Xalq rəssamı Mikayıl Abdullayevə
Hörmətli Mikayıl Abdullayev!
Sizi – Azərbaycanın təsviri sənətinin görkəmli nümayəndəsini anadan olma
gününüz münasibətilə və rəssamlıq fəaliyyətinizin 60 illiyi ilə ürəkdən
təbrik edirəm.
Siz Azərbaycan incəsənətinin inkişafında böyük xidmətləri olan mahir
fırça ustasısınız. Müxtəlif janr və mövzularda yaratdı-ğınız boyakarlıq
və qrafika əsərləri sənət tariximizə əbədi daxil olmuşdur. 60 illik
sənət yolunuz əslində ölkəmizin keçdiyi böyük bir dövrün canlı sənət
salnaməsi hesab oluna bilər.
Azərbaycan təbiətinin gözəllikləri, Vətən övladının döyüş rəşadəti,
torpağa, doğma yurda, əməyə, sənətə bağlılığı yaradıcılı-ğınızın əsas
qayəsini təşkil edir. Sizin hər bir təbiət tablonuz ölkə-mizin müxtəlif
guşələrini əks etdirən romantik bir sənət nümunəsi-dir. Böyük məhəbbətlə
yaratdığınız portretlərdə Siz təsvir etdi-yiniz tarixi şəxsiyyətlərin və
sadə insanların mənəvi aləminə nüfuz edərək onların xarakterini
ustalıqla aça bilmisiniz.
Azərbaycan ədəbiyyatının incilərinə, xüsusilə xalqımızın əzəli mövzusu
olan “Kitabi-Dədə Qorqud” dastanına çəkdiyiniz illüstrasiyalar klassik
milli irsə bəslədiyiniz hörmət və sevgi hissinizi nümayiş etdirir.
“Nizami” metrosuna verdiyiniz tərtibat, teatrdakı fəaliyyətiniz bunu bir
də təsdiqləyir. Vətən eşqi, ana məhəbbəti, Azərbaycan qadınının səadəti
Sizin lirik lövhələrinizdə ustalıqla öz əksini tapıb. Böyük emosional
təsir qüvvəsinə, milli koloritə, tərbiyəvi məzmuna malik əsərləriniz
gənc nəslin formalaşmasında böyük rol oynamışdır. Sizin yorulmaz,
məhsul-dar fəaliyyətiniz daim Azərbaycan xalqına xidmət etmişdir.
Xarici ölkə mövzularında yaratdığınız rəsmlər silsiləsi ilə Siz
incəsənətimizə yeni üfüqlər açmısınız. Əsərləriniz dünyanın bir çox
ölkələrində nümayiş etdirilərək Sizə böyük şöhrət gətirmişdir. Xarici
ölkələrdə fərdi sərgilər təşkil etmək Azərbaycan rəssamları içərisində
öncə Sizə müyəssər olmuşdur.
Yaradıcılığınız Dövlət mükafatına, müxtəlif orden və medal-lara və
Beynəlxalq Nehru mükafatına layiq görülmüşdür. Ən böyük mükafatınız isə
xalqımızın, sənətsevərlərin şəxsiyyətinizə, gözəl əsərlərinizə bəslədiyi
böyük ehtiram və dərin məhəbbətdir.
İnanıram ki, Siz zəngin təcrübənizdən və nadir fitri istedadı-nızdan
istifadə edərək sənətinizin pərəstişkarlarını bundan sonra da yeni
əsərlərlə sevindirəcəksiniz.
Sizə cansağlığı, xoşbəxtlik və yaradıcılıq uğurları arzulayıram.
Bakı şəhəri, 18 dekabr 1997-ci il
Heydər Əliyev,
Azərbaycan xalqının ümummilli lideri
****
Azərbaycanı dünyaya tanıdan bizim ziyalılarımızdır
– alimlə-rimiz, rəssamlarımız, şairlərimiz, yazıçılarımız,
bəstəkarlarımızdır.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
****
...Bütün bu məziyyətlərinizi yüksək qiymətləndirən
sovet xalqı Sizə SSRİ Xalq rəssamı adını vermişdir. Dost Hindistan xalqı
Sizi Cəvahirləl Nehru adına Beynəlxalq mükafatla təltif etmişdir.
