Azərbaycan KP Mərkəzi komitəsi M.F.Axundovun anadan olmasının 170 illiyi haqqında qərar qəbul etmişdir. Qərarda deyilir: Anadan olmasının 170 illiyi 1982-ci ildə tamam olan görkəmli mütəfəkkir, Şərqdə materialist fəlsəfənin banisi, Azərbaycan ədəbiyyatının klassiki, milli realist dramaturgiyanın, teatrın və nəsrin banisi, inqilabçı demokrat və maarifçi M.F.Axundov Azərbaycan mədəniyyəti xəzinəsinə misilsiz töhfə vermişdir. M.F.Axundovun ədəbi-bədii irsi zəngin və rəgarəngdir. Onun geniş şöhrət qazanmış komediyaları, “Aldanmış kəvakib” povesti Azərbaycan ədəbiyyatının yeni ideya məzmunu ilə zənginləşdirilmişdir. Bu əsərlərdə xalq həyatının geniş mənzərəsini doğru-düzgün, dərindən əks etdirilmiş, Azərbaycanın sosial və mənəvi inkişafının mühüm məsələlərinə toxunulmuşdur. Böyük yazıçının komediyaları dünyanın bir çox xalqlarının dillərinə tərcümə olunmuş, Rusiyanın, Avropanın və Şərqin bir sıra teatrlarında tamaşaya qoyulmuş, qonşu ölkələrin ədəbiyyatında və incəsənətində realist istiqamətin inkişafına güçlü və nəcib təsir göstərmişdir. M.F.Axundovun məqalələri, məktubları və xüsusən Azərbaycanın və bütün Şərqin materialist fikrinə dair görkəmli əsəri - “Kəmalüddövlə məktubları” fəlsəfi traktatı onun yaradıcılıq irsində müstəsna yer tutur. Fəlsəfi traktatda XIX əsrdə Rusiyanın və Qərbi Avropanın, Azərbaycanın və bütün Şərqin qabaqcıl fəlsəfəsi, təbii-elmi, tarixi, ictimai-siyasi ideyaları dərindən əks olunmuşdur. Bu əsərin əhəmiyyəti ondan ibarət idi ki, M.F.Axundov feodal köləliyini və onun ideoloji üstqurumunu məhv etməyə ehtirasla çağırırdı. Əsər böyük Azərbaycan mütəfəkkirinin Rusiyada inqilabi hərəkatın təsiri altında formalaşan inqilabi-demokratik dünyagörüşünün parlaq ifadəsi olmuşdur. Böyük maarifçi M.F.Axundov bütün ömrü boyu Şərqdə, o cümlədən Azərbaycanda yayılmış köhnə əlifbanın islahatı uğrunda mübarizə aparmış, hələ yüz il bundan əvvəl yeni əlifba layihəsini müdafiə etmişdir; o, doğma xalqın rus və Avropa elminə və mədəniyyətinə qovuşması yolunu yeni əlifbada görürdü. Yazıçının bu arzusu sovet hakimiyyəti qurulduqdan sonra həyata keçmişdir. M.F.Axundov rus mədəniyyətinin qabaqcıl mövqelərə çıxdığı və ümumdünya əhəmiyyəti kəsb etdiyi bir dövrdə yaşamış və mübarizə aparmışdır. O, bütün şərq xalqları üçün maarif və tərəqqi yolunu rus dilinin yayılmasında, rus xalqı ilə yaxınlaşmaqda görürdü. O, Şərq şairləri içərisində birinci olaraq A.S.Puşkinin ölümünə ürəkdən kədərlənmişdi. Məşhur “Puşkinin ölümünə Şərq poeması” hələ o zaman tərcümə edilmiş və rus dilində dərc olunmuşdu. XIX əsr rus ədəbiyyatı və rus azadlıq hərəkatı Azərbaycan xalqının böyük oğlunun yaradıcılığına çox böyük təsir göstərmişdir. XIX əsr Azərbaycan ictimai fikrinin zirvəsi olan M.F.Axundov bədii və fəlsəfi fikri milli zəmindən ayrılmadan, klassik Azərbaycan ədəbiyyatının bütün ən yaxşı xüsusiyyətlərini özündə cəmləşdirərək həmin təsir altında formalaşmışdır. M.F.Axundov böyük humanist, alovlu vətənpərvər idi, xalqlar arasında dostluq və qardaşlığın yorulmaz carçısı idi. M.F.Axundovun beynəlmiləlçilik, vətənpərvərlik, mübariz materializm, ateizm ideyaları ilə aşılanmış zəngin irsi bu gün də öz