TÜRKCƏ “TƏMSİLAT”I TƏRCÜMƏ EDƏN TEHRAN SAKİNİ
MİRZƏ MƏHƏMMƏD CƏFƏRƏ

Əziz və mehriban qardaşım Mirzə Məhəmməd Cəfər, Allah ömrünüzü uzun eləsin!

Şirin məktubunuz yetişdi, sonsuz sevincimə və qəlbimin şadlığına səbəb oldu.

Əvvəla, sizdən bir xahişim vardır: əzəmətli ağam cənab Mirzə Yusif xan keçən məktubunda müxtəsər olaraq yazmışdı ki, azadxah şahzadə nəvvab-əşrəf-əmcəd, sərkar Cəlaləddin Mirzə hal-hazırda xəstədir. Bu xəbər məni çox-çox kədərləndirdi. Xahiş edirəm ki, valahəzrət şahzadənin xəstəliyinin nədən ibarət olması haqqında tezliklə mənə mə’lumat verəsiniz ki, həyəcan və nigarançılığım aradan getsin.

Mənim bədbəxtliyimdəndir ki, bütün Iranda özümə bir nəfər sirdaş tapmışdım, o da dostluğumuzun lap başlanğıcında xəstələndi.

İkincisi isə, sizin mişksaçan qələminizə afərin, yüz afərin olsun ki, “Molla Ibrahim Xəlil”i əslinə tamamilə uyğun və çox-çox gözəl tərcümə etmişsiniz. Tərcümədə qətiyyən oriæinaldan kənara çıxılmamışdır.

Tərcümənin də əsas şərti budur ki, onda oriæinaldan nə artıq, nə də əskik bir şey olsun. Bundan yaxşı, bundan yüksək tərcümə ola bilməz.

Tərcüməni mütləq çap etdirməyə çalışın!

Şəklimi həmin məktubla bərabər sizə göndərirəm. Əsərin tamaşalarında iştirak edən bütün personaæların şəkillərini də hər bir əsərdə çap etdirə bilsəydiniz, həqiqətdə misilsiz bir hədiyyə olar və kitablarbaşqa bir gözəlliyə malik olardı.

Başqa əsərlərin tərcüməsini artıq Tiflisə göndərmək lazım deyildir. Vaxtınızı itirməyin, hamısını birbaş çap etdirin! Mənim sizin qələminizə böyük inam və e’tibarım vardır. Hər bir əsər çapdan çıxdıqdan sonra 3-4 nüsxə mənə hədiyyə göndərin!

“Georq Klifford” sözlərinin mə’nasını soruşmuşsunuz. Deməliyəm ki, bunlar hər ikisi bir nəfər əmirin adıdır, bir şəxsin adıdır...

Yə’ni Kliffordoğlu Georq. Necə ki, ərəblərdə Sə’d ibn-Vəqqas, Ömər ibn-Sə’d və Əmr ibn-As əvəzinə – Sə’d-e Vəqqas, Ömər-ə Sə’d Əmr-e As yazmaq mə’lumdur. Cümlənin mə’nası cəhətdən cənab Linneyin hamisi olan Georq ibn-Klifforddan yüksək və əzəmətli olacaqdır”.

O ki qaldı “qığılcım” kəlməsi, türkcə qığılcım ən kiçik od şərarələrinə deyilir. Farsca “əbizə”, “xədrə” və “sitarəçə” deməkdir.

Siz necə qaradağlısınız ki, bu kəlmənin mə’nasını bilmirsiniz?

Mən özüm bu kəlməni Qaradağda öyrənmişəm. Mən yeddi yaşımdan 12 yaşıma qədər Qaradağda Horand kəndində, sonra Vəlibəyli obasında Ünküt eli içərisində yaşamışam. Paskeviçlə Naibüssəltənə1 arasında başlanan müharibədən bir il əvvəl Arazın bu tayına – rus torpağına keçib gəlmişəm.

