Azərbaycanın Xalq şairi Səməd Vurğunun 1937-ci ildə qələmə aldığı «Vaqif»
dramı onun ilk səhnə əsəridir. Şair 1938-ci ildə əsərin ilk tamaşası
münasibətilə dərc etdirdiyi məqaləsində yazıçıların vəzifələrindən
birinin də qaranlıq keçmişin işıqlı cəhətlərini - böyük insanlarını
yaxından öyrənmək və xalqa tanıtdırmaqdan ibarət olduğunu göstərmiş
və sonra yazmışdır: «Bu məqsədlə də mən «Vaqif» dramını yazdım».
Deməli, şairin məqsədi, eyni zamanda, Azərbaycan tarixinin hələ
əsaslı şəkildə öyrənilməmiş səhifələrini bədii söz vasitəsilə
oxucuya çatdırmaq olmuşdur.
Qeyd edək ki, 1930-cu illərdə SSRİ-də yaşayan ayrı-ayrı xalqların öz
tarixi keçmişinə marağı xeyli artmışdı. 1934-cü ildə SSRİ Xalq
Komissarları Soveti və ÜİK(b)P MK «SSRİ-nin məktəblərində Vətən
tarixinin tədrisi haqqında» qərar qəbul etmiş, qərarda tarixin
öyrənilməsində və tədrisində tarixi hadisə və şəxsiyyətlərin düzgün
səciyyələndirilməsi vəzifə kimi qarşıya qoyulmuşdur.
Əlbəttə, bu qərar o vaxtlar tarixi mövzuda bir sıra əsərlərin
yazılmasına təsir göstərmişdir. Məhz bu illərdə tarixi mövzuda «Birinci
Pyotr» (Aleksey Tolstoy), «Yemelyan Puqaçov» (Vyaçeslav Şişkov), «Cəngavər
İoan» (İlya Selvinski), «Suvorov» (Konstantin Simonov), «Tsusima»
(Aleksey Novikov-Priboy), «Abay» (Muxtar Auezov) və başqa əsərlər
meydana çıxmışdır. Azərbaycan yazıçılarından Cəfər Cabbarlının və
Hüseyn Cavidin pyesləri, M.S.Ordubadinin bir sıra əsərləri,
Y.V.Çəmənzəminlinin «Qan içində» romanı və bir çox başqa əsərlər də
tarixi mövzuda yazılmışdır.
Səməd Vurğunun məhz tarixi mövzu olaraq XVIII əsrdə yaşamış
Azərbaycan şairi Molla Pənah Vaqifin dövrünü, həyatını və
fəaliyyətini seçməsi nə ilə əlaqədardır? Bu, hər şeydən əvvəl,
şairin Vaqif poeziyasına bağlılığı ilə izah olunmalıdır. Professor
Cəlal Abdullayevin qeyd etdiyi kimi, «Səməd Vurğun Vaqifi mütəfəkkir
bir şair, dərin fəlsəfi fikirləri sadə, aydın bir dillə ifadə etməyi
bacaran incə lirik, öz dövründə estetik düşüncənin zirvəsinə çıxan,
həyat gözəldir idealını təbliğ edən böyük söz bahadırı kimi
qiymətləndirmişdir».
M.P.Vaqifin həyatı və taleyi Səməd Vurğunu uzun illər boyu
düşündürmüşdür. Sonradan özünün yazdığı kimi, şair hələ uşaq ikən
Vaqif yaradıcılığının təsiri altında olmuş, Vaqifin gözəl şeirləri,
aydın dili onun yaradıcılığına böyük təsir göstərmişdir. Səməd
Vurğun ilk şeirlərini də Vaqifin qüvvətli poetik cazibə qüvvəsinin
təsiri altında yazmışdır. O, «Vaqif»in Azərbaycan Rus Dövlət Dram
Teatrında ilk dəfə tamaşaya qoyulması münasibətilə buraxılmış
vərəqədə yazmışdır: «Azərbaycanın öz azadlığı uğrunda yadelli
işğalçılara qarşı apardığı mübarizə tarixinin qəhrəmanlıq səhifələri
Vaqifin adı ilə bağlıdır. Vaqif Qarabağ xanlığının vəziri olduğu
zaman bizim xalqın yadelli işğalçılara qarşı, İran şahı Qacara qarşı
mübarizəsinə başçılıq edirdi. Vaqif böyük siyasi xadim və diplomat
kimi xalqın səadət və azadlığı uğrunda mübarizədə çox işlər
görmüşdür».
