2012 Nizami, Axundzadə və Sabirin yubiley ilidir
Bu il Azərbaycanın üç böyük ədibinin - Nizami Gəncəvinin 870, Mirzə Fətəli
Axundzadənin 200 və Mirzə Ələkbər Sabirin 150 illik yubileyləri dövlət
səviyyəsində qeyd olunacaq. Prezident İlham Əliyev bu işlər barədə müvafiq
sərəncam imzalamışdır. Mədəniyyət və Turizm Nazirliyində bu yubileylərin yüksək
səviyyədə keçirilməsi ilə bağlı görüləcək işlər müzakirə olunub.
Qərara alınıb ki, yubileylər çərçivəsində böyük ədib və mütəfəkkirlərin əsərləri
nəşr olunsun, çap məhsulları Azərbaycanda və beynəlxalq kitab sərgilərində
nümayiş etdirilsin, səyyar sərgilər keçirilsin. Bakıda beynəlxalq elmi
konfransların təşkili, ölkədə fəaliyyət göstərən bütün dövlət teatrlarında,
habelə türkdilli ölkələrdə, MDB məkanında M.F.Axundzadənin əsərlərinin tamaşaya
qoyulması, hər üç ədibin doğulduğu məkanlara - Gəncə, Şəki və Şamaxıya turist
səfərlərinin təşkili və s. təkliflər səslənib. M.Ə.Sabirin yubileyi ilə bağlı
yekun tədbir mayın sonlarında, N.Gəncəvinin yubileyi ilə əlaqədar yekun tədbir
oktyabrın əvvəllərində keçiriləcək, M.F.Axundzadənin yubileyinə isə noyabrda
yekun vurulacaq.