Azərbaycan SSR XQS-da M.F.Axundovun anadan olmasının
125 illiyini keçirmək haqqında

 Azərbaycan SSR Xalq Komissarları Soveti, Azərbaycan dramaturgiyasının əsasını qoyan, Azərbaycan ədəbiyyatının klassiki, dahi mütəfəkkir M.F.Axundovun anadan olmasının 125 illik yubileyini keçirmək məsələsini müzakirə etmişdir.

Yubiley mətbuat sarayı qarşısındakı meydanda Mirzə Fətəli Axundova yeni abidə qoyulmasını qərara alınmışdır.

Azərbaycan Dövlət Universitetində, Azərbaycan Peda­qo­ji İnstitutunda və teatr məktəbində təhsil əlaçıları olan studentlər üçün M.F.Axundov adına hərəsi 300 manat olmaqla iki stipendiya təyin edilir. Hər il ən yaxşı ədəbi-bədii əsər üçün15.000 manat miqdarında Mirzə Fətəli Axundov adına mükafat təyin edilir.

Xalq Komissarları Soveti, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialına (Az.Fan-a) bir vəzifə olaraq tapşırmışdır ki, bu il dekabrın 25-dən gec olmayaraq M.F.Axundov adına ədəbiyyat tarixi muzeyi təşkil edib M.F.Axundov adına bütün materiallar və onun əl yazılarını, həmçinin Azərbaycan ədəbiy­yatının başqa klassikləri haqqında materiallar və əl yazılarını bu muzeyə yığsın.

Az.Fan-a təklif edilmişdir ki, M.F.Axundovun əsərlərini üç cilddə və fəlsəfi əsərlərini bir cilddə Azərbaycan və rus dillərində akademik şəkildə çap etmək üçün çapa hazırlasın. M.F.Axundovun 6 komediyası, onun şeirləri məcmuəsi və “Aldanmış kəvakib” hekayəsinin məktəblilər üçün nəşri də hazır­lana­caqdır.

“Az.Fan-ın xəbərləri” jurnalının yubiley nömrəsi M.F.Axundova həsr ediləcəkdir. Həmçinin M.F.Axundovun həyat və yaradıcılığı haqqında xüsusi məqalələr məcmuəsi buraxılır və onun yaradıcılığı haqqında monoqrafiya nəşr edilir.

Dekabr ayında M.F.Axundovun anadan olmasının 125 illiyi münasibətilə AzFanın sessiyası çağırılır.

Azərbaycan SSR XQS yanında İncəsənət işləri idarəsinə təklif edilmişdir ki, M.F.Axundovun həyat və yaradıcılığını təsvir edən sərgini yubileyə qədər təşkil etsin.

M.F.Axundovun yaxşı portretini çəkmək üçün konkurs elan edilir. Zəhmətkeşlər arasında yaymaq üçün M.F.Axun­do­vun xırda heykəli buraxılır.

Respublika və rayon teatrlarının bu ilki sezonu repertuarına M.F.Axundovun pyesaları daxil ediləcəkdir.

Yubiley münasibətilə Bakı Kino studiyası, M.F.Axundo­vun həyat və yaradıcılığına dair xronika filmi hazırlayır. Bun­dan başqa kino studiyası 1939-cu ildə M.F.Axundovun əsər­lərin­dən birinin süjeti əsasında kino filmi hazırlayacaqdır.

 

4 noyabr 1938,
Kommunist qəzeti


<< Geri