Səməd Vurğun xüsusi olaraq qeyd etmişdir ki, Azərbaycan xalqının
böyük şair oğlu xalqının azadlığı uğrunda öz canını qurban vermiş,
Azərbaycan dili uğrunda, farsçılığa, ərəbçiliyə qarşı mübarizədə
böyük işlər görmüşdür. Səməd Vurğunun fikrincə, Vaqif gözəllik
şairidir. Lakin onun gözəlləri «hurilər»,«pərilər» deyil, yer
qızlarıdır, həm də Azərbaycan qızlarıdır. Başı kəlağayılı, toylarda
kəklik kimi süzən qız-gəlinlər, real insanlardır.
Şair Vaqifi «saray şairi» hesab edənlərə qarşı kəskin mövqedə durmuş
və yazmışdır: «Vaqif sarayda vəzir vəzifəsində çalışmışdır. Lakin
onun qəlbi daim öz xalqının qəlbi ilə çarpmışdır. Onun İran hökmdarı
Ağa Məhəmməd şah Qacara qarşı apardığı mübarizə açıq göstərir ki,
şair heç kəsə satılmadan öz vətəninin azadlıq və istiqlaliyyəti
uğrunda zindanlara düşmüş, gözü ilə ölümlər görmüşdür».
Bütün bunlar Səməd Vurğunu Vaqif haqqında yazmağa sövq etmişdir.
Şairin qardaşı Mehdixan Vəkilov bu barədə yazmışdır: «O, hələ
1934-cü ildən başlayaraq Molla Pənah Vaqifin həyatına həsr ediləcək
bir dram əsəri yazmaq haqqında düşünməyə başlamışdı. Əslinə qalsa,
Vaqifin taleyi haqqında düşüncələr Səməd Vurğunun varlığına 1926-cı
ilin yazından hakim kəsilmişdi».
Səməd Vurğun bu dramı yazmaq üçün gərgin axtarışlar aparmış, Vaqif
dövrünü, habelə dram sənəti ilə bağlı mənbələri öyrənmişdir.
Mehdixan Vəkilovun yazdıqlarından: «O, XVIII əsr Azərbaycan tarixinə,
xüsusən Qarabağ xanlığına dair ədəbiyyatı böyük maraqla oxuyurdu.
Səməd Vurğunun «Qarabağnamə»ni tapdırıb ona göndərməyi Heydər
Hüseynovdan xahiş etdiyi və 1936-cı ildə Vaqifin dövrünə, həyatına,
bütünlüklə Qarabağ xanlığı tarixinə dair Yusif Vəzirlə (yazıçı
Y.V.Çəmənzəminli- A.B.) saatlarla söhbəti yadımdadır. Oxuyurdu,
öyrənirdi».
Məhz bunun nəticəsində Səməd Vurğun Vaqif dövrünü dolğun əks etdirən
və eyni zamanda müasir zamanla səsləşən bir əsər yaratdı. «Vaqif»
tarixi mövzuda yazılsa da, müasirlik baxımından böyük əhəmiyyətə
malik olmuşdur.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1976-cı ildə
dünyanın müxtəlif guşələrindən şairin 70 illik yubileyinə gəlmiş
qonaqlar qarşısında belə demişdir: “Səməd Vurğunun poetik “Vaqif”
dramı haqqında düşünəndə müəllifin qüdrətli istedadına, pyesin baş
qəhrəmanının obrazını necə də sənətkarlıqla yaratdığına valeh olmaya
bilmirsən, çünki o, Vaqifi eyni dərəcədə həm şair kimi, həm
maarifpərvər kimi, həm də dövlət xadimi kimi göstərə bilmişdir... Bu
dramı diqqətlə oxuyanda əsərdə iki nəhəng şairin - Vaqifin, bir də
müasirimiz, mütəfəkkir şair, filosof, öz xalqının səadəti uğrunda
mübariz Səməd Vurğunun obrazını görürsən”.
