Azərbaycanda informasiya texnologiyalarının yaradılmasına və eyni zamanda, informasiya texnologiyalarının infrastrukturunun qurulmasına böyük əhəmiyyət verildiyi bir zamanda fəaliyyətə başlayan Elektron Kitabxanamız Milli kitabxananin məqsəd və prioritetinə uyğun, həmçinin oxucuların tələbatını nəzərə almaqla yaradılır və formalaşır.

Elektron kitabxananın yaradılmasında məqsəd Milli kitabxana fondunun mühafizəsi, fondun elektron versiyasının hazırlanması - rəqəmsallaşdırılması, Azərbaycan elminin nailiyyətlərinin İnternet vasitəsilə təbliği və informasiya təminatını təmin etməkdir.

2002-ci ilin sonunda Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun informasiya proqramı ümumdünya "Qutenberq" çərçivəsində informasiya resurslarının Azərbaycan dilində latın qrafikası ilə yaradılması və yayılmasına dair üç "ən yaxşı" layihə üzrə "Azərbaycan - Qutenberq" müsabiqəsinin qaliblərindən biri olmuş M.F.Axundov ad. Respublika Kitabxanası bu layihə çərçivəsində klassik yazarların - N.Nərimanov, M.Ə. Sabir, Ə.Haqverdiyev, Cəlil Məmmədquluzadə, Ü.Hacıbəyov, Z. Marağai, F.Köçərlinin əsərlərini internet şəbəkəsi vasitəsilə dünya oxucularının diqqətinə çatdırıb və məhz bununla da Elektron kitabxanamızın əsası qoyulub.

Artıq 2006-cı ilin ikinci yarısından kitabxanamızda kitabxana avtomatlaşdırma sisteminin imkanlarından tam şəkildə istifadə etməklə Elektron Kitabxana yaradılıb və oxuculara məsafədən xidmət texnalogiyası tətbiq edilir.

Kitabxanaya gəlmiş oxuculara elektron kitabxanamızın resursları kitabxananın lokal şəbəkəsi - İntranet, uzaq məsafəli istifadəçilərə isə bu resurslar qlobal şəbəkə - İnternet vasitəsilə təqdim edilir.

Elektron Kitabxanamız Milli kitabxananın fondunda olan milli ədəbiyyat nümunələrinin elektron versiyalarını hazırlayaraq müvafiq bazalarda yerləşdirmək, həmin resurslardan oxucuların istifadəsini “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununu çərçivəsində təmin etməklə yaradılır və ənənəvi kitabxana xidmətini ifa edir. Eyni zamanda elektron kitabxanaya müəllifin öz arzusu ilə onun təqdim etdiyi əsərin elektron versiyası da daxil edilə bilər.

Elektron Kitabxananın elektron kitabları saytımızın həm əlifbaya uyğun (müəllifin soyadına görə əlifba, əgər müəlliflər toplu olarsa, sərlövhəyə görə əlifba), həm də müvafiq elm sahəsinə uyğun səhifələrdə, eyni zamanda “Qədim ədəbiyyat”,  “Musiqi ədəbiyyatı”, “Mikrofilmləşdirilmiş ədəbiyyat”, “Azərbaycan Respublikası Prezidentinin ‘Azərbaycan dilində latin qrafikasi ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında’ Sərəncamı ilə çap olunmuş kitablar” adlı Elektron Məlumat Bazasılarında Azərbaycan, rus və ingilis dillərində yerləşdirilir. Elektron qəzet və jurnallar isə Elektron Kitabxananın “Dövri və ardı davam edən nəşrlər” adlı Elektron Məlumat Bazasısında yerləşdirilir.

“Saytın Elektron məlumat bazası” adlı səhifəsində Respublikanın ozəl günləri: Qarabağ müharibəsi, 20 yanvar, 31mart və Xocalı soyqırımları və s. haqqında, həmçinin prezidentimizin sərəncamı ilə yubileyi qeyd olunan görkəmli şəxslər haqqında  məlumat bazaları yerləşdirilmişdir.

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müəllifin razılığı (ərizəsi) olmayan elektron kitablardan, o cümlədən nəşr ilinə, ölkə üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə  “Qədim ədəbiyyat” adlı Elektron bazasının elektron resurslarından yalnız Milli elektron kitabxananın “Lokal şəbəkədən istifadə üzrə oxu zalı”nda istifadə etmək olar. Həmin resurslara bu barədə məlumat qoyulur.

Qeyd edək ki, müəllifin razılığı (ərizəsi) olmayan elektron kitablar kitabxanada ədəbiyyat qıtlığı problemini həll etmək, eləcə də ədəbiyyatın mühafizəsini təmin etmək məqsədilə yaradılır və bu resurslardan yalnız kitabxana daxilində “Lokal şəbəkədən istifadə üzrə oxu zalı”nda istifadə etmək mümkündür.

Hazırda elektron kitabxanamızın bazalarında elektron kitab, həmçinin dövri və ardı davam edən nəşrlərdən (qəzet, jurnal, elmi əsər, məcvuə və xəbərlər) ibarət 80 000-dək resurs hazırlanıb yerləşdirilmişdir.

Kollektivimiz çalışır ki, elektron kitabxanmızın məlumatlar bazası gələcəkdə daha da inkişaf edərək, Azərbaycanın inkişaf etmiş demokratik bir ölkəyə çevrilməsinə xidmət edən informasiyalar mərkəzi, bilik və təhsilin inkişaf mənbəyi olsun. Çünki informatikanın və kitabxanaların sıx əlaqəsi olmadan – yəni Elektron Kitabxana olmadan informasiya cəmiyyəti qurmaq mümkün deyil.

 


<< Geri