E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

Mütəfəkkir şair M.Ş.Vazeh

XIX əsr Azərbaycan ədəbiyyatı tarixində Mirzə Şəfi Vazeh (1794-1852) qədər şəxsiyyəti və ədəbi fəaliyyəti dolaşıq ikinci bir yazıçı bəlkə də yoxdur. Bu hal əsr yarımdan artıqdır ki, davam edir. Həmin müddət ərzində Azərbaycan, rus, alman və s. dillərdə çap olunan elmi ədəbiyyatda, habelə dövri mətbuatda xalqımızın bu böyük oğlu haqqında çox yazılmış, özü də müsbət, tərifli sözlərlə bərabər, qeyri-elmi, yanlış, zidd hökmlər də meydana çıxmışdır. Qəribədir ki, Mirzə Şəfi irsinin müxtəlif nəşrlər artdıqca, tədqiqatlar çoxaldıqca, genişlənib dərinləşdikcə bu problem haqqında təsəvvürlərdəki təzadlar nəinki aradan qalxmamış, əksinə daha da kəskinləşmişdir.

Xalqımızın ictimai, bədii fikir tarixində mühüm yeri olan mütəfəkkir, istedadlı şair və ilk Azərbaycan marifçiliyinin görkəmli simalarından sayılan Mirzə Şəfi Kərbəlayı Sadıq oğlu Vazeh 1794-cü ildə Gəncədə bənna ailəsində anadan olmuşdur. Atası el arasında usta Sadıq adı ilə tanınmışdı. Əslən gəncəli olan usta Sadıq Gəncə hakimi Cavad xanın sarayında memarlıq edirdi. O, böyük oğlu Əbdüləliyə də öz sənətini öyrətmişdi. Lakin kiçik oğlu Məhəmməd Şəfinin elmə meylini görüb onu ruhani etmək istəyirdi. Bu məqsədlə onu şah Abbas məscidi yanında olan mədrəsəyə qoymuşdu. Məhəmməd Şəfi isə molla olmaq fikrində deyildi, ancaq atasının sözündən çıxa bilmədiyindən mədrəsədə oxumaq məcburiyyətində qalmışdı. Burada ərəb, fars dilləri, şəriət elmləri və hüsn-xətt keçilirdi.

Cavad xanın sarayında memar işləyən atasını çox erkən itirən Mirzə Şəfi Vazeh qabaqcıl fikirli Hacı Abdullanın himayəsində Gəncə mədrəsəsində təhsilini davam etdirir. Mirzə Şəfinin müasiri olan alman şərqşünası A.Berje bu xüsusda yazmışdır: Mirzə Şəfiyə hamilik edən Hacı Abdulla onda elm və maarifə böyük həvəs olduğunu görüb, təhsilini davam etdirməkdə ona maddi yardım göstərməkdən belə çəkinmirdi. Gəncə mədrəsə müdərrisləri gənc Şəfinin fikirlərində dini etiqada dair dəyişikliyi görüb ona dərs verməkdən imtina etdikdə o, mədrəsəni tərk etmə
yə məcbur olur. Şairin yaradıcılığında ruhaniliyə qarşı nifrət və mənfi münasibətin oyanması da məhz buradan başlayır.

Mirzə Şəfi Gəncə mədrəsəsindən yarımçıq çıxdığı zaman ərəb və fars dillərini bilirdi. O, şəxsi mütaliə yolu ilə Şərqin məşhur alim, mütəfəkkir və şairlərinin əsərlərini öyrənir, Xəyyam, Nizami, Sədi, Hafiz kimi klassiklərin əsərləri ilə yaxından tanış olur. O, ilk şeirlərini qələmə alır.

Mirzə Şəfi Hacı Abdullanın köməyi ilə Cavad xanın qızı Püstə xanımın kənd və mülklərini idarə etmək üçün mirzəlik vəzifəsinə təyin olunur. Onun Mirzə Şəfi adlanması da bu vəzifə ilə əlaqədardır.

