1812

M.F.Axundzadə Nuxa şəhərində anadan olmuşdur.

1814

Ailəsi Nuxa şəhərindən atasının vətəni Təbrizin yaxınlığındakı Xamnə kəndinə köçmüşdür.

1821

Anası Nənəxanım Fətəlinin atası Mirzə Məhəmməd Tağıdan ayrılmış, onunla birgə Qaradağda (Cənubi Azərbaycanda) Horanid kəndində yaşayan əmisi Axund Ələsgərin yanına gəlmiş və onun himayəsində yaşamışdır.

1823-1824

Hacı Ələsgərlə Eləngut mahalına köçür. Burada onlar Vəlibəyli kəndində yaşamışlar.

1825

Ailəsi Vəlibəyli kəndindən Gəncəyə köçmüşdür.

1826-1831

Hacı Ələsgərlə Nuxa şəhərinə köçmüşdür.

1832

Gəncəyə gəlib, şair və müəllim Mirzə Şəfi ilə tanış olmuş və ondan nəstəliq xəttilə yazmağı öyrənmişdir.

1833

21 yaşında ikən Nuxa şəhərində açılan “Rus-tatar məktəbi”nə daxil olmuşdur.

1834

O, Tbilisiyə getmiş, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır.

1836

Qafqaz idarəsinin baş dəftərxanasında işləməklə bərabər, Tiflis qəza məktəbinə Azərbaycan dili müəllimi təyin edilmişdir.

1837

Rus şairi A.S.Puşkinin xatirəsinə “Puşkinin ölümü haqqında Şərq poeması”nı yazmışdır.

1841

“Təcnis”, “Təcnisi digər”, “Molla Əli” (həcv) və “Müxəmməs” sərlövhəli şeirlərini yazmışdır.

1842

  • Axund Hacı Ələsgərin qızı Tubu xanımla evlənmişdir. Onun Tubu xanımdan 13 övladı dünyaya gəlmiş, onlardan yalnız  ikisi qalmış, qalanları isə Mirzə Fətəlinin sağlığında ikən ölmüşlər. Onlardan yalnız oğlu Rəşidbəy və qızı Nisə xanım yaşamışdır.

  • İyul ayının 3-də M.F.Axundzadəyə mülki praporşik rütbəsi verilmişdir. Rusiya ilə İran hökümətləri arasında danışıqlarda iştirak etdiyi üçün İran şahı tərəfindən üçüncü dərəcəli “Şiri-Xurşid” nişanı ilə təltif olunmuşdur.

1849

İrandan Tiflisə qayıtmışdır.

1850

 M.F.Axundzadəyə  poruçik rütbəsi verilmişdir;

“Hekayəti-Molla İbrahim Xəlil kimyagər”, “Hekayəti Müsyo Jordan həkimi nəbatat və Dərviş Məstəli şah cadukuni-məşhur”, “Sərgüzəşti vəziri xani-Lənkərani” komediyalarını yazmışdır.

1851

  • “Hekayəti Müsyo Jordan həkimi nəbatat və Dərviş Məstəli şah cadukuni-məşhur” komediyası ilk dəfə Tiflisdə “Kavkaz” qəzetində rus dilində hissə-hissə çap olunmuş, Komediya ilk dəfə Peterburqda rus dilində oynanılmışdır.

  • Mart ayının 26-da M.F.Axundzadə İmperator rus coğrafiya cəmiyyəti Qafqaz şöbəsinə həqiqi üzv seçilmişdir.

1852

  • “Hekayəti - xırs quldurbasan” və “Sərgüzəşti-mərdi-xəsis” (Hacı Qara) komediyalarını yazmışdır.

  • Yanvar ayının 31-də “Hekayəti-xırs quldurbasan komediyası” Tiflis teatrında rus dilində oynanılmışdır.

1854

M.F.Axundzadəyə kapitan rütbəsi verilmişdir.

1855

“Mürafiə vəkillərinin hekayəti” komediyasını yazmışdır.

1857

“Aldanmış kəvakib” povestini yazmışdır.

1858

Qafqaz canişini dəftərxanasının yenidən təşkili ilə əlaqədar olaraq, canişin baş idarəsinin mütərcimi təyin olunmuşdur.

