M.F.Axundovun yaradıcılıq yolunu səciyyələndirən tarix səhifələrini vərəqləyərkən biz böyük iftixar hissi keçiririk ki, xalqımız ağır zamanlarda, gerilik, dini fanatizm şəraitində belə görkəmli şəxsiyyət, öz dövrünü qabaqlayaraq gözəl əsərlər yaradan bir insan yetişdirmişdir...

H.Ə.Əliyev,

ümummilli lider


Mirzə Fətəli Axundzadə bütün həyatı boyu doğma vətəninin və xalqının tərəqqisi yolunda yorulmadan çalışaraq yeni dövrün irəli sürdüyü mühüm elmi, mədəni və ictimai-siyasi məsələlərə daim fəal münasibət ifadə edən və zamanın qabaqcıl ideyalarından bəhrələnməyə çağıran yaradıcılığı ilə Azərbaycan mədəniyyətinin inkişafı tarixində parlaq səhifə açmışdır.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti


M.F.Axundov ümumi Şərq xalqlarını, xüsusən azərbaycanlıları maarifləndirmək, yeni mədəniyyət aləminə daxil etmək, feodalizm, despotizm və din əsarətindən xilas etmək uğrunda mübarizə apararkən, ictimai ünsiyyətin əvəzsiz vasitəsi - mədəniyyətin forması və ən kəskin silahı olan dili nəzərdən qaçırmamış, hətta dil və onun təzahur forması olan yazı (yəni özünün qəbul etdiyi kimi – “Qrafik dil”) məsələsi ilə xüsusi məşğul olmuşdur. O, dil və dilçilik məsələləri ilə həm nəzəri, həm də əməli surətdə məşğul olmuş, əməli əhəmiyyəti olan ən mühüm sahələrə əl atmış və ən xəstə cəhətləri sağaltmağa cidd-cəhd ilə çalışmışdır.

Ə.Dəmirçizadə

professor


Mən Tiflisdə qulluq edən vaxtda mərhum M.F.Axundzadə öz komediya kitabının bir cildini mənə vermişdi. Gimnaziyada əlliyə qədər müsəlman şagirdləri var idi ki, onların otuzu pansionda oxuyurdular. Onlardan 10-15-i axırıncı klaslarda idilər. Bir neçə gün onları yığıb Mirzə Fətəlinin komediyalarını onlara oxuyub təvəqqə elədim ki, birisini seçib oynasınlar. “Hacı Qara”nı seçdilər... Elannamələr yazıb payladıq ki, filan günü, filan yerdə müsəlman teatr çıxaracaq. Oynayanlardan hər kəs qəribə-qürəbalardan özlərinə paltar və qeyri tapdılar. Otaqların bir böyügündə teatr çıxartdıq.

H.Zərdabi,

maarif xadimi


M.F.Axundov yalnız Azərbaycanda deyil, Yaxın Şərqdə də realist ədəbi məktəbin bayraqdarı, dramaturgiyanın, yeni realist prozanın, inqilabi demokratik ədəbiyyatşünaslığın pioneri, rus mədəniyyətinin carcısı, görkəmli alim, materialist nəzəriyyəçi, böyük demokrat və maarifçidir.

F.Qasımzadə,

professor


“Vəziri-xani-Lənkəran” pyesinin müəllifi M.F.Axundovdur. Onun komediyaları xarici dillərə də tərcümə olunmuşdur. Bir zamanlar o, rus yazıçılarının da diqqətini cəlb etmişdir. Sənəti çox gözəl bilən, istedadlı tənqidçi Apollon Qriqoryev onu Molyerlə müqayisə etmişdir.

Mən etiraf etməliyəm ki, bizim pyeslərimizdə rast gəlinən və bizdə təəssüf doğuran mənasız gülüş, boş sözlər bu pyesdə yoxdur.

A.Sereteli,

gürcü şairi


Mirzə Fətəli Axundovun komediyalarının türk səhnəsində görsənməsi əgər bir böyük tarixdirsə, buna iki şey bais olubdur: biri budur ki, Mirzənin komediyaları ümumiyyətlə xeyli dəyərli əsərlərdir; elə bir əsərlərdir ki, onlarla nəinki bizim yox mənziləsində olan səhnəmiz fəxr edə bilərdi, bəlkə bir belə pyeslər sair mütəmməddin millətlərin səhnələrini zinətləndirməyə qabil ola bilərdilər. Biri də budur ki, Mirzə Fətəlinin komediyalarında Şərq qadını ilk dəfə səhnəyə çıxıbdır, orada danışıbdır, gülübdür, ağlayıbdır və o orada birinci dəfə kişilər içində izhari-vücud eləyibdir.