1826-cı ildə Rusiya-İran müharibəsi zamanı Püstə xanımın qardaşı Uğurlu xanla birlikdə İrana qaçması M.Ş.Vazehin işsiz qalmasına səbəb olur. Bir tərəfdən mirzəlik vəzifəsini itirməsi, o biri tərəfdən hamisi Hacı Abdullanın ölümü onun maddi vəziyyətini ağırlaşdırır. Bir müddətdən sonra yəni XIX əsrin 30-cu illərində Gəncədə Şah Abbas məscidi yanındakı mədrəsədə uşaqlara nəstəliq xətti ilə yazıb-oxumağı öyrədən Mirzə Şəfi xalq arasında bir şair kimi də tanınmışdır.

Gözəl xoşnəvis, yaxşı müəllim dövrünün görkəmli şairi olan Mirzə Şəfi bu zaman Gəncədə İran mətbəələrində çap olunmaq üçün kitabların surətini hazırlayırdı.

F.Bodenştedt müəllimi haqqında “Şərqdə 1001 gün” əsərində yazırdı: “Mirzə Şəfi hər xırda şeydən ötrü hirslənən deyildi, o, təmkinli və sakit adam idi. Çox danışmağı sevməzdi, bir söz demək istəsə fikrini aydın və qısa deyərdi. Səliqəliliyi çox sevərdi”. O, Mirzə Şəfinin tanınmış xəttat, alim olduğunu təsdiq edərək yazırdı: “Mirzə Şəfinin tatar (Azərbaycan – Akif Bayram) və fars alimləri yanında xüsusi hörməti var idi”.

Dini fanatizmə qarşı mübarizliyi ilə seçilən Mirzə Şəfi Gəncədə Mirzə Fətəliyə dərs verərkən tələbəsində yüksək zəka və yaradıcılıq qüvvəsi müşahidə edərək, belə bir istedadın süni olaraq dini təhsilə sərf olunmasına heyfsilənmiş şagirdini xeyirxah məsləhətləri və təlqinləri ilə bu yoldan uzaqlaşdırmağa çalışmışdır. Məhz buna görə də M.F.Axundzadənin Gəncədə M.Ş.Vazehlə görüşüb tanış olması və ondan dərs alması onun həyatının mühüm bir hadisəsi kimi tədqiqatçılar tərəfindən daim xatırlanır.

M.F.Axundzadə öz tərcümeyi-halında sonralar yazırdı: “Gəncə məscidinin hücrələrinin birində bu vilayət əhalisindən Mirzə Şəfi adlı birisi yaşayırdı: bu adam növbənöv elmlərdən başqa, nəstəliq yazısını da çox yaxşı yazırdı. Bu adam Mirzə Şəfidir ki, Almaniya məmləkətində onun həyatı və farsca şeirdə malik olduğu fəziləti haqqında məlumat yazılıbdır. Mən ikinci atamın buyruğu üzrə hər gün bu şəxsin yanına gedib nəstəliq yazısının məşqini edirdim. Belə ki, get-gedə mənimlə bu möhtərəm şəxsin arasında ülfət və ünsiyyət hasil oldu. Bir gün bu möhtərəm şəxs məndən soruşdu: “Mirzə Fətəli, elmləri təhsil etməkdə məqsədin nədir?” Cavab verdim ki, ruhani olmaq istəyirəm. Dedi: “Sən də onlar kimi, riyakar və şarlatanmı olmaq istəyirsən?” Təəccüb və heyrət etdim ki, bu nə sözdür?.. Mirzə Şəfi mənim halıma baxıb dedi: “Mirzə Fətəli öz həyatını bu qaragüruhun içərisində puç etmə, başqa bir məşğuliyyət qəbul et!”

Onun ruhanilikdən nifrət etməsinin səbəbini soruşduqda, o günə qədər mənim üçün örtülü qalan mətləbləri açmağa başladı. İkinci atamın həcdən qayıtmasına qədər Mirzə Şəfi bütün mətali-bi-irfaniyyəni mənə təlqin etdi və gözümün qabağından qəflət pərdəsini qaldırdı”. Mirzə Şəfinin təlqinləri gənc M.F.Axundzadə ni qəflət yuxusundan ayıldaraq onu ruhani təhsilindən uzaqlaşdırmışdır.

