E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 
 


Çağdaş Azərbaycan poeziyasının yaradıcılarından biri, parlaq istedad sahibi novator şair Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) 1908-ci il iyun ayının 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Mirzə Əbdülqadir İsmayılzadə dövrünün tanınmış ziyalılarından idi. O, müəllimlik fəaliyyəti ilə yanaşı, yaradıcılıqla məşğul olmuş, şeirlər yazmışdır. Uşaq ikən valideynlərini itirən Müşfiq yaxın qohumlarının himayəsində böyüyür. Ağır və fərəhsiz uşaqlıq illəri keçirən şair həyatının o illərini xatırlayaraq yazırdı: “Hələ atamın sağlığında güzaranımız ağır keçdiyi halda, lap uşaqkən anam və atam vəfat etdi. Mən bir yetim halında daşkəsən əmim və bibimin yanında qaldım. Ac, yalavac, çılpaq bir uşaqlıq keçirdim”.O illərin ağrı-acısını, anasızlığını şair “Ana”(1927) şeirindəürək yanğısı ilə qələmə almışdır:

             Ana dеdim, ürəyimə yanar odlar saçıldı,
             Ana dеdim, bir ürpəriş hasil oldu canımda,
             Ana dеdim, qarşımda bir gözəl səhnə açıldı,
             Ana dеdim, fəqət onu görməz oldum yanımda.

Müşfiqin böyüyüb boya-başa çatmasında, şair kimi yetişməsində nənəsi Qızqayıt xanımın böyük zəhməti olmuşdur. Nənəsinin söylədiyi nağıllar, atalar sözləri, bayatılar gələcək şairin zəngin xalq yaradıcılığı ilə tanış olmasında mühüm rol oynamışdır.

İbtidai təhsilini rus-Azərbaycan məktəbində alan Müşfiq humanitar elmlərə böyük maraq göstərməklə yanaşı, rus dilini də mükəmməl öyrənmişdir. 1920-1927-ci illərdə əvvəlcə Bakı darül-müəllimində, sonra 12 nömrəli II dərəcəli məktəbdə təhsil almış,1927-1931-ci illərdə Azərbaycan Dövlət Darülfünunun (indiki Bakı Dövlət Universiteti) dil və ədəbiyyat fakültəsini bitirərək Bakı məktəblərində müəllimlik etmişdir.

Müşfiq çox gənc yaşlarından yaradıcılıq aləminə gəlmiş, həyatını, taleyini şeirlə bağlamış və ömrünün sonuna kimi ondan ayrılmamışdır. O, poetik yaradıcılığa1926-cı ildə“Gənc işçi” qəzetində çap etdirdiyi “Bu gün” şeiri ilə başlamışvə sonrakı illərdə dövri mətbuatda müntəzəm çıxış etmişdir. 1927-ci ildən “Maarif və mədəniyyət”və “Komsomol” jurnallarında və “Gənc işçi” qəzetində nəşr olunmuşdur. 1930-cu ildə şairin ilk “Küləklər”adlı şeir kitabı işıq üzü görmüşdür. Kitabda müəllifin əlli üç şeri və iki tərcüməsi toplanmışdır.

1932-ci il Müşfiqin həyatında məhsuldar olmuş,“Günün səsləri”, “Vuruşmalar”, “Pambıq”, “Buruqlar arasında”kitabları,.daha sonra bir-birinin ardıyca “Şeirlər”, “Çoban”, “Mənim dostum”, “Səhər”, “Sındırılan saz”, “Azadlıq dastanı” “Buruq adamı” əsərləri nəşr edilmişdir.

Həqiqi bir müəllim, əsl vətənpərvər olan Müşfiq öz yaradıcılığında uşaqlar üçün də yer ayırmış, bir-birindən gözəl əsərlər yaratmışdır. “Şəngül, Şüngül, Məngül”, “Kəndli və ilan” mənzum nağılları, “Vuruşmalar”, “Qaya” poemaları, “Coğrafiya”, “Məкtəbli şərqisi”, “Zəhra üçün” və digər şeirləri uşaqlar arasında şairə böyük məhəbbət qazandırmışdır.

