Müşfiqabad qəsəbəsi Yeni Baki Broyler fabrikinin tikintisi ilə əlaqədar 1980-cı illərdə salınmışıdr.
1984-cü ildə qəsəbədə fabrikin ilk iki yataqxanası istifadəyə verilmiş, 1985-1987-ci illərdə yeni doqquzmərtəbəli yaşayış binaları tikilmiş və 1988-ci il 20 apreldən Azərbaycan Respublikası Ali sovetinin 1096-XI saylı fərmanı ilə yeni şəhər tipli qəsəbə yaradılmış və xalq şairi Mikayıl Müşfiqin şərəfinə Müşfiqabad qəsəbəsi adlandırılmışdır.
1 yanvar 2015-ci il tarixinə olan rəsmi məlumata əsasən qəsəbə əhalisinin sayı 9.6 min nəfərdir.
Qəsəbədə 1987–ci ildə inşa edilmiş "Müşfiqabad Qəsəbə Mədəniyyət Evi" fəaliyyət göstərir. Ümumi sahəsi 2850 kvadratmetr olan binanın birinci mərtəbəsində 224 nəfərlik tamaşa zalı, işıqlandırma və idarəetmə sistemi, yaradıcılıq üçün ayrılmış müxtəlif otaqlar, həmçinin Qaradağ Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı (Müşfiqabad qəsəbə kütləvi kitabxanası) fəaliyyət göstərir. Hazırda bu kitabxana 13302 nüsxə kitab fonduna, 1488 nəfər oxucu sayına, 11990 nüsxə kitab saxlancına malikdir. Binanın ikinci mərtəbəsində isə 110 nəfərlik konfrans zalı və texniki avadanlıqlar, internet şəbəkəsi üçün ayrılmış bir sıra başqa otaqlar yerləşir.
|