Hörmətli xanımlar və cənablar, hörmətli dostlar! Bu gün biz
buraya -Azərbaycan Respublikasının mədəniyyət mərkəzlərindən
biri olan Mirzə Fətəli Axundov adına Dövlət Kitabxanasına
gəlmişik. Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs
bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də
kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş
etdirən amillərdən biridir.
Mən vaxtilə bu kitabxanaya dəfələrlə gəlmişəm. Amma bu gün
kitabxananın astanasından keçərkən çox böyük hörmət və ehtiram
hissi duyuram. Kitabxanaya, burada çalışan insanlara hörmət və
ehtiramımı bildirmək istəyirəm. Bugünkü hadisə çox əlamətdardır.
Burada Azərbaycanın miniatür kitablarının sərgisi keçirilir.
Zənnimcə, biz Azərbaycanda belə bir sərginin ilk dəfə şahidi
oluruq. Azərbaycanda kitab çapının tarixi böyükdür. Yaxın
keçmişdə Azərbaycan Respublikası onun 400 illiyini qeyd etmişdir.
Keçmiş dövrlərdə məzmununa və formasına görə müxtəlif, çox
maraqlı nəfis kitablar buraxılmışdır. Bu nəşrlər dünyanın bir
çox ölkələrində də Azərbaycanı təmsil edir, onun haqqında
biliklər verir. Ancaq Azərbaycanda miniatür kitab nəşrinin
tarixi çox qısadır. Mən çox məmnunam ki, bu gün biz Azərbaycanda
yazıçılarımızın, şairlərimizin və ictimai-siyasi xadimlərimizin
kitablarının miniatür nəşrini də görürük. Şübhəsiz ki, bu,
mədəniyyətimiz, kitab nəşrimiz üçün çox əlamətdar hadisə, böyük
nailiyyətdir. Bununla əlaqədar mən sərginin təşkilatçılarını,
Azərbaycan Respublikasının "Kitab" Cəmiyyətini, buraya
toplaşanları təbrik edir və əmin olduğumu bildirmək istəyirəm ki,
bu iş, təşəbbüs gələcəkdə də davam etdiriləcəkdir.
Burada mənim Azərbaycan prezidenti vəzifəsinə başlayarkən
andiçmə mərasimində nitqimin də miniatür nəşri nümayiş etdirilir.
Bu gün həmin kitabı mənə təqdim etdilər. Mən buna çox məmnunam.
Doğrudan da, mən nitqləri söyləyirəm, lakin bunların kitab
şəklində çıxmasını o qədər də gözləmirəm, hesab edirəm ki,
haradasa dərc olunur. Ancaq indi belə bir təşəbbüs göstərmişlər.
Güman edirəm ki, ölkəmiz, respublikamız üçün, o cümlədən mənim
üçün də çox əhəmiyyətli olan andiçmə mərasimində söylənilmiş
nitq nəfis şəkildə buraxılmışdır və bu, mənim üçün də əlamətdar
hadisədir. Bu işin təşəbbüsçülərinə, kitabı nəşr edənlərə - ilk
növbədə Azərbaycan Respublikasının "Kitab" Cəmiyyətinə və onun
rəhbəri Zərifə xanım Salahovaya təşəkkür edirəm. Eyni zamanda
Amerikanın "Stark enterprayz" firmasının bu işdə fəaliyyətini,
təşəbbüsünü qiymətləndirir və təşəkkürümü bildirirəm.
Burada Zərifə xanım xoş sözlər söylədi və arzularını bildirdi.
Güman edirəm ki, bunlar bizim ümumi arzularımızdır və hamımız
çalışmalıyıq ki, bu arzular yerinə yetsin, Azərbaycanda kitab
nəşri inkişaf etsin, miniatür kitablar kolleksiyası da
genişlənsin. "Stark" firmasının nümayəndəsi, həmvətənimiz cənab
Nisanovun nitqində məni sevindirən cəhət ondan ibarətdir ki,
Azərbaycan vətəndaşları, burada böyümüş, yaşamış, onunla bağlı
olan insanlar Azərbaycanı unutmurlar və indi buradan uzaqlarda
olsalar da, ölkəmizə kömək edir, Azərbaycanla əlaqələrini
saxlayırlar.