1859

Komediyalarını və “Aldanmış kəvakib” povestini “Təmsilat” başlığı altında Qafqaz canişinliyinin Tiflisdəki nəşriyyatında kitab halında çap etdirmişdir.

1861

M.F.Axundzadəyə mayor  rütbəsi verilmişdir.

1863-1864

Tərtib etdiyi əlifbanı müdafiə üçün İstanbula getmişdir. Bu səfərində Mirzə Məlkümxan ilə tanış olmuşdur. Həmin ildə “Çeşmə kitabəsi”, “Səidə xitab”, “Fuad Paşanın mədhi” adlı mənzumələri və “Kəmalüdövlə məktubları” adlı məşhur fəlsəfi əsərini yazmışdır.

1865

“Həcvi-Əbdürrəsülxan” adlı əsərini yazmışdır.

1868

“Həkimi-ingilis Yüma cavab” adlı əsərini yazmışdır.

1869

“Yeni əlifba haqqında mənzumə” adlı əsərini yazmışdır.

1872

May ayının 18-də Qafqaz canişini baş idarəsinin sərəncamı ilə Şərq dilləri senzuru vəzifəsinə təyin edilmişdir.

1873

  • Ona hərbi rütbə - polkovnik rütbəsi verilmişdir.

  • 8 martda “Hekayəti-vəziri-xani-Lənkəran” pyesi Bakıda tamaşaya qoyulmuşdur.

  • İyunda “Hacı Qara” pyesi Bakıda tamaşaya qoyulmuşdur.

1874

Yeni əlifbaya aid və hürufi-samitə müsəvvədənin latın və ərəb əlifbası üzrə quruluşunu təsvir edən cədvəl düzəltmişdir.

1878

Fevral ayının 26-da Tiflis şəhərində ürək xəstəliyindən vəfat etmişdir.

1930

İndiki Səbail rayonunda M.F.Axundzadənin adını daşıyan bağça və heykəli qoyulmuşdur (heykəltəraş P.Sabsay).

1938

Azərbaycan SSR XKS-də, M.F.Axundzadənin anadan olmasının 125 illiyini keçirmək barəsində qərar qəbul edilmişdir.

1939

İyun ayının 1-də Azərbaycan Dövlət Ümumi Kitabxanasına (Hazırda M.F.Axundzadə adına Milli Kitabxana) M.F.Axundzadənin adı verilmişdir.

1940

Şəkidə görkəmli mütəfəkkirin ev-muzeyi onun 1812-ci ildə dünyaya göz açdığı küçədə (indiki M.F.Axundzadə küçəsi), 1 saylı ünvanda yerləşən binada yaradılmışdır.

1962

  • M.F.Axundzadənin anadan olmasının 150 illik yubileyi Ümumdünya Sülh Şurasının qərarı ilə keçirilmiş, Ümumittifaq miqyasında təntənə ilə qeyd olunmuşdur.

  • M.F.Axundzadə adına Kitabxanada heykəltəraş İ.Zeynalovun hazırladığı büstü qoyulmuşdur.

1965

M.F.Axundzadə adına 3 Respublika Dövlət mükafatının təsis edilməsi haqqında qərar qəbul edilmişdir.

1982  

Azərbaycan KP MK-nın qərarı ilə M.F.Axundzadənin anadan olmasının 170 illiyi keçirilmişdir.   

1983

Tiflisdə  M.F.Axundzadənin ev-muzeyi və Azərbaycan Mədəniyyət Mərkəzi açılmışdır.

2005

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə M.F.Axundzadənin əsərlərinin 3 cildliyi nəşr olunmuşdur.

2007

Hər iki ad (Tiflisdə  M.F.Axundzadənin ev- muzeyi və Azərbaycan Mədəniyyət Mərkəzi) ləğv olunaraq, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi olmuşdur.

2010

Aprel ayının 13-də Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasnın Prezidenti Sərəncam vermişdir.

2011

İyun ayının 30-da Azərbaycanın Gürcüstandakı səfirliyinin və Tbilisi şəhər bələdiyyəsinin təşəbbüsü ilə böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin paytaxtda onun adını daşıyan 73 saylı Azərbaycan orta məktəbinin binası qarşısında büstü qoyulmuşdur.

<< Geri