Azərbaycan xalqının tarixi keçmişinin çox maraqlı bir dövrünü
canlandıran, qədim Azərbaycan torpağı Qarabağın müdafiəsinə həsr
olunmuş pyes tamaşaya qoyulduğu dövrlə də səsləşirdi. «Vaqif»in
müasir səslənməsinin bir səbəbi də vardı. Bu barədə əsərin tamaşaya
qoyulduğu və geniş şöhrət qazandığı 1938-ci ildə danışmaq olmazdı.
Bu müasirlik əsərə 1937-ci ilin məlum havasının təsiri ilə hopmuşdu.
Görkəmli filosof-alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir
üzvü, professor Səlahəddin Xəlilovun bu məsələ ilə bağlı fikirləri
diqqəti xüsusi cəlb edir. Səlahəddin müəllim yazır: "Vaqif" XVIII
əsrin axırları üçün deyil, XX əsrin 30-cu illərinin tarixi üçün
qiymətli material ola bilər. Hər addımı bir təhlükə olan həmin
dövrün tarixini yazarkən şairlərimizdə satqınlıq nişanələri aramaq
əvəzinə, həqiqi qəhrəmanlıq nümunəsinə göz yummamaq şərti ilə. Belə
çətin bir məqamda əyilməz şair obrazı yaratmaq və onu hökmdara qarşı
qoymaq, - bax, budur 30-cu illərin mənəviyyat tarixi! Yeri gəlmişkən,
bu yaxınlarda "525"-də çıxan bir oçerkdə (Adilxan Bayramov) bu məqam
çox gözəl təhlil edilmişdir (bu sətirlərin müəllifinin 2009-cu ilin
mart ayında “525-ci qəzet”də dərc olunmuş “Şair, hökmdarın
hüzurundasan!..” adlı məqaləsi nəzərdə tutulur - A.B.). Səməd
Vurğunun dahiliyi özünü bunda da göstərir ki, o, belə çətin bir
dövrdə sanki ideologiyanın da tələblərinə cavab verərək və sanki
onun şərtlərinə uyğun bir tarix yazaraq, əslində ortaya tarix deyil,
fəlsəfə qoyur. 37-ci ilin ölüm qorxusunu daxilən dəf edərək milli
ruhun himnini yazır, "əyilməz vicdanın böyük heykəli", - deyir”.
«Vaqif»in tədqiqatçıları da əsərin müasirlik baxımından böyük
əhəmiyyətə malik olduğunu xüsusi qeyd etmişlər. Xalqımızın tarixi
keçmişinin çox maraqlı bir dövrünü əks etdirən pyes 1930-1940-cı
illərdə olduğu kimi, bu günümüzlə də səsləşir. Bu özünü, həm
hadisələrin ümumi inkişafında, həm də ayrı-ayrı surətlərin
təcəssümündə göstərir. Humanizm, qəhrəmanlıq, yurdsevərlik,
ümumbəşərilik, doğma yurdu işğalçılardan qorumaq səyləri kimi
ideyalar müasir dövrdə öz əhəmiyyətini daha da artırmışdır. Qələmə
alındığı dövrdə əsəri «ədəbi bir hadisə olmaqla bərabər, eyni
zamanda siyasi bir hadisə» hesab edən Xalq yazıçısı Mehdi Hüseyn
yazırdı: «Vaqif» dramı bizdə öz keçmişimizə, böyük ədəbiyyatımıza,
xalqımızın qəhrəmanlığına, onun azadlıq uğrunda apardığı mübarizəyə
dərin bir məhəbbət oyadır, xarici istilaçılara qarşı amansız olmağa
çağırır, Vətənimizi, xalqımızı daha da dərindən sevdirir. Bu
səbəblərə görə «Vaqif» tarixi mövzuya həsr edilmiş olsa da, son
dərəcə aktual bir əsərdir».
