AKADEMIK DORNA MƏKTUB |
Cənab Boris Andreyeviç! Müsəlman əlifbasının natamamlığı şərqşünasların çoxuna məlumdur; müsəlman yazısını öyrənmək, demək olar ki, Çin heroqlifi kimi, zehnə deyil, yaddaşa möhtacdır. Əvvəla, sözlərdə tamamlanmış səslərin əmələ gəlməsi üçün lazım olan hərflərin bir neçəsi əlifbada yoxdur. İkincisi, saitlərin böyük hissəsi onların yardımı ilə tələffüz olunmalı samitlərin yanında yazılmır, bunu oxucu özü nəzərə almalıdır. Bu da oxucu üçün o vaxt müyəssər olacaq ki, yazılmayan saitləri oxumağa qədər kamilləşə bilsin. Bununla da illər keçir, qiymətli vaxt boş yerə hədərə gedir. Üçüncüsü, hərflərin çoxunun yazılış şəkli eynidir və yalnız nöqtələrlə fərqlənirlər. Bu nöqtələr də çox vaxt katiblər tərəfindən yazılmır, onları ayırd etmək oxucunun öz öhdəsinə buraxılır. Yazının belə vəziyyəti onunla nəticələnir ki, müsəlman əhalisi arasında on min nəfərdən bir nəfər savadlı ancaq tapılır. Bu, onların savadlanmaq istəmədiklərindən deyil, həmin işin çətin başa gəlməsindən irəli gəlir. Qadınlar isə büsbütün savadsız qalırlar. Avropalılara gəldikdə, izah etdiyimiz çətinliklər üzündən onlar müsəlman dillərinin yazısını öyrənməkdə asiyalılardan daha çox əziyyət çəkirlər. Sivilizasiyanın indiki sürətli nailiyyətləri dövründə yazının belə qeyri-təbiiliyi mədəni dünyanın Şərq ədəbiyyatına sarı gedən yolunu həmişəlik bağlaya bilməzdi, onun əlifbasında mütləq dəyişiklik əmələ gəlməli idi. Ancaq mən bu sadalanan çatışmazlıqlara hamıdan qabaq diqqət yetirdim və müsəlman əlifbasını dəyişmək qərarına gəldim: bütün nöqtələri atdım, yazılmayan saitləri əlifbaya daxil etdim, onlar üçün münasib fiqurlar ixtira etdim, əlifbanı çatışmayan hərflərlə təkmilləşdirdim. Hər hərf üçün xüsusi, nöqtəsiz fiqur tapdım, bir sıra lazımi durğu işarələri, düzgün yazmaq qaydaları və ən asan əlifba tədrisi metodikası təsis etdim. Xaraktercə köhnədən fərqlənməyən bu əlifba ərəb, fars, tatar (Azərbaycan – H.M.) dillərinin öyrənilməsi məqsədinə tam xidmət edə bilər. Həmin layihənin kitabını mən baxılmaq üçün artıq Iran və türk saraylarına göndərmişəm. İndi isə bu layihəni sizin maarifpərvər diqqətinizə çatdırıram. Əgər mənim fikirlərim sizin təsdiqinizə layiq görülsə, xahiş edirəm onları müzakirə üçün elm sahəsində hər cür xeyirxah niyyətləri maarifpərvərcəsinə himayə edən imperator Elmlər Akademiyasına təqdim edəsiniz. Ümidvaram ki, ictimai fayda üçün Akademiya bu məsələyə diqqət yetirəcək və layihə barədə öz rəyini və qərarını bildirməklə məni şərəfləndirəcəkdir. Mənə elə gəlir ki, bəşəriyyət üçün faydalı olan bu iş müsəlman xurafatı mülahizələri ilə rədd edilməyəcəkdir. Ona görə ki, hicrətdən 300 il sonra müqəddəs kitabların yazıldığı kufi adlanan islam əlifbasının dəyişilməsinə yol verilmişdir.
Dərin hörmət və hüdudsuz sədaqətlə,
Kapitan Mirzə Fətəli Axundzadə.
12 mart 1859-cu il, Tiflis şəhəri |
|