“KƏMALÜDDÖVLƏ MƏKTUBLARI”NIN NƏŞRİ BARƏDƏ İSAKOVA YAZDIĞIM MƏKTUBUN SURƏTİ |
Mərhəmətli cənab Yakov Alekseyeviç! Sizin yaxşı sifətləriniz haqqında dəfələrlə tə’rif eşitmişəm. Odur ki, mən Peterburqda olan başqa nəşriyyatları nəzərə almadan, qeyd edəcəyim bir məsələ barədə bilavasitə sizə müraciət edirəm. Məndə “Hindistan şahzadəsi Kəmalüddövlənin məktubları” adlı farsca bir əlyazması vardır. Mən onu rus dilinə tərcümə edərək, indi öz tərcüməmi oriæinalla bərabər, sizin sərəncamınıza göndərirəm. Bu tərcüməni əvvəldən axıra qədər oxumağı sizdən acizanə xahiş edirəm. Əgər, sizin fikrinizcə, bu kitab rus oxucuları üçün maraqlı görünərsə, o zaman bu kitabı istər oriæinal halda, istərsə də onun tərcüməsini, satışdakı müvəffəqiyyətlərinə görə, bir və ya bir neçə dəfə çap etmək ixtiyarını əldə etmək üçün mənimlə hansı şərtlər əsasında saziş bağlamaq istədiyinizi mənə bildirməyinizi xahiş edirəm. Əgər sizdən mə’lumat aldıqdan sonra mən sizin şərtlərinizə razılıq versəm, o zaman xahiş edirəm ki, hörmətli Vartanovun adına “cavab-qəbul” teleqrafla mənimlə müqavilənamə bağlanması haqda e’tibarnamə göndərəsiniz. Onu da nəzərdə tutun ki, mən bu kitabın fransız, alman və ingilis dillərinə də tərcümə edilməsini arzu edirəm və müəyyən şərt əsasında bu dillərdə tərcümələri Peterburqda çap etmək ixtiyarını da sizə verməyə hazıram. Odur ki, həmin kitabı göstərdiyim dillərə tərcümə etdirmək və sonra bir və ya bir neçə dəfə çap etmək üçün hansı şərtlər əsasında, ixtiyar almaq arzusunda olduğunuzu mənə bildirməyi sizdən xahiş edirəm. Əgər mən sizin göstərdiyiniz şərtlərə razılıq versəm, bu cavabı aldıqdan sonra xahiş edirəm ki, həmin kitabı ruscaya tərcüməsindən, dərhal göstərilən Avropa dillərinə tərcümə etmək üçün nəzərdə tutduğunuz mütərcimlərə sərəncam verəsiniz. Farsca oriæinal mütləq çap edilməlidir. Əks təqdirdə, mən əsərin təkcə tərcümələrinin oriæinalsız çap olunmasına icazə verə bilmərəm. Əsərin farsca oriæinalı Rusiyaya tabe olan bütün müsəlman ölkələrində, o cümlədən ədəbi dili əsasən fars dili olan və yenicə Rusiyaya ilhaq edilmiş Orta Asiyada, habelə ingilislərin təsəllütü altında olan Hindistanın hər yerində, xüsusilə Bombey quberniyasında zərrə qədər çətinlik və təzyiqə rast gəlmədən satıla bilər. Ancaq onun İranda və Türkiyədə aşkar satılmasına ümid bağlamaq olmaz. Bu ölkələrdə onu tam inanılmış xüsusi adamlar vasitəsilə yaymaq olar. Müsəlmanların bu əsəri aşkar alıb oxumağa cəsarət etmədiklərini əvvəlcədən nəzərdə tutan müəllif bir növ hiylə işlədərək, öz kitabının başlanğıcında guya naşir tərəfindən yazılmış çox gözəl və aydın bir məktub yerləşdirmişdir. Bu məktubda başqa məsələlərlə yanaşı, müəllif “Kəmalüddövlə”yə qarşı onun müdafiəçisi olan dərin məlumatlı üləmanı və müsəlman ruhanilərini bu kitabın onların əllərinə keçən nüsxələrini yandırıb məhv etməkdən çəkinməyə çağırır. Müəllif onları inandırmaq istəyir ki, bu cür tədbirlərlə, əsərin milyonlarla nüsxəsi müxtəlif əllərdə olan Kəmalüddövlənin fikirlərinin kütlələr arasında yayılması yolunu zərrə qədər də olsun, bağlamaq olmaz. O həmin üləma və ruhanilərə məsləhət görür ki, bu allahsızın fikirlərinin tə’sirini və gücünü ağıllı və əsaslı tənqid vasitəsilə azaldıb məhv etsinlər. Nəşriyyatçı bu məktubunda yüksək məqam sahibi olan üləmanın belə bir tənqidi yazmağa