E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 
 


Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad və o dövrdə yaşamış başqa sənətkarlar öz əsərlərində xalqımızın milli azadlıq fikirlərini əks etdirmişlər. Onlar öz əsərləri, elmi fəaliyyətləri ilə Azərbaycan xalqının elm və mədəniyyətinin yüksəlməsinə çalışmış və beləliklə də xalqı gələcəyə, milli azadlığa, müstəqilliyə doğru aparmışlar.

Heydər Əliyev,

Azərbaycan xalqının ümummilli lideri


Böyük şair Mikayıl Müşfiq milli folklordan və klassik ədəbi ənənələrdən layiqincə bəhrələnməklə yaratdığı dərin lirizmə malik və doğma dilin bütün gözəlliklərini özündə ehtiva edən bənzərsiz poetik nümunələrlə Azərbaycanın çoxəsrlik bədii fikir xəzinəsini daha da zənginləşdirmişdir. Forma yeniliyi, məzmun genişliyi, romantik əhval və yüksək həyat eşqi bu söz sənəti incilərinin başlıca keyfiyyətləridir. Müşfiqin adı 1930-cu illər totalitarizminin qurbanına çevrilmiş məsum insanların xatirəsinin rəmzi və nakam şair obrazı kimi xalqın yaddaşında yaşamaqdadır.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti


Hər bir şairin tərcümeyi halına böyük ictimai marağın olması ilk növbədə ondan irəli gəlir ki, ya şairin yaradıcılığı tərcümeyi-halının, ya da tərcümeyi-halı yaradıcılığının birbaşa davamı olur. Müşfiq şeirlərində dediyi kimi yaşamağa çalışsa da, bacarmadı, daxilindən gələn təklik kompleksi ona imkan vermədi. Onu son mənzilə coşqun taleyinin özü heç kimlə məsləhətləşmədən gətirib çıxardı.

Nizami Cəfərov, akademik


Müşfiq canlı, oynaq xalq dilində yazır, bu dilin incəliklərini şeirə gətirməklə kəlamının bədiiliyini, təsir gücünü artırırdı. Şeirimizin ənənəvi təsvir və ifadə vasitələri, obrazlar sistemi onun əsərlərində bir qayda olaraq təzə məzmun kəsb edir, yeni libasda cilvələnirdi. Onun bir şair kimi formalaşmasında klassik irsin çox ciddi rolu olmuşdur.

Bəkir Nəbiyev, akademik


Mikayıl Müşfiq özünəməxsus poetik aləmi olan, coşğun ehtiraslı və parlaq, nikbin təbiətli bir şairdir. O, həyatdan çox erkən getmişdir, ancaq özündən sonra gerçəkliyi yeniləşdirən daha da gözəlləşdirən yaradıcılıq sevinci ilə dolu alovlu lirik nümunələr qoymuşdur.

***

Cəmi on il yaradıcılıq həyatı keçirmiş bu coşqun istedad müasir şeirimizin tarixində parlaq izlər buraxmışdır. Onun siması qələm yoldaşlarının xəyalında atəşin təbə malik səmimi bir şair, çağlayan ilhamı ilə xalqa xidmət etməkdən yorulmayan gözəl bir vətəndaş, nəcib bir insan kimi yaşamaqdadır.

***

Müşfiq əsasən lirik bir şair idi, lakin son vaxtlarda o çox həvəslə gözəl poemalar yazmağa başlamışdı. Məncə, bu, istedadlı lirik şairin yaradıcılığında yeni bir hadisə idi. O, şairlərimiz içərisində türk dilini bilməsi və dil zənginliyi etibarilə ən irəlidə gedənlərdəndir.

Məmməd Arif, akademik


Ömrümüzün hər çağında Müşfiqin büllur kimi saf, axıcı misralarını xatırlayacaq, nəğmələrini dinləyəcək, amma içəri dünyamızda daimi onun tükürpədici harayını da eşidəcəyik, “necə əl çəkim” rədifi qəlbimizdə həmişə qubar edəcək, döyünəcəkdir. Bu rədifin, bu misraların çıxılmaz kədərini, yanğısını, həsrətini ömür boyu duyacayıq.

Anar, Xalq yazıçısı


Müşfiq xoşbəxt şairdir. Xalq onun adını çağırmaq, səsini eşitmək üçün övladlarına Müşfiqin adını qoymuşdur. Bu səadət hər sənətkara nəsib olmur. Müşfiq şair idi: indi şagirddir, tələbədir, həkimdir, mühəndisdir, müəllimdir. Belə sənətkarlar ölmürlər, bir dəfə doğulurlar həmişə yaşayırlar.

