17 bənd üzrə tədbirlər mart ayından dekabr ayınadək davam edəcək
Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”
elan olunması ilə bağlı Tədbirlər Planı təsdiq edilib.
Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı
fevralın 7-də Baş nazir Əli Əsədov tərəfindən imzalanıb.
Sərəncamla planda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üzrə
əlaqələndirici orqan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
müəyyən edilib. Sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının
Humanitar məsələlər şöbəsinə həvalə edilib.
Xatırladaq ki, 2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin
Mədəniyyət Nazirləri Daimi Şurasının iclasında Azərbaycanın mədəniyyət
paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət
paytaxtı” elan edilib.
Prezident İlham Əliyev 2022-ci il dekabrın 6-da “Şuşa şəhərinin 2023-cü
il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı
tədbirlər haqqında” sərəncam imzalayıb.
Sərəncamda vurğulanır ki, memarlıq və şəhərsalma sənətinin 270 illik
tarixə malik parlaq incisi olan və Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi
dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın təzahürü kimi bu qərar bütün
Türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevrilməklə, türk
xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi
işinə öz töhfəsini verəcək.
Sərəncamda Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət
paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planını hazırlayıb həyata
keçirmək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb.
Qeyd edək ki, 2022-ci ilin 9 dekabrında Bursa şəhərində “Türk dünyasının
mədəniyyət paytaxtı” ilinin rəsmi bağlanış mərasimi keçirilib. Mərasimdə
“mədəniyyət paytaxtı”nın simvolu Bursa Böyükşəhər Bələdiyyəsinin başqanı
Alinur Aktaş tərəfindən Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi
nümayəndəsi Aydın Kərimova təqdim edilib.
Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”
elan edilməsi ilə bağlı Tədbirlər Planı 17 bənddən ibarətdir.
Tədbirlərin 2023-cü ilin mart ayından dekabr ayınadək davam etməsi
nəzərdə tutulur.
Mədəniyyət Nazirliyi, həmçinin digər aidiyyəti qurumlar tərəfindən icra
olunacaq tədbirlərlə yanaşı, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondu, Beynəlxalq Türk Akademiyası ilə birgə layihələr də həyata
keçiriləcək. Həmçinin il ərzində Şuşada TÜRKSOY-un bir sıra ənənəvi
tədbirlərinin də keçirilməsi nəzərdə tutulub.
***
1. “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı 2023” ilinin rəsmi
açılışı – 2023-cü il mart (icraçı orqanlar: Mədəniyyət Nazirliyi, Xarici
İşlər Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda
Xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi).
2. “Xarıbülbül” VI Beynəlxalq Folklor Festivalının keçirilməsi – 2023-cü
il may (Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Prezidentin Şuşa
rayonunda Xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi).
3. “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ili ilə bağlı internet
resurslarının və xatirə materiallarının hazırlanması: “Şuşa – Türk
dünyasının mədəniyyət paytaxtı 2023” ili ilə əlaqədar poçt markaları və
xatirə nişanı; Şuşa şəhərinin elektron xəritəsi və mobil tətbiqi; “Türk
dünyasının mədəniyyət paytaxtı – Şuşa” portalı – 2023-cü il ərzində (Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi, Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət
Qoruğu İdarəsi).
4. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik
yubileyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunun təşkili və
bu çərçivədə: Beynəlxalq Türk Akademiyası ilə birgə Türk dünyasında
ortaq mədəni irsin, tarix-memarlıq abidələrinin qorunması, bərpası və
tanıdılmasına həsr olunmuş tədbir; TÜRKSOY-a üzv ölkələrin UNESCO Milli
Komissiyalarının 9-cu Toplantısı; Türk dünyasının mədəni marşrutu
layihəsinin təqdimatı; Türk dünyası mədəniyyət paytaxtlarının Şuşa
şəbəkəsinin yaradılması və ilk görüşü; TÜRKSOY Muzeylər Birliyinin
toplantısı – 2023-cü il may-iyun (Mədəniyyət Nazirliyi, Heydər Əliyev
Mərkəzi, Elm və Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Turizm
Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Əqli Mülkiyyət Agentliyi,
Prezidentin Şuşa rayonunda Xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət
Qoruğu İdarəsi).
5. Türk dünyasının tanınmış şair və yazıçılarının iştirakı ilə ədəbi-bədii
tədbirlər: Vaqif poeziya günləri çərçivəsində TÜRKSOY-a üzv ölkələrin
şairlərinin görüşü; Mir Möhsün Nəvvab Qarabağinin 190 illiyinə həsr
olunmuş sərgi və “Mir Möhsün Nəvvab Qarabağinin silah kolleksiyası” adlı
kitab-kataloqun təqdimatı; “Məclisi-üns” ədəbi məclisinin təşkili –
2023-cü il iyul-sentyabr (Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar
Birliyi, Prezidentin Şuşa rayonunda Xüsusi nümayəndəliyi, Şuşa Şəhəri
Dövlət Qoruğu İdarəsi).
6. TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk
Akademiyası ilə birgə layihələrin keçirilməsi – 2023-cü il ərzində (Mədəniyyət
Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası,
Prezidentin Şuşa rayonunda Xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət
Qoruğu İdarəsi).
7. Şuşada TÜRKSOY fotoqraflar və rəssamlar düşərgəsi – 2023-cü il
ərzində (Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Prezidentin Şuşa
rayonunda Xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi).
8. Şuşa şəhərində beynəlxalq uşaq yaradıcılıq festivalının keçirilməsi –
2023-cü il iyun (Elm və Təhsil Nazirliyi, Prezidentin Şuşa rayonunda
Xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi).
9. “Wonderland Şuşa 2023” beynəlxalq skaut düşərgəsi – 2023-cü il
ərzində (Gənclər və İdman Nazirliyi, Prezidentin Şuşa rayonunda Xüsusi
nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi).
10. “Şuşa yaradıcılıq emalatxanası” beynəlxalq gənclər düşərgəsi –
2023-cü il ərzində (Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi,
Prezidentin Şuşa rayonunda Xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət
Qoruğu İdarəsi).
11. Türk dünyası diaspor gənclərinin görüşünün təşkili – 2023-cü il
sentyabr (Diasporla İş üzrə Dövlət Komitəsi, Prezidentin Şuşa rayonunda
Xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi).
12. TÜRKSOY Media Mükafatının (2022-ci ilin yekunlarına dair) təqdimatı
– 2023-cü il ərzində (Medianın İnkişafı Agentliyi, Mədəniyyət Nazirliyi,
Prezidentin Şuşa rayonunda Xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət
Qoruğu İdarəsi).
13. TÜRKSOY Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbəti iclasının
keçirilməsi və mədəni tədbirlərin təşkili: “Four seasons of Shusha”
layihəsi çərçivəsində ilin dörd fəslində xarici fotoqraflar tərəfindən
Şuşada lentə alınmış fotolardan ibarət sərgi; Türk dünyası
musiqiçilərindən ibarət yığma orkestrin konserti – 2023-cü il oktyabr (Mədəniyyət
Nazirliyi, Xarici İşlər Nazirliyi, Prezidentin Şuşa rayonunda Xüsusi
nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi).
14. Türk dünyası xalqlarının adət və ənənələrini özündə əks etdirən
tədbirlər: Türk dünyası xalqlarına məxsus qədim idman növlərinin nümayiş
etdirilməsi; Türk dünyası xalqlarının kulinariya günlərinin keçirilməsi;
Türk dünyası dövlətlərinin aktiv və mədəni turizm sahəsində səyahətçi,
bloger və digər şəxslərin Şuşaya səfərlərinin təşkili – 2023-cü il
ərzində (Gənclər və İdman Nazirliyi, Dövlət Turizm Agentliyi,
Prezidentin Şuşa rayonunda Xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət
Qoruğu İdarəsi).
15. “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində
beynəlxalq konfrans, elmi seminar və digər tədbirlərin keçirilməsi:
“Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və
gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans; “Əhməd bəy Ağaoğlu və
Türk dünyası” mövzusunda beynəlxalq konfrans; “Şuşa Türk dünyası
tarixində” mövzusunda beynəlxalq konfrans; “Orta əsr mənbələrində və
müasir dövr tədqiqatlarında Qarabağ və Şuşa” mövzusunda elmi seminar;
“Xarıbülbül əfsanəsi” sənədli filminin təqdimatı – 2023-cü il ərzində (Azərbaycan
Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi,
Xarici İşlər Nazirliyi, Prezidentin Şuşa rayonunda Xüsusi nümayəndəliyi).
16. “Qorqud Ata Türk Dünyası” Film Festivalının keçirilməsi – 2023-cü il
oktyabr (Mədəniyyət Nazirliyi, Prezidentin Şuşa rayonunda Xüsusi
nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi).
17. “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı 2023” ilinin rəsmi
bağlanışı – 2023-cü il noyabr-dekabr (Mədəniyyət Nazirliyi, Xarici İşlər
Nazirliyi, Prezidentin Şuşa rayonunda Xüsusi nümayəndəliyi, Şuşa Şəhəri
Dövlət Qoruğu İdarəsi). |