Professor Cəlal Abdullayev pyesin müasirliyini Vaqif surətinin
müasirliyi ilə əlaqədə götürmüş və öz fikrini böyük alman şairi
Hötenin belə bir fikrinə söykəmişdir ki, şair üçün heç bir tarixi
şəxsiyyət yoxdur. O öz mənəvi aləmini təsvir etmək istəyir və bunun
üçün bəzi tarixi şəxsiyyətlərin boynuna minnət qoyub onların
adlarını öz əsərlərinə daxil edir. Bu baxımdan ədəbiyyatşünas Oleq
Reznikin fikri də maraqlıdır. O yazır: «Vaqif surəti bizə nədənsə
dramatik poemanın öz müəllifini xatırladır. Elə bil ki, poetik
ilhamın, mənəvi saflığın və ehtirasın xırdaca bir hissəciyi yüz il
vətən torpağı üzərində dolaşdıqdan sonra, nəhayət, Azərbaycan
xalqının müasir tərənnümçüsü simasında öz həqiqi varisini
tapmışdır».
«Vaqif» pyesinin mərkəzində Azərbaycan durur. XVIII əsr Azərbaycanı
özünün çox mürəkkəb və ağır dövrünü yaşayırdı. Xanlıqlara
parçalanmış Azərbaycan İranla Rusiyanın arasında qalmışdı. Bu
ölkələrdən hər biri Azərbaycana sahib olmaq istəyirdi, bu
istəklərini həyata keçirmək üçün müxtəlif vasitələrə əl atırdılar.
Beləliklə, Azərbaycan iki düşmənlə üzləşmiş, iki od arasında
qalmışdı.
İki od arasında qalmış Azərbaycana məhəbbət «Vaqif» pyesinin əsasını
təşkil edir. Hadisələrin gedişində və inkişafında, ayrı-ayrı
obrazların monoloqlarında, dialoqlarda Azərbaycan sevgisi hakimdir.
Şair əsərdə müxtəlif ədəbi üsullarla bu yurdun keçmişi, xalqın
tarixində baş vermiş hadisələr barədə məlumat verir. Bu baxımdan
Eldarın monoloqları səciyyəvidir. Bu monoloqlar əsasən Azərbaycanın
yaşamış olduğu məhrumiyyətlərlə bağlıdır.
Qeyd etdiyimiz kimi, o dövrdə Azərbaycan İran və Rusiyanın arasında
qalmışdı. Qacarın məqsədi Azərbaycanı İrana qatmaq, qüvvətli İran
dövləti yaratmaq idi. Heç də təsadüfi deyil ki, görkəmli Azərbaycan
yazıçısı Əbdürrəhim bəy Haqverdiyevin «Ağa Məhəmməd şah Qacar»
pyesində Şuşada qətlə yetirilən şah son nəfəsində belə deyir: «Ey
xanəxərab, İran ra viran gərdi!» («Ey evi yıxılmış, İranı viran
qoydun»).
Bununla birlikdə qeyd etmək lazımdır ki, Qacarın Qarabağı ələ
keçirmək istəməsinin əsas səbəbi Qarabağ hakimi İbrahim xanın
Rusiyaya meylinin artması ilə əlaqədar olmuşdur. Mirzə Camal
Cavanşir öz «Qarabağnamə»sində bu barədə belə yazmışdır: «Hamı
yüksək Rusiya dövlətinə itaət etməyə hazırlaşdığı zaman, əzəmətli
imperatriçə (II Yekaterina - A.B.) vəfat etdi. Böyük sərkərdə Zubov
(1796-cı ildə Dərbəndi tutmuş rus qoşunlarının komandanı - A.B.)
