E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

Bir yaşım olanda yuxudan ayılmışam, anamı səsləyib ayağa durmuşam. Yerimək istəyəndə ayağım yerdəki xalçanın saçağına ilişib, xalçanın üzərindəki yeddilik lampanın üzərinə yıxılmışam. Əllərim, gözlərim yanıb. Bir ildən yuxarı hər iki gözüm görməyib. Həkimlərə aparıblar, heç bir faydası olmayıb. Qonşumuz Ağa Seyidməhəmməd Xorasana ziyarətə gedirmiş, anam da evdə olan dəyərli daş-qaşlarını gətirib ona verir ki, al bunları, orada ağadan mənim əvəzimdən övladımın gözlərini istə. Günlərin bir günü mən dillənmişəm: “O nədir orada parıldayır?” Evdə bir sevinc yaşanıb ki. Hamı sevinib, ağlayıb...
Uşaqlıqdan şəkil çəkməyə başlamışam. Anamın ara-sıra şəkil çəkməyi var idi. O, çəkərdi, mən də ona baxıb həvəslənərdim. Rəssamlıq Məktəbinə sənəd verəndə sağlamlıq haqqında kağız istədilər. Mən də həkim baxışından keçdim. Soruşdular ki, hansı məktəbə gedirsən? Dedim, Rəssamlıq Məktəbinə. Gözümdəki çatışmazlığı görüb “neqoden” yazdılar. Evə gəldim, qardaşım dedi ki, işləri korlamısan. Sonra başa saldı ki, “ne”ni poz, “qoden” qalsın. Mən də bir tikə çörək götürüb “ne” hissəsini pozdum, sənədlərimi məktəbə verib qəbul olundum. Beləliklə, mənim həmişə bir gözüm görüb. Nə eləmişəmsə, ona borcluyam.

 

****

1943-cü ildə C.Cabbarlı adına Azərbaycan Teatr muzeyinin açılışına hazırlıq görülürdü. Muzeyin ekspozisiyasında böyük bəstəkarımız Üzeyir Hacıbəylinin də portreti olmalı idi. Bu şərəfli iş muzeyin rəhbərliyi, daha dəqiq desək, Sona xanım Cabbarlı tərəfindən mənə tapşırıldı.
Mən portreti naturadan çəkmək niyyətində idim. Lakin məlum oldu ki, Üzeyir bəy bu barədə eşitmək belə istəmir. Sən demə, rəssamlardan kimsə onun Moskvada bir xeyli vaxtını alıb, amma nəticəsi olmayıb. Odur ki, indi ondan şəklini çəkməyə razılıq verməsini kim xahiş edirdisə, rədd cavabı alırdı. Nə isə, məsələ böyüdü və getdi çatdı İncəsənət İşləri İdarəsinə. İdarənin o vaxtkı rəisi Xalq artisti Adil İsgəndərov onunla belə danışdı: “ Üzeyir bəy, bəy! Çox xahiş edirəm, bəy! Cəmi bir dəfə bizim bu Mikayıl üçün az bir vaxt sərf edin, sonrasını daha özünüz bilərsiniz”. Nəhayət Üzeyir bəyin bu işə razılıq verməsi xəbəri mənə çatanda sevinc qarışıq həyəcan keçirməyə başladım. ...Həcm etibarilə çox da böyük olmayan bu portreti üç günə qurtardım və muzeyin tələsdiyinə baxmayaraq, bəstəkara bağışladım. Mən hiss edirdim ki, Üzeyir Hacıbəyli porteti çox bəyənib... Tezliklə muzey üçün ikinci, həcm etibarilə böyük portreti başladıq. Bu dəfə kabinetdəki iş masasının arxasında, tünd qırmızı xalçanın fonunda o, əllərini barmaqlarını bir-birinə keçirib əyləşdi və yavaşca dedi – “İndi də belə oturaq.” Poza mənim çox xoşuma gəldi... 1944-cü ildə üçüncü portreti işləməyə başladım. Onda Üzeyir özünün ən xoşuna gəldiyi fotoşəkillərdən birini mənə bağışladı. O fotoşəklin köməyi ilə üçüncü portreti işləyib qurtardım. Sonra həmin portret Teatr muzeyinə, ikincisi isə Milli İncəsənət Muzeyinə verildi...

