Onun sənət dünyası başdan-başa rənglər üzərində
qurulmuşdu. Bu böyük rəssamın tablolarına nəfəs verən elə nəfəs kimi
ilıq-isti rənglər idi. Əgər Səttar Bəhlulzadəni Azərbaycan təbiətinin ən
rəngarəng mənzərəçisi adlandırırıqsa, Mikayıl Abdullayevi də Azərbaycan
məişətinin, portret, tematika janrlarının ən rəngarəng təmsilçilərindən biri hesab edə bilərik. Bu böyük rəssamın rənglər dünyası sanki musiqi
kimi axıb onun tablolarını seyr edən insanın hafizəsinə həkk olur.
Mikayıl Abdullayev həm də böyük bir pedaqoq kimi ad qazanmışdı. Bəzən
elə olur ki, istedadlı sənətkar öz təcrübəsini, vərdişlərini
tələbələrinə verməkdə çətinlik çəkir. Bu da ondan irəli gəlir ki, həmin
böyük sənətkar pedaqoji səriştəyə malik deyil, özü istedadlı sənətkar
olsa belə. Lakin Mikayıl müəllim həm istedadlı rəssam, həm də böyük
pedaqoq idi. Mülayim rəftarlı Mikayıl müəllimin xətrini tələbələri də,
həmkarları da çox istəyirdilər. Fərəhli haldır ki, bu böyük sənətkarın
pedaqoji fəaliyyətinin 40 ili bizim ali məktəbimizlə bağlı olmuşdur.
Unudulmaz insan Mikayıl Abdullayev haqqında yaddaş aləmimin dolanbac
eniş-yoxuşlarında çox xatirələr qərarlaşıb. Bunlardan bəzilərini
oxucularla bölüşmək istərdim.
Mikayıl müəllim bir insan kimi çox qayğıkeş, həssas qəlbli, həm də çox
narahat bir şəxsiyyət idi. Mənim bu unudulmaz sənətkarla bağlı bir çox
xatirələrim vardır.
Rektor kimi fəaliyyətə başlamağımın ilk çağları idi. Mikayıl müəllimlə
tədris prosesi ilə bağlı bəzən təmasda olurduq. O, tez-tez mənim
kabinetimə də gəlir, bəzən məndən dövlət telefonu ilə danışmaq üçün
imkan yaratmağımı xahiş edirdi. Yaşına, sənətinə, istedadına hörmət
etdiyimdən dövlət telefonu ilə danışmasına imkan yaradırdım.
İlk dəfə o, bu barədə mənə müraciət edəndə mən elə güman etdim ki,
hansısa dövlət məmurundan özünün şəxsi xahişini edəcək. Lakin danışıq
zamanı gördüm ki, Mikayıl müəllim gənc bir rəssama yaradıcılıq
emalatxanası verilməsini xahiş edir. Bundan sonra o, dəfələrlə mənim
yanıma gələr, dövlət telefonu ilə istər sənətkarlarımızın, ayrı-ayrı
sənət xadimlərimizin, istərsə də ona müraciət edən adi insanların bu və
ya digər problemlərinin obyektiv həll olunmasını xahiş edərdi.
Bir dəfə mən ona zarafatla dedim ki, ay Mikayıl müəllim, bu qədər ki,
onun-bunun xahişini edirsən, bir dəfə də barı özün üçün bir şey xahiş
elə. Onun cavabı çox maraqlı oldu. Dedi ki, oğlum (mən yaşca ondan xeyli
kiçik idim, o, atamın yaxın dostu idi), təbii ki, problemsiz insan olmur.
Amma mən problemlərimi özüm həll edirəm. Və mən xalqımdan çox razıyam ki,
mənə layiq olduğum qiyməti verir, hörmətimi saxlayır. Odur ki, mənim
özüm üçün nəsə xahiş etməyə ehtiyacım yoxdur.
Ancaq buna baxmayaraq bəzən Mikayıl müəllimin də problemləri olurdu.
