Azərbaycanın baş kitabxanası nəinki Qafqazda, yerləşdiyimiz Avropa qitəsində, eləcə də bütün dünyada şöhrət tapan ən böyük milli kitabxanalardan və ən iri kitabsaxlayıcılardan biridir.

Kitabxana 1922-ci ildə yaradılmış, rəsmi açılışı isə 1923-cü ilin may ayının 23-də olmuşdur.

Kitabxana yarananda onun fonduna İmperator Texniki Cəmiyyətinin Bakı şöbəsinin və Bakı İctimai Cəmiyyətinin kitabxanalarının fondlarından 5000 nüsxə kitab verilmişdir.

1923-cü ildən sürətlə inkişaf etməyə başlayan kitabxana əsas diqqəti fondun komplektləşdirilməsinə vermişdir. 1925-ci ildə o öz fondunda 51000, 1928-ci ildə isə 300000 adda kitab, jurnal, qəzet kart və digər çap məhsullarını toplaya bilmişdir. Təkcə 1928-ci ildə xaricdən 50 adda dövri mətbuat alınmışdır. Oxucuları 3183 nəfər: onlardan 2957-si kişi, 226-sı isə qadın olmuşdur. Kitab verilişi isə 2576 nüsxə təşkil etmişdir. İlk biblioqrafik göstəricilər 1927-ci ildə hazırlanmağa başlanmışdır. Ümumiyyətlə o dövrdə Şərqə artaq maraqla bağlı olaraq «Şərq haqqında jurnal materialları (1917-1927)», «1927-ci ildə Şərq haqqında SSRİ ədəbiyyatı» adlı göstəricilər bu silsilədəndir. 13 nəfər işçi ilə fəaliyyətə başlayan kitabxananın ilk direktoru M.Səlimov olmuşdur. Kitabxanada oxu zalı 1927-ci ildə açılmışdır. Oxu zalı hər gün saat 10-dan axşam saat 10-a kimi açıq idi. Kitabxana Azərbaycan Elmlər Akademiyasının binasında bir neçə otaqda yerləşirdi. Bu da onun iş fəaliyyətini genişləndirməyə imkan vermirdi. Buna baxmayaraq artıq 1928-ci ildə kitabxana 6 şöbədən: Şərq, Rus, Qərbi Avropa, Xüsusi şöbə, Xidmət və Biblioqrafiya bürosundan ibarət idi. İşçilərinin sayı isə 29-a çatmışdır.

1939-cu ildə kitabxanaya mütəfəkkir, dramaturq və maarifçi Mirzə Fətəli Axundovun adı verilmişdir.

İllər keçdikcə kitabxananın fəaliyyət dairəsi genişlənmiş, onlarca yeni şöbə yaranmış, fondlarında ədəbiyyat sayı milyonlara, işçilərinin sayı yüzlərə çatmışdır.

Kitabxananın memarlıq baxımından tarixi abidə kimi qiymətləndirilən əzəmətli binaya 1961-ci ildə köçməsi onu sevənlər üçün gözəl hədiyyə olmuşdur. Qeyd etmək lazımdır ki, binanın yerinin seçilməsində və tikilməsində görkəmli xalq yazıçısı Süleyman Rəhimovun böyük xidməti olmuşdur, binanın layihəsini hazırlamaq isə akademik Mikayıl Hüseynova məxsusdur.

Hal-hazırda Milli Kitabxanada 25 şöbə, 26 bölmə fəaliyyət göstərir. Kitabxana fondunda 4 milyon 513 min çap məhsulu saxlanılır.

Milli Kitabxana artıq kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsində aparıcı müəssisə, ölkənin bütün kitabxanaları üçün elmi-metodiki mərkəz, oxuculara kompleks kitabxana – biblioqrafiya, informasiya xidməti göstərmək, kitabxanalararası abonement, milli və tövsiyyə biblioqrafiyası, beynəlxalq və ölkədaxili depozitar mərkəz funksiyalarını yerinə yetirir.

Heç təsadüfi deyildir ki, ulu öndərimiz, elm və mədəniyyətə yüksək qiymət verən prezident Heydər Əliyev 4 dəfə (1995 – 3 iyun; 1996 – 4 mart; 1997 – 5, 20 noyabr) Milli Kitabxanaya gəlmiş və öz şəxsi kitabxanasından yüzlərlə kitabı kitabxanaya hədiyyə etmişdir.

2004-ci ildə Kitabxanaya Nazirlər Kabinetinin qərarı ilə «Milli Kitabxana» statusu verilmişdir ki, bu da kitabxanamızın fəaliyyətinə verilən ən yüksək qiymətdir.

Milli Kitabxana Azərbaycan Respublikasında kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirən, milli nəşrləri, xarici ölkələrdə nəşr olunmuş Azərbaycan haqqında və Azərbaycan müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri, o cümlədən xarici dillərdə qiymətli və digər məlumat daşıyıcılarını toplayıb mühafizə edən milli mədəniyyət xəzinəsi və dövlət kitabsaxlayıcısıdır.

«Kitabxana işi haqqında» və «Nəşriyyat işi haqqında» Azərbaycan Respublikasının qanunlarına əsasən Milli Kitabxana ölkə ərazisində dərc olunan nəşrlərdən pulsuz məcburi nüsxələr alır və onların əsasında milli mətbuatın arxiv fondunu yaradır. Bunun nəticəsi olaraq 2005-ci ildə kitabxanaya 21000 nüsxə yeni ədəbiyyat daxil olmuşdur.

