Vaqif türbəsi — Azərbaycanın Şuşa
şəhərində yerləşir. Türbənin tikintisi 1982-ci ildə başa çatdırılmış və abidənin
açılışında o zaman AKP MK-nın sədri olan Heydər Əliyev də iştirak etmişdir.
Türbə AMEA-nın həqiqi üzvü, sənətşünaslıq doktoru Ə. V. Salamzadə və əmkdar
memar, memarlıq namizədi E. İ. Kanukovun layihəsi əsasında tikilmişdir.
Vaqif türbəsi Şuşanın Cənub-Qərb tərəfində, bayram şənlikləri və cıdır yarışları
təşkil edilən məşhur Cıdır düzündə, şairin faciəli surətdə həlak olduğu və dəfn
edildiyi qayalı təpədə əzəmətlə ucalır.
Şairin türbəsinin inşası kimi çox mürəkkəb və məsuliyyətli məsələni həll
edərkən ətrafdakı dağ mənzərəsi və şəhərsalma xüsusiyyəti nəzərə
alınmış, Azərbaycanın qülləvari türbələrinin kompozisiya quruluşundan yaradıcı
şəkildə istifadə edilmişdir. Türbənin inşasında müəlliflərin xalq memarlığının
yerli ənənələrinə, monumental-dekorativ və tətbiqi plastika vasitələrinə geniş
müraciət etmələri diqqəti cəlb edir.
Vaqif türbəsində bədii memarlıq fikrinin son dərəcə aydınlığı və kompozisiyanın
məntiqi sadəliyi konstruksiya və bədii surətinin ahəngdarlığı əldə edilmişdir.
Şairin abidəsi kompozisiyanın tamlığı və formaların plastik zənginliyi ilə də
fərqlənir. O, planda kvadrat şəkilli, aşağısı bir qədər geniş, oturacaq şəklində
olan xaricdən qırmızımtıl Qarabağ mərməri ilə üzlənmiş hündür bürcdür. Türbənin
oturcağının üç tərəfindən başqa bütün fasadların hündürlüyü boyunca
anodlaşdırılmış alüminium şəbəkə ilə örtülmüşdür.
Türbənin şəhərə baxan tərəfi təsirli baştağ görkəmi ilə nəzərə çarpır. Baştağın
atqısında ağ mərmərdən böyük hərflərlə ölməz şairin adı həkk edilmişdir. 18 metr
hündürlükdə ağ mərmər salonun mərkəzində şairin qəbri üzərində qara mərmərdən
sənduqə qoyulmuşdur.
Türbənin daxili memarlığına işıq və hava hopdurulması və heykəltəraş
A. Mustafayevin işi olan qabartmanın əlavə edilməsi şairin abidəsini daha da
zənginləşdirmişdir. Girişə yönəldilmiş qabartma heykəl interyerin miqyası ilə
yaxşı uyğunlaşdırılmışdır. Şəbəkələrdən süzülən işıq şüaları insanda dinamik işıq
və kölgə strukturlu daxili məkan haqqında nəhənglik, təmtəraq və romantik
coşğunluq kimi xoş duyğular oyadır.
Türbənin konstruksiya həlli monolit dəmir-beton karkasa əsaslanır. Bəzək vurmaq
üçün yalnız yerli inşaat materiallarından istifadə edilməsi xoş təsir
bağışlayır. Müəlliflər Azərbaycanın bürclü türbələrinin kompozisiyalı tərtibatı
ənənələrini ustalıqla davam etdirmişlər.
Günbəz əvəzinə yastı dəmir-beton örtük layihələşdirilmişdir. Örtüyün yanlarından
çıxıntı əmələ gətirən yüksək söykənəcəklər fasadların zərif alüminium şəbəkələri
ilə şaquli kompozisiyada xüsusi yüngüllük, milli xüsusiyyət və uçuş təəssüratı
yaradır.
Misilsiz təbiət mənzərəsi ilə təsirli təzad təşkil edən, iri miqyaslı abidəvi
kompozisiyasına görə yadda qalan, dəqiq və təsirli siluetə malik abidə ustalıqla
gözəl dağ mənzərəsinə daxil edilmişdir.
Yüksək professional səviyyədə hazırlanmış Vaqif türbəsi qoruq şəhər olan Şuşanın
memarlıq üslubuna yeni bir nəfəs gətirmiş gözəl abidədir.
Erməni silahlı dəstələri şəhəri 1992-ci ildə işğal etdikdən sonra məqbərəyə
zərər dəymiş və o hal hazırda bərbad vəziyyətdədir.
|