2017-ci ildə böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300
illiyi tamam olur. Adının YUNESKO-nun “2016–2017-ci illər üçün görkəmli
şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi
Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu
qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək
qiymətin təzahürüdür.
Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz
sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya
nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına
təkan vermişdir. Azərbaycan şeiri Vaqifin sayəsində tarixinin növbəti
mərhələsinə qədəm qoymuşdur. Onun klassik bədii fikir salnaməmizin parlaq
səhifələrindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi-mənəvi
kamilləşməsinə xidmət göstərir. Azərbaycan tarixinə həmçinin siyasi xadim kimi
daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik
nümayiş etdirmişdir.
Vaqifin yaradıcılığı daim tədqiq obyektinə çevrilmiş, əsərləri kütləvi tirajla
nəşr edilmiş və yubileyi keçirilmişdir. 1982-ci il yanvarın 14-də ulu öndər
Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim
mədəniyyət mərkəzi Şuşa şəhərində şairin məzarı üzərində ucaldılmış əzəmətli
məqbərənin açılışı olmuşdur. 1992-ci il mayın 8-də Ermənistanın silahlı quldur
dəstələri işğala məruz qoyduqları Şuşada bütün beynəlxalq hüquq normalarını
pozaraq mədəniyyət nümunələrinə qarşı vandalizm aktları törətmiş və 600-ə yaxın
tarixi-memarlıq abidəsini talayıb məhv etmiş, o cümlədən Xurşidbanu Natəvanın,
Üzeyir Hacıbəylinin, Bülbülün ev-muzeylərini və Molla Pənah Vaqifin məqbərəsini
dağıtmışlar.
Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında daha dərindən araşdırılıb
öyrənilməsi bu gün də aktuallığını qoruyan və həllini gözləyən mühüm
məsələlərdəndir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin
layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
-
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan
Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə
birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Molla
Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb
həyata keçirsin.
-
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn
məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 yanvar 2017-ci il
MOLLA
PƏNAH VAQİFİN 300 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏDBİRLƏR PLANINI