böyük qabiliyyətləri olduğuna əmin olduğunu bildirir. O göstərir ki, müqəddəs imamlar dinin haqq olduğunu inkar edən dinsizlər və allahsızlarla apardıqları bir çox mübahisələrdə hərifin haqqında hər cür qəddarlıq etməyə qadir olmalarına baxmayaraq, özlərinin tam həlimliyi ilə yanaşı duran əsaslı təkziblərlə onların dəlillərini rədd edərək, dinsizləri və allahsızları tərksilah edib, yenidən müqəddəs dinin ağuşuna atmışlar. Əks təqdirdə, dəyərli tənqid olmadan, yalnız kobud söyüşlərlə Kəmalüddövlə əleyhinə başlanan təqib və ədavət, ancaq yüksək məqam sahibi olan üləmanın onun dəlilləri qarşısında acizliyini göstərər və nəzərdə tutulan məqsəd ələ gəlməz. Avropalı oxucular üçün bu məktubun heç bir əhəmiyyəti olmadığına görə, mən onu hələ tərcümə etməmişəm. Siz əsərin rusca nəşrinə öz tərəfinizdən müqəddimə əlavə edə bilərsiniz və onda göstərə bilərsiniz ki, islam dini meydana çıxan gündən hazırkı əsrə qədər, Şərqdə elmlərin durğunluğunun, dəhşətli despotizmin əmələ gəlməsinin səbəblərini və ümumiyyətlə, asiyalıların mədəniyyət və tərəqqi işlərinə qarşı laqeydliyi və e’tinasızlığının səbəblərini heç kəs başa düşməmişdir. Bu cəhətdən təkcə Firdovsi müstəsnalıq təşkil edir və o öz dühası ilə, həqiqətən, kəşf edə bilmişdir ki, Şərq xalqlarının bu qədər böyük bədbəxtliyinin səbəbi ərəblər və onların insan həyatına uyğunlaşmayan mənfur dinidir. Firdovsi isə dövründə onu əhatə edən müasirlərin müdhiş fanatizmi vasitəsilə sıxışdırıldığına görə, öz fikrini ehtiyatla, guya öz əqidəsi kimi deyil, ərəb ordularına qarşı vuruşlarda sonuncu Iran şahı Yəzdgürdün sərkərdəsi olan Hürmüzd şah oğlu Rüstəmin əqidəsi kimi ifadə etmişdir. Məhz buna görə də, Firdovsinin əqidəsi bizim günlərə qədər mütəfəkkirlərin diqqətini özünə cəlb edə bilməmişdir. Yalnız Kəmalüddövlə hazırkı əsrdə Firdovsinin fikrini başa düşərək, onu parlaq bir şəkildə inkişaf etdirmişdir. Müqəddimədə habelə demək lazımdır ki, elə bir böyük siyasi və ya dini məsələ yoxdur ki, Kəmalüddövlə öz əsərində ona toxunmamış olsun. Tərcümədən aydın olduğu kimi, o, başqa məsələlərlə yanaşı, müsəlmanlara elə fikirlər aşılamağa çalışır ki, bu fikirlər avropalı oxuculara çoxdan mə’lumdur. Lakin avropalı oxucular bu fikirlərin əsərdə təkrarının yersiz olduğunu düşünməməlidirlər. Çünki bu kitab avropalılar üçün deyil, müsəlmanlar üçün yazılmışdır. Həmin fikirlər isə avropalılar üçün deyil, müsəlmanlar üçün tamamilə yenidir. Mütərcim isə onlar məhz ona görə tərcümədə saxlamağa məcbur idi ki, müəllifin öz xalqına nələri təbliğ etdiyinin avropalılar bilsinlər. Eyni zamanda, tərcümədən bunu da anlamaq olar ki, islamizmin bir çox sirləri bu günə qədər həm avropalıların, həm də müsəlmanların nəzərindən örtülü qalmışdır; yalnız bu kitabda oxuyarkən, həm müsəlmanlar islamizm haqqında tam aydın təsəvvür əldə edə bilərlər ki, indiyə qədər həm onlar və həm də bunlar üçün eyni dərəcədə namə’lum idi. Ola bilsin ki, bu əsərin bə’zi yerləri, sizin fikrinizcə, zəif görünsün. Ancaq siz onlara toxunmamalısınız. Birinci – ona görə ki, müəllif həmin zəif nöqtələr vasitəsilə bu əsər haqqında tənqid yazılmasını tə’min etməyi ürəkdən arzulayır. Çünki ancaq tənqid bu əsərin bütün dünyaya yayılmasına kömək edə bilər. Ikinci – ona görə ki, bu zəif nöqtələr müəllifin sadəlövhlüyünü göstərə bilər ki, o, həmin