Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak etmişdir. Burada bəyənilən "Yanın, işıqlarım" şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kurslarının müdavimi olub. Sonra "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olmuşdur.

1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni (1995), bir medalla və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilmişdir. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır (1992). Onun adına "Məmməd Araz" mükafatı təsis olunmuşdur (1993-cü ildən).

2004-ci ilin 1 dekabrında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

Məmməd Arazın adının əbədiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti iki dəfə Sərəncam imzalayıb. Bakının "Gənclik" metro stansiyası yaxınlığında, Atatürk prospekti ilə kəsişən Teymur Əliyev küçəsi bundan sonra Məmməd Arazın adını daşıyacaq. Publisist İradə Tuncayın atasıdır. Yazıçı-jurnalist Aqil Abbasın qaynatasıdır.

Xalq şairi Məmməd Arazın anadan olmasının 100 illiyi münasibətilə kitabxanalarda kütləvi tədbirlərin keçirilməsinə dair metodiki tövsiyələr hazırlanır.

Azərbaycan ədəbiyyatının tanınmış simalararından biri, Xalq şairi adını həmişə fəxrlə daşıyan Məmməd Arazın anadan olmasından 100 il ötür. Şairin qələmindən çıxan şeirlər oxunduqca onun sənətinin həmişə yaddaşlarda yaşadığının şahidi oluruq. Məmməd Arazın şeirləri çap olunduğu gündən etibarən oxucuların diqqətini özünə cəlb edir.

Şairin anadan olmasının 100 illik yubileyini bir çox mədəni-maarif müəssisələri kimi kitabxanalar da yaxından qeyd etməyə hazırlaşırlar.

Şairin həyat və yaradıcılığı, sənət uğurları ilə bağlı oxucu konfransları, ədəbi-bədii gecələr, kitab sərgilərinin təşkil olunması daha çox sayda oxucuların kitabxanaya cəlb olunmasına kömək edər, oxucuların fəallığını artırar, bədii zövqlərinin formalaşaraq inkişaf etdirilməsinə səbəb olar.

Məmməd Arazın əsərlərini və onun haqqında yazılmış monoqrafiyaları, o cümlədən, şairin yaradıcılığı haqqında məlumat verən dərslik və dərs vəsaitlərini, soraq nəşrlərini bir yerə toplayaraq xüsusi kitab stellajı hazırlamaq mümkündür. Yubiley ədəbiyyatının təbliğində onu oxucuların istifadəsinə açıq rəf üsulu şəklində vermək olar.



Məmməd ArazınHəyatın və sözün rəngləri kitabı ətrafındakı düşüncələrimizi son vaxtlar tez-tez eşitdiyimiz bir mülahizədən başlamaq istəyirik – “Şair publisistikası şirin olur mülahizəsindən.

Şairin publisistikası. Çox qəribə səslənir. “Soyuq alov”, “Yumşaq qılınc”, “Yüngül qurğuşun” kimi məntiqsiz söz birləşmələrini xatırladır. Bildiyimiz kimi şirinliyin əsas xassəsi tez əriməkdir. “Mübariz janr” adlandırdığımız publisistika isə əksinə möhkəm, davamlı və uzun ömürlüdür: M.F. Axundovun, Cəlil Məmmədquluzadənin, Üzeyir Hacıbəyovun, Mixail Kaltsovun, Yulius Fuçikin, İlya Erenburqun, Valentin Oveçkinin bu gün də yaşayan publisistikası kimi.

Şirin lay-lay olar. Onu da uşağı yatırmaq üçün çalarlar. Publisistikanın isə əsas məqsədi yatanları oyatmaq, oyaqları isə səfərbər etməkdir. Əlbəttə, bu işi bəzən Məmməd Araz kimi şirin, poetik dillə də görmək olar: “Ana Kürüm, nəfəsini azacıq dər. Başını qoy sahilinə, mürgülə bir. Qulağıma uzaq üfüq arxasından bir səs gəlir:

Ceyranların ayağını yerdən üzüb,

Bunu üçün cavabdehsən, Muğan düzü!