 

****

Məlumdur ki, böyük Azərbaycan şairi Nəsiminin öz dövründə naturadan çəkilmiş portreti haqqında əlimizdə dəqiq bir əsas yoxdur. Yalnız XV əsr miniatürləri şairin zahiri görünüşündən bizə təxmini xəbər verirlər. Onu görənlər təsdiq edərmişlər ki, Nəsimi ucaboylu, qəti qərarlı, uzun qara saçlı, qaraqaş-qaragöz, dərin fikirli və həddindən artıq kişi gözəlliyinə malik. Mərd bir insan, cəsur bir şəxsiyyət olmuşdur.
...Böyük Nəsiminin surətini başlayanda tarixi-bədii obraz yaratmaq problemini əsas tutaraq, əzəl başdan isbata ehtiyacı olmayan bir həqiqəti yenidən xatılamalı oldum. Gərək Nəsiminin obrazı Şərqin Firdovsi, Sədi, Xəyyam, Nizami, Rumi, Hafiz kimi dahilərinin surətləri kimi fərdi əlamətləri, müdrikliyi, nəcibliyi ilə fərqlənsin, eyni zamanda onlardan seçilsin.
Humanist şairimizin surətinə belə bir hüququ qazandırmaq məqsədilə uzun-uzadı tarixi, ədəbi və bədii axtarışlar apardım.

 

****

Böyük Füzuli dühasının yüksək şeiriyyət nümunəsi ölməz “Leyli və Məcnun” poeması o qədər zəngin, fəlsəfi fikir, hakimanə məntiqlə cilalanmış və zinətlənmişdir ki, əsrlər, qərinələr belə keçsə poemanın bədii tərtibatına müraciət edən hər bir rəssam üçün zəmin-asiman qədər yeni-yeni imkanlar vardır. Məncə, bu şərəfli işdə zamanın hər bir rəssamı öz sözünü deməlidir.

 

****


Caypur, doğrudan da, əsl hind şəhəridir. İstər memarlıq, istərsə də xalqın peşəsi, güzəranı cəhətdən burada hər şeydə əsl hind koloriti duyulur. Alınları ağ və qırmızı ilə rənglənmiş uzun saqqallı racastanlı qocalar, başlarında satıl, səhəng gəzdirən, qoltuqlarına uşaq vuran əlvan geyimli qadınlar, bəzəkli fillər, zərgərlərin insanı heyran edən xalq sənəti nümunələri... Caypur üçün daha səciyyəvi xüsusiyyətlərdir. Odur ki, Caypuru Hindistan torpağının əsl qəlbi hesab etmək olar.
 

****


Macarların torpağında keçirdiyim günlərdə çox görüb, çox eşitdim... Macarıstanda yeni dostlarım qaldı. Mən onların portretini böyük həvəslə, məhəbbətlə çəkdim. Eyni məhəbbətlə mən ölkənin əsrarəngiz təbiətini təsvirə aldım...

