Azərbaycan Dövlət Opera və Balet Teatrı
Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrı — Birləşmiş Dövlət Teatrı kimi 1920-ci ildə
yaradılıb. 1924-cü ildən opera truppası bu teatrdan
ayrılaraq müstəqil opera və balet teatrı (Azərbaycan və rus
bölmələri ilə) fəaliyyət göstərib.
1910–cu ilin sonlarında Bakıya Rusiyadan məşhur bir opera
müğənnisi qastrola gəlir. Müğənninin şərəfinə verilən
ziyafətlərdən birində Bakı milyonçusu Mayılov sənətçi
qadından bir də bu şəhərə nə vaxt gələcəyini soruşur.
Aktrisa "heç vaxt!" deyə cavab verir. Milyonçu bu cavabın
səbəbi ilə maraqlandıqda müğənni qadın deyir: "Belə böyük
şəhərdə oxumağa opera binası yoxdursa, gəlməyimin nə mənası
var?" Bu sözlər bakılı milyonçuya bərk təsir edir və elə
oradaca qadına söz verir ki, cəmi bir il ərzində opera
teatrı üçün gözəl bina tikdirəcək.
Gələcək teatr binası üçün Qubernski – Torqovı (indiki Nizami)
küçəsində yer alınır və tikinti başlayır. Bu cür
təşəbbüsləri həmişə alqışlayan Hacı Zeynalabdin Tağıyev
bildirir ki, belə bir binanı bir ilə tikmək qeyri –
mümkündür. Mərc gəlirlər ki, əgər opera teatrı vaxtında
hazır olsa, onun bütün xərclərini Hacı çəkəcək.
Beləliklə, cəmi on ay ərzində – 1910 – 1911-ci illərdə memar
N. Q. Bayevin layihələşdirdiyi teatr binası hazır olur.
Ölkəmizdə ən böyük musiqili teatrı olan Azərbaycan Opera və
Balet Teatrı 1920-ci ildən bu günədək bu yaraşıqlı binada
fəaliyyət göstərir. 1928-ci ildə teatra M.F.Axundovun adı
verilmişdir. Bu sənət məbədi 1959 – cu ildən Akademik Opera
və Balet Teatrı adlanır.
Azərbaycan milli opera sənətinin tarixi Üzeyir Hacıbəyovun
1908-ci il yanvarın 12 (25)-ndə tamaşaya qoyulmuş "Leyli və
Məcnun" operasından başlanır. İnqilaba qədərki dövrdə
Z.Hacıbəyovun "Aşıq Qərib" (1916), Müslüm Maqomayevin "Şah
İsmayıl" (1919) operaları tamaşaya qoyulmuşdu. Teatrın
repertuarı ənənəvi klassik opera formasında yazılmış
"Şahsənəm" (1927, R.Qlier), "Nərgiz" (1935, M.Maqomayev) və
"Koroğlu" (1937, Ü.Hacıbəyov) operaları ilə zənginləşdi.
1940-cı ildə ilk milli Azərbaycan baleti – "Qız qalası"
(E.Bədəlbəyli), "Vətən" (1945, Q.Qarayev və C.Hacıyev), "Xosrov
və Şirin" (1942, Niyazi) "Nizami" (1948, E.Bədəlbəyli)
operaları tamaşaya qoyuldu.
50-ci illərdə teatrın repertuarı "Sevil" (1953, F.Əmirov), "Azad"
(1957, C.Cahangirov) və s. əsərlərlə zənginləşdi. "Gülşən"
(1950, S. Hacıbəyov) "Yeddi gözəl" (1952, Q.Qarayev), "Qaraca
qız" (1965, E.Abbasov), "İldırımlı yollarla" (1961,
Q.Qarayev), "Məhəbbət əfsanəsi" (1962, A.Məlikov) baletləri
tamaşaya qoyuldu. 1928-ci ildə teatra Mirzə Fətəli Axundovun
adı verilmişdir. 1959-cu ildən Akademik Opera və Balet
teatrı adlanır.
|