E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

 

Böyük şairimiz Molla Pənah Vaqif XVIII əsrdə şeir dilini xalq dilinə daha da yaxınlaşdırdı. Onun yazdığı şeirləri xalqın bütün təbəqələri həm anlaya, həm qavraya bildi, həm də sevdi. Beləliklə, o, Azərbaycan şeirində yeni bir yol açdı.

***

Vaqifin vəfatından 200 il sonra biz Şuşada onun məzarı üzərində əzəmətli bir məqbərə ucaltdıq. Bu, həm Vaqifin yaradıcılığına, həm də, ümumiyyətlə, ədəbiyyata, şeirə, mədəniyyətə olan münasibətimiz idi.

Molla Pənah Vaqif Azərbaycan xalqının fəxri, böyük şairimizdir.

Heydər Əliyev,

Azərbaycan xalqının ümummilli lideri


Vaqif kamal, ədəb və elm sahibi bir sima idi.

Mirzə Adıgözəl bəy,

tarixçi


Şairlərdən...Molla Pənah Vaqif təblərinin gözəlliyi ilə məşhur olmuşdur.

Abbasqulu ağa Bakıxanov,

şair, yazıçı, alim, mütəfəkkir,

tərcüməçi


Amma mən əyyami-səyahətimdə səfhəyi-Qarabağda Molla Pənah Vaqifin bir para xəyalatını gördüm ki, zikr etdiyim şərt bir növ ilə onda göründü.

Mirzə Fətəli Axundov,

yazıçı-dramaturq, ictimai xadim


Оnun şеir və qəzəliyyatı bizim Azərbaycan turklərinə ziyadə xоş gəlir və hər nə оnun qələmindən zuhura gəlibsə...tamamisi urəkdən və həqiqi həyatdan nəşət еdən əsərlərdir. Milli şairlərimizdən оnun kimi sadə və açıq lisanda və ana dilimizin şivəsində şеir və qəzəl yazan az оlub.

***

Yüz sənə bundan əqdəm ata və babalarımızın dolanacağını, ədəb və əxlaqını, əlbisə və ətiməməsini, arzu və təmannalarını, fikir və həyatını və bilcümlə o əsrin övza və dəstgahını, ustadi-bimisl olan Vaqif gözəl əşar və kəlami-abdarı ilə yazıb gələcək nəsil üçün unudulmayan bir əlamət və yadigar qoyubdur.

***

Molla Pənah Azərbaycanın mışhur və müqtədir şairi hesab olunur ki, bizim ədəbiyyatımızın banisi və müəssisi adlanmağa onun haqqın vardır.

Firidun bəy Köçərli,

Maarifçi, pedaqoq,

ədəbiyyatşünas, publisist


Sadə Azərbaycan sözləri ilə camaatımızın qana biləcəyi bir şəkildə şeir yaratmaq üçün Vaqifin üslubundan asan və əlverişli bir üslub yoxdur. Odur ki, həmin üslub Vaqifdən sonra şairlərimiz üçün bir qəlib şəklinə girmişdir.

***

Yüksək və bədii bir zövqə malik olan Vaqif kimi gözü açıq bir şair dərin bir siyasi düşüncəyə malik olmaya bilməzdi.

***

Böyük mütəfəkkirimiz Mirzə Fətəli Axundov bir filosov və dövlət adamı kimi milli nəsrimizə nə qədər xidmət göstərmişdirsə, Vaqif də milli şeirimizə o qədər xidmət eləmişdir.

Məmməd Səid Ordubadi,

Azərbaycanın Əməkdar İncəsənət xadimi,

yazıçı


Azəri övladları ən əvvəl...proletar şairi doğma Sabirin, xalq şairimiz Vaqifin, Zakirin, Vidadinin mübariz ruhlu şeirlərini bilməlidirlər.

Nəriman Nərimanov,

ictimai-siyasi xadim, yazıçı, publisist


Vaqifin şeirlərində Vaqifə məxsus bir sadəlik, gözəllik və zarafat var ki, sonra gələn şairlərimizə müyəssər olmadılar. Vaqif gözəllik şairidir. Bütün ilhamı da buna həsr olunubdur.

Yusif Vəzir Çəmənzəminli,

Dövlət xadimi, yazıçı


Vaqifin ədəbi fəaliyyəti mühitin canlı təsiri ilə başlayır. Onun yeni duyğular və düşüncələrlə tənəffüs edən şeiri dağ çeşmələri qədər saf və təmizdir. Mənzumələri, hər şey sadə, hər şey adi olmaqla bərabər gözəldir. Canlı, cazibəli və dağ çiçəkləri qədər təbii və səmimidir. O, rəng və qoxunu kənd mühitindən, yaşağı təbiətdən alır, oxuculara buraxdığı canlı təsirin füsunu bundan doğuyur.