1840-cı ildə Mirzə Şəfi Gəncəni tərk edib, Tiflisə köçür və həmin ilin noyabrında keçmiş tələbəsi M.F.Axundzadənin köməyi ilə Tiflis qəza məktəbinə Azərbaycan və fars dilləri müəllimi vəzifəsinə təyin olunur. Tiflis qəza məktəbinin ştatlı nəzarətçisi, 1840-cı il mayın 3-də Zaqafqaziya məktəbləri müdirinə yazdığı raportunda “Yelizavetpol müsəlmanlarından” olan Mirzə Şəfinin müəllimlik vəzifəsinə namizədliyini təqdir edir, “yerli yüksək ruhani rütbəli mömin şəxslərin, eləcə də hörmətli tatarların (yəni azərbaycanlıların - T.Ə.) hamısı ən yaxşı fikirlər” söylədiklərini xəbər verirdi. Sonda yazırdı: “Mən özüm şəxsən həmin Mirzənin bu xüsusiyyətlərinə bir neçə dəfə inanaraq və məktəbə verə biləcəyi mənfəəti irəlicədən görərək onun ərizəsini zati-alinizə təqdim etməyi özümə şərəf hesab edir və həmin vəzifəni ona təhvil vermək haqqında sərəncam vermənizi xahiş edirəm”. Mirzə Şəfi 1840-cı ilin yazında Tiflisə köçsə də, qəza məktəbində müəl
limlik vəzifəsinə təyinatı birdən-birə verilməmişdir. O, xüsusi komissiya qarşısında “ərəb, fars və Azərbaycan dillərində tama
milə qənaətləndirici” sınaq imtahanı vermiş, andiçmə mərasimin
dən keçmiş, nəhayət, 1840-cı il noyabr ayının 24-də öz vəzifəsini yerinə yetirmək hüququ almışdır.

Şairin həyatının Tiflis dövrü zəngin hadisələrlə dolu olduğu kimi, yaradıcılığının da ən məhsuldar illəridir. Mirzə Şəfi burada azərbaycanlı, rus, gürcü, erməni və xarici ölkə ziyalıları ilə tanış olmuşdur. Rus ədəbiyyatından V.Velitmanın şeirlərini xoşladığı üçün onun “Ayın fəcrin nə üçün duman bürüdü?” şeirini fars dilinə tərcümə etmişdir.

1844-cü ildə Mirzə Şəfi tərəfindən Tiflisdə “Divani-hikmət” adlı ədəbi məclis təşkil olunmuşdur. Burada iştirak edənlərin çoxu onun yaxın dostları və şagirdləri idi. 1840-1841-ci illərdə Mirzə Şəfinin Gəncədə, sonra Tiflisdə təşkil etdiyi “Divani-hikmət” ədəbi məclisi Zaqafqaziyada yeganə yüksək səviyyəli, beynəlmiləl tərkibli ədəbi cəmiyyət idi. Mirzə Şəfinin rəhbərlik etdiyi bu ədəbi məclisdə ‒ A.Bakıxanov, M.F.Axundzadə, L.S.Budaqov, İ.İ.Qriqoryev, İ.A.Slivski, F.Bodenştedt, Mirzə Yusif Vidadi, Mirzə Həsən Ordubadi, Hacı Yəhya Müztər və b. kimi həmfikir qələm sahibləri toplaşmışdı. Rus, gürcü, alman, tatar, azərbaycanlı ədəbiyyat xadimləri “Divani-hikmət”də ədəbi, fəlsəfi, ictimai-siyasi problemlər ətrafında qızğın mübahisələr aparır, şeir oxuyurdular. Bu ədəbi məclisin sorağı Zaqafqaziya hüdudlarını aşmışdı: Təbriz, Ərdəbil, Bakı, Şamaxı, Naxçıvan şairləri “Divani-hikmət”in üzvlərinə şeirlər həsr edir, Tiflisə yolu düşəndə cəmiyyətin yığıncağında iştirak etməyi özlərinə borc bilirdilər.