Biz, bu mükafatı təkcə Sizin nailiyyətiniz deyil, həm də görkəmli
nümayəndələrindən biri olduğunuz sovet realist incə-sənətinin
müvəffəqiyyəti hesab edirik. Böyük həyat həqiqəti ilə, nikbinlik və öz
Vətəninin gözəl insanlarını tərənnüm edən bir rəssamın dərin hissləri
ilə dolu realist tablolar Sizi geniş tamaşaçı kütlələrinə tanıtmışdır.
Həyatın ən adi hadisələrini sənətkarcasına təfəkkür süzgəcindən keçirmək
və poetikləşdirmək, onlarda həqiqi gözəlliyi taqmaq və gözəlliyi parlaq
bədii formaya salmaq bacarığı Sizin sənətinizin səmimi və hər kəs üçün
anlaşıqlı edən cəhətlərdir.
Arzu edirik ki, sovet realist incəsənətinin şərəfini daha da yüksək
tutasınız, bu incəsənət vasitəsilə Vətənə, öz gözəl xalqını-za
səmimiyyətlə, sədaqətlə xidmət göstərəsiniz.
SSRİ Rəssamlar İttifaqının katibliyi və
İdarə Heyəti adından təbrikdən
****
Əsərlərindən hədsiz zövq aldığım böyük rəssama ürəkdən təşəkkür edirəm.
Qara Qarayev,
SSRİ Xalq artisti
****
M.Abdullayev öz xalqı ilə yanaşı, digər xalqların
da klassik və müasir sənət nümayəndələrini, onların yaradıcılıqlarını
diqqətlə öyrənir. Bu məziyyət rəssamın orijinallığı üçün qətiyyən qorxu
törətməyib, əksinə, onun daha da cilalanmasına kömək edir... Mikayıl
sənətinin bir pərəstişkarı kimi məni, hər şeydən çox, onun realist
üslubu, seçdiyi mövzuların ümumbəşəri, humanist mahiyyəti cəlb edir.
Mikayıl sənətində hər şey, necə deyərlər, həqiqət kimi sadə və gözəldir.
...Mikayıl Abdullayev böyük rəssam olmaqla bərabər, böyük dostdur. O,
bütün insanları bütün xalqları da bir-birinə dost görmək istəyir.
Rəssamın fırçası Hindistanın, İtaliyanın və bir çox başqa xarici ölkə
xalqlarının həyatından, mübarizəsindən, gələcək arzularından bəhs edən
unudulmaz lövhələr yaratmışdır.
Fikrət Əmirov,
SSRİ Xalq artisti, bəstəkar
****
Mikayıl Adullayevin yaradıcılığı olduqca çoxşaxəli
və cəzb-edicidir. Rəssamın müşahidəçiliyi və həyatsevərliyi onun
əsərlərini və yaradıcılığını daha da maraqlı etmişdir.
Bülbül,
SSRİ Xalq artisti, professor
****
Məndə bir can var, səndə bir can,
Mənim qələmim var,
sənin fırçan.
Mənimki sözdür,
Səninki rəng,
Mən yazım qardaşım, sən çək,
Mənim əlim olmasa da yazaram,
gözüm olmasa da...
Sən dilin olmasa da çəkərsən,
Sözün olmasa da...
Ancaq hər ikimiz
Yarada bilmərik ürəksiz.
Mənimki sözdür, səninki rəng,
Var olsun ürək!
Rəsul Rza,
Xalq şairi
****
Əgər Mikayıl Abdullayev “Axşam”, “Mingəçevir
işıqları”, “Körpəsinin ardınca”, “Tarlada” monumental əsərlərindən başqa
heç nə yaratmasaydı, yenə adı xalqımızın təsviri sənət tarixinə qızıl
hərflərlə yazılardı.