 

****


... Onun yaradıcılığı, mübaliğəsiz desək, xalq həyatının ensiklopediyasıdır. O, nəinki hər şeirində, hər beytində, hər kəlməsində, hətta sətirlər arasından doğan mənalarla xalqının acı taleyini acı təbəssümlə yazmışdır.
O dərya qəlbli ustadın milli mədəniyyətdə, doğrudan da, xüsu-si bir yeri vardır. Sabir (Mirzə Ələkbər Sabir – tərt.) elmin, tərəqqi düşmənlərinin gülünc surətlər silsiləsini, dövrünün vicdanlı şahidi kimi, misilsiz satira qələmi ilə əbədiləşdirmişdir.
Nadir istedadlı bu nəhəng sənətkar təsviri sənətimizin ən iti forması – satirik qrafikanın nicatı üçün də məlhəm və qida yetir-mişdir.
Sabirlə “Molla Nəsrəddin” əl-ələ verərək Ə.Əzimzadəni zamanın yoluna çıxartdılar. Böyük rəssamın istedadlı fırçası ilə satirik poeziyamızın incisi “Hophopnamə”nin mənasını rəsm dili ilə təcəssüm etdirdi.
... Bəli, böyük Sabir satiramızın fəxridir.

 

****


1973-cü ildə dahi şairin adını daşıyan “Nizami” stansiyasının bədii tərtibatı kimi məsul və şərəfli bir iş başlandı. Bütün yara-dıcılıq imkanlarımı səfərbərliyə aldım. İncilər incisi “Xəmsə”ni yenidən mütaliə etməyə başladım. Hər poema üçün seçdiyim ən səciyyəvi səhnələri stansiyanın yeraltı salonunun tağlı pilonlarında – rəflərində yerləşdirməyi qət etdim.
Doqquz cüt qabaq-qabağa yerləşən pilonlarda on səkkiz səhnəni təsvir etməyi qərara aldım. Baş memar M.Hüseynovun bu niyyətimə razılıq verməsi məni bir qədər də ürəkləndirdi. Belə ki, memarlıq layihəsində mozaik pannolardan istifadə etmək məsələsi əsla nəzərdə tutulmamışdı.
 


****


Bəxtiyarı (Bəxtiyar Vahabzadə – tərt.) düşünürəm... “Şəbi-hicran” gəlib gözümün önündə durur. “Sinəsində qəmdən lalələr açılan, əməllər, arzular şairi” dahi Füzuli bir daha xəyalımda canlanır. Xatırlayıram ki, “Leyli və Məcnun” poemasının bədii tərtibatını elə təzə qurtarmışdım ki, məmnuniyy ətlə Bəxtiyarın “Şəbi-hicran”ı ilə məşğul oldum. Əvvəllər bir-birimizi uzaqdan tanıyırdıqsa, böyük Füzulimiz bizi əbədi dost etdi. Bu gün dostum Bəxtiyarı – Füzuli yadigarını, nəcib istedad sahibi alim-şairi səmimiyyətlə təbrik edirəm, artıq o, yarıməsrlik bir ömrü başa çatdırmışdır.

 

****


O, insanların ruhunu və zövqünü oxşamaq, “Həyat gözəllikdir” həqiqətini sənətilə sübut etmək üçün öz taleyini, şəxsi həyatını əbədi sənət yolunda qurban vermiş nadir sənətkarlardandır. Səttar Bəhlulzadə kimi ustada ölüm yoxdur! O, bütün dövrlərin oğludur. Bu ad Azərbaycan xalqının mədəniyyət tarixindən silinməyəcəkdir.
 

