XIX əsrdə Qafqazın siyasi və mədəniyyət mərkəzlərindən sayılan Tiflisdə yaşayan on minlərlə azərbaycanlıdan biri də Mirzə Fətəli Axundzadə idi. Canişinliyin dəftərxanasında qulluqda olan kapitan Mirzə Fətəli Axundzadə 1850-1852-ci illərdə Molla İbrahimxəlil kimyagər, Lənkəran xanının vəziri, Müsyö Jordan və dərviş Məstəlişah, Hacı Qara, Xırs Quldurbasan, 1855-ci ildə Mürafıə vəkilləri komediyalarını yazıb oxuculara təqdim etmişdi. Təmsilat adlanan bu altı əsər qısa müddətdə fars, fransız, rus, alman, gürcü... dillərinə tərcümə edilmişdi. Hətta Tiflisin ev teatrlarında rus dilində göstərilmişdi. Peşəkar dramaturgiyamızın təşəkkülü milli peşəkar teatrın doğuluşundan 23 il əvvəl baş verib. Bakı realnı məktəbin müəllimi, görkəmli maarifpərvər, Azərbaycanda ilk mətbu orqanı olan Əkinçi qəzetinin naşiri (1875) Həsən bəy Zərdabi öz şagirdləri Nəcəf bəy Vəzirovun və Əsgər bəy Adıgözəlov Goraninin rəhbərliyi ilə tamaşa hazırladılar və Novruz bayramında Nəciblər klubunda göstərdilər. Tamaşa Mirzə Fətəli Axundzadənin Lənkəran xanının vəziri komediyası idi və 10 mart 1873-cü ildə oynanıldı. Bir müddət sonra, aprelin 17-də həmin dəstə dramaturqun Hacı Qara komediyasını da oynadı. Beləliklə milli peşəkar teatrımızın tarixi 10 mart 1873-cü ildən hesablanır. Bu gün eyni zamanda həm də bugünkü Akademik Milli Dram Teatrının da tarixidir. Azərbaycanda peşəkar teatrın təşəkkülündən iyirmi üç il əvvəl milli dramaturgiyamız və həmin vaxtdan (1850) başlayaraq ədəbiyyatşünaslığımız pyes (faciə, məzhəkə, dram) janrının nəzəri prinsiplərinin elmi əsaslarını öyrənərək çağdaş səviyyəyə gətirmişdir. Azərbaycan dramnəvisliyinin banisi fəxri tacını daşımaq və bununla böyük bir ədəbi məktəbin bünövrəsini qoymaq səadəti Mirzə Fətəli Axundzadəyə nəsib olmuşdur. Mirzə Fətəli Axundzadənin Təmsilatını Molla İbrahimxəlil kimyagər, Müsyö Jordan və dərviş Məstəlişah, Lənkəran xanının vəziri, Xırs quldurbasan, Hacı Qara və Mürafiə vəkilləri pyesləri təşkil edir. Bədii məntiqin dayağı üçün milli ənənə olmadan belə qısa müddətdə bu cür dəyərli sənət inciləri yaratmaq yalnız mütəfəkkirlərin qismətindədir. Sadə, bədii kompozisiyalı, həyati mövzusu və obrazlı dili, tez anlaşıqlı, mənası, güclü tərbiyəvi təsiri, tipik koloriti, duzlu-dadlı obrazları olan təmsilat toplusu Azərbaycan milli teatrının doğuluşunu təmin etmişdir. Həm oxu, həm də səhnə üçün yazılmış komediyalar yalnız Akademik Milli Dram Teatrının deyil, həmçinin Gəncə, Naxçıvan, Şuşa, Tiflis, Quba, İrəvan, Şəki... teatrlarının da bünövrə sütunu olub. Mirzə Fətəli Axundzadənin komediyaları Akademik teatr aktyor məktəbinin formalaşmasında misilsiz xidmətlərə malikdir. Azərbaycanın, o cümlədən haqqında söhbət gedən sənət ocağının demək olar bütün rejissorları bu irsdən daima bəhrələnirlər.
|