GÖRKƏMLİ ŞƏXSLƏR MƏMMƏD ARAZ HAQQINDA

Vətənpərvərlik duyğuları ilə zəngin Məmməd Araz yaradıcılığı Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Şairin yüksək bədii-fəlsəfi ümumiləşdirmələrlə səciyyələnən, lakonik deyim tərzinə malik dərin ictimai məzmunlu lirikası gücünü vətən təbiətinin gözəlliklərindən, böyük tarixi keçmişimizdən və milli ədəbi fikrin tükənməz xəzinəsindən almışdır. Ana dilinin bütün incəliklərini özündə toplamış bu poetik irs gəncliyin mədəni-mənəvi dəyərlərə ehtiram ruhunda formalaşdırılması baxımından müstəsna əhəmiyyətə malikdir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti


Öz əsərləri ilə yüksək bədii sənətkarlıq və əsl vətəndaşlıq qeyrəti aşılayan, doğma Vətəni sonsuz məhəbbətlə sevən, qüdrətli qələmi ilə xalqımıza sədaqətlə xidmət edən Məmməd Arazın poeziyasını Azərbaycan torpağından, tariximizdən, el- obadan ayrı təsəvvür etmək çətindir.

 Heydər Əliyev

ümummilli lider


 Xalq şairi Məmməd Araz millətimizin mənəvi təkamülündə, gənclərimizin estetik tərbiyəsi yolunda yorulmadan çalışaraq qədim və zəngin ənənələrə malik milli poeziyamıza gözəl töhfələr vermişdir. Şairin dərin fəlsəfi məzmunlu lirikası çağdaş Azərbaycan poeziyasını daha da zənginləşdirmiş, Məmməd Araz istedadının, təfəkkürünün bəhrələri olan yüzlərlə şer milyonların qəlbinə yol taparaq əbədi məskən salmışdır. Təkcə rəsmi təltifləri – xalq şairi, əməkdar incəsənət xadimi fəxri adları, Dövlət mükafatı deyil, bənzərsiz sənətindəki millilik, xəlqilik, ənənəyə sədaqət və novatorluq ona xalq məhəbbəti qazandırmışdır.

Heydər Əliyev

ümummilli lider


Müasir Azərbaycan ədəbiyyatının inkişafında Məmməd Arazın özünəməxsus yeri və rolu vardır. Onun dərin fəlsəfi məzmunlu lirikası zəngin ənənələrə malik milli poeziyamızı keyfiyyətcə yeni mərhələyə qaldıraraq daha da zənginləşdirmişdir.

Vasif Talıbov

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin sədri


Məmməd Araz bütün varlığı ilə ana dilinin təbii axarına, folklora, ata- baba müdrikliyinin qaynaqlarına bağlı olan bir sənətkardır. Onun şeir bulağı ictimai yığıncaqların , müxtəlif miqyaslı ədəbi məclislərin xitabət kürsülərində, kitabların səhifələrində,sevgililərin məhəbbət məktublarında, məktəb uşaqlarının şirin dillərində çağlayacaqdır.

Bəkir Nəbiyev

 ədəbiyyatşünas,tənqidçi


Məmməd Araz zəngin məzmunlu, güclü təfəkkürə malik, daim arayan, axtaran, narahatlıq xoşbəxtliyinə malik şairlərimizdəndir... alim təfəkkürlü bir yaradıcıdır.

 Qulu Xəlilov

 ədəbiyyatşünas


Poeziyada yeni təbii iqlimin – çağdaş ekoloji təfəkkürün ilk təməl daşlarını qoyanlardan biri Məmməd Araz oldu.

 Yaşar Qarayev

 ədəbiyyatşünas,tənqidçi


 

Məmməd Arazın bədii dili bütün əzələləri ilə müasirdir. Onun dili ənənə ilə novatorluğun, bədiiliklə əbədiliyin, əbədiliklə dialektçiliyin və xəlqiliklə qrammatikliyin harmonik rabitəsinə ən parlaq nümunələrdən biridir.

 Tofiq Hacıyev

 Türkoloq,alim


Dilin əlvanlığı, şirinliyi,oynaqlığından,poetik müşahidələrin dərinliyindən və itiliyindən, bəzən gümrah , bəzən ağrılı- acılı düşüncələrin, bəzən fərəhli, bəzən küskün hisslərin vəhdətindən yaranmış Məmməd Araz poeziyasının məhvəri vətən eşqi, vətəndaşlıq amalı, dünya haqqında- kürreyi ərzimiz haqqında həm nikbin, həm də nigaran qənaətlərdir.

Anar

 xalq yazıçısı

 


Məmməd Araz coğrafiyanı yaxşı bildiyindən ancaq sərvdən, çinardan, palıddan, aslandan, pələngdən və s. deyil, həm də geomorfoloji proseslərdən söhbət açır və oxucuya o prosesin əmələ gəlməsini, inkişafını çox düzgün şərh edir və həm də şerlə çatdırır.

Budaq Budaqov

 akademik,alim


Məmməd Arazın sevgisi qədər nifrəti də dərin və barışmazdır. O, nifrət obyektinə çox qəzəblidir. Ona görə də şair bu hədəfi ən kədərli və ən tutarlı obrazlarla döyməyi, lənətləməyi bacarır. Bu cəhətdən “ Məndən ötdü qardaşıma dəydi” şeiri vahid Azərbaycanı xanlıqlara bölən, bizi parçalayan xanlara nifrət və qəzəb nəğməsidir.

Bəxtiyar Vahabzadə

 xalq şairi

<< Geri