Abdulla Şaiq,

şair, yazıçı, dramaturq, publisist,

pedaqoq, ədəbiyyatşünas, tərcüməçi


Vaqif təkcə böyük şair deyildi, o həm də görkəmli siyasi xadim və diplomat idi, xalq arasında da müdrik bir ağsaqqal kimi məşhurlaşmışdı.

***

Ey könül yolçusu, gülər sənətkar,

Qədrini bilmədi sənin saraylar.

İran ordusunu yeridəndə, sən

Dedin ki, yadlara keçməsin vətən!

Dedin ki, el dili, el şeiri gərək,

Böyük bir ölkədə qanad gərərək,

Üfüqdən-üfüqə çapsın atını...

Səməd Vurğun,
Xalq şairi


Vaqif istedadlı şair, eyni zamanda ictimai dövlət xadimi idi.

İsmayıl Şıxlı,
Xalq yazıçısı


Vaqif şeirinin dili təbii və sadə olduğu qədər mənalı və dolğundur.

Mirzə İbrahimov,
Xalq yazıçı


Gözəllərə şeir deyən, yaşılbaşları tərifləyən, təbiətin gözəlliklərindən nəşə duyan, özünün dediyi kimi “dünyanın hər şərbətini içməyə” çalışan rübabi şair Vaqif eyni zamanda ağıllı bir dövlət xadimidir, diplomatdır, vətənpərvərdir, xalqının dərdini düşünən gözəl bir vətəndaşdır.

***

Vaqifin sadəliyi, büllur çeşmə kimi qaynayan misraları, onun əsərlərini öz əseinə xas olan gözəlliklərdən məhrum etməmişdir.

Mehdi Hüseyn,

Xalq yazıçısı


Biz...M.P.Vaqif ənənələrindən də öyrənməli, bu ənənələrdən günümüzün ədəbi-bədii tələblərinə müvafiq olaraq istifadə etməliyik.

Süleyman Rəhimov,

Xalq yazıçısı


Yeni Azərbaycan şeirinin yaradıcısı, misilsiz qoşma və qəzəllər ustası Molla Pənah Vaqifin poeziyası son dərəcə zəngin və cazibədardır.

***

Vaqif - XVIII əsrin ən böyük şairi, mütəfəkkiri, xalqın sevimlisi, aşıqların ustadı və görkəmli dövlət xadimidir. Onun mahnıları xalq arasında çox məşhurdur, onun adı ən səmimi, təsirli lirizmin rəmzinə çevrilmişdir. Lakin gözəllik, xoşbəxtlik, günəş müğənnisi olan Vaqif həyatın qüsürlarına da qətiyyət gözünü yummamışdır. Onun rübabı yer üzündə zülmü və zorakılığı ifşa etmək, xalqın iztarablarını təsvir etməkdir.

Mikayıl Rəfili,
Ədəbiyyatşünas, alim


Vaqif bütün varlığı, ilhamı ilə həyata, insan gözəlliyinə vurğun, həyat aşiqli bir sənətkardır.

Mirzəağa Quluzadə,
professor


Vaqif yaradıcılığı ilə Azərbaycan şeiri tarixində yeni dövr başlanır.

Həmid Araslı,
akademik


Vaqifin qoşmalarından hansını götürsəniz, onda Azərbaycan çöllərinin gözəl ətrini, qarlı dağlarının saf havasını, çağlayıb axan duru sularının şırıltısını və bu səfalı, həyatverici, təbiət qucağında gəzib əylənən, bəzənib nazlanan Azərbaycan pərilərinin oynaq simasını duyarsınız.

Əziz Şərif,

professor, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi


Vaqifi poeziyanın qüdrətli, əvəzsiz yaradıcısı kimi tanıtmaq lazımdır.

Məsud Əlioğlu,

yazıçı


Vaqif “Xalqın ruhuna uyğun yeni ədəbiyyat, camaat üçün anlaşıqlı olan, kütləvi ədəbi dil yaratmışdır.

***

Vaqifin yaradıcılığı xalq şeirinin və onun mahnılarının təsiri altında yazılmış lirik şeirlərdən ibarətdir.