****


88-ci illərin əvvəllərində qonşularımızın həyasızlığı və süni-saxta “Sumqayıt əməliyyatı” ilə bağlı – mən də bizim “Bakraboçi” qəzetində səsimi ucaltdım. Bu qəzetdə çıxış edən bir qrup müəlliflərin yazılarının icmalı mərkəzi mətbuat səhifələrində dərc edildi. Əlavə, - “Bakraboçi” qəzetinin bir gün gec Yerevanda divara vurulmasını da xatırlatmaq istərdim. Çünki bir həftə sonra, Yerevandan bir məktub aldım: həmkarlarımdan biri “...Ermənistanda isə hələ bir azərbaycanlıya – barmaqla da olsun, toxunmayıblar” sözünü mənə çatdırdı. Mən də öz növbəmdə ona bütün bu... əhvalatların “haradan” və “nədən” başlaması səbəblərini yazıb göndərdim. Daha sonra həmkarımdan xəbər çıxmadı.
... İki il müddətində daha mən heç bir yerə dəvət edilmədim. Hətta yaradıcı fəalların respublika partiya yığıncağında belə iştirak etməyə ixtiyarım yox imiş. Ev və emalatxana telefonlarıma əməlli-başlı qulaq asırdılar ki, rəhmətlik Mirzə Cəlil demişkən: “Zəlzələ, zad olub eləməsin...” Xarici ölkələrə göndərdiyim zərflər, bandrollar Bakıdan çıxmırdı.
Mən isə ruhdan düşməyərək ixtisasımla bahəm gündəlik vətəndaşlıq borcumu yerinə yetirməyə davam edirdim. Hüsü Hacıyev küçəsində yerləşən Dövlət Plan İdarəsinin kitabxana-sındakı (“Azərnəşr”lə üzbəüz) əsl vətənpərvər gənc qızların köməyi ilə rotaprindən istifadə edib – respublikanın rusdilli qəzetlərinin səhifələrində dərc edilən ədalətli yazıların ... surətlərini çox nüsxə ilə çıxartdırıb, Moskvaya göndərirdim. ... Hamıya məsləhət görürdüm: başqa şəhərlərdə yaşayan tanış, dost və ünsiyyətdə olduqları həmkarlarına hərə bir-iki nüsxə - rusdilli qəzet kəsmələrini göndərsinlər. Qoy, onlar bu bəlanın əsl təqsirkarının kim olmasını oxuyub bilsinlər.

 

****

İtaliyaya səyahətim – mənim ilk böyük və uzaq səfərim oldu. Şübhəsiz ki, belə bir səyahət hamı üçün maraqlıdır. Amma rəssam üçün nə dərəcədə qiymətli olduğunu söyləməyə çətinlik çəkirəm.
... Yola düşəcəyimi eşidən kimi, mənə elə gəldi ki, dörd-beş əsr uzaqlığında bir səyahətə başlayıram. Elə bilirdim birbaş İntibah dövrünə gedib çıxacağam... Hətta o da yadımdadır ki, gedən günün ərəfəsində yuxuda özümü orada gördüm.
Dahi Mikelancelonun mərmər “Musa”sını, “Davud”unu, insan ağlına sığmayan – insan istedadının bəhrəsi olan o misilsiz sənət nümunələrini, Venetsiya rəssamlığı xəzinəsinin incilərini, Vatikan muzeyini görməyi çox şiddətlə arzulayırdım.

 

****

Mikelancelo (Mikelancelo Buonarroti – tərt.) San-Lorentso kilsəsinin Mediçi kapellası abidəsində dahi heykəltəraşlığı ilə dahi memarlığını ahəngdar bir surətdə birləşdirmişdir. Təəssüf ki, o gidlərin burada “tarix-Nadir” açması, turistlərin sual-cavabı, səs-küyü ümumi təsirə mane olurdu. Yaxşı olardı belə yerdə döşəməyə bir yumşaq şey salınaydı ki, heç ayaq səsləri də eşidilməyəydi. Daha yaxşı olardı ki, bu səs-küyün əvəzinə heç olmazsa Bethovenin 9-cu simfoniyasındakı xorun səsi daima uzaqdan eşidiləydi.
(İtaliya xatirələrindən)

 