 

“Həkim çullu” isə “biyabani” (çöllü) demək deyildir. Çul türk dilində atın belinə salınana deyirlər. Rəvayətə görə, 90 il bundan əvvəl, dərviştəbiətli bir həkim səyahət məqsədilə Irandan Nuxaya gəlmiş və bir müddət bu şəhərdə qalmışdı. Onun təbabətdə və bir sıra qəribə elmlərdə, guya, tam məharəti varmış. Onun adı bu şəhərdə və onun ətrafında məşhurdur. Həmişə çula büründüyünə görə “Çullu həkim” adı ilə şöhrət tapmışdır. Yə’ni çul və ya kəpənək geyinən həkim. Nuxa camaatı hələ bu günə qədər həmin həkimi kimya sirlərini bilən bir adam kimi zənn edirlər.

Üçüncüsü – əziz qardaşım! “Kəmalüddövlə məktubları” barədə qeyd etmişsiniz ki, onları hələ oxumamışsınız. Pəs haradan bilirsiniz ki, bədxahlıq məqsədilə yazılmışdır? Burada bədxahlıq yoxdur. Ancaq irad tutmaq və tənqid vardır. Bu isə çox böyük bir məsələdir. Onun izahı üçün uzun-uzadı danışmaq lazım gəlir. Əlbəttə, belə bir izahat bu məktuba sığışmaz. Ona görə də qısaca yazıram ki, siz gərək tənqidin şərtlərindən xəbərdar olasınız ki, bu məsələdən də baş çıxara biləsiniz.

Irad tutulmadan istehzasız, məzəmmətsiz və məsxərəsiz tənqidi əsər yazıla bilməz. “Kəmalüddövlə məktubları” moizə, nəsihət deyil, tənqiddir. Insanlar pis əməllərə adət etdiyi bir halda, tənqid vasitəsilə olmayıb, moizə, nəsihət və ata məhəbbəti tərzində yazılan bir əsərin bəşər təbiətinə heç bir tə’siri olmayacaqdır.

İnsanların təbiəti moizə və nəsihətləri oxuyub, dinləməyə nifrət edir. Halbuki insanlar tənqidi əsər oxumağa həmişə həvəskar olurlar.

Avropa filosoflarının təcrübələri və bir çox inkaredilməz həyati dəlillər sübut etmişdir ki, tənqid, istehza və məsxərədən başqa, pis və yaramaz əməlləri insan təbiətindən heç bir vasitə ilə məhv etmək olmaz. Əgər nəsihət və moizənin insanlara tə’siri olsaydı, mərhum Şeyx Sə’dinin “Gülüstan” və “Bustan” əsərləri əvvəldən-axıra qədər nəsihətdir. Pəs nə üçün Iran camaatı 600 ildən bəri onları oxuyur, lakin oradakı nəsihət və moizələrə əsla əhəmiyyət vermir?! Nəticədə isə zülm və istibdad gündən-günə artır ki, əskilməyir.

Nə isə, biz bu barədə mübahisəyə girişməməliyik. Əgər mübahisəyə başlasaq, heç bir şübhə ola bilməz ki, siz məğlub olarsınız. Tənqid fənni islam ədəbiyyatında bu günə qədər hələ tətbiq edilməmişdir.

Məhz buna görə də siz bu kimi əsərlərdən tez qorxuya düşürsünüz. Nəhayət, xalqı tərbiyələndirmək, həmməzhəblərimizin əxlaqını saflaşdırıb islah etmək, dövləti nizam-intizama salıb, onun əmrlərinin və qadağan etdiyi işlər haqqındakı hökmlərinin tə’sirini artırmaq üçün tənqiddən faydalı heç bir vasitə ola bilməz.

Kəmalüddövlə vaiz və nəsihətçi deyil. O, tənqidçidir. Əgər o, vaiz və nəsihətçi olsaydı, ona da Molla Məhəmməd Rəfi Vaizi-Qəzvini kimi baxardılar. Əsərləri də Molla Rəfinin yazdığı “Əbvabül-cinan” kimi duzsuz, tamsız, ləzzətsiz çıxardı. Elə bir adam tapa bilərmisiniz ki, “Əbvabül-cinanı” öz meyli ilə kəsalətsiz oxumuş olsun? Kitabının adından belə adamın zəhləsi gedir.