Tahir Salahov,
SSRİ Xalq rəssamı
****
“Nəsimi” bədii filmində Nəsimi rolunu oynayacaq aktyoru seçməyimdə
Mikayıl Abdullayevin eyniadlı məşhur tablosu imdadıma çatdı.
Həsən Seyidbəyli,
Xalq artisti, rejissor, nasir
****
Tamaşaçılarımız, xalqımızın istedadlı
rəssamlarından biri olan Mikayıl Abdullayevin əsərlərinə çox yaxşı
bələddirlər. Mikayıl Abdullayev müharibədən sonrakı illərdə Azərbaycan
incəsənətinə bir çox dəyərli əsərlər vermiş sənətkarlarımızdandır. Onun
sovet zəhmətkeşlərinin həyatına həsr etdiyi tabloları tamaşaçılar
arasında geniş şöhrət qazanmışdır. Mingəçevir inşaatçılarına ithaf
etdiyi “Səadət yaradanlar” belə tablolardandır. Rəssamın “Axşam” adlı
əsəri, habelə “Dədə Qorqud” dastanı üçün çəkdiyi bir sıra qrafik
şəkilləri isə milli incəsənətimizin qızıl fonduna daxil edilə bilər.
Rəssamın əsərlərindən bəzilərinin ölkənin bir çox böyük muzeylərində
saxlanması təsadüfi deyildir. Bu fakt, rəssamın qabil bir sənətkar kimi
geniş tanındığını sübut edir.
M.Abdullayevin hər bir yeni əsəri onun dərin düşünülmüş yaradıcı
əməyinin bəhrəsidir. Biz, Abdullayevi yaradıcılıq xəyallarını
özünəməxsus ifadə boyaları ilə canlandıran yetkin bir rəssam kimi
tanıyırıq.
Rasim Əfəndiyev,
akademik
****
... Abdullayev yaradıcılığında məzmun gözəlliyi
ilə ifadə gözəlliyi həmahəngdir. Onun rəsmi yumşaq, fırçası plastikdir.
Onun dekorativ rəng çalarları, boya intonasiyaları hisslərdən,
düşüncələrdən qidalanır. Sadəlik, aydınlıq, səlislik, xəlqilik, milli
kolorit – rəssamı düşündürən peşəkar keyfiyyətlər bunlardır.
... Rəssamın şəxsiyyəti ilə yaradıcılığı arasında üzvi vəhdət mövcuddur.
20 ildən artıq bir dövr ərzində mən onunla müxtəlif məsələlərlə əlaqədar
görüşür, danışır, fikir mübadiləsi aparır, onun ətrafdakı adamlarla
davranışını müşahidə edirəm. Emalatxanasında da, Rəssamlar İttifaqında,
sərgi və muzey salonlarında da, intim söhbət əsnasında və mötəbər
iclaslarda da. Bəzən yaradıcılıq müzakirələri zamanı hissiyyata qapılıb
ona qara yaxanların hücumuna məruz qalıb. Lakin heç vaxt onu əsəbiləşib
psixoloji müvazinətini itirən görməmişəm.
Mikayıl təbiətən təvazökardır, mülayimdir, xeyirxahdır, səxavətlidir,
qayğıkeşdir. Bütün bunlar nədən gəlir? Şübhəsiz, yüksək daxili
mədəniyyətdən, mənəvi zənginlikdən!
Nurəddin Həbibov,
sənətşünaslıq doktoru, professor
****
Bu il, qardaş Azərbaycanın bağrından çıxmış və bütün dünya mədəni irsinə
töhfə olmuş Türk Dünyasının böyük rəssamı Mikayıl Abdullayevin anadan
olmasının 100-cü ili qeyd edilir. İncəsənət tarixində, yaşadıqları zaman
və şərtləri aşaraq, əbədi əsərlər ortaya qoyan insanlar olmuşdur. Bu
sənətkarlar zaman keçdikcə yaratdıqları əsərlərin dəyərinin daha da
artacağına və başqalarına da yol göstərəcəyinə inanmışlar. Mikayıl
Abdullayevin sənəti və sənətkarlığı belələrindəndir.
