Mayın 12-də Şuşa şəhərində Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə
təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023”
ilinin rəsmi açılış mərasimi keçirilib.
“Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”
elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası
Prezidentinin 6 dekabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq
təşkil edilən tədbirdə dövlət rəsmiləri, Beynəlxalq Türk Mədəniyyəti
Təşkilatı – TÜRKSOY-a üzv ölkələrin nümayəndə heyətləri, Türk Əməkdaşlıq
Təşkilatlarının rəhbərləri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə qonaqlar “Qarabağ” otelinin qarşısında təşkil olunmuş
“Kulinariya və sənətkarlıq” guşəsi ilə tanış olublar.
Tədbirdə mədəniyyət naziri Adil Kərimli çıxış edərək bu il Azərbaycan və
Türk dünyası üçün mühüm tarixi hadisələrlə zəngin olduğunu bildirib.
Nazir söyləyib ki, müstəqil Azərbaycanın qurucusu, Azərbaycan xalqının
Ümummilli Lideri, Türk dünyasının əvəzsiz liderlərindən biri olan Heydər
Əliyevin 100 illik yubileyi geniş təntənə ilə qeyd olunur və bununla
əlaqədar 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib.
Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri bu il üçün “Türk
dünyasının mədəniyyət paytaxtı” seçilmiş, Türkiyə Cümhuriyyətinin 100
illiyi və TÜRKSOY-un yaradılmasının 30 illik yubileyi Türk dünyasında
böyük təntənə ilə qeyd olunur.
Nazir vurğulayıb ki, bu gün Şuşa və bütün Qarabağ öz intibah dövrünü
yaşayır. Qələbədən qısa müddət keçməsinə baxmayaraq şəhərlərimizin,
kəndlərimizin, tarix-mədəniyyət abidələrimizin məhv edilən meşə
massivlərinin və bütövlükdə yaşayış infrastrukturunun qısa müddətdə
kompleks bərpası və yenidən qurulması istiqamətində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi ilə
intensiv işlər aparılır. Şuşa şəhərinin tarixi-mədəni siması bərpa
edilir, Şuşaya yenidən mədəni həyat qayıdır.
Adil Kərimli qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti
Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu
tərəfindən Şuşada müxtəlif yerli və beynəlxalq mədəni tədbirlər
keçirilir, mədəni irsimizin bərpası istiqamətində geniş işlər həyata
keçirilir.
Onun sözlərinə görə, oktyabr ayında planlaşdırılan Nazirlərin Daimi
Şurası çərçivəsində Şuşada Birinci Türk Dünyası Mədəniyyət Forumunun
keçirilməsi nəzərdə tutulur: “Şuşa ötən əsrlərdə mədəniyyətimizdə,
klassik musiqimizdə bir sıra yenilikləri ilə tarixə düşdü. Əminəm ki,
Şuşada baş tutacaq Birinci Türk Dünyası Mədəniyyət Forumu da XXI əsrin
türk əsrinə çevrilməsi üçün mədəni əlaqələrin inkişafında yeni üfüqlər
yaradacaq, bizim ən güclü ortaq platformalarımızdan birinə çevriləcək”.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi
Aydın Kərimov qala-şəhərdə hər kəsi görməkdən məmnun olduğunu söyləyib:
“Türk dünyasının mədəniyyət paytaxtı” ilində hər birinizi salamlayıram.
Bu il Azərbaycan və Türk dünyası üçün əlamətdar hadisələrlə zəngin olub.
Ölkəmizdə bu il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi
təntənəli şəkildə qeyd olunur. 2023-cü il Azərbaycanda “Heydər Əliyev
İli” elan olunub. Bu çərçivədə ölkəmizin hər yerində olduğu kimi Şuşa
şəhərində də çoxsaylı tədbirlər keçirilib”.
Aydın Kərimov deyib ki, Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı”
elan olunması Türk dünyası tərəfindən bu şəhərə olan böyük ehtiramın
ifadəsidir: “Şuşa azərbaycanlılar üçün olduğu kimi, Türk dünyası üçün də
böyük əhəmiyyət daşıyır. Bu tədbir də bir daha bunu sübut edir. Şuşamız
bundan sonra da möhtəşəm və yaddaqalan neçə-neçə tədbirə ev sahibliyi
edəcək.
Tədbirdə çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Raev deyib ki, bu
torpaqlar bizim üçün sənətin, musiqinin beşiyidir. Şuşa Xurşidbanu
Natəvan, Nəcəf bəy Vəzirov, Üzeyir Hacıbəyli və neçə-neçə söz, sənət
xiridarının vətənidir: Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı” elan
olunduğuna görə Zəfərin, rifahın və şənliyin çox yaraşdığı bu şəhərdə
bir-birindən zəngin, yaddaqalan və rezonans doğuracaq proqramlarımız
olacaq. Şuşa şəhəri 2023-cü il üçün TÜRKSOY Daimi Şurasının qərarı ilə
“Türk dünyasının mədəniyyət paytaxtı” elan edildikdən sonra Azərbaycan
Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Nazirlər Kabinetinin
Tədbirlər Planına uyğun olaraq Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə
fəaliyyət planı hazırlanıb”.
Sultan Raev TÜRKSOY-un “Qorqud Ata” Türk dünyası III film festivalının
da açılışının Şuşada olacağını bildirib. O, “Şuşa – Türk dünyasının
mədəniyyət paytaxtı” ilinin bağlanış mərasiminin isə noyabr ayına
planlandığını deyib: “Bağlanış tədbirində 2024-cü il üçün “Türk
dünyasının mədəniyyət paytaxtı” estafeti Türkmənistanın Anev şəhərinə
veriləcək”.