Əbülfət xanı (İbrahim xanın general Zubovun hüzuruna göndərdiyi oğlu
- A.B.), Qarabağın bəyzadə və kəndxudalarını böyük hörmət və çoxlu
ənamla yola salıb, padşah Pavelin əmrinə görə geri qayıdacağını
İbrahim xana xəbər verdi. Bu xəbər həm qəm-qüssəyə, həm də Ağa
Məhəmməd şahın ədavətinin artmasına səbəb oldu. Çünki o, mərhum
İbrahim xanı tələfat vermədən, xoşluq və mülayimliklə özünə tabe
etmək fikrində idi. Lakin İbrahim xanın müharibəsiz Rusiya dövlətinə
əbədi itaət edib, səmimiyyət göstərməsi, islam və İran padşahından
üz çevirməsi onu olduqca qəzəbləndirmişdi. Buna görə İbrahim xanı
yox etmək qərarına gələrək, yaz fəslində qoşunla Azərbaycana tərəf
hərəkət etdi».
Pyesdə göstərilir ki, bütün bu mürəkkəb hadisələr axarında Vaqif öz
ləyaqət və məğrurluğunu saxlayır. Düşmənin qabağında vüqarla dayanır.
Heç vaxt təmkinini pozmayan Vaqif zindanda da dözüm və iradə nümayiş
etdirir. O, oğlu Əli bəyi də bu cür tərbiyə etmişdir. Buna görə də
Əli bəyin «Eh... ata, nə qoyub, nə axtarırsan, Zülmün qabağında
ağlarmı insan?» deməsi onu ruhlandırır.
Səməd Vurğun əsəri yazarkən tarixi hadisə və faktlara həssaslıqla
yanaşmış, bunlardan məharətlə faydalanmışdır. Qarabağ xanlığının
Rusiya ilə əlaqə yaratmaq təşəbbüsü, qonşu gürcü xalqı ilə birgə
hərəkət etməsi və bu işdə Vaqifin böyük rol oynaması, onun Qacara
sərt cavab məktubu yazması və Qacarın bundan hiddətlənməsi, Vaqifin
Şuşanın işğalı vaxtı şəhərdə qalması və s. tarixi faktlardır.
Tarixdən məlumdur ki, 1783-1784-cü illərdə Qarabağ xanlığı Rusiya
ilə əlaqəni möhkəmləndirmək məqsədilə bir sıra təşəbbüslər göstərmiş,
bu işdə Vaqif də yaxından iştirak etmişdir. II Yekaterina 1784-cü
ildə knyaz Q.A.Potyomkinə belə yazmışdı: «Deyəsən, İbrahim xanın
məktubları mənə gəlib çatan türk və bəzi İran məktublarından daha
nəzakətli yazılmışdır... Mənə bildir, görək o kimdir?... Gəncdir,
yoxsa qoca? Güclüdür, yoxsa zəif?»
Vaqifin həyat və yaradıcılığına aid geniş tədqiqat aparmış mərhum
professor Araz Dadaşzadə belə qənaətə gəlmişdir ki, bu məktubun
şairanə ruhu, başqa xan və hökmdarların məktublarından öz nəzakəti
ilə fərqlənməsi onun əsl müəllifinin şair və vəzir Vaqif olmasını
ehtimal etməyə imkan verir.
Bu məktubdan sonra II Yekaterina rus qoşunlarını qraf V.Zubovun
komandanlığı altında Dərbəndə göndərmişdir. Mirzə Adıgözəl bəyin «Qarabağnamə»
əsərində oxuyuruq: «Bu xəbər İbrahim xana çatdı. Oğlu Əbülfət xanı
çoxlu hədiyyə və sovqatlarla böyük sərdar qraf Valerian Zubov
cənablarının möhtərəm hüzurlarına göndərdi. Uca Rusiya dövlətinə
ixlas və sədaqətini bildirdi. İmperatriçə Yekaterina həzrətlərinin
müqərrəblərinə qaneedici və təvazö bildirən məktublar yazdı. İqtidar
sahibi olan sərdar da Əbülfət xana qarşı hədsiz hörmət və
mehribanlıq göstərdi. Behiştlik mərhum (İbrahim) xanın ərizəsini
ixtiyar sahibi padşahın fələklər qədər yüksək olan dərgahına
göndərdi. Pənah xan üçün də bir nəfər knyaz vasitəsilə çoxlu bəxşiş
və töhfələr yolladı. Padşahın ona qarşı hədsiz lütf və mərhəməti
olduğunu bildirdi. Mövlana Molla Pənah Vaqifə də qiymətli daşlarla
bəzədilmiş bir əsa göndərdi».