Düsen Kaseinov,
TÜRKSOY-un baş katibi, professor,
Qazaxıstan SSR-nin Əməkdar incəsənət xadimi
****
Hərgünkü bədii proses, sərgi praktikasından müşahidələr göstərir ki,
tamamlanıb təhvil verilən portretlər üzərində əlavə iş çox vaxt lüzumsuz
sayılır. M.Abdullayev bu yolla getmir. Əgər ta-maşaçıların rəyi yeni
əsərdə dəyişikliklər edilməsi zərurətinə onu inandırırsa, onda rəssam
portret kompozisiyaya yenidən qayıdır. Edilən dəyişiklik, gətirilən
yenilik personajın daxili aləmini zənginləşdirir, lövhəni daha maraqlı
və baxımlı edir. Yaradıcılıq işində belə yüksək məsuliyyət, özünə qarşı
güzəştsiz tələbkarlıq (yaxşı bilirəm ki, bu günlər sənətkardan həm
yaradıcılıqda, həm də ictimai fəaliyyətdə böyük əzmkarlıq tələb
etmişdir!) gənc rəssamlarımız üçün əsl nümunədir! Yalnız belə gərgin,
ilhamlı, müntəzəm zəhmət təsviri sənətimizi Ümumittifaq miqyasına çıxara
bilər.
Paşa Hacıyev,
sənətşünas-tənqidçi
****
“Mingəçevir silsiləsi” göstərdi ki, Mikayıl
Abdullayevin şəxsində Azərbaycan təsviri sənətində müasirlik hissi ilə
yaşayıb-yaradan, ictimai həyatda, məişətdə görüb-götürdüyünü
ümumiləş-dirməyi bacaran, real hadisələri obrazlı ifadə vasitələrinin
köməyi ilə təsvirə alan qabil bir rəssam fəaliyyətə başlamışdır.
Yaradıcılığının ilk mərhələsində (bu mərhələ 1946-1954-cü illəri əhatə
edir) Mikayıl Abdullayev “rəng çalarları” prinsiplərinə sadiq qalırdı.
Lakin, sovet təsviri sənətinin təcrübəsi açıq-aydın göstərirdi ki,
rəngkarlıqda “çalarlar” prinsipi yeganə prinsip deyil, təsviri sənətin
bu növündə dekorativlik, rəngarənglik kimi priyomlar da mövcuddur.
Uzaqgörən bir rəssam olan Mikayıl Abdullayev, sovet incəsənətində baş
verən bütün yeniliklərə yaxından bələd idi və məhz buna görə də o, öz
yaradıcılıq təcrü-bəsinə yeni dövrün tələbləri ilə yanaşırdı. O, yaxşı
bilirdi ki, bədii yaradıcılıq təcrübəsində dönüş yaratmaq istəyən
rəssam, emalat-xanasının dörd divarı arasında öz məqsədinə nail ola
bilməz və o, hökmən şəhəri tərk edib təbiətə qovuşmalı, respublikamızın
rənga-rəng həyatını, xalqın özünəməxsus dekorativ örnəklərini bilavasitə
görüb-öyrənməlidir.
Mürsəl Nəcəfov,
Əməkdar incəsənət xadimi, professor
****
Sevgi ucadadır, heyrət dərində,
Seçdin təbiətdən ilahi rənglər.
Əsrin qatılaşan zülmətlərində,
Görürsən dünyanı nurlu ürəklə.
Sənin doğma yurdun sirli kitabdır,
Hifz etdin o sirri sən yana-yana.
Nizami yeraltı kaşanə tapdı,
Nəsimi yenidən gəldi dünyaya.