Nəriman Həsənzadə, Xalq şairi


Ürəyi fərəhlə dolandı, gözlərində sevinc,

yazardı, yaradardı sakit və dinc

Nə dilində giley qalmadı, nə gözlərində kədər.

Oxşayırdı könlünü dillərdə,

Dodaqlarda gəzən Mikayıl Müşfiq imzalı nəğmələr.

***

Mikayıl Müşfiq! Bizim qələm yoldaşımız, dostumuz, qardaş kimi sevdiyimiz, açıq ürəkli şair! O, vətəni sevən, bütün əməkçi insanlara böyük məhəbbət bəsləyən yaxşı bir insan idi.

***

Geniş salon ağzına qədər adamla dolmuşdur. Alqış səsləri dərələrdən şaqqıldayıb gələn gurultulu selləri xatırladırdı. Qara-buğdayı oğlan sağ əlini qaldırıb adamları sakit etmək istəyir, lakin alqış səsləri susmaq bilmir. Kürsüdə bir an səssiz dayanan bu cavan Müşfiqdir. Mikayıl Müşfiq!... Gənc şair Mikayıl Müşfiq şeir oxuyur. Bəli, o, gənc idi. O, olduğundan daha artıq qüdrətli, daha gözəl bir şair ola bilərdi.

Rəsul Rza, Xalq şairi


Müşfiq böyük istedad idi. On bir ildə o, nə qədər gözəl şeir nümunələri yaratmışdır. Onda rahatlıq, həyat eşqi ilə sənət elmi ilə daima çırpınan bir ürək vardı. Hələ otuzuncu illərdə Səməd Vurğun onun istedadına yüksək qiymət vermişdi.

Mirzə İbrahimov, Xalq yazıçısı


Oxumaq, öyrənmək, düşünmək, axtarmaq, tapmaq, işləmək, yazmaq, tüğyan edən duyğular selini, baş alıb gedən fikirlər silsiləsini şeirə çevirmək, bir anını belə boş keçirmədən xalqa, onun inkişafına xidmət etmək! Mikayıl Müşfiq həyatının mənasını bunda görürdü. Lakin qəlbini, beynini, bütün varlığını hüceyrə-hüceyrə, gilə-gilə əridib təzə əsərlər yazmağa, xalqa, cəmiyyətə gözü dolusu, kamınca xidmət etməyə onu qoymadılar. Şairin zərif rübabını qaba əllər sərt daşlara çırpıb sındırdılar, onun gözəl şeirlər deyən şirin dili əbədi susduruldu.

Xəlil Rza Ulutürk, Xalq şairi


Müşfiq poeziya aləminə təsadüfi gəlməmişdir. Onun xalqa deməyə həm sözü vardı, həm də ehtiyacı.

Mehdi Hüseyn, Xalq yazıçısı


Müşfiq az yaşadı, qısa sürən həyatında xalqına sədaqətlə xidmət etdi. Elə yaralar var ki, zaman belə onları sağalda bilmir. Gəncliyimizin fırtınalı illərində mənə böyük qardaşı əvəz etmiş sevdiyim bir sənətkarın ölümü məni çox sarsıtmışdı. Bu yaranın ağrısını səssiz keçirtmək lazım idi. Ona bərkdən ağlamaq belə olmazdı.

Nigar Rəfibəyli, Xalq şairi


Mikayıl Müşfiq az yaşadı. Lakin bu az müddətdə çox iş gördü. O, öz ölməz əsərləri ilə bərabər dünya ədəbiyyatının incilərini də doğma dilimizə çevirməyə macal tapdı. Yuxusuz gecələrin, gərgin əməyin hesabına çox sevdiyi xalqına itməz, batmaz, qəsb olunmaz bir sərvət bəxş etdi, ondan işıqlı xatirələr qaldı. Müşfiq ömrü gül ömrü kimi az oldu. “Gül ömrü” mənsur şeir müəllifinin dediyi kimi, az oldu, amma nəcib oldu, təmiz oldu.

Mirvarid Dilbazi, Xalq şairi


Müşfiqin poeziyası vəzn cəhətdən digər şairlərinkindən fərqlidir. Çünki bu Müşfiq icadıdır, heca ilə sərbəsti yaxınlaşdıran bir vəzndir. Bu vəznin yeganə nümunələrini Müşfiq yaratmışdır. O, sözü məharətlə işlədən, sözə hakim olmağı bacaran şair olmuşdur.