****

... Əzimzadə (Əzim Əzimzadə – tərt.) əsl rəsm ustadı idi, lakonik cizgilərlə ifadəli siluet yaratmağa, formanı tamamlamağa nail olurdu. Rəsmlərinə diqqətlə baxarkən, tamaşaçıya elə gəlir ki, o, qələmini kağızdan ayırmadan, elə bir nəfəsə çəkir. ... Əzimza-dənin rəsm manerası olduqca sadə və plastikdir. Kəskin ifadəliliyi, səlisliyi ilə fərqlənən Əzimzadənin rəsm tərzi hələ “Hophopnamə” illüstrasiyalarında, 1915-ci ildə çəkdiyi “Gözəl adətlərimiz” silsiləsində özünü büruzə verir.
... Əzimzadə geniş erudisiya sahibi idi. O, rusca, farsca, ermənicə yaxşı danışar, əcnəbi dillərlə də maraqlanardı. Gözəl musiqi həvəskarı idi. Otağında Şubert və Şumanın rəngli litoqrafi-ya portretləri asılmışdı. “La-Skala” teatrı müğənnilərindən tez-tez söhbət açır, Enriko Karuzodan, Qali Kurçidəmn danışardı. “Kadensiya”, “belkanto” terminlərini mənə ilk dəfə Əzim əmi başa salmışdı.

 

****

Cəfərin (Cəfər Cabbarlı – tərt.) dəfni heç vaxt yadımdan çıxmaz. Elə böyük bir izdiham vardı ki, ucu-bucağı görünmürdü. Cənazə Sovet küçəsi döngəsi ilə indiki Teleteatrın arasındakı meydana yaxınlaşanda izdihamın bir ucu Bakı Soveti binasının yanında idi. Böyük Cəfərin tabutu o vaxtkı “AzFAN”dan, yəni SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının rəyasət heyəti yerləşən binadan götürülmüşdür. Şəhərin yuxarı dağlıq rayonundan üzüaşağı baxanda, adama elə gəlirdi ki, böyük sənətkarın doğma şəhərində uşaqdan qocaya qədər bütün sakinlər bu izdihama qoşulub və şəhərin küçələri tamamilə boşalmışdır. Hamı deyirdi: “Hələ belə bir dəfn görünməyib”. Mənim isə uşaq ağlım bu sözlərə belə məna verirdi: “Deməli, hələ heç kəsi belə sevməyiblər...”
Bu əhvalatdan səkkiz il sonra Cəfərin iş otağını təsvir etmək mənə qismət oldu. Bəli, hələ 1942-ci ildə sevimli sənətkarımızın böyükhəcmli bir portret tablosunu çəkmişəm. Bu, mənim demək olar ki, ilk əl işlərimdəndir.

 

****

 

1944-cü ilin baharı idi. Səməd Vurğunun portretini çəkməyi qət etmişdim. Zəng edib özüylə danışdım. Mənə dedi ki, “Ayə, bir istirahət günü gəlsənə evə, bir baxaq görək nə var, nə yox...” İstirahət günü, indiki Fioletov küçəsində yerləşən Apteklər İdarəsinin hündür, qədim binasının 3-cü mərtəbəsinə qalxıb Səmədgilə daxil oldum. Bütün evdən, ailədən aldığım ilk gözəl təəssürat indi də xatirimdən silinmir. Şairin evini əsl Azərbaycan təravəti bürümüşdü.
... On beş ildən sonra, yəni 1959-cu ildə sevimli Səmədimizin ikinci böyük bir portretini çəkdim. Diqqətlə baxanda təyin etmək olur ki, bu portret elə ilk portretin əsasında çəkilmişdir. ... Yadıma gəlir ki, o vaxt Səməd bəzən hava küləkli olanda pencəyin üstündən yay paltosunu (makentoşu) da hərdənbir çiyninə atardı. Qət etdim ki, ikinci portreti bir qədər də romantik planda işləyim. Oğlu Yusiflə zəngləşdim, razılığını aldım ki, bir də bağlarına gedim. Elə də etdik... Yel əsirdi, qarağacın yarpaqları yenə xışıldayırdı. Lakin bu mənzərənin Səmədi çatışmırdı. Doğrusu, elə bil bütün bağ-bağat bir anlığa başıma dolandı. Öz-özümə dedim: doğru demisən şair:
Biz gedərik, qoca dünya qalandır.

