M.F.Axundzadə adına bağ (bağça)

Bakıda Səbael rayonu ərazisində M.F.Axundzadənin adını daşıyan bağçada 1928-ci ildə heykəlin özülü qoyulmuş, abidənin rəsmi açılışı isə 1930-cu il may ayının 2-də olmuşdur (heykəltəraş P.Sabsay).

M.F.Axundzadənin abidəsi Bakının mərkəzində, bir neçə küçənin kəsişdiyi yerdə - kiçik bir bağçada yerləşdirilib. Heykəltəraş öz əsərini hazırlayarkən onu küçə səs-küyündən uzaq olan bir yer üçün nəzərdə tutmuşdur. Bunu onun qabaritlərindən də görmək olur. Heykəl yerləşdirilən zaman bağçanın memarlıq işləri hələ tam başa çatmamışdı. Ancaq sahənin ölçüsü, əvvəllər tikilmiş binalar və onlara uyğunlaşdırılmış monumentin ölçüləri, yeni tikilərin həcmini və xarakterini müəyyən edirdi. Nəticədə bütün işlər tamamlandıqdan sonra ansamblın kompozisiya mərkəzi heykəl əsəri oldu. O vaxtdan bu günə kimi çox böyük bir müddət keçir. İnsanların estetik görüşlərində və tələblərində çox şeylər dəyişilib. Yalnız Axundzadənin heykəli zamanın böyük sınağından keçdi. P.Sabsay tərəfindən əbədiləşdirilən böyük Azərbaycan yazıçı-dramaturqu, materialist filosofu, ictimai xadiminin obrazı müasir zamanla uğurla ayaqlaşır.

Bağ bir neçə dəfə bərpa olunub - son işlər 2008-ci ildə aparılıb. Ərazi yenidən qurulmuş, bir sıra yaşıllaşdırma işləri görülmüşdür.

 

 
   
 

<< Geri