Məclis üzvləri arasında Almaniyanın Hannover şəhərinə ordan da Qafqazın baş hakimi general Neydqartın dəvəti ilə Tiflisə gəlib burada müəllimlik edən Fridrix Martin fon Bodenştd də var idi. O Mirzə Şəfidən Azərbaycan və fars dillərini öyrənirdi. “Şərqdə min bir gün” kitabında yazmışdır: “Dərs qurtardıqdan sonra Mirzə Şəfini alman şairlərindən Höte, Heyne və Şillerin, ingilis yazıçılarından T.Mor və C.Bayronun əsərləri ilə tanış edərdim. C.Bayron onun daha artıq xoşuna gəlirdi. O, bunlara heç bir izah tələb etmirdi. Mirzə onları təfsirsiz başa düşərdi.”

1846-cı ilin noyabr ayında təxminən, altı il Tiflisdə yaşayandan sonra Mirzə Şəfi Gəncəyə qayıdır və burada dövlət tərəfindən yeni açılmış qəza məktəbinə müəllim təyin olunur.

1850-ci ilin yanvarında M.Ş.Vazeh yenə Tiflisə qayıdır və gimnaziyaya Azərbaycan dili müəllimi təyin olunur. O, bu vəzifədə ömrünün axırına qədər çalışmışdır. 1850-ci ilin yanvarında M.Ş.Vazeh yenidən Tiflisə qayıdır və gimnaziyaya Azərbaycan dili müəllimi təyin olunur. O, bu vəzifədə ömrünün axırına qədər çalışmışdır. Bu dövrdə Mirzə Şəfi dərsliyə böyük ehtiyacı görüb yaxın həmkarı, Tiflis gimnaziyasının fars dili müəllimi İ.Qriqoryevlə birlikdə müntəxəbat tərtib etməyi qərara alır. Onlar 1852-ci ilin aprelində “Kitabi-türki” (Tatarskaə Xrestomatiə Azerbaydjanskoqo nareçiə) dərsliyinin tərtibini başa çatdırırlar. Müntəxəbatın birinci hissəsinə Azərbaycan, ərəb və fars ədəbiyyatından hikmətli, nəsihətamiz səslər, lətifə və məzhəkələr, tərbiyəvi təmsillər, hekayələrlə yanaşı, Füzulinin seçmə lirik şeirləri (qəzəl, qəsidə), “Leyli və Məcnun” poemasından müəyyən parçalar daxil edirlər. Şərq tarixi, “Qarabağnamə” və “Dərbəndnamə”dən parçalar da müntəxəbatda özünə yer tapır. Bütün materiallar sadə, anlaşıqlı dildə, şagirdlərin yaşına. bilik səviyyəsinə, zövqünə və marağına uyğun seçilir. Kitabın ikinci hissəsində şagirdlərin lüğət ehtiyatını zənginləşdirmək məqsədi ilə “Tatar-rus lüğəti” verilmişdir.

Müntəxəbatın əlyazması Mirzə Şəfinin nəsx, nəstəliq, şikəstə-nəstəliq və şikəstə xətti ilə yazılmışdır. Kitab Mirzə Şəfinin sağlığında dərc olunmamışdır. İ.Qriqoryev 1855-ci ildə müntəxəbatın bir hissəsini Təbrizdə daş basması üsulu ilə çap etdirmiş, kitab Tiflis gimnaziyasının aşağı sinifləri və qəza məktəblərində qiymətli təlim-tədris vəsaiti kimi istifadə edilmişdir. “Kitabi-türki”nin tam geniş variantı 1856-cı ilin axırlarında nəşr edilsə də, ondan məktəblərdə dərslik kimi istifadə etməyə icazə verilməmişdir. Buna baxmayaraq, “Kitabi-türki” müntəxəbatı keçən əsrdə A.Bakıxanovun, Mirzə Kazım bəyin dərslikləri istisna olunarsa, Azərbaycan dilində ilk kamil dərs vəsaiti olmuşdur.

Şair 1852-ci il noyabrın 28-də Tiflisdə vəfat etmiş və orada da dəfn olunmuşdur.

