E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

MİLLİ  KİTABXANANIN TARİXİNDƏN


MİLLİ KİTABXANANIN İLK BİNASI.

1922‐ci ilin yanvar ayında yeni yaranan kitabxana keçmiş Azərbaycan Ali İqtisad Şurasının binasında (indiki Üzeyir Hacıbəyli küçəsində) yerləşdirildi. Rəsmi açılışı 1923-cü il mayın 23-də olmuş və Azərbaycan Mərkəzi Dövlət Kitabxanası statusunu almışdır. İlkin mərhələdə 5212 nüsxə kitab fondu olan kitabxana 1923-cü ildən başlayaraq məcburi nüsxələr almağa başlamış, fondunun ümumi həcmi 20441 nüsxəyə çatmışdı.

 

Azərbaycan hökuməti 1924‐cü ilin aprel ayında Dövlət Kitabxanası üçün AMEA‐nın Rəyasət Heyətinin hazırkı  binasında (İstiqlaliyyət küçəsi) yer ayrılması haqqında qərar qəbul etdi.

1939-cu il iyun ayının 1-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət  Heyətinin qərarı ilə Dövlət Kitabxanasına xalqımızın görkəmli mütəfəkkiri, filosof və dramaturqu Mirzə Fətəli Axundzadənin adı verildi. 

 

 

1960‐cı ildə kitabxana yeni tikilmiş binaya köçdü. Bakı şəhərinin ən gözəl yerlərindən birində yerləşən, milli ornamentlərlə bəzədilmiş tarixi memarlıq abidəsi olan bu bina görkəmli memar, akademik Mikayıl Useynov tərəfindən layihələndirilmişdir. Binanın yerinin seçilməsində Xalq yazıçısı Süleyman Rəhimovun xüsusi rolu olmuşdur.

KİTABXANANIN KOLLEKTİVİ 60-CI İLLƏRDƏ

KİTABXANANIN OXU ZALLARI 60-CI İLLƏRDƏ

1961-ci ildə Milli Kitabxananın hazırkı binasının rəsmi açılış mərasimi keçirilmişdir (Akademik Yusif Məmmədəliyev çıxış edərkən, Milli Kitabxananın hazırkı binasının tikilməsinin təşəbbüskarı Xalq yazıçısı Süleyman Rəhimov arxa planda).

1963-cü ildə M.F. Axundov adına Respublika Kitabxanasının 40 illik yubileyi keçirilmişdir.

1973-cü ildə Kitabxananın 50 illik yubileyi dövlət səviyyəsində keçirilmişdir. Yubiley ilə əlaqədar olaraq Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti M.F.Axundov adına Azərbaycan Dövlət Respublika kitabxanası işçilərinin Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilməsi haqqında fərman imzalamışdır.

1983-cü ildə M.F. Axundov adına Respublika Kitabxanasının 60 illik yubileyi keçirilmişdir.

Heydər Əliyev 4 dəfə Milli Kitabxanaya gəlmişdir. Ümummilli liderin Milli Kitabxanada iştirak etdiyi tədbirlər:

  • 1995‐ci il iyunun 3‐də. “Vətənə, dövlətə, xalqa sədaqət andı” miniatür kitabının təqdimat mərasimi.

  • 1996‐cı il martın 4‐də. İsraildə nəşr edilən “Heydər Əliyev: siyasi portretin cizgiləri” kitabının təqdimat mərasimi.

  • 1997‐ci il noyabrın 5‐də. “Azərbaycan qaçqınları” fotoalbomunun təqdimat mərasimi.

  • 1997‐ci il noyabrın 20‐də. ABŞ‐da nəşr olunan “Azərbaycan İnterneşnl” jurnalının 5 illiyinə həsr olunmuş tədbir.
     

“Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 7‐ci maddəsinə müvafiq olaraq M.F.Axundov adına Dövlət kitabxanasına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2004‐cü il tarixli qərarı ilə “Milli Kitabxana” statusu verildi.

2006‐cı ilin mayında Milli Kitabxananın ilkin web‐saytının və elektron kataloqunun təqdimatı oldu.

2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti Kitabxananın 85 illiyi ilə əlaqədar "M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının əməkdaşlarına "Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi" fəxri adının verilməsi haqqında" və "M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında" Sərəncamlar vermişdir.

2013-cü il iyun ayının 24-də Azərbaycan Respublikası Prezidenti Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyinin keçirilməsi haqqında  Sərəncam imzalamışdır.

2016-cı ildə Mədəniyyət və Turizm Nazirliyi və Milli Kitabxana tərəfindən “Azərbaycan musiqi irsinin dünyada təbliği” adlı birgə layihə həyata keçirilmişdir. Azərbaycan Milli Kitabxanasının əməkdaşları beynəlxalq musiqi saytı olan “Petruççi Musiqi kitabxanası”nda (www.impls.org) Azərbaycan xalq mahnıları və bəstəkarlarının 300-dən çox musiqi əsərinin notlarını, habelə Azərbaycanın korifey ifaçılarının səs yazılarını mp-3 formatında yerləşdirmişlər.

2019-cu il sentyabrın 27-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Milli Kitabxanada beynəlxalq əməkdaşlıq zalının da açılışı olub. Açılışda 13 ölkənin Azərbaycandakı diplomatik nümayəndələri və kitabxanaların rəhbərləri də iştirak ediblər. Məlumat verilib ki, bu zalda həmin ölkələrin ədəbiyyat guşələri və kitabxanaları ilə birbaşa internet əlaqəsi yaradaraq faydalanmaq mümkündür. Qonaqlar Milli Kitabxananın oxu zalları ilə tanış olublar.

2020-ci il dekabr ayının 11-də  Azərbaycan Milli Kitabxanasında Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş guşənin açılış mərasimi olmuşdur. Guşədə əsasən Ulu Öndərin Milli Kitabxanaya gələrkən öz şəxsi kitabxanasından hədiyyə etdiyi 300 nüsxəyə yaxın  kitablar, onun öz kitabları və haqqında yazılan kitablar, Milli Kitabxanada olarkən çəkilən şəkillər, Məkkədən gətirdiyi və Milli Kitabxanaya hədiyyə etdiyi “Qurani Kərim”, habelə kitabxanada olarkən etdiyi çıxışların lent yazıları (monitorlar vasitəsilə) nümayiş olunur.

2023-cü il iyun ayının 24-də Azərbaycan Respublikası Prezidenti Azərbaycan Milli Kitabxanasının 100 illiyinin qeyd edilməsi haqqında  Sərəncam imzalamışdır.

<< Geri