vasitə ilə Avropanın dərin düşüncəli mütəfəkkir və filosoflarının hüsn-təvəccöhünü özünə cəlb etməyi nəzərdə tutur. Müəllif mütəfəkkir və filosof deyil, o, Avropa azadxahları (liberalları) ruhunda olan bir nəfər ziyalı müsəlmandır. Özü isə fars, ərəb və türk dilləri üzrə filoloqdur. Əsərin oriæinalını çap etmək üçün mümkün qədər ən gözəl, aydın oxunan və iri şriftlər seçmək lazımdır. Haşiyələr isə oriæinaldan kiçik, lakin aydın oxunan şriftlərlə yığıla bilər. Əsərin təshihi çox diqqətlə icra edilməlidir. Bilmirəm, xristianlardan farsca bilən elə bir adam tanıyırmısınız ki, təshih işini oriæinala uyğun apara bilsin. Mən güman edirəm ki, bu kitabın və onun tərcümələrinin nəşrinə senzura ziddinə və habelə xristian dini əleyhinə bir kəlmə də yazılmamışdır. Bəlkə də, əksinə olaraq, mənim fikrimcə, bu əsər bizim hökumətimiz üçün eyni zamanda faydasız da deyildir. Çünki bu əsərin əvvəlindən sonuna qədər hər yerdə avropalıların yaşayış qaydaları, əxlaqı, insanpərvərliyi, ədalətliliyi, qanunları və ən’ənələri tə’riflənib, müsəlmanlar, arasında hökm sürən kobudluq, rəhmsizlik, əxlaqsıqlıq, vəhşilik pislənir. Bu o deməkdir ki, Rusiya torpaqlarında yaşayan müsəlmanlar, əgər “Kəmalüddövlə”nin ideyalarını mənimsəmiş olsalar, mütləq müsəlman despotlara qarşı nifrət edəcəklər... Bunu anladıqdan sonra rusların himayəsi altında canları, malları və namuslarının toxunulmazlığı tamamilə tə’min olunmuş müsəlmanlar ruslardan ürküb qaçmaq və uzaqlaşmaq hallarına son qoymuş olarlar. Onlar başa düşərlər ki, özlərinin Irandakı və Türkiyədəki qardaşları acınacaqlı vəziyyətdə və dəhşətli ehtiyac içində yaşayırlar. Onlar rus xalqı ilə qaynayıb qovuşacaq və dini e’tiqaddan doğan fanatizm və müridizməbədi olaraq onların arasından məhv olub gedəcəkdir. Kor-koranə fanatizmin təlqininə uyaraq, öz ruhlarını müsəlman sultanının hakimiyyəti altında yaşamaqla “bağışlatmaq” təmənnası ilə müsəlmanların Türkiyəyə köçüb getmək əhval-ruhiyyəsinə son qoyulacaq. Eləcə də, təkcə Qafqaz ölkəsində hər il milyonlarca pulun heç bir faydası olmadan göyə sovrulmasına səbəb olan Məkkə ziyarətinə meyl aradan qalxacaqdır. Qafqaz müsəlmanlarında savadlanmaq həvəsi, elmləri öyrənmək cəhdləri əmələ gələcək, onların əxlaq və tərbiyəsi yaxşılaşacaq, onların arasında oğurluq və müxtəlif cinayətlər, xüsusilə, çox zaman ehtiyac üzündən deyil, savadsızlıq və mədəniyyətsizlik üzündən “igidlik əlaməti” sayılan soyğunçuluq hadisələri azalacaqdır. Indiyə qədər əhalinin əksəriyyətini rus dilini öyrənməkdən çəkindirən ancaq dini əqidələrdir; ruhanilər xalqı inandırmaq istəyirlər ki, rus dilini öyrənmək günahların bağışlanmasına mane olur. Siz elə güman etməyin ki, müsəlmanların Kəmalüddövlənin ideyalarını mənimsəməsi və onun nəzərdə tutduğu məqsədin əldə edilməsi üçün əsrlər keçməlidir. Əksinə, əksəriyyətinin savadsız olmasına baxmayaraq, islamizmin yalan olmasına dair bu kimi ideyalar kütlə arasında çox sür’ətlə yayıla bilər. Çünki savadlı müsəlmanlardan bir nəfəri kitabı oxuyub mətləbi başa düşdükdən sonra, onun mündəricəsini şifahi surətdə nağıl etmək yolu ilə onun fikirlərini yüzlərcə öz həmvətənlərinə aşılayacaqdır. İndi hər hansı bir dinə, xüsusilə köhnəlmiş dinlərə qarşı dinsizcəsinə mühakiməyə olan həvəs o qədər güclüdür ki, əsəri oxuyan şəxsin onun məzmununu başqalarına