Gülhüseyn Hüseynoğlu, Xalq yazıçısı


Müşfiq haqqında düşünərkən böyük sənətkarımız Nəsimini xatırlayıram. Altı əsr əvvəl Nəsiminin başına gələnlər, altı əsr sonra ayrı qiyafədə, ayrı şəkildə onun layiqli övladı, sənət və tale balası Mikayıl Müşfiqin başına gəldi.

Cabir Novruz, Xalq şairi


Müşfiq bir oddur ki, öz-özünü yandıracaq.

Hüseyn Cavid, şair, yazıçı və dramaturq


Mikayıl Müşfiqi biz hamımız sevirdik. Amma Hüseyn Cavid onu daha çox sevirdi. Onun poeziyasını çox yüksək qiymətləndirirdi. Bir dəfə mənə “poeziyanın nəhəngi” yetişməkdədir, özümüzü yığışdırmalıyıq Şaiq!” dediyi sözlərini heç unuda bilmirəm.

Abdulla Şaiq, şair, yazıçı, dramaturq


Müşfiqdə son dərəcə incə, şair ruhu vardı. Kobud zarafatı, bayağı zarafatları sevməzdi. Danışığında da, yaradıcılığında da zərif yumor hiss olunurdu. Bu yumor, yəni əsl zəriflik mənasında zarafat mənimlə onun arasındakı dostluğun möhkəmlənməsi üçün, elə bil sement rolunu oynayırdı. Müşfiq ürəkdən gülməyi sevirdi.

***

Mən onun şeir yazmağına təəccüb edirdim. Elə bil gecə-gün-düz çağlayıb axan bir bulaq idi. İşləməyinin, yazmağının vaxtı-vədəsi yox idi. Şəraitin əlverişli olub olmamasına baxmazdı. Bir qələm qırığı, bir parça kağızla ən böyük yaradıcılıq qələbəsi çalmağa nail olurdu.

Sabit Rəhman, yazıçı, dramaturq


Müşfiq xalqın bütün təbəqələrini: istər əkinçi, istər fəhlə, istər ziyalı, istər dövlət xadimi, diplomat olsun, fərqi yoxdur, ahənruba kimi özünə çəkən, çoşduran şairdir. Mən onun şeirlərinə bəstələnmiş mahnıları oxuyan kimi salonda qopan ardı-arası kəsilməyən sürəkli alqışların altında istər-istəməz qəlbimdən bir fikir keçir “Müşfiqi yetirən xalq xoşbəxtdir”.

Zeynəb Xanlarova, SSRİ Xalq artisti


Müşfiqlə 1930-cu ildə Maarif İşçiləri evi kitabxanasında çalışdığım zaman yaxından tanış oldum. Şərqin dahi şairi Firdovsinin minillik yubileyi zamanı onun əsərlərindən Azərbaycan dilində Müşfiqlə bərabər tərcümə etməyə başladıq. Firdovsini tərcümə etdiyimiz zaman Müşfiq yorulmaq bilmirdi. O, böyük inadla çalışır, mahir bir üzgüçü kimi söz dənizinə dalıb, yeni söz və ifadə inciləri tapmağa çalışırdı.

***

Mikayıl Müşfiq fitrən şair yaranmışdı. O, bütün varlığı ilə ədəbiyyata, sənətə bağlı idi. Müşfiq həyatında bir gün də olsun ilhamsız yaşamırdı.

Mirmehdi Seyidzadə, şair, dramaturq,

Əməkdar incəsənət xadimi


M.Müşfiq dünyanın ən inqilabi, ən ideyalı ədəbiyyatı bədii cəhətdən də birinci cərgədə görmək istəyirdi.

Cəfər Xəndan, professor


Zaman keçdi... Mən daha dərindən etiraf etməyə başladım ki, Azərbaycanın son dövr şairləri sırasında ən parlaq simalardan biri Mikayıl Müşfiqdir. Axı o, ədəbiyyatımızda seyrək təsadüf edilən istedad idi. Bu şeir heykəli bizim üçün əziz olduğu qədər gözəl, gözəl olduğu qədər də əzizdir.

Əkrəm Cəfər, dilçi, ədəbiyyatşünas


...Müşfiq elə bir parlaq şəxşiyyət və nadir istedad sahibi olan şairdir ki, nəinki yeddi il müddətində, heç yetmiş il də kifayət etməzdi. Onun bir şair kimi ən qabarıq xüsusiyyətlərindən biri həqiqəti yazmasıdır. Müşfiqin elə bir ciddi əsəri yoxdur ki, orada şəxsən həyatda tanıdığı adamların surətini, mənəviyyatını qələmə almamış olsun.