C.Məmmədquluzadə,

ictimai xadim


Mirzə Fətəli həqiqi bir demokrat idi, o, demokratizmin forması içərisində dolaşmışdı. Lakin, bir-birini tamamlayan ruhaniləri, feodalları, müstəbidləri inkar etməklə, o, istismar edilən zəhmətkeş kütləyə, işçi və kəndlilərə doğru böyük bir addım atdı. Mirzə Fətəli bu məzlum xalqı savadlandırmaq və bilikli etmək istəyirdi ki, onlar gələcəkdə öz tarixlərini yarada bilsinlər.

S.Ağamalıoğlu,

dövlət xadimi


Gənc Mirzə şiddətli zəkası ilə dan ulduzu kimi parlamış, özündən sonra yetişən gənc şair və ədiblərə uzun bir müddət rəhbər və mürşid olmaqla bərabər yenə də tarixi-ədəbiyyatımızda hamıdan yüksək bir mövqe tutaraq, hamısının məfövqündə qalmış və şəxsiyyəti-ədəbiyyəsini, şöhrəti-qələmiyyəsini mühafizə edə bilmişdir.

A.Şaiq,

yazıçı


M.F.Axundov elə bir adamdır ki, onun xidmətləri çox böyükdür. O, yalnız bizim zəmanəmizdə öz layiqi qiymətini almışdır. Filosof, dramaturq və ictimai xadim olan M.F.Axundov öz ölkəsinin mədəniyyəti ilə rus mədəniyyəti arasında canlı əlaqənin timsalıdır.

Lui Araqon,

fransız yazıçısı


Mirzə Fətəli bir ədib və bir şair olmaqdan daha artıq bir cəmiyyətçi, bir əməlpərvərdir. Onu yazıçılığa təhrik edən və bədii zövqündən daha artıq ictimai məfkurəli idi. O, yazılarını bir sənət adına deyil, bəlkə ictimai məfkurəsi adına yazır və öz əsərlərindən sadə bədii bir zövq deyil, həyat və cəmiyyət üçün bir nəticə gözləyirdi. O, ədəbiyyatı öz duyğularının, öz məfkurələrinin bir tərcümanı kimi tanıyır, ...öz məfkurələrini həyata keçirmək və yaymaq üçün bir vasitə bilirdi... Lakin bunların hamısına baxmayaraq, biz Mirzə Fətəlini hər şeydən artıq yenə də bir ədib kimi tanımaq istərdik. Nə qədər ədəbiyyat onun fikirlərini yayacaq bir vasitə olmaq üzrə götürülmüş isə də, hər halda burada Mirzə Fətəli o qədər böyük məharət, bir istedad göstərmişdir ki, hər şeyi geridə buraxıb, ədəbi bir sima kimi ortada qalmışdır.

C.Cabbarlı,

Əməkdar incəsənət xadimi


Görkəmli yazıçı və filosof-materialist Mirzə Fətəli Axundovun banisi olduğu XIX əsr maarifçi demokratların irsi kimi gözəl, tərəqqipərvər bir irs Azərbaycan sovet ədəbiyyatının ənənələrinə daxildir.

A.Fadeyev,

rus yazıçısı


Axundovla yanaşı bu gün Türkiyədə türk xalqı üçün “Molla Nəsrəddin” döyüşür... ...bizim mütərrəqi bir yazıçımız var: Əziz Nesin İstanbulda bir məcmuə çap etdirir. Həmin sayıda “Molla Nəsrəddin”in vaxtilə yapdığı bir rəsmə bənzər təsvir var... sonra burda Əziz Nesinin bir hekayəsi verilib. Hekayə bir kəndlinin dilindən Kennediyə məktubdur. Bu məktub doğrudan-doğruya Mirzə Fətəli Axundovun, “Molla Nəsrəddin”in və Sabirin ənənəsini davam etdirir.

Nazim Hikmət,

türk şairi


Dünya ədəbiyyatı tarixində bir çox böyük yazıçılar var ki, onlar tarix səhnəsinə gəlmələri ilə nəinki yeni bir ədəbiyyat yaratmışlar, eyni zamanda yeni bir tarix və öz xalqlarının mənəvi aləmində böyük bir epoxa yaratmışlar.