M.Ş.Vazehin rus və Qərbi Avropa dillərində nəşr olunmuş şeirlərinin Azərbaycanca və farsca orijinallarının əksəri əlimizdə yoxdur. Bu şeirlərin əlyazmaları F.Bodenştedt tərəfindən Almaniyaya aparılmışdır. Mirzə Şəfi 1844-cü ildə Tiflisdə F.Bodenştedtə dərs verdiyi zaman öz şeirlərini ona yazdırarmış, bundan əlavə şair əlyazması halında olan şeir məcmuəsini də ona hədiyyə vermişdir. F.Bodenştedt özü “Şərqdə min bir gün” əsərində bu xüsusda yazmışdır: “Hörmətli oxucum,“Şərqdə min bir gün” əsərinin bu hissəsi İrəvandan qayıtmağımı və Mirzə Şəfinin mənə bağışladığı şeir dəftərçəsini xatırladır. Mirzə Şəfinin alman şairi və tərcüməçisi F.Bodenştedt tərəfindən ələ keçirilmiş “Müdrikliyin açari” şeirlər dəftəri Almaniyada müxtəlif vaxtlarda, müxtəlif adlarda nəşr edilmişdir. F.Bodenştedt alman dilinə tərcümə etdiyi bu şeirlərin bir qismini “Şərqdə min bir gün” əsərinə daxil edərək, Mirzə Şəfinin həyatı və yaradıcılığı haqqında məlumat vermişdir. “Şərqdə min bir gün” əsərindən sonra F.Bodenştedt müəlliminin şeirlərini 1851-ci ildə Berlində alman dilində kiçik kitab şəklində “Mirzə Şəfinin nəğmələri” adı ilə nəşr etdririr. Kitabça Almaniyada sürətlə yayılır, müəllifinə böyük şöhrət qazandırır. Şeirlərin böyük müvəffəqiyyət qazandığını görən F.Bodenştedt sonralar onları öz adına çıxmışdır.

Mirzə Şəfi Vazehin ədəbi irsinin öyrənilməsində ilk olaraq professor M.Rəfilinin, Ə.Ə.Səidzadənin, S.Mümtazın və İ.K.Yenikolopovun tədqiqat işlərinin ciddi əhəmiyyəti olmuşdur.

Almaniyada XIX əsrin ikinci yarısından başlayaraq geniş surətdə yayılan Mirzə Şəfi şərqiləri öz nikbinliyi, fəlsəfi məzmunu, satirik fikirləri və lirizmi ilə o zamankı alman poeziyasından kəskin fərqlənir və bu şeirlərin müəllifinin F.Bodenştedt deyil, M.Şəfi olduğunu bir daha sübut etmişdir.

Mirzə Şəfinin klassik Şərq poeziyasının qəsidə, qəzəl, rübai, məsnəvi və s. formalarında yazdığı məzmunca dərin, bədii cəhətdən gözəl şeirləri ictimai, siyasi və fəlsəfi mahiyyətdədir. Onun fikrincə, şair həyatın gözəlliklərini görməyi, əks etdirməyi bacarmalıdır. O, dövrünün mütəfəkkir sənətkarı kimi həyatın və varlığın sirrini açmağa, onun mənasını açmağa çalışır. “Çadranı at” şeiri bu baxımdan diqqətəlayiqdir:

Tulla gəl çadranı... görünsün üzün,
Gül də gizlədərmi de, bağda üzün?!
Səni qadir allah, ey incə çiçək,
Yaratmış dünyaya verməkçün bəzək.
De, bunca lətafət, bunca məlahət,
Solsun dar qəfəsdə neyçün, nəhayət!

Yəni insanın mənəvi və cismani gözəlliyi də bir həqiqətdir. Bu həqiqəti cəmiyyətdən gizlətmək insanlığa ləkədir.

Şairin yaşadığı dövrdə qadının saf məhəbbətini, onun sevilməsini qələmə alıb tərənnüm etmək dinə, şəriətə zidd sayılırdı. Mirzə Şəfi bu ədalətsizliyə öz etirazını bildirərək yazırdı:

Göy üzünü bəzəyirsə ol günəş necə,
Qəlb evimi bəzəyirsən sən də, eləcə.
Yetmişəm sayəndə mən bu səadətə,
Könlüm bil ki, düçar olar sənsiz zülmətə.