Turacların yol üstünə çıxmır daha

Bunun üçün cavabdehsən, Muğan düzü.

Bildirçinlər nəğməsini yığıb getdi,

Torağaylar yol üstündən çıxıb getdi”.

Burada əslində nəsrlə yazılan hissə də elə poeziyadır – publisistik poeziya. Şerlə deyilən fikir isə publisistikadır. Bizcə bu günün həyatla ayaqlaşmaq istəyən şairi də, nasiri də yaradıcılığının qapılarını publisistikanın üzünə hökmən açmalıdır; necə ki, şair Məmməd Araz açıb.

Amma şair də var ki, öz poetik aləminə publisistikanı yaxın buraxmadığı halda publisistik yazılarına “poetiklik” gətirmək istəyir. Bax, “şirin publisistika” da əsasən bu zaman meydana çıxır. Poetik bənzətmələr, təsvirlər, təşbeh və mübalığələrlə, hətta, cümlələr, sözlər arası qafiyələrlə bəzədilmiş belə yazılarda, əksər hallarda, ya qoyulan məsələ çox kiçik olur, ya da heç olmur. Bədii publisistikanın əsas tələbi isə həyatın müxtəlif sahələrinə dair problemlər qaldırmaq, cəmiyyətə, xalqa xeyirli, faydalı işləri təbliğ, zərərli, nöqsan cəhətləri tənqid etməkdir. Ən yaxşı sovet publisistləri həmişə əllərinə partiyalı, vətəndaş duyğulu iti qələmlər götürüblər. Ən adi həyat hadisəsini belə mahiyyətini bilmədən onu nə tərifləmək olar, nə də pisləmək. Buna görə də toxunduğu məsələləri dərin, ətraflı öyrənmək, həmişə publisistin qarşısında duran ən başlıca vəzifədir.

Məmməd Araz “Masallının baharı” yazısında “ağıllı təsərrüfatçı”, “kəndin ağsaqqalı” İbrahim Səlimovgildə olmasını belə təsvir edir: “Bəzən həyət-bacası səliqəsiz olan təsərrüfat rəhbərləri bəhanə gətirirlər ki, vaxtları yoxdur. Xoruz banından gedib, axşam kənd yollarından əl-ayaq çəkiləndə qayıdırlar. Belə iş çoxluğu ola bilər. Ancaq yaxşı təsərrüfat rəhbəri, eyni zamanda öz həyətində də, öz ailəsində də nümunədir. Onun tələbi, zövqü, işgüzarlığı, səliqə-sahmanı ailəsində, övladlarının hərəkət və davranışlarında, iş bacarığında ilk dayaq tapır. Hiss edirsən ki, bu adam istər öz həyətində, istər sovxoz tarlasında üstündə gəzdiyi, ona qulluq elədiyi torpağı güzgü sayır. Bu güzgü onun zövqünü, bacarıq və istedadını əks etdirir”.

Yaxşı bənzətmədir, inandırıcıdır. Kiçicik bir parçada insanın xarakteri, rəhbərlik elədiyi təsərrüfata, ona tapşırılan işə münasibəti açılır. Müəllif belə insanların dili ilə yazanda ki, “mehmanxanalarımız Azərbaycan xalqının mehmansevərlik səviyyəsindən çox aşağıdır” biz bu düzgün fikrin elə-belə, sözgəlişi yox, əsil narahatçılıqla deyildiyinə inanırıq. Çünki qonaqlarımız xalqımızın, respublikamızın nailiyyətlərini, həyatını ilk dəfə “mehmanxana güzgülərində” görürlər.

Məmməd Araz bir çox müəlliflər kimi poetik bənzətmələri yerli-yersiz publisistikaya gətirmir. Onları “xəsisliklə” işlədir. Çünki publisistikada məsələnin mahiyyətinin açılması əsasdır, zahiri forma gözəlliyi yox.