Təxminən 87-88-ci illər olardı. Mikayıl müəllim yenə də yanıma gəldi.
Məlum oldu ki, o, bir əsərinin həqiqi qiymətini bilmədən onu cəmi 500
ABŞ dollarına satıb. Sonradan xəbər tutub ki, Londondakı auksionda həmin
əsəri 80 min funt-sterlinqə satıblar. Mikayıl müəllim bu barədə
mətbuatdan və qərb radiolarından (o illərdə bir çoxları xəlvəti belə
radiostansiyaları dinləyirdi) xəbər tutmuşdu. Mənim də yanıma gəlməkdə
məqsədi o idi ki, onu aldadanlardan həmin pulun heç olmazsa bir
hissəsini ala bilsin. Mən isə öz növbəmdə o zamankı müəllif hüquqları
idarəsinə zəng vurdum. Lakin mənə bildirdilər ki, əgər müəllif könüllü
olaraq alqı-satqı əməliyyatı edibsə və əsərinin müəyyən qiymətə
satılmasına razılıq veribsə, artıq heç nəyi dəyişmək mümkün deyil.
Mikayıl müəllim hərtərəfli intellektual səviyyəyə malik bir insan idi.
O, ədəbiyyatı çox sevir və bu barədə maraqlı söhbətlər edərdi. Hər dəfə
mənimlə söhbətində Hüseyn Cavid haqqında (o, mənim “Hüseyn Cavidin
ideyalar aləmi” kitabımı oxumuşdu) uzun-uzadı danışardı və bəzən də
polemikaya da girişərdi. Onun Füzuli, Məhəmməd Hadi, Sabir, Səməd Mənsur
haqqında, böyük türk şairi Tofiq Fikrət haqqında çox maraqlı fikirləri
var idi. Yaşının çoxluğuna baxmayaraq gözəl hafizəsi vardı. Səməd
Mənsurdan, Tofiq Fikrətdən əzbər misralar söyləyirdi. Yəqin ki, rəssamın
yaradıcılığındakı əlvanlıq, poetiklik şeirə, poeziyaya olan sevgisindən
irəli gəlirdi.
Mikayıl Abdullayev Azərbaycan rəngkarlığında tematik janra romantik
əhvali-ruhiyyə gətirmiş ilk rəssamlardan biridir. Bu romantik
əhvali-ruhiyyə rəssamın əksər tablolarında özünü göstərir. “Sevinc”,
“Səadət quranlar”, “Anaların gəncliyi” kimi tablolarda tematik romantizm
və liriklik çox qüvvətli şəkildə təzahür edir. Yaradıcılıq dəst-xətti
40-cı illərdən etibarən formalaşmağa başlamış Mikayıl Abdullayev müasir
Azərbaycan incəsənətinin müxtəlif inkişaf mərhələlərində yaddaqalan
əsərlər işləmişdir. Yaradıcılığının erkən dövrünün nümunələri olan
“Axşam” (1947), “Mingəçevir işıqları” (1948), “Səadət quranlar” (1951)
kimi kompozisiyalarda Mikayıl Abdullayev lirik-dramatik tematikadan
başlamış monumental ifadə tərzinə qədər geniş yaradıcılıq diapazonuna
malik bir rəssam kimi diqqəti cəlb edir. Elə sonralar da, 60-80-cı
illərdə Mikayıl Abdullayev öz tablolarında istər sənət, istərsə də
zəhmət adamlarının obrazını fırçaya alarkən kompozisiyanı daxili bir
lirika üzərində qurmağa çalışırdı və buna nail olurdu. “Abşeronda”
(1964), “Çəltikçi qızlar” (1970) kimi tablolarında, eləcə də Səməd
Vurğunun (1959) və başqalarının portretlərində lirik-emosional
əhvali-ruhiyyə çox güclüdür.
