ANKARADA TÜRKSOY
ÇƏRÇİVƏSİNDƏ “M.F.AXUNDZADƏ İLİ”NİN 26 yanvar 2012-ci il tarixində Ankarada TÜRKSOY – türk mədəniyyətinin beynəlxalq təşkilatı çərçivəsində “Mirzə Fətəli Axundzadə ili”nin rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimi TÜRKSOY-un qərargahında baş tutub. Mərasimdə Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Gürcüstanın mədəniyyət və abidələrin qorunması naziri Nikolaz Rurua, diplomatlar, deputatlar, ictimaiyyət nümayəndələri iştirak ediblər. TÜRKSOY-un birinci katibi Düssen Kaseinov öz çıxışında deyib ki, Axundzadə görkəmli insan olub və o, “özü üçün yox, millət üçün işləyib”. Onun sözlərinə görə, belə mədəni tədbirlərin keçirilməsinin məqsədi vahid mədəniyyətə və tarixə malik olan ölkələri və xalqları yaxınlaşdırmaqdır. Nikolaz Rurua bildirib ki, Axundzadə Gürcüstan üçün də görkəmli şəxsiyyətdir. “O Tiflisdə həyatının böyük hissəsini yaşayıb və onun qəbri Gürcüstan paytaxtındadır. Onun əsərləri Gürcüstanda çox məşhurdur”, – o deyib. Azərbaycanın mədəniyyət və turizm naziri bildirib ki, dövlət proqramına əsasən, 2012-ci ildə bütün dünyada M.F.Axundzadə ilə bağlı 47 böyük tədbir keçiriləcək. Yeni tamaşaların qoyulması, kitabların buraxılışı, Tbilisidə Axundzadənin ev-muzeyinin təmiri və bir çox başqa tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Əbülfəs Qarayev “M.F.Axundzadə ili”nin keçirilməsinə dəstək üçün TÜRKSOY-a minnətdarlığını ifadə edib. Türkiyəli nazir isə bildirib ki, Konyada “Axundzadə günü” keçiriləcək, Adanada isə Axundzadənin əsəri əsasında tamaşa səhnələşdiriləcək. 2012-ci il böyük Azərbaycan mütəfəkkiri, milli dramaturgiyanın banisi, görkəmli ictimai xadim Mirzə Fətəli Axundzadənin 200 illiyi ilə əlaqədar TÜRKSOY çərçivəsində “M.F.Axundzadə ili” elan edilib. “M.F.Axundzadə ili”nin TÜRKSOY-a daxil olan bütün üzv ölkələrdə yüksək səviyyədə keçirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
|
|