 

****

Görkəmli ədibimiz Süleyman Rəhimov qəhrəmanlarından söhbət açanda, çox vaxt qeyri-ixtiyari, özünün belə xəbəri olmadan, fikrini bir növ əyani şəkildə nümayiş etdirər, hətta bəzən qəhrəmanın prototipinin kim olduğunu da açıb deyərdi. Bu isə mənim üçün son dərəcədə təbii və inandırıcı səslənirdi.
... Xalq yazıçısı Süleyman Rəhimovun monumental əsəri “Şamo” romanından çox deyib, çox danışmaq olar. Bunun da öz mütəxəssisləri var. Mən isə bir rəssam kimi romana aid öz sözümü fırçamın dili ilə demişəm.

 

****

İyirmi ildən artıqdır ki, mən Qara Qarayev yaradıcılığının pərəstişkarıyam. Bir dinləyici kimi, mənə təsir edən onun hər bir musiqi intonasiyası, eyni zamanda özünəməxsus rəng çaları ilə mənim təsəvvürümdə həllini tapır. Əgər böyük formalı musiqidən söhbət gedirsə, o zaman bəstəkarın hər bir əsərinin səciyyəvi “rənglərini” mən asanlıqla müəyyən edib, Qaranın rənglərini “gördüyümü” deyə bilirəm.
Böyük və fitri istedada malik bəstəkarımız “rənglər” vasitəsilə fikirləşən və rənglərin dilində bəstələyən bir sənətkardır. Onun musiqisindəki obrazlar rənglərin gücü ilə təcəssüm tapır.
...Qara Qarayev həyatdakı ən adi hadisələri qeyri-adi rənglərlə, qeyri-adi hadisələri isə adi rənglərlə yaradan rəssamdır. Ona görə də biz deyirik: O, böyük rəssamdır.

 

****

Ümumiyyətlə, Fikrət (Fikrət Əmirov – tərt.) nə yazırsa-yazsın  “Nizami” simfonik poeması, yaxud “Simfonik lövhələr”i, “Azərbaycan Kapriççio”su, yaxud operetta əsərləri, romans və ya müstəqil mahnıları – bunların hamısında dinləyici, hər şeydən qabaq, kamil sənətkarın gözəl üslubunu, dəst-xəttini müəyyən edir. Böyük sənət aləmində, təbii ki, bu ən qiymətli “məziyyət” sayılır. Yəni, bu cəhət sənətkar yaradıcılığının üslub vəhdəti kimi qiymətləndirilir. O ki, qaldı rəng ahəngliyinə, kolorit əlvanlığına, mənə elə gəlir ki, Fikrət musiqidə Şərq miniatür məktəbi ənənələrinin davamçısıdır. O, özünün monumental planda işlədiyi simfonik əsərlərində rəng çalarları, harmoniya və kadensiyaları ilə dünyada ən məşhur və qiymətli Təbriz miniatür məktəbinin rəngarəngliyini sanki musiqi dilində nümayiş etdirir.

 

****

Niyazi ifaçılığı, rəssam dili ilə desək, dekorativ cəhətləri, ifaçılıq temperamenti və emosionallığı ilə də dinləyiciləri valeh edir, tamaşaçı-dinləyici dirijorun eyni zamanda gözəl zahiri plastikasının da vurğunu olur. Bu isə, əsl sənətkara xas olan nadir cəhətdir.
... Niyazidən ona görə belə vurğunluqla danışıram ki, onun zəngin daxili aləmi ilə zahiri plastikasındakı vəhdət təkraredilməz artistizm yaradır. O, ifa zamanı son dərəcə çevikliklə orkestrə isti-qamət verir və çox vaxt pult üstündəki partituraya belə baxmadan, irihəcmli klassik simfoniyanı dodaqaltı çala-çala, elə bil bədəninin bütün əzaları ilə həmin musiqini “oynayır”. Sonra isə, bir növ, yorulmuş bənizi ağarmış halda tamaşaçılara öz minnətdarlığını bildirir, üzünə tökülmüş saçlarını əli ilə qaldıraraq, yorğun təbəssümlə, dönüb öz musiqiçilərini salona təqdim edir. Bu vaxt gözlərdə sevinc parlayır, fərəhdən boğazlar qəhərlənir...