Lakin, Kəmalüddövlənin məktubları bir şəxsin əlinə keçərsə, yeyib-yatmağı özünə haram edərək, bulaq başına çatan susuz bir adam kimi onları oxuyacaq və onların mətləblərini anlamağa, onlardan ibrət almağa və bilik əldə etməyə çalışacaqdır. Oxuduqdan sonra istər-istəməz belə bir qərara gələcəkdir ki, tənqidçinin pislədiyi hər bir əməldən uzaqlaşmaq və tə’rif etdiyi əməlləri mütləq icra etmək lazımdır.

İndi görün, nəsihətlə tənqid və nəsihətçi ilə tənqidçi arasında nə qədər böyük fərq vardır! Tənqidin moizə və nəsihətdən bu qədər üstün olmasının səbəbi nədir? Tənqidi əsəri susamaq ehtirasına oxşar bir həvəslə oxumaq meyli haradan doğulubdur? Bu üstünlüyün səbəbiodur ki, tənqidi əsər istehza, gülgü və məsxərə yolu ilə yazılır. Bunagörə də tənqidin oxunuşuna bu qədər böyük həvəs vardır. Bu elə bir gizli sirdir ki, onu Avropa alimləri kəşf edə bilmişlər. Mənim xalqım bu sirdən hələ də xəbərsizdir. Əgər inşallah, Kəmalüddövlənin məktubları nəşr edilərsə, mənim xalqım da tərbiyə və mə’rifət meydanına qədəm qoyar. Deməliyəm ki, mənim xalqımın fitri iste’dadı Avropa xalqlarının fitri iste’dadından qat-qat artıqdır.

Tənqidin moizə və nəsihətdən üstünlüyünü sübut edən ən parlaq misal sizin gözünüz qarşısındadır. Nə üçün uzağa gedək? Fərz edək ki, bir vaiz nəsihətçi ata məhəbbəti şivəsində bir kitab yazaraq, kimyanın həyatda mövcud olmadığını xalqa anlatmaq istəmişdir. Digər tərəfdən isə başqa bir şəxs ortaya çıxmış və “kimya yoxdur və ya kimyanın olduğuna inanmaq olmaz”, – sözlərini dilinə belə gətirmədən ancaq tənqid və istehza məqsədi ilə “Molla Ibrahim Xəlil” hekayətini yazaraq, xalq arasında yaymışdır. Indi deyin görək, bu iki növ əsərdən hansının insanların təbiətindəki tə’siri üstün və aşkardır? Söz yox ki, “Molla İbrahim Xəlil” hekayətinin! Çünki bu əsər tənqid və istehza üsulu ilə yazılmışdır.

Tənqidin nəsihətdən başqa bir fərqi də vardır. O da bundan ibarətdir ki, müasir adamların və gələcək nəsillərin əxlaq və tərbiyəsini islah etmək işində nəsihətin qətiyyən tə’siri yoxdur. Halbuki tənqid müasir insanların əxlaq və tərbiyəsinin islahı və təkamülündə tə’sirsiz qalmadığı kimi, gələcək nəsillərin əxlaqı və tərbiyəsinin islah və təkamülündə də tam tə’siri vardır. Bu cəhətdən o, arzu edilən nəticəni verə bilər. Bu mətləbin də geniş şərh və izaha ehtiyacı vardır. Bu sözün haqq olmasına dair Avropa alimləri geniş fikirlər söyləyib, əsərlər yazmışlar. Avropa dövlətləri isə milyonlarla pul sərf edib, hər bir böyük şəhərdə teatr adı ilə əzəmətli binalar tikdirmişlər ki, qadınlar və kişilər oraya yığışaraq, öz həmvətənləri haqqında tənqid və istehza ilə yazılmış əsərlərə qulaq assınlar və məsxərəyə qoyulanların vəziyyətini görüb, onlardan ibrət alsınlar. Çünki onlar başa düşmüşlər ki, moizə və nəsihətin insan vaxtını zay etmək və insana kəsalət gətirməkdən başqa faydası yoxdur.