M.F. Axundov özünün “Kəmalüddövlə məktubları”nda göstərir ki, tarixçi Mirzə Mehdi Əstərəbadi Nadir şahın tarixdə tutduğu mövqeyini düzgün açmaqdansa, onun haqqında belə dəbdəbəli sözlər yazmaqla kifayətlənir: “Elə bir padşah ki, əgər döyüş meydanında onun iradə sərkərdəsi dənizin sükutuna işarə edərsə, dalğa tufanın ləngərçisi olar və əgər ağır dağın hərəkətinə fərman verərsə, sıldırım qayalar narın qum kimi axışıb gedər. Əgər qaranlıq gecədə od yandırmağı qadağan edərsə, ildırım şimşək çaxmağını vurmağa cəsarət etməz və əgər səhər-səhər susmaq əmrini verərsə, sübh nəfəs çəkməyə cəsarət edə bilməz”.

M.F. Axundov tarixçinin cəfəngiyyatlarından qəzəblənərək yazır: “Yalançının evi yıxılsın! Deyən ola ki, ay axmaq tarixçi, sən ki, zəhmət çəkib bu qədər sözü yazırsan, barı bu zəhməti elə bir mətləb üçün sərf et ki, içindən bir xeyir çıxsın. Nə üçün ancaq cəfəngiyyat yazırsan?”.

Heç şübhəsiz ki, tarixçi Nadir haqqında geniş məlumat toplasaydı, bu söz yığınına ehtiyac qalmazdı.

Publisistik yazıda sözçülük, artıq təşbehlər, bənzətmələr əsasən məlumatsızlıqdan yaranır. Bir də görürsən ki, müəllif qabaqcıl inşaatçının iş yerini belə təsvir edir: “Respublikamızda tanınmış, görkəmli inşaatçı Filankəsov Filankəsin briqadasının işlədiyi inşaat meydançası güllü-çiçəkli bağçanı xatırladır... Briqadanın üzvlərindən iki cavan gülə-gülə divar hörürlər”. (Əgər bu həqiqətən belədirsə, demək onların tikdikləri ev də gülməli çıxacaq – S) Kimə və nəyə lazımdır bu sünilik?!

Biz çox gözəl bilirik ki, iyirminci, otuzuncu illərdə ölkəmizdə ilk quruculuq beşilliklərini həyata keçirənlərin əmək şəraiti həddindən artıq ağır olub. Məgər buna görə biz onlara pis gözləmi baxırıq? Əksinə, o insanların rəşadəti nəinki bizim üçün örnəkdir, hətta gələcək nəsillər üçün də nümunə olaraq qalacaqdır. O illərin insanlarının əmək rəşadətinin hifz olunmasında sözsüz ki, publisistikanın rolu da böyükdür. Dövrün mürəkkəbliyi, çətinlikləri ona görə narahatlıqla yazılıb ki, vaxtında həll olunsun, gələcək nəsillərin – bizim işimiz yüngülləşsin. Bizim də bu günkü problemlərimizi sabahkı nəsillərə saxlamağa haqqımız yoxdur. Ona görə də həll olunası məsələlər məhz publisistikada öz əksini tapmalıdır. Düzdür, biz həyat problemlərinə milçəyi filə çevirmək qəsdi ilə yanaşmamalıyıq. Amma o kiçik milçək varsa, diqqətimizdən yayınmamalıdır. Necə ki, Məmməd Arazın diqqətindən yayınmır. Onun “Kür qovuşur Salyana...” publisistik yazısında belə bir epizod var: epizod çobanla bağlı olduğu üçün biz şairin bu qədim və şərəfli peşə sahiblərinə həsr elədiyi şerlərindən birini xatırlatmaq istəyirik – “Çoban çörəyi, çoban ürəyi” şerini.

Ilk misralarda şair çoban arvadının necə çörək bişirməsini poetik detallarla, özü də təfsilatı ilə verir və deyir:

Bu minvalla çörək bişib,

çoban çörəyi,

Halaldır bu çörək!

Baldı bu çörək!