söyləməsinin qarşısını ancaq inkvizisiya yolu ilə almaq ola bilər. Tezliklə siz görəcəksiniz ki, bu kitabın şöhrəti sür’ətlə İrana və Türkiyəyə yayılacaq, Qafqazdakı kitab satıcıları isə bu kitabın nüsxələrini göndərmək barədə həmin ölkələrdə yaşayan şəkkaklardan (dini şübhə ilə baxanlarda – Mütərcim) ardı-arası kəsilməz gizli sifarişlər alacaqdırlar. Mənim fikrimcə, təkcə Rusiya üçün deyil, başqa Avropa dövlətləri üçün də həm siyasi cəhətdən, həm də Şərqdəki insanlarla həmdərdlik nöqteyi-nəzərindən məktəblərdə oxuyan müsəlman yeniyetmələrini bu kitabın nüsxələri ilə təchiz etmək lazımdır və faydalı bir işdir ki, bu vasitə ilə onların şüurunda insanlıq vəzifələrinə və mədəniyyətə dair düşüncələri inkişaf etdirmək, onların avropalılarla, yə’ni xristianlarla yaxınlaşdırmaq mümkün olsun. Müəllif axirət haqqında düşünənlərdən deyil; o, bu kimi şeylərə heç bir əhəmiyyət vermir. O, ancaq o dinə üstünlük verir ki, insanı bu dünyada xoşbəxt və azad edə bilsin. Əgər mənim arzularıma rəğmən, senzura oriæinalda, ya da tərcümədə bu və ya başqa bir dəyişiklik əmələ gətirmək fikrində olarsa, o zaman əsəri məndən aldığınız vəziyyətdə mənə qaytarmağınızı xahiş edirəm. Çünki mən heç bir dəyişikliklə razılaşa bilməyəcəyəm. Bir daha təkrar edirəm ki, mən bu kitabın müəllifi deyil, ancaq sahibiyəm. Ona görə də sizdən xahiş edirəm ki, istər oriæinalda, istərsə də tərcümələrin hər hansında olursa olsun, mənim adımı çəkməyəsiniz. Çünki mən hal-hazırda savadsızlığı üzündən onun faydası üçün çalışdığımı başa düşməyən xalqımın qəzəb və ədavət hissini özümə qarşı çevirmək istəmirəm. Oriæinalın müəllifi Kəmalüddövlə adlanır. Tərcüməçi üçün də özünüz bir təxəllüs düşünüb yazınız. Tərcümə çapdan çıxarkən, siz öz mülahizənizə görə onun mündəricəsinə uyğun sərlövhə tərtib edə bilərsiniz. Sizin sərlövhənizi fars dilini bilən bir adam özünüzün diktə etdiyiniz kimi, oriæinal üçün də tərcümə edə bilər. Sonra həm oriæinalın, həm də tərcümənin çapdan çıxmasına dair, oxucu kütlələrində əsərə maraq oyandıra bilən ifadələrlə bir neçə dəfə yazmağı, yə’ni, adətən sizdə mə’mul olduğu kimi, lazımi e’lanlar verməyi unutmayın. Oriæinalın və onun tərcüməsinin nəşrini Kəmalüddövlənin, Cəmalüddövlənin, Firdovsi və sairə bu kimi məşhur adamların şəkilləri ilə, habelə əsərin mündəricəsinə görə özünüzün düşündüyünüz başqa təsvirlərlə, məsələn, minbər, vaiz və camaatın olduğu məscid təsviri, xüsusilə, belə bir səhnənin təsviri ilə ki, Ələmut meydanında Əla-Zikrihissəlam minbərin ətrafına müxtəlif rəngli dörd bayraq sancaraq, öz islahatları haqqında xalqa mə’lumat vermək üçün təntənə ilə minbərin üstünə qalxır; habelə peyğəmbərin “müqəddəs” sayılan övladına yas tutaraq, fəzanı hay-havarla doldurduqları mərasimin təsviri və sairə ilə bəzəməyi lazım bilirsinizmi? Məktubun sonunda hər cür təsadüfə qarşı sizə bunu da xatırlatmağı yersiz hesab etmirəm ki, əgər mənə mə’lum olmayan hər hansı bir səbəbə görə, bu kitabı və onun tərcüməsini nəşr etmək sizə mümkün olmazsa, bu xüsusda dərhal məni xəbərdar ediniz. O zaman mən onları Peterburqda göstərəcəyim şəxsə verməyinizi xahiş edərəm ki, o da əsərin nəşr edilməsini Peterburqda olan başqa bir nəşriyyatçıya təklif edə bilər.
Səmimi ehtiram və sonsuz sədaqətlə sizə ixlası olan M.F.Axundzadə. 12 fevral 1875-ci il, Tiflis. |
|