...Arzu zərrələri döndü ümmana,
Ümid göylərində qanad açanda.
Dünyanı gətirdin Azərbaycana,
Gəzdi yer üzünü Azərbaycan da.
Nəbi Xəzri,
Xalq şairi
****
... Bütün sənətlərə, xüsusən də boyakarlıq
sənətinə yad olan soyuq sehirçilik və zahiri bənzərliklərə aludəçilik
onun yaradıcı-lığına tamamilə yaddır. Böyük ümumiləşməyə meyli və parlaq
tipikləşdirmə qabiliyyəti Mikayılın bütün tablolarına aid olan gözəl
keyfiyyətdir.
Mirzə İbrahimov,
Xalq yazıçısı, akademik
****
...Düşünürəm, Mikayıl yaradıcılığı necə də öz
dəruni, psixoloji aləmi ilə, özünün insanlıq keyfiyyəti ilə, sənətkarlıq
təsiri ilə qüdrətlidir, qüvvətlidir.
Süleyman Rəhimov,
Xalq yazıçısı
****
Hər cazibədar mənzərənə, lövhənə baxsam,
Şair deyərəm mən sənə yüz vəcdilə, rəssam!
Fırçanda nə sirr var, necə qüdrət, böyük ustad! –
Sənətdə edirsən bu qədər möcüzə icad.
Şeiriyyətini, hikmətini duydun həyatın;
Rənglər, bu gözəl rənglər olubdur nəqəratın,
İlham pərisi şövq ilə olmuş sənə həmdəm,
Qəlb oxşayan hər lövhən olur bir yeni aləm.
Ulduz kimi göylərdə yanıb sənətin artır,
Gündən-günə ellərdə sənin şöhrətin artır.
Hər cazibədar mənzərənə, lövhənə baxsam,
Şair deyərəm mən sənə yüz vəcdilə, rəssam!..
Mirmehdi Seyidzadə,
şair, Əməkdar incəsənət xadimi
Sənət dostumun hind mövzusunda yaratdığı tablolar, bu xalqın həyatını
əks etdirən bitkin, gözəl bir simfoniyaya bənzəyir.
Toğrul Nərimanbəyov,
Azərbaycanın və keçmiş SSRİ-nin Xalq rəssamı
****
Yaradıcılıq niyyətilə bağlı olan hər hansı bir
faktı və ya əşyanı ən xırda cizgilərinə qədər hərtərəfli öyrənmək
Mikayıl Abdullayevə xas olan başlıca cəhətlərdən biridir. Həmin
keyfiy-yətlərdən digəri isə – bir yazıçı kimi mənə daha yaxın olanı –
onun Azərbaycan ədəbiyyatıyla sıx bağlılığı, ümumiyyətlə söz sənətinə
bəslədiyi qaynar sevgi və bu sahədə özünün şəxsi fəa-liyyətidir.
Müxtəlif adamlarla görüşlərdən, müxtəlif ölkələrə səyahətlərdən aldığı
təəssüratını bölüşdürməkçün Mikayıl Abdullayev təkcə rəssam fırçasına əl
atmır, lazım olanda necə deyərlər, qələm də kara gəlir.
Anar,
Xalq yazıçısı
****
Ərk ilə, ümidlə gəlmişəm bu gün,
Bir şəkil çəkəsən qardaş, mənimçün.
Əliboş dönməyim qapıdan gərək,
Bir şəkil çək, ola çoxuna örnək.
Mikayıl, bilirsən mənimçün kimsən?
Adı dastan olmuş Rafaelimsən.
İstərəm bu şəkil qalsın yadigar,
Soldura bilməsin onu ruzigar.
Sorağı yayılsın qoy eldən-elə,
Bir xatirə olsun gələcək nəslə.
Neçə şəkilim var qaralı, ağlı,
Hamısı da cansız, dilləri bağlı.