aktuallığını saxlayır və zəhmətkeşlərin ideya-mənəvi tərbiyəsində müstəsna əhəmiyyətə malikdir. Respublikada M.F.Axundovun ədəbi irsini öyrənmək və xatirəsini əbədiləşdirmək üçün xeyli iş görülmüşdür. Onun həyat və yaradıcılığı haqqında monoqrafiyalar yazılmışdır. Dövlət kitabxanası, Akademik Opera və Balet Teatrı, küçələr, məktəb, kolxozlar, sovxozlar və respublikanın başqa idarələri onun adını daşıyır. Bakı şəhərində ona abidə qoyulmuşdur. Yazıçının vətəni Şəki şəhərində onun ev-muzeyi yaradılmışdır. Azərbaycan KP MK Azərbaycan dramaturgiyasının və teatrının banisi M.F.Axundovun anadan olmasının 170 illiyini bayram etmək haqqında Respublika Yazıçılar İttifaqının və Elmlər Akademiyasının təklifini qəbul etmişdir. Yubileyin hazırlanması və keçirilməsi üçün Azərbaycan KP MK katibi H.Ə.Həsənovun sədrliyi ilə təşkilat komitəsi yaradılmışdır. Respublika Yazıçılar İttifaqına və Mədəniyyət Nazirliyinə tapşırılmışdır ki, 1982-ci ilin oktyabr-noyabr aylarında Bakıda və Moskvada M.F.Axundova həsr olunmuş təntənəli gecələr, Naxçıvanda, Stepanakertdə, Kirovabadda, Sumqayıtda, Şəkidə, Qazaxda, Lənkəranda ədəbi-bədii gecələr keçirsinlər. Respublika Elmlər Akademiyası, Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqı M.F.Axundovun həyat və yaradıcılığını əks etdirən yubiley (stasionar) sərgisi və səyyar sərgi hazırlasınlar. Azərbaycan SSR Elmlər Akademiyası Bakıda və Şəkidə M.F.Axundovun həyatına və yaradıcılıq fəaliyyətinə həsr olunmuş elmi sessiyalar keçirməlidirlər. Respublika Elmlər Akademiyasına və Dövlətnəşrkoma tapşırılmışdır ki, M.F.Axundovun üç cildlik əsərləri külliyyatını müqəddimə və şərhlərlə Azərbaycan və rus dillərində, “Kəmalüdövlə məktubları”nın elmi tənqidi mətnini, yazıçının seçilmiş əsərlərini rus dilində (suvenir nəşr), M.F.Axundovun həyat və fəaliyyəti haqqında monoqrafiyalar hazırlayıb nəşr etsinlər. Azərbaycan SSR Mədəniyyət Nazirliyinə tapşırılmışdır ki, M.F.Axundovun pyeslərini Respublika teatrlarının repertuarlarına daxil etsin, M.F.Axundovun ölkəmizdə və xaricdə nəşr olunmuş əsərlərinin, habelə onun həyat və yaradıcılığına həsr edilən ədəbiyyatın tam biblioqrafiyasının tərtib və nəşr olunmasını M.F.Axundov adına Azərbaycan Dövlət Respublika Kitabxanası ilə birlikdə təmin etsin. Respublika Elmlər Akademiyasına, Ali və Orta İxtisas Təhsili Nazirliyinə, Yazıçılar İttifaqına təklif edilmişdir ki, hər il Bakı şəhərində və mütəfəkkirin vətəni Şəki şəhərində Axundov qiraətləri keçirsinlər. Respublika Dövlət Kinematoqrafiya Komitəsinə tapşırılmışdır ki, Yubiley günlərində respublikanın kinoteatrlarında M.F.Axundovun həyat və yaradıcılığına aid filmlər göstərilməsini təşkil etsin, Azərbaycan ədəbiyyatının klassiki haqqında iki hissəli rəngli sənədli film yaradılsın. Respublika Rabitə Nazirliyi, Yüngül Sənaye Nazirliyi M.F.Axundovun təsviri olan poçt zərfini və nişanının buraxılmasını təmin etməlidirlər. Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, respublika qəzetlərinin, ədəbi-bədii nəşrlərin redaksiyaları M.F.Axundovun həyatını və yaradıcılıq fəaliyyətini geniş işıqlandırsınlar, onun əsərləri üzrə verilişlər təşkil etsinlər.
30 iyul 1982-ci il, |
|