Dilbər Axundzadə, şairin həyat yoldaşı


Mənim teatr mədəniyyəti ilə yaxından tanış olmağımda Müşfiq müəllimin çox böyük rolu olmuşdur. Mən həyatı teatrsız təsəvvür etmədim. Göründüyü kimi nakam şairimiz Mikayıl Müşfiq mənim məktəbdə müəllimim olmaqla yanaşı, həm də həyat müəllimim olub. O, mənim gözlərimi açıb, məndə vətənpərvərlik hissi tərbiyə edib, həyatı mənə sevdirib, sənətə məhəbbət oyadıb.

Məzahir Abbasov, professor


Müşfiq milli zəmin üzərində yüksələrək forma və məzmun cəhətdən yeni həyata xidmət edən sənət əsərləri ilə bu günün övladı olduğunu sübuta yetirdi. O, böyük arzularla yaşadı, təəssüf ki, az yaşadı. Qəlbində çağlayan, coşan mənəvi qüvvət və qüdrət, atəşin sənət sevgisi onun daim irəliyə, böyük sənət zirvəsinə aparırdı. Onun sənəti indi də yaşayır və ürəkləri fəth edir.

Əmirxan Xəlilov, professor


Müşfiq işıqlı insan idi, nur parçasıydı, odlu vulkana bənzəri vardı. Şeir oxuyanda bu vulkan açıq aşkar görünərdi. Lakin tufana düşdü. Sanki belimi qırdılar, ürəyimdə həmişə sızlayan yara açdılar.

***

Mikayıl Müşfiq məndən 3 yaş kiçik olsa da, həyatı, dövrü məndən yaxşı görürdü, məndən yaxşı düşünürdü. Onun bəzi məsləhətlərini indi də xatırlayıb, ona rəhmət oxuyuram. Məsləhətini mənə təklikdə deyərdi. Bir ərəb alimi deyir ki, adam arasında kəsir demək onu təhqir etməkdir.

Cəfər Rəmzi, şair, ədəbiyyatşünas, tərcüməçi


Müşfiq bizim nəsil üçün doğrudan da bir məktəb idi. Şeir məktəbi, qeyrət məktəbi və həqiqət məktəbi.

***

Müşfiq həqiqəti - Müşfiq şeiridir.

Fikrət Sadıq, şair, publisist


Müşfiqin şeirlərini oxumağı, dinləməyi kim sevmir? Kimi bu görkəmli sənətkarın şeiriyyəti həyəcanlandırmır, düşündürmür?! Yaradıcılığa başladığım elə ilk vaxtlardan bu böyük sənətkarın heykəlini yaratmaq istəyirdim. Mən böyük qurur hissi keçirirəm ki, bu məsuliyyətli işin öhdəsindən gələ bildim.

Münəvvər Rzayeva, heykəltəraş


Böyük şairimiz Mikayıl Müşfiqin poeziyası məni həmişə özünə məftun etmişdir. Vurğunu olduğum bu ölməz sənətkarın portretini yaradarkən çoxlu axtarışlar aparmalı oldum. Elə fırçamı da “Yenə o bağ olaydı” şeirinin sarı simi üstündə köklədim. İstədim ki, Müşfiqi çılğın, hər yeni söz üçün qağayı tək dənizə şığıyan sənətkar kimi yaradım.

Hacıağa Nəzərov, heykəltəraş


Pislər zaman-zaman pislədi səni,

Onları almadın saya fəqət sən.

Ölmüşlər öldürmək istədi səni,

Ölmüşlər bilmədi əbədiyyətsən.

Rəfiq Zəka Xəndan,

Əməkdar incəsənət xadimi, şair, yazışı


Müşfiq elə şairlərdəndir ki, əsərin məzmunu ideyası ilə bərabər, bəlkə ondan da artıq dərəcədə əsərin səslənməsinin gözəlliyinə fikir vermişdir. Səs təqlidi sözlər də musiqili olduğuna görə sənətkarın diqqətini cəlb edir. Buna görə də şeirdəki obrazlar, təsvirlər daha çox təbiilik, həyatilik tələb edəndə, poetik gözəlliyə, şeiriyyətə can atanda mahir sənətkar yerində səs təqlidi sözlər yaratmışdır.

Aytək Abdullayeva, M.Müşfiqin araşdırıcısı

(Gülhüseyn Hüseynoğlunun qızı)



<< Geri