Bir şəkil çək mənə Mikayıl, dostum,
Bütün şəkillərin fövqündə dursun.
İstərəm dayanaq bir gün üz-üzə,
Dönək özümüzə, öz əslimizə.
Sənət aləmində əriyib gedək,
Bir kətan, bir fırça, yeddiçalar rəng;
Bir də sənin zövqün, sənin həvəsin,
İlhamın, sənətə isti nəfəsin
Olsa, bilərəm ki, bəs eləyəcək,
Mən deyim, fırçanı sən götürüb çək.
Balaş Azəroğlu,
Xalq şairi
****
Öz həmrəylilərinin siması, xarakteri rəssamın
tükənməz ilham mənbəyidir. M.Abdullayevin yaradıcılığı çoxcəhətlidir. O,
rəng-karlıq, kitab qrafikası, səhnə tərtibatı, monumental sənət
sahəsində müvəffəqiyyətli fəaliyyət göstərir. Azərbaycan rəssamlıq
sənətinin hər bir bölməsində onun misilsiz nailiyyətləri vardır.
M.Abdullayevin dünyada misilsiz məşhur olan “Mingəçevir işıqla-rı”,
“Axşam”, “Səadət qurucuları”, “Sevinc”... və bir sıra başqa tabloların
müəllifidir. Bu əsərlər həm vətənimizdə, həm də xaricdə neçə-neçə jurnal
və albomların bəzəyidir.
Xəlil Rza Ulutürk,
Xalq şairi
****
Gəzmişəm Hindistanı aylarla qarış-qarış,
Bizim zəmanəmizdə səyyahlıq deyil günah.
Mənə irad tutmayın əgər əsərlərimdə
Bənzətsəm eloğlumu hindliyə işdir sabah.
(Rəssam Nəcəfqulunun çəkdiyi dostluq şarjına yazılmış şeir)
Süleyman Rüstəm,
Xalq şairi
****
Onun boyakarlıq sənətinin demək olar ki, bütün
janrlarında yaratdığı əsərlər özünün milli koloriti, boyalarının
parlaqlığı, poe-tikliyi, rənglərinin yüksək dekorativ çalarlarıyla
nəzərləri daima cəlb edir. Rəssamı haqlı olaraq müasir Azərbaycan
təsviri sənə-tinin banilərindən biri adlandırırlar.
Ofeliya Mirzəzadə,
sənətşünaslıq üzrə fəlsəfə doktoru
****
Sən şair dostundan az küs, az inci;
Mən eşitməmişdim rəngin səsini.
Sənin əsərində gördüm birinci
Rənglərin dil açıb dillənməsini.
Sənin iş otağın sükut oylağı –
Kağız lal, fırça lal, çərçivə laldı.
Lakin rənglərinin hana çalmağı,
Musiqi qoşmağı ağlımı aldı.
...Məğribdən məşriqə gəzir sənətin,
Yurdumun adıyla çəkilir adın.
Mənə çox tanışdır sadə xislətin,
Sən ada, şöhrətə əsir olmadın.
Əlağa Kürçaylı,
şair, Əməkdar incəsənət xadimi
****
Mikayıl Abdullayev sərhədlərin bağlı olduğu,
müstəqilliyin buxovlandığı şəraitdə daxilən azad, milli ruhlu, bəşəri
fikirli, həssas, olduqca duyumlu, vətənpərvər, optimist, uzaqgörən bir
sənətkar idi. Onun rənglər aləminə gətirdiyi mövzular həmişə aktual,
çəkdiyi mənzərələr qəlbə xoş təsir bağışlayan, tabloları həyati,
canlandırdığı obrazlar rəngarəng idi.