M.Ş.Vazehin bəzi əsərlərində narazılıq, xalq etirazı, üsyankarlıq ruhu açıq-aydın ifadə olunur. Onun epik-lirik planda yazdığı “Sədi və şah” poeması üslubu, ideya-bədii təsiri etibarı ilə ictimai məna daşıyır. Əsərdə xalq iradəsinin nəticə etibarilə təntənəsi fikri cəsarətlə irəli sürülmüşdür. Epik səciyyəli əsərində Mirzə Şəfi şahlıq haqqında maraqlı fikirlər irəli sürülmüşdür: “Şah ağılsız və axmaqdır, lakin camaat avam olduğu üçün o, padşahlıq edə bilər. Şairə görə xalq maariflənərsə, onun əqli və kamalı yerində olarsa, hakimiyyətin özbaşınalığına son qoyula bilər.

M.Ş.Vazeh ədəbiyyatın bədii-estetik rolunu doğru dərk edib qiymətləndirən və onu əməli işində müvəffəqiyyətlə həyata keçirməyi bacaran müqtədir sənətkarlarımızdandır. O, tərbiyədən kənar, insan zövqünə və amalına uyğun gəlməyən sənət əsərini məqbul hesab etməmişdir. Şairin ədəbiyyat haqqında fikirləri onun həyatla daha sıx bağlılığı ilə səciyyələnir.

1853-cü ildə “Brokhaus” ensiklopediyası “Mirzə Şəfi” məqaləsində Mirzə Şəfinı məşhur bir şair kimi təqdim edir.

Avropada “Mirzə Şəfinin nəğmələri” məşhur bəstəkarların da diqqətini özünə cəlb etmişdir. Böyük rus bəstəkarı Anton Rubinşteyn Mirzə Şəfinin 13 əsərinə musiqi yazmışdır.

XIX əsr rus mədəniyyətinin qabaqcıl nümayəndələri Mirzə Şəfi yaradıcılığı ilə N.Çernişevskinin tələbəsi, dostu və məsləkdaşı, inqilabçı-demokrat M.L.Mixaylovun və rus əsilli N.İ.Eyfertin tərcümələri sayəsində tanış olmuşlar. Bolqar alimi Sonni Bayevanın yazdığına görə: “XIX əsrin 50-60-cı illərində Avropada sürətlə yayılmış və dəfələrlə böyük tirajlarla bir çox dillərdə çap olunmuş Mirzə Şəfi Vazehin şeirləri Bolqarıstanda da geniş oxucu kütləsinin rəğbətini qazanmışdır”.

Mirzə Şəfi nəğmələrinin sürətlə yayılmasının 1-ci səbəbi şeirlərin “xəyyamsayağı” yazılaraq dünyəvi mahiyyət daşıması, ikincisi isə, ümumiyyətlə bu dövrdə Şərqə marağın artması idi. Rus yazıçıları Qafqaz aləmini romantikcəsinə qavramaq sahəsində Qərbi avropalılarla rəğbətdə idilər. Bu, o dövr idi ki, bir tərəfdən “xəyalpərəst ingilislər və polyaklar” dağlı qəbilələrin “Şimal nəhəngi” ilə ümüdsiz mübarizəsini tərənnüm edirdilər; o biri tərəfdən Puşkinin, Marlinskinin, Lermontovun əsərləri Qafqazı və onun sakinlarini artıq poetik koloritlə bəzəmişdir. Qafqaz Qərbi və Rusiyanı öz ədəbi yaradıcılığı ilə deyil, Avropa ədəbi yaradıcılığı üçün əlverişli olan materialı ilə cəlb edirdi.

F.Bodenştedt 1872-ci ildə Almaniyada çıxan “Daheim” jur-nalının VIII nömrəsində “Mirzə Şəfi nəğmələrdə və həqiqətdə” adlı məqalə çap etdirdi. Bu məqalə “Mirzə Şəfi irsindən” başlığı altında nəşr olunan sonrakı kitabların girişində verilmişdir. Məqa-lədə deyilir: “...Mən hər zaman əsərlərimin toplusunun müqəddiməsinə, Mirzə Şəfiyə gələndə isə - Mirzə Şəfi ilə olan dürüst və kifayət qədər dolğun ünsiyyətimi əks etdirən “Şərqdə min bir gün” əsərimə istinad etmişəm.