 

****

1950-1951-ci illərdə “Gələcək gün” romanının bədii tərtibatı, daha doğrusu, illüstrasiyaları üzərində böyük həvəslə işləmişdim. Roman Bakıda, Moskvada və Daşkənddə mənim illüstrasiyala-rımla çap olunmuşdur. Həmin ərəfədə “Arazın o tayında” müstəqil rəsmlər silsiləsi də çəkmişdim. “Gələcək gün” romanının qəhrəmanlarını mən qardaş və bacılarımız kimi ürəkdən sevmiş və onların surətlərini ilhamla, məhəbbətlə təsvir etmişəm.
İctimaiyyətimizin sevimli yazıçısı, alim və ictimai xadim Mirzə İbrahimovun anadan olmasının 60 illik yubileyinə hazırlıq işləri aparırdı. Mən də bu münasibətlə böyük sənətkarımızı, gözəl insanı cəmiyyətlə, ürəkdən təbrik edərək onun ikinci bir portretini naturadan çəkmək niyyətinə düşdüm və Mirzə müəllimin bu fikrə razılığını aldım. Həmin portret hazırda Nizami muzeyinin ekspozisiyasındadır.

 

****

 

Soltan Hacıbəyovla 1944-cü ildən tanışam. O vaxtlar mən böyük bəstəkarımız Üzeyir Hacıbəyovun portretini çəkirdim. Bununla əlaqədar olaraq tez-tez konservatoriyaya gedirdim. O zaman Soltan tələbə idi. Bizi nə isə gizli bir hiss yaxınlaşdırdı. Onun hələ tələbəlik illərində yaratdığı ilk əsərləri öz orijinallığı, milli koloritliyi ilə seçilirdi. İllər keçdikcə bir otaqda, bir auditoriyanın divarları arasında yaranan əsərlər daha böyük vüsət aldı, daha böyük konsert salonlarından səslənməyə başladı. Bu əsərlər gənc bir ürəyin ehtiras dolu nəğməsi idi. Bu ehtiras onu həyatı boyu müşayiət edir. Elə buna görədir ki, Soltanın əsərləri həmişəcavan ağaclar tək heç vaxt təravətini itirmir.

 

****


Mən Mustafanı (Mustafa Mərdanov – tərt.) lap çoxdan tanıyırdım. Onun insanlığına da, ictimai fəaliyyətinə də heyran idim. Məncə, indi onun Azərbaycan teatrı tarixindəki mövqeyindən, sənətinin ölməzliyindən və böyüklüyündən danışmaq artıqdır. Bunlar hamıya məlumdur.

 

****


Bir çox cib dəftərçələrimdə Rəsul Rzadan çəkdiyim rəsmlər, cızmaqaralar və qeydlərim durur. İki dəfə onu naturadan çəkmi-şəm. Biri – qısamüddətli seansla yağlı boya ilə evlərində çəkdiyim etüd – indi də şairin həmin evində divardan asılıb. Bu etüd onun şeirlər kitabının frontispisində çap edilib. Bir qədər sonra, yəni 1960-cı ildə onun irihəcmli kompozisiyalı portretini emalatxa-namda çəkmişəm. Bu portret üzərində işi təxminən 7-8 seansa başa çatdırmışdım. Şair bu işə məmnuniyyətlə razılıq verirdi. Yadımdadır, axıra yaxın oğlu Anarı da özüylə gətirdi ki, portreti görsün. Bu portret hazırda Respublika Dövlət Rəsm Qalereyasındadır.
 


<< Geri