Ağlım gecə-gündüz yazıq qəlbimi
Daima danlayar, daima söyər.
Qəlbimsə sevdaya bir həris kimi,
Daima istəyər, daima sevər.
***
Yenə gəldi qızıl gülün dövranı
İşıq saçıb dörd bir tərəf vurdu bərq
Cilvələnib yer üzünün hər yanı,
Dodaqların busəsinə oldu qərq.
***
Küləklər işlədir dəyirmanları,
Maşını tərpədir suyun buxarı.
Döyüşə sövq edir bu qəlbimizi,
Coşan hissimizin sərt tufanları.
Lakin min küləkdən, tufandan, sudan
Bütün qüvvələrin hamısından inan,
Bir güclü qüvvə var, bir güclü nəsim, -
Sənin məlahətli, incə nəfəsin!
***
Göy üzünü bəzəyirsə al günəş necə,
Qəlb evimi bəzəyirsən sən də, eləcə.
Yetişmişəm sayəndə mən bu səadətə,
Könlüm bil ki, düçar olar sənsiz zülmətə.
***
Göydə dövrə vuran ulduzlara bax,
Yenə nur saçırlar bizlərdən uzaq.
Başımız üstündə o qızıl çətir,
Bizim arzumuzdan toxunmuş nədir?!
Durub bir-birindən uzaqda yanar,
Gah batar, gah da ki, sayrışar onlar.
Qəmli dursalar da, səmada titrək,
Onlar da birləşər bir vaxt bizim tək.
***
Qoy o vaxta kimi ömür uzansın,
Dövranın qanadı düşsün, dayansın.
Şirin bir həsrətin, xoş xatirənin
Qiyməti böyükdür, mənası dərin.
İnan, çatmasa da əlim əlinə,
Sənin yanındadır xəyalım yenə.
***
Fələyin çərxini saxlamaq olmaz,
Böyük sevincin də ömrü olar az.
Gəldim, məsud olam, yanına sənin
Döndim, nəqş oldu ki, qəlbimə əksin,-
Səadət yolunu göstərsin mənə,
Bir də, çatmaq üçün əlim əlinə.
***
Vaxt var idi güclü, cavan qolumla,
Səni bərk-bərk qucaqlayıb öpərdim.
Gənclik getdi... Köhnə eşqin oduyla,
Vurur qəlbim indiyədək... nə dərdim!
Mənim həyat üzüyümün qaşısan,
O üzüyün bəzəyi sən, daşı sən.
İnan, bütün nəğmələrim sənindir,
Ürəyə bax... neyləyirsən yaşı sən.
***
Xoş olsun ol könül, eşqə məkandır,
Var olsun ol fikir, eşqə həyandır.
***
Yardan versə xəbər, Vazehə o badi-səhər,
Qəbirdə olsa əgər, bil ki, gələr bir də dilə.
***
Bu kiçik məhəbbət təranələrim,
Yaranmış ətrindən tər nanələrin.
Əks-sədasıdır bu səslər, ey dost.
Eşqin, səadətin və nalələrin...
***
Ağlımla qəlbimin özgə yolu var,
Hər biri bir yolda puç edər məni.
Birisi sevdadan uzaqlaşdırar,
O biri sevdaya tuş edər məni.
***
Cəhalət içində olmuşdum sərsəm.
Qocalıb getmişdim ürəyimdə qəm.
Gümrah cavan etdi yenidən məni,
Bir ney, bir məhəbbət, bir də ki, nəğməm.
***
Qəlbimin, ruhumun qanadıyla mən,
Çıxdım aydınlığa zülmət gecədən.
Gördüm şeiriyyətdə həqiqətimi
Tapdım həqiqətdə şeiriyyətimi.
***
Selləri coşdurub, çaylar axdıran,
Göydə buludlara şimşək çaxdıran,
Sonsuz qüvvələri peyda eyləyən,
Bəşər taleini vəsf edirəm mən.
***
Günəş işığını yayıb hər yana,
Min rənglə nur səpir mavi ümmana.
Onun şöləsindən bərq vuran sular,
Az qalır alışa, az qalır yana.
***
Baxışın qəlbimə işıq, nur çilər,
Onunla dünyanı ağıl dərk edər.
Ən nəcib hisslərin açarıdır o,
Ömrümün-günümün baharıdır o!
***
Misilsiz nemətdir seyr etmək səni,
Baxdım, məftun etdi camalın məni.
Uçdun, qanadlanıb üstümə birbaş,
Sanki olmuş idik nə vaxtdı sirdaş.