Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq
Musiqi Festivalı başlayıb.
“Qafqazinfo” xəbər verir ki, səhər saatlarında festival proqramı üzrə
tamaşaların, iştirakçı ölkələrin sənətkarlıq nümunələrinin və milli
mətbəxin təqdimatı olub.
Qeyd edək ki, festival günlərində şəhərin müxtəlif məkanlarında “Bayraq”,
“Qəhrəmanlıq”, “Qarabağ məclisi”, “Poeziya”, “Dədə Qorqud”, “Dərvişlər”,
“Molla Nəsrəddin” mövzularında guşələr də yaradılıb. Bu guşələrdə
müxtəlif bədii təqdimatlar, tamaşalar göstərilir.
Eləcə də Cıdır düzü, Üzeyir Hacıbəylinin heykəlinin qarşısı, Bülbülün
ev-muzeyi və Şuşanın digər məkanlarında keçiriləcək tədbirlər
çərçivəsində müxtəlif konsert proqramları, sərgilər və film nümayişləri
olacaq.
Qeyd edək ki, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk
Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Türk dünyasının mədəniyyət
paytaxtı” elan edilib. Budəfəki “Xarıbülbül” Beynəlxalq Musiqi
Festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli
ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak edir.
3 gün davam edəcək festivalda Azərbaycanla yanaşı Qazaxıstan,
Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi
Qurumu (Qaqauz Yeri), Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan
Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya),
Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə,
Türkmənistan təmsil olunur.
|