Buna baxmayaraq, mən öz təcrübəmə əsaslanaraq, görürəm ki, bir çoxları Mirzə Şəfi ilə bağlı tarixçəni uydurma hesab edir, digərləri isə, ələlxüsus da, şərqşünaslar mənim hekayətimi həqiqi sayaraq bu şeirlərin ilk dəfə alman dilində çap olunduğunu məndən öyrənənə qədər dünyada bu qədər maraq doğuran şeirləri orijinalda görmək istədiklərini bildirirlər.

Demək istəməzdim ki, Mirzə Şəfi nəğmələrinin fars və tatar (Azərbaycan) dilindən azmı-çoxmu tamamlanmış tərcümələr hesab edilməsi mənə xoş deyildir, çünki mən həmişə tatar (Azər-baycan) və ya fars şairi deyil, alman şairi olmaq istəmişəm və biləndə ki, Humbolt, Tirş, Doberlayn, Flayşer kimi şəxsiyyətlər və bizim elm aləminin digər korifeyləri bu kiçik kitabçada əvvəldən axıradək alman ürəyinin döyüntüsünü və alman ruhunu hiss ediblər, mən buna hər zaman sevinmişəm. Sonralar çoxsaylı oxucuların da fikirlərindən məlum oldu ki, bu şeirlər, aforizmlər hər kəsə sevinc və təskinlik gətirir və onlar bu şeirlərin şəxsən mənə məxsus olduğu yaxud tərcümə edildiyi haqda düşünmür və buna görə baş sındırmırlar. Lakin son zamanlar, bu məsələyə tam aydınlıq gətirmək zərurəti ortaya çıxıb. Güman ki, M.Ş.Vazehin tam külliyyatı tam tapılıb, aşkara çıxarılması Avropada xeyli vaxtdan bəri sevilə-sevilə oxunan “Nəğmələr” müəllifi M.Ş.Va-zehin bədii irsini təsdiqləyən son nöqtə olacaqdır.

Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxana-sının direktoru, filologiya üzrə fəlsəfə doktoru, professor Kərim Tahirovun rəhbərliyi ilə Milli Kitabxanana tərəfindən şairin irsinin qorunub saxlanması məqsədilə “Mirzə Şəfi Vazeh” adlı biblioqrafiya tərtib edilmişdir. Bu fundamental biblioqrafik göstə-ricini vərəqlədikcə kitabxana əməkdaşlarının gərgin əməklərinin bəhrəsinin şahidi oluruq. İlk səhifələrdə verilmiş “M.Ş.Vazehin lirikasından hikmətli sözlər”, “M.Ş.Vazehin lirikasında nümunələr”, “Görkəmli şəxsiyyətlər M.Ş.Vazeh haqqında” bölmələri bu Gəncə müdrüki haqqında gözəl fikirləri bir daha təsdiqləyir. Göstəricidə şairin əsərləri, onun haqqında bu günə kimi yazılmış materiallar mövzuya uyğun bölmə və yarımbölmələr altında qruplaşdırılmış, şairin şeirlərinin Azərbaycan dilində orijinal variantını, eyni zamanda onların rus dilində tərcümələrini də səliqə ilə kitaba daxil etmişlər. Biblioqrafiyada ilk dəfə olaraq verilmiş “M.Ş.Vazeh dünya kitabxanalarında” bölməsində toplanan sənədlər ölməz sənətkarın irsinin bütün dünyada geniş yayılmasına əyani sübutdur. Bu kitab çox gərgin və əziyyətli bir işin məhsuludur. Bu xeyirxah işdə əməyi olan əməkdaşlara uğurlar arzulayırıq. Bu biblioqrafiya gələcəkdə M.Ş.Vazeh tədqiqatçıları üçün yaxşı zəmin yaradacaqdır.

Akif Əmirxan oğlu Bayramov,
filologiya elmləri doktoru,
professor

 

<< Geri