Şəkidə M.F.Axundzadənin ev-muzeyi Respublikamızda ilk xatirə muzeyi - böyük Azərbaycan yazıçısı və filosofu M.F.Axundzadənin ev-muzeyi (Şəki) 1940-cı ildə yaradılıb. Yazıçı burada uşaqlıq illərinin bir hissəsini və ilk gənclik illərini keçirib. Muzey iki kiçik otaqdan ibarətdir. Rus yazıçısı Aleksandr Fadeyevin “eyni ilə Belinskinin Çembardakı evi kimi kiçik, amma qalın bir tədqiqat əsərindən daha mənalı” hesab etdiyi bu ev XIX əsrin əvvəllərində çiy kərpicdən tikilib, qayğıkeş insanların sayəsində bu günümüzə qədər gəlib çatıb. Burada məhz həmin dövrü əks etdirən şərait bərpa olunub. Evin yaxınlığında başqa bir tikili də var. Bu, sonradan inşa edilib və burada böyük yazıçının həyat yolu və yaradıcılığına aid ekspozisiya yaradılıb. Beləliklə, M.F.Axundzadənin ev muzeyi 2 binadan: həyat və yaradıcılığına həsr olunmuş ekspozisiya zalından və ədibin anadan olduğu evdən ibarətdir. Muzeydə 248 sayda eksponat nümayiş etdirilir.
|
|