... Mikayıl Abdullayev istedadlı rəssam olmaqla yanaşı, səbrli pedaqoq,
həmçinin gözəl yazıçı idi. Adətən yaradıcı insanlar, xüsusilə də
rəssamlar, danışmağı, yazmağı sevmirlər, hesab edirlər ki, əsərləri
vasitəsilə artıq hər şey deyilmişdir. Bu baxımdan Mikayıl Abdullayev
istisna təşkil edirdi. Rəssam gözəl tablolarla yanaşı, həm yerli, həm də
xarici mətbuatda işıq üzü görən, sənətin sirlərini açan bir çox məqalə
və oçerklərin, “İtaliya xatirələri” və “Bir bakılının gözü ilə” (60-cı
illər) kitablarının müəllifidir. Qayğıkeş, təcrübəli və peşəkar pedaqoq
olan Mikayıl Abdullayev “Akademik rəngkarlıq” fənni üzrə ali məktəb
səviyyəli genişməzmunlu proqramın ana dilində ilk tərtibatçısıdır.
Əlfiyyə Məmmədova,
sənətşünaslıq üzrə fəlsəfə doktoru
****
Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi
Mikayıl Abdullayev əlinə fırça aldığı gündən könlünü rənglər aləminə
əbədi məhəbbətlə bağladı. Gözlərinin seçdiyi, əllərinin isitdiyi
mövzuları kətan üzərində elə ustalıqla işlədi ki, istedadlı rəssam üçün
quruluş, zaman anlayışı olmadı. Əslində yaradıcılığının qızıl dövrü
sovet hakimiyyətinin hökm sürdüyü illərə təsadüf etdi. Amma elə əsərlər
yaratdı ki, diktələrə boyun əymədi, vaxtdan yuxarıda dayandı.
Fırçasından süzülən sənət inciləri əbədiyaşarlıq qazandı.
Mikayıl Abdullayev sərhədlərin bağlı olduğu, müstəqilliyin buxovlandığı
şəraitdə daxilən azad, milli ruhlu, bəşəri fikirli, həssas, olduqca
duyumlu, vətənpərvər, uzaqgörən bir sənətkar idi. Onun rənglər aləminə
gətirdiyi mövzular həmişə aktual, çəkdiyi mənzərələr qəlbə xoş təsir
bağışlayan, tablo həyatı verdiyi obrazlar rəngarəng idi.
Flora Xəlilzadə,
Əməkdar jurnalist
****
Əsl xalq rəssamı kimi tanınan təvazökar insan,
nadir istedadlı fırça ustası Mikayıl Abdullayevi iyirmi beş ildir ki,
tanıyıram. Sənətin çətin yollarında dönmədən irəliləyən, mütəmadi
axtarış-larda yüksələn əsl vətəndaş-sənətkar, vətən laləzarının
tərənnü-mündən yorulub-usanmayan coşğun ilhamlı bir rəssam kimi.
Öm-rünün ikinci yarıməsrlik dövrünə qədəm qoyan sənətkarın yaradıcılıq
bəhrələrini, Azərbaycan sovet rəngkarlıq məktəbinin yaranması, inkişafı
və təkmilləşməsi üçün ibrətli olan həyat və yaradıcılğını, intəhasız
novator axtarışlarını düşünərkən onun müasir incəsənətimizdə mərhələ
təşkil edən tabloları bir-bir xati-rimə gəlir... Bu tabloların hər
birində kommunist-rəssamın müasir həyat haqqında dərin fəlsəfi
düşüncələri, varlığın obrazlı, poetik təcəssümü bədii ümumiləşdirmələr
yolu ilə verilmişdir.
Mikayıl Abdullayevi Azərbaycan rəssamlığının yorulmaz Fərhadı, öz zəmini
üzərində qartalcasına qanad açan parlaq sənət zəkası adlandıranlar,
rəngkarı vətən laləzarının vurğunu, doğma yurdun həssas nəğməkarı, azad
Şərq qadınının səadətinin tərənnümçüsü kimi tanıyanlar səhv etmirlər.