İl ərzində oxucuların sayı 34000 nəfərə, kitabxanaya gələnlərin sayı isə 245000 nəfərə çatmışdır.

Milli Kitabxanamızın bir çox şöbələrinin fəaliyyətində son bir-iki ildə xeyli irəliləyişlər və yeniliklər baş vermişdir.

2005-ci ildən nəşriyyatlardan və poliqrafiya müəssisələrindən alınan məcburi nüsxələr əsasında Milli Kitabxananın Çap məhsullarının qeydiyyatı və Milli biblioqrafiya şöbəsi (Kitab palatası) 15 illik fasilədən sonra «Birillik Azərbaycan kitabiyyatı»nın çapını bərpa edərək, respublikamızda dərc olunmuş kitabları əhatə edən 4 buraxılışı (1990, 1991, 2000, 2001-ci illər) çap edilmişdir.

İxtisaslaşdırılmış Xarici ədəbiyyat şöbəsi 2005-ci ildən beynəlxalq kitab mübadiləsini bərpa edərək, dünyanın 60-a yaxın kitabxanası ilə əlaqə yarada bilmişdir.

2005-ci ildə kitabxananın metodik fəaliyyətində də xeyli işlər görülmüşdür. Cari ildə 60-70-ci illərdə çap olunan, kitabxanalar tərəfindən böyük rəğbətlə qarşılanan «Əlamətdar və tarixi günlər təqvimi»nin nəşri bərpa olunmuş və bu metodik və biblioqrafik materiallar toplusunun 2005 və 2006-cı illər toplusu çap edilmişdir.

Artıq kitabxananın «Kitabxana siyasəti və metodik rəhbərlik» şöbəsi kitabxanalara virtual rejimdə metodik köməklik göstərməyə başlamışdır. Bu iş forması nəticəsində Milli Kitabxananın hazırladığı materiallar və vəsaitlər, tövsiyələr kitabxananın saytında yerləşdirilir və nəticədə bütün nəşrlər çap olunmamışdan və yerlərə göndərilməmişdən kitabxanaçıların ixtiyarına verilir.

«Heydər Əliyev irsinin öyrənilməsi və təbliği sahəsində kitabxanaların vəzifələri», «Mərkəzləşdirilmiş Kitabxana Sistemləri haqqında Əsasnamə», «Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin nümunəvi strukturu və ştatları haqqında təlimat» və s. nəşrlər bu silsilədəndir.

Bu gün elə bir sahə tapılmaz ki, orada kompüterlərdən, digər informasiya texnologiyalarından istifadə olunmasın. M.F.Axundov adına Milli Kitabxanada bu isə 1999-cu ildən başlanmış və 2000-ci ildə kitabxanada İnternet zalı istifadəyə verilmişdir. 2001-ci ildə işə kitabxanada Tədris Mərkəzi yaradılmışdır.

2003-cü ildən kitabxanada avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqinə başlanmışdır. Sistemin proqram təminatı ABŞ-ın VTLS-kitabxanalar üçün xüsusi avtomatlaşdırılmış proqramlar işləyən təşkilatlar tərəfindən həyata keçirilmişdir. Buraya elektron kataloqun tərtibi, elektron kitabxananın təşkili, oxucuların qeydiyyatı, kitab verilişi, kitab fondunun komplektləşdirilməsi, Milli biblioqrafiyanın və respublikanın bütün iri kitabxanalarının toplu kataloqunun yaradılması, yəni bütün kitabxana proseslərinin avtomatlaşdırılması modulları daxildir. Artıq avtomatlaşdırma işinə kitabxananın ən vacib sahəsi olan elektron kataloqunun tərtibindən başlanmışdır və bu günə kimi milli ədəbiyyata dair təsvir məlumat bazasına daxil edilir.

Elektron kataloqla yanaşı Milli Kitabxanada kitab fondlarının elektron versiyasının, yəni kitabların mətninin kompüter yaddaşına köçürülməsi işinə də başlanmışdır.

2006-cı ildə informasiya-kommunikasiya texnologiyalarının kitabxana işinə tətbiqi ilə əlaqədar olaraq Milli Kitabxanada aşağıdakı yeni şöbələr açılmışdır: «Kitabxana işinin avtomatlaşdırılması və informasiya texnologiyaları», «Elektron informasiya xidməti», «Elektron resurslarının yaradılması», «Kitabxana işçilərinin təlim və tədris mərkəzi».

2005-ci ildə Milli Kitabxanamız Avropa Milli Kitabxanalar Konfransı Beynəlxalq Təşkilatına üzvlüyə qəbul edildi. Keçmiş SSRİ ölkələri arasında Rusiyadan sonra bu təşkilata üzv olan ikinci dövlət Azərbaycan oldu. Bu da kitabxanamızın beynəlxalq əməkdaşlıq üfüqlərinin genişlənməsinə, ümumavropa və ümümdünya layihələrində iştirakına real imkanlar yaradacaq.

Bu təşkilat özündə 54 Avropa ölkəsinin kitabxanalarını birləşdirir. Avropa kitabxanlarının vahid bir sistemdə birləşdirilməsi, ümumavropa elektron kitabxanasının yaranmasına imkan yaradacaqdır.


 

<< Geri