Baş katib əlavə edib ki, Şuşada keçirilməsi nəzərdə tutulan proqram
“Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi üzrə indiyədək keçirilmiş
tədbirlərdən daha yaddaqalan olacaq: “Çünki bu əzəmətli şəhər təkcə
Azərbaycanın deyil, bütün Türk dünyasının mənəviyyat mərkəzi, qürur
yeridir. Fikrimcə, Şuşa Azərbaycanın ürəyidir. Bu il həm də TÜRKSOY-un
30 illiyidir. TÜRKSOY-un yaşı qədər işğal altında qalan, barbarlıqla
dağıdılan, hazırda azadlığına qovuşan bu tarixi şəhəri biz fürsətdən
istifadə edib həm Türk dünyasına, həm də bütün dünyaya mədəniyyətin,
incəsənətin, musiqinin beşiyi kimi tanıtmaq niyyətindəyik”.
Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması münasibətilə
bütün iştirakçıları təbrik edən Türk Dövlətləri Təşkilatının Baş katibi
Kubanıçbek Ömüralıyev bildirib ki, son illər həyata keçirilən müstəqil,
ardıcıl və qətiyyətli siyasət nəticəsində Azərbaycan Respublikası dünya
ölkələri arasında nüfuzunu daha da möhkəmlənib və regionun aparıcı
dövlətlərindən birinə çevrilib.
Xüsusilə vurğulayıb ki, 44 günlük Vətən müharibəsi nəticəsində
Azərbaycan torpaqlarının işğaldan azad edilməsi nəinki Azərbaycan,
bütövlükdə Türk dövlətləri və xalqları üçün qürur mənbəyinə çevrilib,
eyni zamanda, Türk birliyinin daha da güclənməsinə təkan verib.
O, “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşada bir-birindən maraqlı
tədbirlərin keçiriləcəyinə əminliyini ifadə edib və bütün türkdilli
xalların yaradıcı simalarını bu tədbirlərdə yaxından iştiraka çağırıb.
Şuşanın Azərbaycanın tacı olduğunu söyləyən Xalq artisti Polad
Bülbüloğlu qala-şəhəri həm də Azərbaycanın nəğmə deyən ürəyi adlandırıb.
Bu günlərdə Şuşada təşkil olunan “Xarıbülbül” Beynəlxalq Musiqi
Festivalının əhəmiyyətindən danışan Xalq artisti deyib ki, bu musiqi
bayramı qardaş türk xalqlarını bir araya gətirib, onları bir-birinə daha
da yaxınlaşdırıb.
Ötən 30 ildə TÜRKSOY-un keçdiyi tarixi yola nəzər salan Polad Bülbüloğlu
Ulu Öndər Heydər Əliyevin bu təşkilatın inkişafına verdiyi dəstəyi
xüsusi qeyd edib. TÜRKSOY-un türk xalqlarının mədəni irsinin yaşadılması
və təbliği istiqamətində gördüyü işləri yüksək qiymətləndirən
Azərbaycanın Xalq artisti “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı –
2023” ilinin açılış münasibətilə hər kəsi təbrik edib.
Tədbirdə TÜRSOY-un Baş katibi Sultan Raev Adil Kərimliyə, Aydın Kərimova,
Polad Bülbüloğluna və Kubanıçbek Ömüralıyevə təşkilat adından xatirə
hədiyyələri təqdim edib.
Azərbaycan Yazıçılar Birliyinin sərdi, Xalq yazıçısı Anar deyib ki, bu
gün çox şadıq ki, azad olunmuş Şuşada qardaş türk xalqlarının
nümayəndələri iştirak edirlər. Türk xalalarının yaxınlaşmasında, mədəni
birliyində ən böyük rol oynayan təşkilatlardan biri- TÜRKSO-dur.
Azərbaycan Yazıçılar Birliyi görkəmli şairimiz Bəxtiyar Vahabzadə adına
diplom təsis edib. Bu diplom türk xalqları arasında qardaşlılığı,
əlaqələri genişləndirən şəxslərə verilir. Bu il birliyin qərarı ilə bu
mükafat TÜRKSOY-un Baş katibi Sultan Raevə veriləcək.
Xalq yazıçısı Anar mükafatı Sultan Raevə təqdim edib.
Sonra qonaqlar Türk dünyası ölkələrindən gəlmiş musiqi və folklor
kollektivlərinin təqdim etdiyi konsert proqramını izləyiblər.
Qeyd edək ki, 2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa
şəhərində TÜRKSOY üzv ölkələrinin Mədəniyyət Nazirləri Daimi Şurasının
qərarı ilə qədim muğam-sənət beşiyimiz Şuşa şəhəri 2023-cü il üçün “Türk
dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdu.
Xatırladaq ki, “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin əsası
2010-cu ildə türkdilli ölkə başçılarının İstanbul şəhərində keçirilən
10-cu sammitində qoyulub. Qərara əsasən, Türk dünyasından hər il bir
şəhər “mədəniyyət paytaxtı” elan edilir. Bu günə qədər Astana (2012,
Qazaxıstan), Əskişəhər (2013, Türkiyə), Kazan (2014, Tatarıstan – RF),
Mərv (2015, Türkmənistan), Şəki (2016, Azərbaycan), Türküstan (2017,
Qazaxıstan), Kastamonu (2018, Türkiyə), Oş (2019, Qırğızıstan), Xivə
(2020, Özbəkistan) və Bursa (2022, Türkiyə) şəhərləri “Türk dünyasının
mədəniyyət paytaxtı” olublar. Şuşa Türk dünyasından bu missiyanı yerinə
yetirən 11-ci şəhərdir.
|