Sergey Gerasimov,
SSRİ Xalq rəssamı
****
...Mikayıl Abdullayev də nə şux rənglərdən, nə də
dekorati-vizmdən imtina etmir. Fəqət bu cingiltili rənglər və
dekorativizm mənalı müşahidələrin dərinliyindən, obrazlarla zəngin aləmə
məhəbbətdən doğur. Kətan üzərində rəng, boya xatirinə vurulmur. Rənglər
insani duyğuların və münasibətlərin mürəkkəb qammasını ifadə edən gözəl
təsviri sənət vasitəsinə çevrilir. Bu rənglər yüngül duman içərisindən
baxılan şəhər peyzajının özünəməxsus təzə görünüşünü verir. Peyzaj
yaddaqalan canlı insanları, onların davranışını və sosioloji mahiyyətini
əks etdirir. Yaradıcılığının təbiətini, müasir təsviri dil axtarışlarını
belə dərk edirik.
Aleksandr Dayneka,
SSRİ Xalq rəssamı
****
Mikayıl Abdullayev – yüksək istedadlı, böyük
sənətli rəssam-dır.
Renato Quttuzo,
italyan rəssam
****
Mikayıl Abdullayevin hər bir əsəri öz həyatiliyi
və boyalarının gözəlliyilə insanı məftun edir.
Pavel Dmitriyeviç Korin,
SSRİ Xalq rəssamı
****
Mən Mikayıl Abdullayevin misilsiz istedada malik
olduğunu etiraf etsəm, heç də orijinal bir söz söyləmiş olmaram... Mən
bunu bir daha təkrar etməyi özümə borc bilir və qeyei-adi dərəcədə
maraqlı rəssama və gözəl insana öz rəğbətimi və dostluq duyğu-larımı
gizlətmədən deyirəm. M.Abdullayev tematik əsərlər sahə-sində uzun müddət
səmərəli işləmiş... özünü mahir portret ustası kimi göstərmişdir.. Ən
qiymətli cəhət odur ki, M.Abdullayev həmişə axtarışda olan, varlığı
müşahidə etməyi bacaran... nikbin dünyagörüşə malik olan sənətkardır.
Uça Caparidze,
Cürcü boyakarı və qrafiki, SSRİ Xalq rəssamı,
Azərbaycan SSR Əməkdar incəsənət xadimi,
SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü
****
Hindistan haqqında bir çox ölkələrin rəssamları
sənət əsərləri yaratmışdır. Cənab Abdullayev kimi hind xalqını ürəkdən
duyan, arzusunu hiss edən, onun halına acıyan və şadlığına sevinən
rəssa-ma, bir hindli kimi mənim üçün əziz və sənət baxımından yüksək
qiymətli əsərlərinə ilk dəfədir ki, təsadüf edirəm.
D.P.Dxar,
Hindistanın keçmiş SSRİ-dəki səfiri
****
Mikayıl Abdullayevin sənəti bəşəriyyətin
qurub-yaratmağa mənəvi əzmini ifadə etdiyi üçün, məhz bu baxımdan hər
hansı əsl sənət əsəri kimi elmi kəşflərlə bərabər tutula bilər...
Rəssamın tab-loları gözəldir. Bunlarda lirik vüsət, poeziya, hünərvərlik
və par-tiyalılıq meyli güclüdür. Mikayıl Abdullayevin tabloları yüksək
humanizm və nikbin əhval-ruhiyyə ilə doludur.
Helmut Vavoçnı,
alman sənətşünası
****
A.Deyneka, A.Plastov, G.Nisski və M.Abdullayevin
adını çəkmək – böyük rəssamların adını çəkmək deməkdir. Ayrı-ayrı
respublikaları təmsil edən sovet rəssamları həyatı bütün rənga-rəngliyi
ilə əks etməyə çalışırlar...
Nenko Balkapski,
Bolqarıstan Xalq Respublikası, professor
****
Mikayıl Abdullayev böyük rəssamdır. Onun parlaq
əsərlərin-də həyatın isti nəfəsini duyuruq.
İohannes Dikman,
alman jurnalist və siyasi xadim
|