Əsərdə rus çarının adından göndərilən əsanı Vaqifin əlində görən
düşmənləri onu ruslara satılmaqda təqsirləndirirlər. Vaqifə hücum
edir, onu «tanrı düşməni», «vətən xaini», «məlun», «qansız»,
«satılmış» və s. sözlərlə təhqir edirlər. Şeyx Vaqifi «tanrı
düşməni» adlandırmaqla ona qarşı mübarizədə dindən istifadə edir.
Vaqifin öz yaradıcılığından məlumdur ki, o, Qacara qarşı mübarizədə
gürcülərlə müqavilə bağlamaq məqsədilə Tiflisdə olarkən şeirlər
yazmış, Tiflisi, bu yerin gözəllərini və təbiətini tərənnüm etmişdir.
Bu şeirlərdə gürcü xalqına səmimi hisslər ifadə edilmişdir.
Professor Araz Dadaşzadənin yazdıqlarından: «Tiflis şeirlərini
oxuyarkən onun müəllifi heç də dini etiqadlar əsiri, bəzilərinin
göstərdiyi kimi, qatı məzhəbpərəst deyil, millətlər arasında
ayrı-seçkilik salmayan, dini ayrılığı ortalığa çıxarmayan, həyat,
gözəllik aşiqi kimi göz önündə canlanır».
Vaqif hələ öz sağlığında Cənubi Qafqazda da tanınmış, əsərləri
yayılmışdır. Tədqiqatçılar göstərirlər ki, XVIII-XIX əsrlərdə gürcü
xalq müğənnilərinin, aşıqlarının repertuarında Vaqifin qoşmaları
mühüm yer tutmuşdur. Bu şeirlər gürcü əlifbası ilə həmin
müğənnilərin dəftərlərinə köçürülmüşdür. Tədqiqatçı Həmid Vəliyev
göstərmişdir ki, gürcü əlifbası ilə yazıya alınmış həmin şeirlər
Gürcüstan Elmlər Akademiyasının K.Kekelidze adına Əlyazmalar
İnstitutunda və İ.Qrişaşvilinin kitabxana-muzeyində saxlanılır.
Səməd Vurğun əsəri yazarkən bu məsələyə xüsusi diqqət yetirmişdir.
Vaqifin azad olunmasında Gürcüstandan gəlmiş dəstə yaxından iştirak
edir. Qeyd etmək lazımdır ki, həmin dövrün hadisələri bir sıra
Cənubi Qafqaz yazıçılarının əsərlərində də öz əksini tapmışdır.
Maraqlı cəhət budur ki, həmin əsərlərdə də bu hadisələr Vaqiflə
bağlı verilmişdir.
Görkəmli gürcü yazıçısı Akaki Beliaşvilinin «Besiki» romanı bu
baxımdan maraqlıdır. Əsər gürcü şairi və siyasi xadimi Besiki
Qabaşvilinin həyatına həsr edilmişdir. Burada şairin həyatı fonunda
XVIII əsrdə baş vermiş mühüm sosial-siyasi hadisələr öz əksini
tapmışdır. Romanda müəllifin Besiki ilə birlikdə onun azərbaycanlı
müasiri Vaqifə də hörmət və məhəbbəti aydın hiss olunur.