Bir çox digər rəssamlarımız kimi, Mikayıl Abdullayevin yaradıcılığında
da xarici ölkələrdə olarkən aldığı təəsüratlar mühüm yer tutur. Rəssamın
“Hindistan seriyası”ndan olan tab-loları daha maraqlı və emosionaldır.
İtaliya, Polşa, Macarıstan və digər ölkələrdə olarkən aldığı səfər
təəsüratlarının təsiri altında yaratdığı rəsmlər də rəngarəngliyi,
maraqlı kompozisiya quruluşu ilə diqqətimizi cəlb edir.
Zənnimcə onun Hindistan seriyası daha təsirlidir. Bu seriyada o, isti
rəngləri məharətlə işlədib. Mikayıl Abdullayevin rəng duyumu təkcə doğma
Azərbaycanın yox, həm də bütün Şərqin isti, əlvan rənglər dünyasını
əhatə edirdi. Hələ ötən əsrin 70-ci illərində onun Moskvada keçirilən
sərgisində Hindistan səfiri demişdi: “Bilirsinizmi, Hindistanı çox
rəssamlar gəzib, çox rəssamlar çəkib. Lakin onların heç biri bu torpağın
şux rənglərini bütün dolğunluğu ilə verə bilməyib. Mikayıl Abdullayev
mənim gördüyüm ilk rəssamdır ki, Hindistanın, Şərqin kolorit dünyasını
belə dürüst əks etdirməyə müvəffəq olmuşdur”.
Qeyd edim ki, Mikayıl Abdullayev keçmiş sovet məkanında Hindistanın ali
dövlət mükafatı olan Cavahirləl Nehru mükafatı laureatı olmuş ilk
rəssamdır. Bu mükafatı ona Hindistanın o zamankı rəhbəri İndira Qandi
şəxsən təqdim etmişdi. Onun Mikayıl Abdullayevin əlini sıxarkən çəkilmiş
fotoşəkil rəssamın bəzi sənət albomlarında öz əksini tapmışdır.
Mikayıl müəllimlə mənim birgə işlədiyimiz illər ərzində münasibətlərimiz
hər zaman səmimiliyi ilə seçilmişdir. Aramızdakı böyük yaş fərqinə
baxmayaraq söhbətimiz tuturdu. Mikayıl müəllim məni öz emalatxanasına da
dəvət edərdi. Ümumiyyətlə, mən yaradıcı şəxsiyyətlərlə təmasda olmağı,
onların yaradıcılıq dünyasına, təxəyyül aləminə sirayət etməyi çox
sevirəm. Rəssam emalatxanası heç də sərgi deyil. Sərgidə bir soyuqluq,
rəsmilik var, insan müəyyən hüdudlar, davranış tərzi gözləməyə
məcbur-dur. Emalatxanada isə elə deyil. Burada münasibətlər daha isti,
daha sərbəstdir, rəsmiyyət öz yerini səmimiyyətə verir. Sərgidə olarkən
rəssamın yaradıcılığına zahirən, emalatxanasına gəldikdə isə daxilən
bələd olursan. Rəssamın sənət duyumunu daha aşkar, daha dolğun görüb
hiss edirsən. Əlbəttə, mən sənətkarların yaradıcılıq aləmini öyrənməyə
can atırdım. Ona görə də fürsət düşdükcə dəvətləri qəbul edir,
rəssamların emalatxanalarına gəlir, onlarla sənət söhbətləri,
polemikalar aparırdım. Bu, sənətkarın yaradıcılıq psixologiyasının daha
dərindən öyrənilməsi üçün vacib idi.
Mən Mikayıl Abdullayevin də emalatxanasında çox olmuşam. Mikayıl müəllim
çox gözəl həmsöhbət idi, məclis aparmağı, maraqlı söhbətlər edərək
diqqət cəmləməyi yaxşı bacarırdı. Onun çox baməzə söhbətləri olurdu,
yaxşı lətifələr bilirdi.