Bu yazıçılar öz dövrlərinin ən qabaqcıl ideyalarını özlərində canlandıraraq, öz əsrinin böyük siyasət ərləri və filosofları olaraq, öz xalqlarının ictimai şüurunda tarixi bir dönüş yaratmışlar...

Azərbaycan xalqının atası, dahi dramaturq və filosof M.F.Axundov yuxarıda dediyim epoxa yaradan, tarix yaradan yazıçılar sırasına daxildir.

Səməd Vurğun,

Xalq şairi


Mirzə Fətəli Axundov haqqında düşünəndə, istər-istəməz Prometeyi xatırlayıram. ... çünki böyük mütəfəkkir hər zaman realizmin sərt prinsiplərinə sadiq qalmışdır; çünki o, yalnız dram əsərlərində, pamfletlərində, bədii nəsrində, fəlsəfi məktublarında, tənqidi-estetik görüşlərində deyil, həm də qızğın ictimai fəaliyyətində, yeni əlifba uğrundakı nəhəng mübarizəsində, hətta özünün xəyal və arzularında heç bir zaman bu prinsiplərdən uzaqlaşmamışdır.

Mehdi Hüseyn,

yazıçı


Mirzə Fətəli Axundovun yaradıcılığı Azərbaycan sovet ədəbiyyatının qidalandığı tükənməz, qaynar bulaqlardan biridir və bütün sovet xalqlarının mədəniyyət xəzinəsinə daxil olmuşdur.

M. İbrahimov,

Xalq yazıçısı


Mən bu gün məmnuniyyətlə qeyd edirəm ki, Orta Asiya xalqlarının, o cümlədən tacik xalqının intibahı üçün inqilabdan əvvəlki Azərbaycan ədəbiyyatının böyük əhəmiyyəti olmuşdur. Mirzə Fətəli Axundovun A.S.Puşkinin ölümünə yazdığı “Şərq poeması” demək olar ki, dərhal Buxarada yayılmış və əmirliyin tərəqqipərvər xadimlərinin zəkasına yol tapmışdır.

Mirzo Tursunzadə,

tacik şairi


 Mirzə Fətəli Axundov Azərbaycan ziyalılarının ən parlaq nümayəndələrindən biridir. Həyatımızın ən qaranlıq bir dövründə, o, nadanlıq və qaranlıq dünyasına cəsarətlə hücum çəkmişdir... Müsəlmanlar bu mübariz filosofla fəxr etməlidir. Məgər onu unutmaq olarmı?.. Yubiley bayramı mütləq keçirmək lazımdır, hər necə olur - olsun, keçirmək lazımdır. Bu, müsəlman həyatının hadisələrini dərk etmək və qiymətləndirməkdə bizim yetkinliyimizi nümayiş etdirən bir imtahan olmalıdır.

Hüseyn Minasazov,

publisist, tənqidçi


Bu böyük humanist şəxsiyyətin bəhs etmədiyi heç bir böyük və ya kiçik məsələ olmamışdır. O, drama, hekayə və şeirdən başlamış fəlsəfə, din, etika, moral, kritika, dil, dövlət, məktəb, tədris və s. bu kimi müxtəlif məsələlərdən bəhs etmiş və hər məsələyə öz dövrünə görə konkret və aydın cavab verə bilmişdir. M.F.Axundov ictimai-siyasi məsələlərlə maraqlanır, ictimai həyatın dəyişməsi üçün çarələr axtarırdı. O, Rusiya və Qərbi Yevropa kulturası ilə tanış olur... Böyük rus xalqının dilini, kulturasını dərindən öyrənmişdi. Azərbaycan ictimai fikri inkişafında qüvvətli dönüş yaratmışdır. M.F.Axundov Spinozanı, XVIII əsr fransız materialistlərini, Volteri, Boklı, Çernışevskini və s. böyük mütəfəkkirlərin əsərlərini dərindən tədqiq edib öyrənmişdi.

Heydər Hüseynov,

filosof


Hər millətin arasında elə şəxslər zühur edir ki, istiqlali-milləti və zərurəti zəmanı fəhm və dərk edib millətə ruhi-nicat göstərir və bu təriq ilə milləti tərəqqi və təaliyə sövq edir. Millət belə yeganəyi - əsrin əfkari-aliyəsini düşünüb də, onun göstərdiyi yol ilə gedir və şəni-milləti ucaldır.

Süleyman bəy Əbdürrəhmanov,

publisist


<< Geri