E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

İti qılınc sürüşərək düşsə yatağa
Üzü yumşaq ipək üstdən sıçrar qırağa.
Bu dünyada kəskinlikdən zor, gücdən artıq
Səmər verər xeyirxahlıq və mehribanlıq.

***

Düzlüklə alçaqlıq çarpışan zaman
Alçaqlıq nədənsə qazanır hər an.
Çünki alçaqlarçün ən alçaq işlər,
Alçaqlıq deyildir, hünərdir, hünər.

***

Xoş olsun ol könül, eşqə məkandır,
Var olsun ol fikir, eşqə həyandır.
Susuz çeşməyə bənzər ol ürək kim,
Nə eşqin dərdini, nə qəm duyandır.

***

Müdriklik adamı çox xoşbəxt edər,
Lakin elm artdıqca, çoxalar kədər.
Bu dünya üzündə xoşbəxtdir axmaq,
Aqil həsəd etməz ona da, ancaq.

***

Mal-dövlət vərəsəlik olsa da, asan,
Zəhmət çəkib bir ev tikmək müşgüldür yaman.
Babaların, nənələrin şanı-şöhrəti,
Nəvələrin qürurunu artırar qəti!
Lakin, verər insanlara əsl ləzzəti,
Öz əliylə qazandığı varı-dövləti.

***

Özünü şux göstər, özünü saxla,
Getməsin üzündən təravət əsla.
Amma düşünmə ki, ölüm nə gəzir?
O, durar qapında bir gün müntəzir.

***

Şikayətmi edim, gülümmü, bilməm
Dünyanın yarısı dərrakədən kəm.
Edir utanmadan, eyləmədən ar,
Mini bir axmağın sözünü təkrar.

Yox! Səni mədh edim, qoy ey yaradan,
Ki tutmuş dünyanı bu qədər nadan
Etməsəydin bizə bu mərhəməti,
Olmazdı ağlın da qədri, qiyməti.

***

Bu dünyanın kədərini, qəmini,
Sorsan, deyər yer üzündə hamıdan,
Ahu-fəğan çıxararmı bu dərdi,
Ürəklərin viran qalmış damından?

***

Kişisən, var isə səndə cəsarət,
Olsun xislətində belə bir adət:
Yaxşılıq edənə yaxşılıq eylə,
Cavab ver yamana yamanlıq ilə.

***

Sən öz mənliyinin dar sarayından
Kənara çıxmasan, ey dostum, inan,
Anla ki, ömründə ola bilməzsən
Düzlük evində də bir dəfə mehman.

***

Məni sevənlərə məhəbbətim var,
Nifrət edənlərə min nifrətim var.
Əgər əl çəksəm də, səadətimdən,
Mən əl götürmərəm bu adətimdən.

***

Ey bəşərin xilasına edilən kömək,
Ey göylərin ilk töhfəsi, sevimli əmək!
Sənə xidmət edənlərə təsəllisən sən.
Müdriklərin ilk arzusu, ilk istəyisən.

***

Gülüb cavabını qaytar mehriban,
Birisi kinayə edərsə sənə.
Bil ki, kinayəyə layiq olmayan
Min bir kinayədən alçalmaz yenə.

***

Ələ qədəh alsan, gəl olma nadan,
İçmə hiss etmədən, içmə duymadan.
Özünü böyüdüb boş yerə şişmə,
Bir də ki, alçalıb ayağa düşmə.

***

Tozu qaldırsa da nə qədər külək,
Toz öz tozluğunu dəyişməyəcək.
Gömülmüş olsa da, toza cəvahir,
Yenə də, qiyməti öz üstündədir.

***

Əgər mənsəb pilləsiylə qalxmaq istəsən,
Gərək mütləq iki şeyə əməl edəsən:
Dinmək lazım gələn yerdə, susasan gərək,
Susmaq lazım gələn yerdə, dillənəsən bərk.

***

Beşikdən ta qəbrə qədər yol var ki, şəksiz
Əldə əsa, ya əsasız keçməliyik biz.
Arasında bunun yalnız fərq var ki, bircə
Kim həyatda həmin yolu keçəcək necə!

***

Başqasının barəsində pis söz eşitsən,
Onu yayma heç bir zaman möhkəm saxla sən.
Asandırsa başqasının evini yıxmaq,
Çox çətindir amma, daşı daş üstə yığmaq.

***

Şeir deyən bir kimsənin sərrafdırsa əgər gözü,
Tapar əsl fikir üçün lazım olan əsl sözü.
Əsl şair olan kimsə, söz önündə qalmaz naçar,
Əsl evin qapısına tapıb salar əsl açar.

***

Nə gülməyə çarə, nə danışmağa macal,
Nə oturmağa cürət, nə də getməyə güc qalıb.
Nə gözləməyə qüdrət, nə çəkməyə güc qalıb,
Canım ovcumda, gözüm yoldadır.

***

Tulla gəl çadranı.... görünsün üzün,
Gül də gizlədərmi de, bağdan üzün?!
Səni qadir allah, ey incə çiçək,
Yaratmış dünyaya verməkçin bəzək.
De, bunca lətafət, bunca məlahət,
Solsun dar qəfəsdə neyçün, nəhayət!

***

Lal dil yaxşıdır, yalançı dildən.

***

Fəqirlik yaxşıdır haram dövlətlilikdən
və kasıblıq xoşdur zülmdən.

***

Evdən irəli qonşunu axtar və yoldan irəli yoldaş.

***

Şairin olmazsa sözündə məna,
Şairlik sənəti yaramaz ona.

***

Acığın əvvəli dəlilikdir, axırı peşmançılıq.

***

Hər kəsin havası əqlinə qalibdir, həlak olur.

***

Özünü xalqdan sayma, nə qədər ki, acığın özünə qalibdir.

***

Səbirsiz fəqir yağsız çıraq kimidir.

***

Dünyanın və malın dostluğu hamı xataların başıdır.

***

Tələsməkdə peşmanlıq var, səbrdə salamat.

***

Diri it ölü aslandan yaxşıdır.

***

O kəs ki, özgənin sirrini sənə deyir, sənin sirrini dəxi özgəyə deyər.

***

Zalım ölüdür, əgərçi diridir.

***

Yaxşılıq eyləyən kişi diridir, hərçənd ölmüş ola.

***

Xalq ölüdür və elm əhli diri.

***

limin bir günü yaxşıdır cahilin hamı ömründən.

***

Ədəbsiz kişi cansız cəsəd kimidir.

***

Ağıllı düşmən nadan dostdan yaxşıdır.

***

Hikmətin başı allahdan qorxmaqdır

***

Tövbəsiz cavan ustasız ev kimidir.

***

Yatanın oyaqdan xəbəri olmaz.

***

İlan vurmuş ipdən qorxar.

***

Nemət şükür ilə bərqərar olur.

***

İki qılınc bir qına sığışmaz.

***

Kim ki, eyibsiz dost axtarsa, dostsuz qalar.

***

Eləmə o işi ki, sənə faydası yoxdur.

***

Kim ki, tikan əkər, ondan üzüm dərməz.
 

<< Geri