Sübhün səfiri, (2011 çəkilir) bədii filmGörkəmli Azərbaycan dramaturqu Mirzə Fətəli Axundovun 200 illik yubileyi münasibəti ilə ekranlaşdırılan Sübhün səfiri adlı filmin çəkilişləri davam edir. Ekran əsəri ilə bağlı çəkilişlər həm də Türkiyədə aparılır. Böyük maarifçi Mirzə Fətəli Axundov milli mədəniyyətimizin özülünü təşkil edən şəxsiyyətlərdən biridir. Məhz bu səbəbdən də ekran əsəri Sübhün səfiri adlandırılıb. Filmdə ədibin uşaqlıq illərindən başlayaraq həyatının sonuna qədər keçdiyi ömür yoluna nəzər salınır. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasında istehsal olunur. Filmin çəkilişləri Türkiyədə və Şəkidə aparılır. Türkiyədə çəkiliş üçün yaradıcı heyət bir həftə ərzində İstanbulda olublar. Burada M.F.Axundzadənin əlifba məsələsi ilə bağlı fəaliyyətini və həyəcanlarını əks etdirən üç epizod lentə alınır. Çəkilişlərə türkiyəli aktyorlar da cəlb ediliblər. Sübhün səfiri filminin ssenari müəllifi xalq yazıçısı Anardır. Filmdə Mirzə Fətəli Axundovun gənclik dövrünü gənc aktyor Nicat Həbibov, 50 yaşından ömrünün sonuna kimi olan dövrü isə xalq artisti Rasim Balayev canlandırır. iki seriyalı Sübhün səfiri bədii-sənədli filminin quruluşçu rejissoru Ramiz Həsənoğlu, quruluşçu operatoru Kənan Məmmədov, rəssamı Rafiz İsmayılov, geyim üzrə rəssam Şahin Həsənli, bəstəkarı Cavanşir Quliyev, rejissoru Akif Rüstəmov, icraçı prodüseri Adil Qulamov, qrim ustaları Elbrus Vahidov və İradə Gülbabayevadır. |