Görkəmli
maarifpərvər şair, mütəfəkkir Mirzə Şəfi Vazeh (1792-1852)
XIX əsər Azərbaycan ədəbiyyatında xüsusi yer tutur. Onun öz
kökləri ilə xalqa dərindən bağlı olan yaradıcılığı
Azərbaycan klassik poeziyasının ən yaxşı ənənələrinə
əsaslanır.
Şairin yaradıcılığı azadlıqsevərlik, yüksək humanizm
ideallarının təntənəcinə inam, əsarətə, zülmə və
ədalətsizliyə nifrət ruhu ilə yoğrulmuşdur.
Heydər Əliyev,
Azərbaycan xalqının
ümummilli lideri
Vazeh
Şərq poeziyasının çoxəsrlik ənənələrini layiqincə yaşatmış
və yüksək insanpərvərliyi, mənəvi gözəlliyi tərənnüm edən
diqqətəlayiq irs qoyub getmişdir. Onun yaradıcılığı
Azərbaycanın Avropa ilə ədəbi-mədəni əlaqələrinin
inkişafında özünəməxsus mühüm yer tutur.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
XIX əsrin
birinci yarısında Gəncənin ədəbi, elmi-ictimai və fəlsəfi
mühitinin ən böyük hadisəsi, yəqin ki, Mirzə Şəfi Vazehdir.
O Mirzə Şəfi Vazeh ki, müasirləri tərəfindən, tamamilə haqlı
olaraq, “Gəncə müdriki” adlandırılmışdır.
Nizami Cəfərov,
akademik
Mirzə
Şəfi bütün məsələlərini mənə təlqin etdi və qəflət pərdəsini
mənim gözümündən açdı. Bu əhvalatdan sonra ruhaniliyə nifrət
etdim və əvvəlki niyyətimi dəyişdim.
Mirzə Fətəli Axundov,
filosof və ictimai xadim
Mirzə Şəfi Vazeh – XIX əsrin birinci
yarısında ədəbiyyatımızın inkişafına müstəsna dərəcədə nəcib
təsir göstərən ən qabaqcıl müəlliflərimizdəndir.
Ə.Ə.Səidzadə,
ədəbiyyatşünas-alim
Azərbaycan türklərinin avropalılara
tanıdan və nəzər-diqqətini Azərbaycan ədəbiyyatına cəlb
etməyə müvəffəq olan ədib və şairlərimizdən ən görkəmlisi
məşhur Mirzə Şəfidir.
S.Mümtaz,
şair, ədəbiyyatşünas,
mətnşünas
Mirzə Şəfi Vazeh özünün xəyyamanə
nikbin “Nəğmə”ləri ilə keçən əsrdə Qərbi Avropada və
Rusiyada böyük şöhrət qazanan görkəmli mütəfəkkir, şair, XIX
əsrin birinci yarısında Azərbaycan ədəbiyyatında təşəkkül
tapan yeni maarifçiliyin əsas nümayəndələrindən biridir.
Hüseyn Əhmədov,
akademik
Mirzə Şəfi Vazeh taleyi qəribə və keşməkeşli şairdir. O, gənc
yaşlarından yaradıcılığa başlamış, istər Gəncədə, istər
Tiflisdə əhatəsində yaşadığı şairlər arasında zərif insan
hisslərini tərənnüm edən lirik-fəlsəfi şeirlərin müəllifi
kimi şöhrət qazanmışdır.
*****
XIX əsrin birinci yarsında klassik
Şərq poeziyasının mütərəqqi ənənələrinin inkişafında
Azərbaycan-Avropa ədəbi əlaqələrinin genişlənməsində Mirzə
Şəfi müstəsna rol oynamışdır. Şair “Divani-Hikmət” şeir
məclisini təşkil etməklə ədəbi prosesin dirçəlişinə qüvvətli
təsir göstərmiş, “Kitabi-türki” tərtib etməklə ana dilində
dərsliklərin və uşaq mütaliə vasitələrinin inkişafını təmin
etmişdir.