Siz Kəmalüddövlədən ata nəsihətləri eşitmək təmənnasında olmayın! Birdəfəlik bilin ki, nəsihət və moizə istər ata məhəbbəti ilə olsun, istərsə də cəhənnəm qorxusu və buna oxşar başqa təhdidlər altında söylənilsin, fərqi yoxdur, insan təbiətinə heç bir tə’sir edə bilməz.

Bütün oğrular, yolkəsənlər, qatillər, zalimlər, müstəbidlər, fırıldaqçılar – hamısı cəhənnəmin vəsfini dönə-dönə eşitmişlər, moizələrə və nəsihətlərə az-çox qulaq asmışlar. Lakin bununla belə, yenə də öz pis əməlləri və xasiyyətlərindən əl çəkməmişlər. Amma insanları öz tay-tuşları, tanış və dostları yanında rüsvay etməyə səbəb olan tənqid, istehza və məsxərə onları pis əməllərdən çəkindirir. Əgər bir şəxs sizinlə mübahisəyə girişib, bunun əksini iddia edərsə, onun dəlillərini mənə bildirin ki, Avropanın ən məşhur filosoflarının əsərlərinə istinad edərək, ona elə dəlilli, sübutlu bir cavab verim ki, bütün iddiaları alt-üst olsun.

Kəmalüddövlənin tənqidindən nə üçün inciyək gərək? Kəmalüddövlə yad adam deyildir. O, bizim həmməzhəbimiz, həmvətənimizdir.

O, öz xalqımızın oğludur, o, elə bir qardaşımızdır ki, öz doğma qardaşlarının əxlaq və əməllərini rişxəndə, istehzaya tutur.

Dördüncüsü – siz yeni əlifbanın surətini istəmişdiniz. Bildirməliyəm ki, hələ lap əvvəllərdə mən yeni əlifba layihəsini bir növ tərtib etmişdim ki, bütün nöqtələr düşüb və sait hərflər, yə’ni e’rab, samit hərflərin yanında bitişik yazılırdı. Sonra cənab Ruhül-qüds başqa bir layihə düzəltmişdir ki, kəlmələrin tərkibində hərflərin bitişik yazılması da ləğv edilir və kəlmələr fasilədən və ayrı-ayrı yazılan hərflərlə yazılır.

Bütün nöqtələr atılır və saitlərin hamısı Avropa xalqlarının əlifbası kimi samit hərflər sırasına daxil edilir. Doğrudan da Ruhülqüdsün əlifbası mənim tərtib etdiyim əlifbadan çox-çox asandır. Buna görə də mən onun razılığı və məsləhəti ilə, onun tərtib etdiyi layihədə bə’zi dəyişikliklər əmələ gətirdikdən sonra hərflərin nümunəsini Maarif Nazirliyinə göndərmişəm və yazmışam ki, ya Ruhül-qüdsün bu əlifbasını qəbul etsinlər, ya da bu şərtlər əsasında bəyəndikləri şəkilləri daxil etməklə, başqa bir əlifba düzəldərək onu həyata tətbiq etsinlər.

Beləliklə də, mənim yanımda Ruhül-qüdsün əlifbasının surəti qalmamışdır ki, üzünü çıxardıb sizə göndərim. Mənim keçmişdə düzəltdiyim əlifbanın surəti də qalmamışdır. Əgər istəsəniz, orada Maarif Nazirliyinə müraciət edib, həm mənim keçmiş əlifbamı, həm də Ruhül-qüdsün tərtib etdiyi yeni əlifbanın surətlərini alaraq, hər ikisini oxuya bilərsiniz.