Mustafa Quliyev,

ədəbiyyatşünas, tənqidçi,

publisist


Vaqif zəngin Azərbaycan poeziyasında elə yeni bir yol açmışdır ki, ondan sonra gələn şairlər, hətta bu günədək onun açdığı yol ilə getməkdədirlər. Vaqif poeziyasının əsas xüsusiyyəti sadəlik və xalq ruhuna yaxın olmasındadır.

Məmməd Arif Dadaşzadə,

Akademik


XVIII əsrdə Azərbaycanın dövlət xadimi, istedadlı şairimiz Vaqif də Rusiya ilə müttəfiq olmaq tərəfdarı idi.

Heydər Hüseynov,

ictimai xadim, fəlsəfə elmləri doktoru ,

professor


Yüksək insani hislər aşılayan, coşğun və nikbin Vaqif poeziyası bu gün də bizimlədir.

Araz Dadaşzadə,
əməkdar elm xadimi,

tənqidçi, ədəbiyyatşünas


XVII-XVIII əsrlərdə, xüsusən M. V. Vidadi - M.P.Vaqif xətti ilə qoşmanın ədəbi-bədii təfəkkürün ifadə-janr normasına çevrilməsi həm məzmun, həm də ifadə planında milli mədəniyyətin təşəkkülü prosesinin təzahürüdür.

Nizami Cəfərov,

professor, əməkdar elm xadimi


Vidadi və bilxassə Vaqifin fəaliyyəti azəri ədəbiyyatında yeni və parlaq mərhələ idi.

Səlim Rəfiq Rəfioğlu,

Türk alimi


Vaqif sadə dilli, zəngin məzmunlu şeir toxumunu münbit bir poeziya torpağına səpmişdir.

Əhməd Cəfəroğlu,
Türk alimi


Vaqif ənnənəvi xalq ədəbiyyatı təsiri ilə qaynaşmış, klassik azəri şeirinin son mühüm yetişdirməsidir. Vaqif bilxassə Qafqaz türkləri arasında XIX əsr boyunca davam edən geniş bir şöhrət sahibi idi. Bu şairin klassik şeirlər və ya xalq söyləyişləri ilə tərənnüm etdiyi çeşidli mənzumələrində...təmiz bir azəri türkcəsi və səmimi eşq duyğuları da vardır.

H.S.Baharlı,

Türk alimi


Vaqif Azərbaycan şeirini ərəbçilik ənəələrindən uzaqlaşdıranlardan biri olmuşdur.

Lui Araqon,

Fransız şairi


Vaqifin yetişməsi öz zəmanəsinin ən fərəhli ədəbi hadisələrindən idi.

***

Vaqif, xüsusilə təcrübəli mühəndis kimi tanınmışdır. Şuşadakı Xan sarayı, yaşayış yerləri və qala hasarları onun tərifindən tikilmişdir.

Adolf Berje,
 rus tarixçi, şərqşünas


Molla Pənahın əsərləri xalqın başa düşdüyü bir dildə yazılmışdır və onlar azəri poeziyasının nümunəsi sayılır. Azərbaycanda fars poeziyasının təsirindən ilk dəfə olaraq o çəkinmişdir.

İvan Yenikolopov,

Rus yazıçısı


Alman tənqidçisinin göstərdiyi kimi...Vaqif və Zakirin əksər şeirləri, yaxşı bir poetik tərcümədə, istər forma və istərsə də məzmun cəhətdən yeni alman poeziyasının qüvvətli əsərləri ilə yanaşı qoyula bilər.

Nikolay İvanoviç Qulak,

Ukrayna şərqşünası


Mən Molla Pənah Vaqifin şeirlərini oxuyarkən dünya poeziyasının lap zirvəsində dayanmış şairin ecazkar qüvvəsini hiss edirəm.

Petrus Brovka,

Belorus şairi


Vaqifin yaradıcılığı xalqa yaxındır, xalqın müqəddəs duyğularının ifadəsidir.

Sergi Çilaya,

Gürcü yazıçısı


Vaqifin simasında azəri el ədəbiyyatı özünün ən yüksək zirvəsinə çatdı. O, sözün əsil mənasında təkcə mənsub olduğu xalqın sənətkarı deyildir. Vaqif bütün şeir və sənət qədrini bilən, ona hörmət bəsləyənlərin sevimli şairidir.

Mirzə Həsən Əlqədiri,

XIX əsr ləzgi alimi


Vaqif öz şeirləri ilə Azərbaycanı tərənnüm edir, Azərbaycan isə onu yaşadır. Bu, nəsilbənəsil xalq arasında yaşayan sənətkar üçün böyük səadətdir.

Rəsul Həmzətov,
avar şairi, yazıçısı,

publisist, siyasi xadim


 

<< Geri