Xeyrulla Məmmədov,
ədəbiyyatşünas-alim
Adı bütün Avropada iftixarla çəkilən,
gəncəli söz ustadı Mirzə Şəfi! Siz bu gün xatirəmdə yenidən
canlanırsınız. Sanki biz çay süfrəsi ətrafında əyləşib sizin
gözəl nəğmələrinizi dinləyirik. İnsanlara sevinc, özünə
əbədi şöhrət gətirmək üçün mənə bəxş etdiyiniz bu tər
çiçəklərdən sizə gözəl bir çələng hördüm, qarşıma tökmüş
olduğunuz bu zümrüd daşları sapa düzüb zərif bir boyunbağı
düzəltdim, ey mənim söz ustadım!
***
O öz mühitində dillərin və poeziyanın
bilicisi kimi fərqlənirdi, həmçinin ruslarla, gürcülərlə,
ermənilərlə hamıdan çox ünsiyyətdə olurdu. Məni daha çox
valeh edən ondakı kamil təbiilik, təmkinlik və mülayimlik
idi. Onun ifadəli sifətindən görmək olurdu ki, ondakı
sakitlik heç bir əzab çəkməyin deyil, ağır, lakin uğurla
aparılmış daxili mübarizənin nəticəsidir. Ona müxtəlif
bədbəxtliklər və əzablar üz vermiş, lakin bunlar onun
qəddini əyə bilməmişdir, lakin geniş alnında izlər qoymuşdur.
Gənclik planları boşa çıxdıqdan sonra o, azadlığa can atmış,
bunu həyatda səadəti hesabına əldə edə bilmədikdə öz
ehtiyaclarını məhdudlaşdırmağa məcbur olmuşdur. O, həyatın
bütün incə zövqlərini bilsə də başqalarının çox gözəl
həyatına həsədsiz baxırdı. Mənim müəllimim kimi həyatda az
təlabatı olan başqa bir adama mən heç vaxt rast gəlməmişəm.
Mirzə Şəfi oxumağa çox tələbkar idi və o, yaxşı olan hər
nəyi oxusa və eşitsə, onun ətinə, qanına keçərdi, şəxsi
yaradıcılığını oyadırdı. Yadıma gəlmir ki, o özü ilə dərsə
kitab gətirsin, həmişə əzbərdən nəğmə deyər, diktə edər,
sitat gətirərdi.
Fridrix Bodenştedt,
Alman şairi, tərcüməçisi və yazıçısı
Böyük Azərbaycan şairi Mirzə Şəfi
Vazeh dünya ədəbiyyatı tarixində qəribə taleyi olan
şəxsiyyətlərdən biridir. Bu qəribəlik ondan ibarətdir ki,
sağlığında bir misrası da çap olunmamışdır. Qəribəlik ondan
ibarətdir ki, vəfatından sonra da uzun illər şair dünya
dillərinə tərcümə olunsa da, vətənində unudulmuşdur. Bu
qəribəlik ondan ibarətdir ki, şairin özgə dillərdə nəşr
edilən əsərləri də sonralar başqasının adına çıxmış,
beləliklə Mirzə Şəfi Vazehin varlığı nəinki bir şair, hətta
insan kimi də az qala yox olmuşdur.
Əlisa Nicat,
yazıçı
Görkəmli şair, pedaqaqoq və
maarifçi-filosof Mirzə Şəfi Vazeh Şərq poeziyasının
çoxəsrlik ənənələrini layiqincə yaşadaraq Azərbaycan
ədəbiyyatının Avropada tanıdılmasında və sevilməsində böyük
rol oynamışdır.
Pərvanə Məmmədli,
Filologiya üzrə fəlsəfə doktoru
Mirzə Şəfi Vazeh Azərbaycan xalqının
böyük şairi, filosofu və mütəfəkiri kimi Şərq və Qərb
arasında məşhur bir şəxsiyyətdir. Onun poeziyası bir çox
Avropa dillərinə tərcümə olunmuşdur.