Sizdən xahiş edirəm ki, cənab Ruhül-qüdsün yeni əlifbası və onun lüzumuna dair yazmış olduğu kitabçanı hörmətli Mirzə Yusif xandan alıb oxuyasınız. O zaman başa düşərsiniz ki, 15 milyonluq İran əhalisi arasında nə üçün heç olmazsa, yarım milyon savadlı adam yoxdur.

Lakin Avropa ölkələrində bütün xalq savadlıdır.

Xahiş edirəm, mənə hərdənbir məktub yazasınız. Mən də sizi maraqlandıran məsələlər haqqında sizə yazıb, mə’lumat verəcəyəm.

Bir də öz məktubunuzda cənab Ruhül-qüdsdən bərk incidiyinizi bildirmişsiniz ki, nə üçün o, yazılarını e’tiraz və istehza ilə yazıb, lazım idi ki, çox mülayim şəkildə, yə’ni vaiz və nəsihətçi kimi yazaydı.

Doğrudur, cənab Ruhül-qüdsün bütün yazıları və kitabçaları Kəmalüddövlənin məktubları kimi tənqid şəklində yazılmışdır. Məhz buna görədir ki, bütün savadlı insanlar onları vəsfəgəlməz şövq və zövqlə oxuyurlar. Siz istəyirsiniz ki, Ruhül-qüds sizin üçün e’tirazsız, məsxərəsiz, şirin moizələr və ata nəsihətləri yazaydı ki, təsadüfən əlinizə keçəndə də, məhəl qoymadan otağın bir küncünə tullayaydınız.

Beləliklə də, məzmununu bir kimsə eşidib-bilmədən kağızı çürüyüb tələf olaydı?

Pəh-pəh, əcəb zövq və səliqə sahibisiniz!.. Xeyr, belə deyil. Mən güman edirəm ki, siz moizə və nəsihəti tənqiddən üstün tutan bir zövq və səliqəyə malik deyilsiniz.

*Cənab Ruhül-qüds bir yerdə yazır: “İngiltərə hökuməti istəyir Sistanı alıb Əfqanıstana ilhaq etsin. Məşvərət məclisində İran vəzirləri deyirlər:

“Bu işin çarəsi yalnız ondan ibarətdir ki, İngiltərə səfirliyinin mütərcimi Mirzə Ağa Xoylu ilə aranı sazlayaq”.

Sizin səliqənizə görə, bu mətləbi necə demək lazımdır ki, həm nəsihətamiz olsun, həm də İran vəzirlərinin əhvalını bu qədər fikir aydınlığı, ifadə gözəlliyi və ləzzətlə bəyan etmiş olsun. İran vəzirlərinə bu sözləri isnad etmək, əlbəttə, böhtan və iftiradır, lakin onlardan bəzən elə əməllər baş verir ki, Ruhül-qüdsün nöqteyi-nəzərincə, guya onlar bu ağılda və şüurdadırlar. Bu sözlərdən onların qabiliyyəti hər bir oxucuya mə’lum olur.

Nə isə, Ruhül-qüds və Kəmalüddövlə – hər ikisi əsərlərini nə cür yazmaq lazım gəldiyini çox gözəl bilirlər.

Sə’dinin və Molla Rəfi Vaizi-Qəzvininin dövrü keçmişdir. Əsrimiz başqa əsrdir. Məktubumuzda yazdığımız kimi, nəsihətləri və moizələri dinləyərək, onlara əməl edəcəyinizi iddia etməyin! Kəmalüddövlə və Ruhül-qüds hər ikisi bilirlər ki, insan cəmiyyəti uşaqlıq dövründən keçib, kamal dövrünə çatdıqdan sonra bu cür iddialar, bəşər təbiətinə müxalif olan iddialar sayılır.

 

Mirzə Fətəli Axundzadə tərəfindən yazıldı.

15 məhərrəm, hicri 1283-cü il [25.III.1871-ci il]

Tiflisdə

<< Geri