İnsafən, yaxşı deyilib. Şairanə bir məhəbbətlə, ehtiramla deyilib. İndi də bayaq haqqında danışdığımız epizoda qayıdaq. Müəllif yazır: “Yadıma bir əhvalat düşür, uzaq dağ rayonlarından birinə qonaq getmişdim. Yaylağa çıxdım. Bir çobanla tanış oldum. Çox mehribanlıqla alaçığa dəvət elədi. Getdim. Çay-çörək, xoş üz süfrəni bəzədi. Süfrəyə qaymaq da gəldi. Gördüm ki, qaymağa milçək düşüb. Bıçağın ucu ilə milçəyi çıxarıb atdım. Tərslikdən bir başqası da qaymaq gölündə üzürdü. Kişi mənim müşahidəmi hiss eləmişdi. Amma fikir vermədən qaymaqdan tikələyirdi. Mən istədim balaca bir süfrə “mühazirəsi” oxuyum. Oxudum: milçəyin zərəri, xəstəlik yaymasi, yoluxucu mikrobların əsas daşıyıcısı olması və s. Kişi əlini saxlayıb başını tərpədir, tez-tez “hə, hə” - deyirdi. Sevindim ki, mənim mikroblara qarşı mübarizə “mühazirəm” ev sahibinə təsir eləyib. Sözümü qurtarandan sonra kişi söhbəti ekunlaşdırdı:

- Rəhmətliyin oğlu, fikir vermə, ye getsin...”.

Bəzi oxucu bəlkə də buna etiraz eləyər, müəllifə deyə bilər ki, bu qədər yolu gedib, təbiətin elə səfalı güşəsinə çıxmısan ki, orada qaymağa düşən milçəyi görəsən? Görmək bir yana, hələ bu barədə yazasan da. Bizcə Məmməd Araz bu hadisəni görüb yazmasaydı, o, çoban çörəyinə xəyanət etmiş olardı. Özü də təkcə qonağı olduğu o bircə çobanın yox, yuxarıda misal gətirdiyimiz şerdəki bütün Azərbaycan çobanlarının ümumiləşdirilmiş obrazı olan çoban qarşısında. Epizodu yazmamaq vəziyyətlə barışmaq, çörəyini yediyi adam barədə “çobandır da” fikirləşmək demək idi. Bu isə nə yaşadığımız quruluşun ictimai qanunları, nə də ki, müasir həyatın tələbləri ilə uyuşur.

Bu günün çobanı dövlətimizin ali məclislərində fəhlə ilə, alimlə, yazıçı ilə, dövlət xadimi ilə yanaşı əyləşir və çox mühüm məsələlərin həllində iştirak edir. Buna görə də lazım gələrsə, mətbuat səhifəsində ona adi gigiyena barədə mühazirə oxumağa dəyər. Belə “mühazirələr”in nəticəsidir ki, təsvir edilən çobanların sayı illər ötdükcə azalmış və gündən-günə azalmaqdadır..

Məmməd Arazın “İkinci yer...ikinci adam” məqaləsi kitabdakı publisist yazıların ən yaxşılarındandır. Bu yazı sosioloji oçerkdir. Müəllif sanki respublikamızın müxtəlif yerlərindən yazdığı oçerkləri burada ümumiləşdirir. Hər kəsin öz yerində olub-olmaması məsələsinin qazandığımız nailiyyətlərdə və buraxdığımız nöqsanlarda nə kimi böyük əhəmiyyətə malik olmasından danışır. Özü də ətraflı, səriştəli və həyati misallarla.

Bizcə, müəllif bu yazısı ilə publisistikanın yeni mərhələsinə - tədqiqata, sosioloji oçerkə adlayır. Düz də edir. Çünki onun belə yazılardakı mülahizələrinin əsaslanacağı zəngin həyat materialı, geniş müşahidə dairəsi var. Müəllifin etirafına görə kitabdakı başqa yazılara nisbətən “İkinci yer...ikinci adam” məqaləsini mətbuat səhifəsinə çətinliklə çıxara bilib.

“Həyatın və sözün rəngləri” kitabının müəllifi də qələmə aldığı həyat məsələlərinə məhz bu mövqedən yanaşmışdır. Buna görə də sözün köməyi ilə həyat lövhələrini real rənglərlə göstərməyə nail olmuşdur. Əminik ki, Məmməd Araz publisistikanın geniş imkanlarından istifadə edərək gələcəkdə coşqun, mürəkkəb həyatımızın daha geniş panoramlarını yaradacaqdır.



<< Geri