
ibtidai istintaq aparmaq, korrupsiya ilə bağlı
cinayətlərin qarşısının alınması, aşkar edilməsi və
açılması məqsədi ilə əməliyyat-axtarış fəaliyyətini
həyata keçirmək, korrupsiya ilə bağlı cinayətlər
üzrə əməliyyat-axtarış tədbirlərini İdarənin yazılı
tapşırığı əsasında əməliyyat-axtarış fəaliyyətinin
digər subyektləri yerinə yetirdikdə bu sahədə
qanunların icrasına nəzarəti həyata keçirmək,
korrupsiya ilə bağlı cinayətlərin törədilməsi
nəticəsində vurulmuş maddi ziyanın ödənməsi, habelə
tətbiq oluna biləcək əmlak müsadirəsinin təmin
edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş
tədbirlər görmək, korrupsiyaya qarşı mübarizənin
vəziyyətini öyrənmək, korrupsiya ilə əlaqədar
hüquqpozmalarla bağlı məlumatları toplamaq, təhlil
etmək, ümumiləşdirmək və korrupsiyaya qarşı
mübarizənin səmərəliliyinin artırılması üçün təklif
və tövsiyələr hazırmaq, korrupsiya ilə bağlı
cinayətlərin ibtidai istintaqı, habelə həmin işlərin
məhkəmə baxışı zamanı cinayət prosesində iştirak
edən şahidlərin, zərərçəkmiş, təqsirləndirilən və
digər şəxslərin təhlükəsizliyi üçün tədbirlərin
görülməsini təmin etmək, korrupsiyaya qarşı mübarizə
sahəsində görülən tədbirlər barədə Baş prokuror
vasitəsilə Azərbaycan Respublikasının Prezidentinə
və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya
mütəmadi olaraq məlumat vermək, korrupsiyaya qarşı
mübarizə sahəsində dövlət orqanları və digər
qurumlarla əməkdaşlıq etmək, görülən tədbirlər
barədə ictimaiyyəti məlumatlandırmaq və
fəaliyyətində aşkarlığı təmin etmək və s. daxildir.
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı
mübarizə üzrə Komissiyası 3 mart 2004-ci il
tarixində yaradılmışdır və korrupsiyanın qarşısının
alınması sahəsində ixtisaslaşmış orqan
funksiyalarını həyata keçirir. Komissiyanın
səlahiyyətləri isə Azərbaycan Respublikasının
2005-ci il 3 may tarixli qanunu ilə təsdiq edilmiş
Əsasnamə ilə müəyyən olunur. Komissiya 15 nəfər
üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət
göstərir. Komissiyanın 5 üzvü Azərbaycan
Respublikasının Prezidenti tərəfindən, 5 üzvü
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən,
5 üzvü isə Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi tərəfindən təyin edilir. Komissiya öz
fəaliyyətini qanunvericilik, icra və məhkəmə
hakimiyyətləri ilə qarşılıqlı əlaqədə qurur və
korrupsiyaya qarşı mübarizənin vəziyyəti barədə
Azərbaycan Respublikasının Prezidentini, Azərbaycan
Respublikası Milli Məclisini və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsini mütəmadi
olaraq məlumatlandırır. Komissiyanın fəaliyyətinə
rəhbərliyi və işinin təşkilini Komissiyanın sədri
həyata keçirir. Komissiyanın səlahiyyətlərinə aid
edilmiş məsələlərə onun iclaslarında baxılır.
Komissiyanın iclasları mütəmadi olaraq, lakin üç
ayda bir dəfədən az olmayaraq keçirilir.
|