Azərbaycanın görkəmli yazıçısı Y.V.Çəmənzəminlinin «Qan içində» (yazıçının
“İki od arasında” əsəri 1967-ci ildə bu adla çap olunmuşdur)
romanında da Vaqifin Gürcüstanla əlaqələrinə geniş yer ayrılmışdır.
Burada Gürcüstan hökmdarı II İrakli ilə danışıqlar aparmaq üçün
Qarabağ xanlığı nümayəndə heyətinin Vaqifin rəhbərliyi ilə Tiflisə
getməsi təsvir olunur. Vaqif qonşu gürcü xalqına xüsusi hörmət
bəsləyir. O, II İraklinin 1783-cü ildə Rusiya ilə müqavilə
bağlanmasını bəyənir, Cənubi Qafqaz xalqlarının Rusiya ilə
ittifaqına yaxşı bir hal kimi baxır.
Artıq qeyd etdiyimiz kimi, Səməd Vurğunun əsərdə təsvir etdiyi
hadisələr əsasən Vaqiflə əlaqədar verilir. Tədqiqatçılar Vaqif
barədə danışarkən onu ümumiləşmiş surət hesab edirlər. Vətənpərvər
və vətəndaş olan qələm sahiblərimiz öz xalqını düşünməklə bərabər
başqa xalqlara da eyni gözlə baxmış, ümumbəşəri ideyaları təbliğ
etmiş, xalqları dostluğa, əməkdaşlığa səsləmişdir. Səməd Vurğun
milli və ümumbəşəri xüsusiyyətləri məhz Vaqif obrazı üzərində
cəmləşdirmişdir. Vaqif, hər şeydən əvvəl, böyük vətənpərvərdir, öz
vətənini, xalqını və dilini müdafiə edir.
Vaqifin özünəməxsus
xüsusiyyətləri onun Vidadi, Eldar və başqa adamlarla söhbətlərində,
İbrahim xan və Qacarla qarşılaşdığı səhnələrdə, habelə başına gələn
bir sıra hadisələr zamanı meydana çıxır. Əsərin əvvəlində Salahlıya
- Vidadi ilə görüşə gələrkən kənd ağsaqqallarından Qurban kişi onu
ərklə məzəmmət edir. Qurban kişi üzünü Vaqifə tutub deyir ki, sən
gözümüzün işığı, məclislərin yaraşığı idin, gəlinə-qıza şeir
deyərdin:
“Onu da çox gördün
axırda bizə?”
Vaqif bu ağsaqqala
belə cavab verir:
Yox, yox, Qurban əmi,
mənə dünyada
Bu
ellər, obalar gülzar görünür.
Gözüm gözünüzdən uzaq olsa da,
Könüldən-könülə yollar görünür.
Qurban kişinin bu «məzəmmət»ində də Vaqifə el sevgisinin şahidi olur,
ona böyük ehtiram göstərildiyini hiss edirik. Göründüyü kimi, Qurban
kişi ona birbaşa demir ki, gözəl məclislərin yaraşığı olduğunu,
gəlinə-qıza şeir dediyini, yəni nikbin hərəkətlərinlə camaatı şad
etdiyini axırda bizə çox gördün. Qurban kişi bunu Vaqifdən çox
mülayimliklə soruşur: «Onu da çox gördün axırda bizə?»
Vaqif sarayda təqib olunanda, mənəvi sarsıntılara məruz qalanda yenə
də bağlı olduğu xalqı, eli-obanı düşünür:
O təmiz duyğular, o saf ürəklər,
Bənövşə qoxulu sərin küləklər,
Başına döndüyüm güllər, çiçəklər -
Tərlanlar oylağı yadıma düşdü...
Vaqif elə-obaya bağlı şəxsiyyət, gözəl şair, uzaqgörən dövlət xadimi,
diplomatdır. O, vəfalı dost, mehriban valideyn, möhkəm iradəli bir
insandır.
Vaqif oxucunun və tamaşaçının yaddaşında elə bu cür də qalır...
Adilxan Bayramov
filologiya elmləri
doktoru