***
XIX əsr Azərbaycan ədəbiyyatında ilk
maarifçiliyin nümayəndəsi olan Mirzə Şəfi Vazeh Abbasqulu
Ağa Bakıxanovun müasiri, Mirzə Fətəli Axundovun isə sələfi
idi. Mirzə Şəfi Vazeh lirik və fəlsəfi şeirləri ilə Qərbi
Avropada və Rusiyada böyük şöhrət qazanmışdı. Onun Xəyyamanə
şeirləri XIX əsrdə böyük rəğbətlə qarşılanmış və öz
müəllifini Şərq klassikləri sırasına keçirmişdi. Lakin
Azərbaycanca və farsca şeirlərinin əsli qalmadığından
Avropada və Rusiyada böyük şöhrət qazanmasına baxmayaraq
onun əsərləri yaxın Şərqdə və öz vətəni Azərbaycanda yayıla
bilməmişdi.
Mübariz Yusifov,
Filologiya elimləri doktoru,
professor
Mirzə Şəfi yoxsul həyat tərzi keçirmişsə də mənən olduqca
varlı bir sənətkardır. O, ədəbiyyat bağçamızda bir ağac əkdi
- daim nurlu, göylərə ucalan, fırtınadan, küləkdən qəddi
əyilməyən, yarpağı tökülməyən, riyakarlığın nə olduğunu
bilmə¬yən ülvi, nəcib bir ağac.
Yeqzar Cəfərli,
Azərbyacan Yazıçılar Birliyinin və
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Maarifpərvər mədəniyyət xadimi Mirzə Şəfi Vazeh mənalı ömrü
boyu doğma Vətəninə və xalqına şərəfli xidmət etmiş, fitri
istedadlı şair kimi nadir sənət inciləri, zəngin lirika
yaratmış, mahir pedaqoq kimi gənc nəslin təlim-tərbiyəsinin
və bədii-estetik zövqünün inkişafına bütün varlığı ilə
çalışmış, ümumxalq məhəbbəti qazanmışdır.
Abbas Səmədov,
filologiya elimləri doktoru, professor
Mirzə Şəfi Vazeh XIX əsr Azərbaycan ədəbiyyatında öz incə
lirikası, mütərəqqi ideyaları ilə görkəmli yer tutur. Onun
yüksək sənətkarlıqla yazılmış şeirlərində əsrinin qaranlıq
mühitində sıxılan, azadlıq həsrəti ilə çırpınan bir ürəyin
istəkləri, fəryadları eşidilir.
Həmid Məmmədzadə,
ədəbiyyatşünas alim
Mirzə Şəfi Vazeh Azərbaycan ədəbiyyatı tarixinə istedadlı
lirik şair kimi daxil olmuşdur. Onun aşiqanə-lirik, fəlsəfi
və satirik şeirlərində insanın zəngin mənəvi aləmi və
ictimai həyatın ziddiyyətləri əksini tapmışdır.
Teymur Əhmədov
filologiya elimləri doktoru, professor
XIX əsrdən indiyədək Azərbaycan ədəbiyyatı tarixində qəribə
taleyi olan görkəmli Azərbaycan şairi və maarifçisi,
istedadlı pedaqoq və kalliqraf, şeirlərində tamamilə liberal
baxışlarla çıxış etmiş, şeir üslubuna gəldikdə isə, bunun
əksinə olaraq, klassik məktəbin tərəfdarı olmuş, türk
Azərbaycanında öz konservatizmi ilə sosial tərəqqi
elementlərini boğan keçmişə məhəbbət bəsləyənlərə qarşı
mübarizə aparan, Şərq mühitinə bağlı, fəlsəfəyə güclü meyli
olan M.Ş.Vazeh kimi alman ədəbiyyatı, ədəbiyyatşünaslığı ilə
bağlı olan ikinci bir azərbaycanlı yoxdur.
Xanım Zairova,
filologiya üzrə fəlsəfə doktoru
Yeni dövr ədəbiyyatını fərqləndirən cəhətlərdən biri budur
ki, həmin dövrün aparıcı ədəbi simaları yalnız Azərbaycan
ədəbi mühitində deyil, Avropa və Asiyanın da coğrafi
sərhədlərində tanınırdılar. Bu mənada M.Ş.Vazehin ədəbi irsi
diqqəti daha çox cəlb edir.
