M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası
Azərbaycan Milli Kitabxanası — Bakıda Mirzə Fətəli Axundov
adına kitabxana. Bakı şəhərində Xaqani küçəsi, 29 (Sahil
bağının yanı) ünvanında yerləşir.
Azərbaycanın baş kitabxanası nəinki Qafqazda, yerləşdiyimiz
Avropa qitəsində, eləcə də bütün dünyada şöhrət tapan ən
böyük milli kitabxanalardan və ən iri kitabsaxlayıcılardan
biridir.
Tarixi
Kitabxana 1922-ci ildə yaradılmış, rəsmi açılışı isə 1923-cü
ilin may ayının 23-də olmuşdur.
Kitabxana yarananda onun fonduna İmperator Texniki
Cəmiyyətinin Bakı şöbəsinin və Bakı İctimai Cəmiyyətinin
kitabxanalarının fondlarından 5000 nüsxə kitab verilmişdir.
1923-cü ildən sürətlə inkişaf etməyə başlayan kitabxana əsas
diqqəti fondun komplektləşdirilməsinə vermişdir. 1925-ci
ildə o öz fondunda 51000, 1928-ci ildə isə 300000 adda kitab,
jurnal, qəzet kart və digər çap məhsullarını toplaya
bilmişdir. Təkcə 1928-ci ildə xaricdən 50 adda dövri mətbuat
alınmışdır. Oxucuları 3183 nəfər: onlardan 2957-si kişi,
226-sı isə qadın olmuşdur. Kitab verilişi isə 2576 nüsxə
təşkil etmişdir. İlk biblioqrafik göstəricilər 1927-ci ildə
hazırlanmağa başlanmışdır. Ümumiyyətlə o dövrdə Şərqə artaq
maraqla bağlı olaraq "Şərq haqqında jurnal materialları
(1917-1927)", "1927-ci ildə Şərq haqqında SSRİ ədəbiyyatı"
adlı göstəricilər bu silsilədəndir. 13 nəfər işçi ilə
fəaliyyətə başlayan kitabxananın ilk direktoru M.Səlimov
olmuşdur. Kitabxanada oxu zalı 1927-ci ildə açılmışdır. Oxu
zalı hər gün saat 10-dan axşam saat 10-a kimi açıq idi.
Kitabxana Azərbaycan Elmlər Akademiyasının binasında bir
neçə otaqda yerləşirdi. Bu da onun iş fəaliyyətini
genişləndirməyə imkan vermirdi. Buna baxmayaraq artıq
1928-ci ildə kitabxana 6 şöbədən: Şərq, Rus, Qərbi Avropa,
Xüsusi şöbə, Xidmət və Biblioqrafiya bürosundan ibarət idi.
İşçilərinin sayı isə 29-a çatmışdır.
1939-cu ildə kitabxanaya mütəfəkkir, dramaturq və maarifçi
Mirzə Fətəli Axundovun adı verilmişdir.
Kitabxananın binası haqqında
Kitabxananın memarlıq baxımından tarixi abidə kimi
qiymətləndirilən əzəmətli binaya 1961-ci ildə köçməsi onu
sevənlər üçün gözəl hədiyyə olmuşdur. Qeyd etmək lazımdır ki,
binanın yerinin seçilməsində və tikilməsində görkəmli xalq
yazıçısı Süleyman Rəhimovun böyük xidməti olmuşdur, binanın
layihəsini hazırlamaq isə akademik Mikayıl Hüseynova
məxsusdur.
Kitabxananın strukturu
Hal-hazırda Milli Kitabxanada 26 şöbə, 51 bölmə fəaliyyət
göstərir. Kitabxana fondunda 4 milyon 513 min çap məhsulu
saxlanılır.
Milli Kitabxana artıq kitabxanaşünaslıq,
biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsində aparıcı
müəssisə, ölkənin bütün kitabxanaları üçün elmi-metodiki
mərkəz, oxuculara kompleks kitabxana – biblioqrafiya,
informasiya xidməti göstərmək, kitabxanalararası abonement,
milli və tövsiyə biblioqrafiyası, beynəlxalq və ölkədaxili
depozitar mərkəz funksiyalarını yerinə yetirir
2005-ci ildə Kitabxanaya Nazirlər Kabinetinin qərarı ilə
"Milli Kitabxana" statusu verilmişdir ki, bu da
kitabxanamızın fəaliyyətinə verilən ən yüksək qiymətdir.
"Kitabxana işi haqqında" və "Nəşriyyat işi haqqında"
Azərbaycan Respublikasının qanunlarına əsasən Milli
Kitabxana ölkə ərazisində dərc olunan nəşrlərdən pulsuz
məcburi nüsxələr alır və onların əsasında milli mətbuatın
arxiv fondunu yaradır. Bunun nəticəsi olaraq 2005-ci ildə
kitabxanaya 21000 nüsxə yeni ədəbiyyat daxil olmuşdur.
İl ərzində oxucuların sayı 34000 nəfərə, kitabxanaya
gələnlərin sayı isə 245000 nəfərə çatmışdır.
İxtisaslaşdırılmış Xarici ədəbiyyat şöbəsi 2005-ci ildən
beynəlxalq kitab mübadiləsini bərpa edərək, dünyanın 60-a
yaxın kitabxanası ilə əlaqə yarada bilmişdir.
Artıq kitabxananın "Kitabxana siyasəti və metodik rəhbərlik"
şöbəsi kitabxanalara virtual rejimdə metodik köməklik
göstərməyə başlamışdır. Bu iş forması nəticəsində Milli
Kitabxananın hazırladığı materiallar və vəsaitlər,
tövsiyələr kitabxananın saytında yerləşdirilir və nəticədə
bütün nəşrlər çap olunmamışdan və yerlərə göndərilməmişdən
kitabxanaçıların ixtiyarına verilir.
2006-cı ildə informasiya-kommunikasiya texnologiyalarının
kitabxana işinə tətbiqi ilə əlaqədar olaraq Milli
Kitabxanada aşağıdakı yeni şöbələr açılmışdır: "Kitabxana
işinin avtomatlaşdırılması və informasiya texnologiyaları",
"Elektron informasiya xidməti", "Elektron resurslarının
yaradılması", "Kitabxana işçilərinin təlim və tədris mərkəzi".
2005-ci ildə Milli Kitabxanamız Avropa Milli Kitabxanalar
Konfransı Beynəlxalq Təşkilatına üzvlüyə qəbul edildi.
Keçmiş SSRİ ölkələri arasında Rusiyadan sonra bu təşkilata
üzv olan ikinci dövlət Azərbaycan oldu. Bu da kitabxanamızın
beynəlxalq əməkdaşlıq üfüqlərinin genişlənməsinə, ümumavropa
və ümümdünya layihələrində iştirakına real imkanlar
yaradacaq.
Bu təşkilat özündə 54 Avropa ölkəsinin kitabxanalarını
birləşdirir. Avropa kitabxanlarının vahid bir sistemdə
birləşdirilməsi, ümumavropa elektron kitabxanasının
yaranmasına imkan yaradacaqdır.
|