Mikayıl Abdullayev evdən daha çox ya dərs dediyi rəssamlıq
fakültəsində, ya da emalatxanasında olurdu. Bu, onun yaradıcılıq mühiti
ilə bağlılığından irəli gəlirdi; rəssam hər zaman bu mühitə can atır,
onun qoynunda rahatlıq, bəzən isə hətta təskinlik tapırdı. Yaradıcılıq
emalatxanası Mikayıl müəllimə əslində elə evi əvəz edirdi. Qonaqlarını
da çox vaxt emalatxanaya dəvət edərdi. Mən Mikayıl Abdullayevin
tablolarını albomlar, kitablar, sərgilərlə yanaşı, onun öz
emalatxanasında da çox görmüşəm.
Mikayıl Abdullayevin emalatxanasında rəssam aləminin hər dəfə yeni-yeni
duyğularının ifadəsini görərdim. Bu duyğular rəssamın mənə avtoqraf
qoyaraq bağışladığı tablolarda da əks olunmuşdur.
Mikayıl Abdullayevin rəngkarlıq lirikası poeziya üzərində köklənib.
Təsadüfi deyil ki, bu rəssam daxilən poeziyaya hər zaman böyük ehtiyac
hiss edib. Şair qəlbli Mikayıl Abdullayev milli poeziya tariximizdə ən
böyük məhəbbət yanğısı olan Füzuli “Leyli və Məcnun”unu rəssamlıqda ən
mükəmməl ifadə vasitələri ilə təcəssüm etdirmişdir. Onun “Leyli və
Məcnun”a çəkdiyi qrafik və rəngkarlıq illüstrasiyaları Füzuli
məhəbbətinin və kədərinin rəngkarlıq təcəssümündə qərarlaşan, lirik
duyğularla dolu əksi idi. Qəlbən şair olan rəssam klassik şairlərimizdən
Füzulinin, Nizaminin, Səməd Vurğunun və başqalarının hikməti rəng
fəlsəfəsi üzərində köklənən obrazlarını yaradıb.
Mikayıl Abdullayevin romantik rəng çalarları ilə Füzulinin ölməz
məhəbbət lirikası arasında maraqlı paralellər sezmək mümkündür. Mikayıl
Abdullayevin bir çox tablolarında saf, işıqlı məhəbbəti parlaq kolorit
vasitəsilə ifadə edən bədii vasitələrə və obrazlara rast gəlinir.
Xarakterik haldır ki, rəssamın məhəbbət anlayışı daha geniş olub həm də
Vətən, ana sevgisini ifadə edir. “Səadət quranlar” tablosundakı gənclik
hisslərindən qaynaqlanan romantik duyğular “Sevinc” tablosunda
həmişəyaşar, əzəmətli ana məhəbbətinə qovuşur. “Sevinc” tablosunda gənc
ananın körpəsinə olan şəfqəti bir qədər aralıda görünən, parlaq günəş
şüaları ilə işıqlanmış yamyaşıl çəmən ilə uğurlu bədii harmonikliyə
malikdir. Nəhayət, rəssamın “Anaların gəncliyi” tablosunda bu nikbin
romantizm əhvali-ruhiyyəsi özünün ən obrazlı təzahür formasına qədəm
qoyur. Bu əsərlərin hər biri üçün zəngin, rənglərin dili ilə ifadə
edilmiş dərin məzmunlu poetiklik səciyyəvidir. Əlbəttə, rəssamın bu
nailiyyətinin əsasında onun poeziyaya olan sevgisi, gözəl poetik
nümunələrimizin kamil bilicisi olması faktı dayanır.
İncə ruhlu, poetik duyumlu sadə, mehriban, səmimi, yaradıcı insan,
rəngləri dilləndirməyi bacaran rəssam, çalışqan, təcrüdəli pedaqoq,
sənət müəllimi – Mikayıl müəllim çoxlarının, o cümlədən mənim xatirimdə
məhz belə qalmışdır
.
Timuçin Əfəndiyev,
filologiya elmləri doktoru, professor,
Əməkdar incəsənət xadimi, Əməkdar elm xadimi
|