Məhəmmədəli Mustafayev,
ədəbiyyatşünas-alim
XIX əsrdə ehkamçı-gerilikçi-məzhəbçi “İslam mədəniyyəti”ndən
xeyli dərəcədə uzaqlaşıb dünyəvi elmlərin öyrənilməsinin
tərəfdarı olub, ümumilikdə isə hər cür təhriflərdən uzaq
İslam dininin və Şərq-Türk mədəniyyətinin mahiyyətindən
kənara çıxmayan Azərbaycan türk mütəfəkkirlərmizdən biri
Mirzə Şəfi Vazeh (1792-1852) olmuşdur.
Faiq Ələkbərli (Qəzənfəroğlu),
fəlsəfə üzrə fəlsəfə doktoru
XIX əsrin əvvəllərindən etibarən Gəncənin ədəbi-mədəni
həyatında bir həqiqət Vazeh olmağa başladı. Bu,
maarifçi-ədəbi mühitdə şöhrət qazanan Mirzə Şəfi həqiqəti
idi. Valideynlərinin verdiyi adı (“Şəfi” Allahın adlarından
biridir və “şəfa verən”, “sağaldan” deməkdir) doğrultmaq
üçün böyük bir missiya üstlənən Mirzə Şəfi öz həmvətənləri
ilə yanaşı, avropalıların da qəlbi-nin təbibinə çevrildi. O,
cəmiyyətdə ən vacib mərəz olan cəhaləti aradan qaldırmaq
üçün ömrünün sonuna kimi mücadilə etdi. Və bu mübarizədə
qaliboldu ‒ ədəbi-mədəni, fəlsəfi dünyamıza Mirzə Fətəli
Axundzadə kimi bir fenomen bəxş etdi...
Fariz Yunisli,
jurnalist
Müəllimim bu günlərdə mənə “Mirzə Şəfinin nəğmələri”
kitabını gətirdi....Orada valehedici çox şeylər vardır.
(A.Fetə məktubundan)
L.N.Tolstoy
Rus yazıçısı, publisist, filosof
Mirzə Şəfinin nəğmələri və həkimanə sözləri misilsiz poetik
bir canlanma ilə müvəffəqiyyət qazanırlar. Bu parçalarda
müəllifin ruh yüksəkliyi, həyata açıq, şən baxımı ifadə
olunmuşdur. Lakin buradan müəllifin müasir həyatın qaranlıq,
xəstə cəhətlərinə sadəlövh yanaşması düşünülməməlidir;
əksinə, o bunları kifayət qədər duyur və öz şeirlərində
onları əks etdirir. Onun şeirlərində möhkəm və parlaq ruh
yüksəkliyi vardır.
V.Markov
Rus ədəbiyyatşünası, professor
Gəncə mədrəsəsinin rühaniləri gənc Şəfinin fikrindəki
dəyişikliyi gördükdə ona dərs verməkdən imtina etdilər və
beləliklə o mədrəsəni tərk etməyə məcbur oldu. Şairin
yaradıcılığında rühaniliyə qarşı nifrət və mənfi münasibətin
oyanması da buradan başladı.
A.Berje
Rus şərqşünası
Dünyaya Nizami, Füzuli, Vaqif və nəhayət həmin Mirzə Şəfi
kimi misilsiz şairlər vermiş gözəl bir ədəbiyyatla yaxından
tanışlıq nəinki Azərbaycanın özü, eyni zamanda bizim böyük
İttifaqımızın digər respublikaları üçün də son dərəcə
vacibdir.
Y.Bertels
Rus şərqşünası
Mirzə Şəfinin Bodenştedt tərəfindən
Almaniyada xalq şeiri nümunəsinə çevrilmiş əsərləri ilə
Avropada Şərqin poeziya yaradıcılığına yenidən maraq
oyatmışdır.
N.Marr,
akademik
Bolqar oxucuları Mirzə Şəfinin
əsərləri ilə hələ 1883-1884-cü illərdə böyük klassik
şairləri Petko Slaveykovun tərcümə etdiyi doqquz şeir
vasitəsilə tanış olmuşlar.
Soni Boyeva,
Bolqar alimi