Mikayıl Müşfiq yaradıcılığında bədii tərcümə fəaliyyəti də xüsusi yer tuturdu. 1930-1937-ci illərdə onun tərcümə etdiyi A.S.Puşkinin “Qaraçılar” (Ş.Abbasovla birgə), Taras Şevçenkonun “Kobzar” (Əhməd Cavadla birgə), Yegişe Çarensin “Şeirlər”, S.Y.Marşakın “Huşsuza bax, huşsuza”, M.F.Axundovun “A.S.Puşkinin ölümünə şərq poeması” əsərləri nəşr edilmişdir. Bundan əlavə Müşfiq M.Y.Lermantovun “Demon” poemasını (R.Rza ilə birgə), “Qafqaz” (M.Rəfili ilə birgə), “Şairin ölümünə”, “Tənha yelkən ağarır” şeirlərini, A.S.Puşkinin “Yevgeni Onegin” mənzum romanından “Tatyananın Onegenə məktubu”nu (R.Rza ilə birgə), “Poltava” əsərindən bir parçanı, “Dustaq” şeirini, Ömər Xəyyamın rübailərinin çox hissəsini, Firdovsinin “Şahnamə”sindən bəzi parçaları (M.M.Seyidzadə ilə birgə) tərcümə etmiş, gözəl mütərcim kimi oxucuların rəğbətini qazanmışdır.

1937-ci ildə çapa hazırladığı “Çağlayan” kitabına şair on bir illik yaradıcılığı ərzində yazmış olduğu ən qiymətli əsərlərini, o cümlədən “Səhər”, “Azadlıq dastanı”, “Sındırılan saz”, “Əbədiyyət nəğməsi”, “Şerim”, “Yenə o bağ olaydı”, “Duyğu yarpaqları”, “Tərtərhes nəğmələri”, “Mingəçevir həsrəti” və digər şeir və poemalarını daxil etmişdir.

Lakin kitabı nəşr etdirmək şairə qismət olmamışdır.Bədnam 1937-ci il repressiyaları Azərbaycan ədəbiyyatının, mədəniyyətinin görkəmli siması Mikayıl Müşfiqdən də yan keçmir. Mətbuatda Müşfiq haqqında təhqir, böhtan dolu kəskin tənqidi məqalələr görünməyə başlayır. Yazıçıların növbəti plenumunda Müşfiqə əksinqilabçı damğası vurulur. O, 1937-ci il iyun ayının 4-də evində həbs edilərək əksinqilabçı milli təşkilatın üzvü olmaqda ittiham edilir. 1938-ci il yanvar ayının 5-də SSRİ Ali Məhkəməsinin 20 dəqiqəlik məhkəmə iclası Müşfiq barəsində güllələnmə qərarı verir. Hökm 1939-cu il yanvar ayının 6-da Nargin adasında yerinə yetirilir. Böyük şair güllələnərək məzarı qalmasın deyə dənizə atılır. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının qərarına əsasən Mikayıl Mirzə Əbdülqədir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) ölümündən sonra bəraət almışdır.

Qısa ömür yaşamasına baxmayaraq, maraqlı və orijinal əsərləri ilə ədəbiyyatımızda dərin izlər qoyan Mikayıl Müşfiq sözün həqiqi mənasında yüksək insani keyfiyyətlərə, nümunəvi mənəviyyata malik bir insan, əsl şair idi.Onun Azərbaycan poeziyasının nadir incilərindən sayılan “Oxu, tar, oxu tar”, “Qal, sənə qurban”, “Sənin gülüşlərin”, “Maralım”, “Ana”, “Küləklər”, “Yenə o bağ olaydı” və digər şeirlərinə bəstələnən mahnılar dinləyici alqışını, rəğbətini qazanmış sənət əsərləridir.

Görkəmli şairin əziz xatirəsini əbədiləşdirmək məqsədilə Bakıda yaşadığı binaya (S.Rəhimov küçəsi, 108) xatirə lövhəsi vurulmuş, büstü qoyulmuşdur. Şairin çalışdığı son iş yeri olan 18 saylı orta məktəb, həmçinin, Gəncə, Xızı, Sabirabad və digər şəhərlərdə fəaliyyət göstərən orta məktəblər görkəmli şairin adını daşıyır. Xızı rayonunun Sayadlar kəndində xatirə muzeyi yaradılmışdır.

Mikayıl Müşfiqin 110 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti 17 may 2018-ci il tarixində Sərəncam imzalamışdır. Bu sərəncam Azərbaycan poeziyasının ölməz şairi Mikayıl Müşfiqə, onun simasında Azərbaycan ədəbiyyatına olan dərin məhəbbətin təcəssümüdür.
 


<< Geri