Nisanovlar ailəsi Bakıda məşhur ailədir. Onlanrın bir neçə nəsli
mənim xatirimdədir. Güman edirəm ki, siz də Nisanovlar
ailəsindənsiniz. Mən bu ailənin keçmişini də bilir, onları
tanıyıram. Indi belə başa düşdüm ki, Nisanovlardan biri Amerika
Birləşmiş Ştatlarında yaşayır, ancaq doğma Vətəni kimi
Azərbaycanı unutmamışdır və mənsub olduğu firma ilə bərabər
ölkəmizə kömək edir, iqtisadi və başqa əlaqələr qurur. Mən bu
təşəbbüsü bəyənir və ümidvar olduğumu bildirmək istəyirəm ki, bu
iş davam edəcək, Azərbaycanda doğulub-böyümüş, indi ondan
kənarda olan adamlar Azərbaycanı unutmayacaq, doğma Vətən kimi
həmişə yad edərək ölkəmizlə əlaqələrini genişləndirəcəklər.
Bu, indi bizim üçün çox lazımdır. Çünki biz Azərbaycanı dünyaya
açmışıq, indi Azərbaycanın həm ərazisi, iqtisadiyyatı, həm də
intellektual potensialı dünya üçün açıqdır. Iqtisadi və ticarət
əlaqələrimizdə tam açıqlığı təbliğ edirik və bunu
genişləndirməyə çalışacağıq. Bayaq qeyd etdiyim addımlar, böyük
olmasa da, xarici ölkələrlə, dünya iqtisadiyyatı, dünya
mədəniyyəti ilə birləşməyə, əlaqələri inkişaf etdirməyə olan
meyllərimizə kömək edir. Ona görə də mən bu təşəbbüsü bəyənir və
güman edirəm ki, o, gələcəkdə də davam edəcəkdir.
Kitab nəşri hər bir ölkənin, xalqın mədəniyyətində, ümumiyyətlə
mənəvi, ictimai həyatında çox görkəmli yer tutur. Hər birimiz
ilk növbədə ancaq kitab vasitəsilə təhsil, elm almışıq, həyatda
yaşamağa, fəaliyyət göstərməyə hazırlaşmışıq. Ona görə də hər
birimiz kitablara borcluyuq. Həm kitabları yazıb-yaratmaq, həm
də onları nəşr etmək əsas vəzifələrimizdən biridir. Bunun üçün
mümkün olan bütün tədbirləri görməliyik. Mən respublikanın
prezidenti kimi bunu əsas vəzifələrimdən biri sayıram.
Doğrudur, indiki ağır sosial-iqtisadi böhran dövründə,
respublikamızın iqtisadiyyatında yaranmış çətinliklərlə əlaqədar
və başqa ölkələrlə əlaqələrimizin məhdudlaşdığı bir vaxtda
nəşriyyat işi də çox çətinliklərlə qarşılaşır. Bu, təbiidir.
Ancaq biz bu çətinliklərin qarşısını almalıyıq, bunun üçün
yeni-yeni yollar axtarmalıyıq. Həyatımız dəyişir, hər bir şey
dəyişir. Biz bu dəyişikliklər prosesinin içindəyik. Keçmişdə
nəşriyyat işi dövlətin əlində idi, onun tərəfindən
maliyyələşdirilirdi və bunun sayəsində Azərbaycanda həmin sahə
çox genişlənmişdi. İndi, dövlətin imkanları məhdudlaşdığı,
sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı yolu ilə getdiyimiz
bir vaxtda, özəl bölməyə geniş imkanlar yaratmağa çalışdığımız
və Azərbaycanda, kiçik də olsa, özəl bölmənin meydana çıxdığı
bir vaxtda biz onun bütün imkanlarını nəşriyyat işinin
canlandırılmasına, inkişaf etdirilməsinə, xüsusən kitab nəşrinin
genişləndirilməsinə cəlb etməli, yönəltməliyik;
Bu sahədə başqa ölkələrdə, xüsusən Rusiyada yaxşı təcrübə var.
Məsələn, Rusiyada bəzi firmalar, şirkətlər uşaqlar, gənclər üçün,
ümumiyyətlə cəmiyyət üçün, o cümlədən məktəblilər üçün lazım
olan kitabların nəşrini öz üzərinə götürür, bu işə sponsorluq
edirlər. Mən bir neçə nümunə ilə tanış oldum və deyə bilərəm ki,
keçmişdəkindən də yaxşı kitablar buraxırlar.
İndi respublikamızda xeyriyyəçilik fəaliyyəti genişlənir. Arzu
edərdim ki, bizim iş adamları, imkanlı sahibkarlar bütün
sahələrdə xeyriyyəçilik fəaliyyəti göstərdikləri kimi, bu işdə
kitabların yazılması və nəşri sahəsində də köməklərini
əsirgəməsinlər. Zənnimcə, bu, xeyriyyəçilik sahəsində ən yaxşı
iş ola bilər. Mən iş adamlarını buna dəvət edirəm. Şübhəsiz ki,
dövlətin imkanlarından da daha səmərəli istifadə olunmalıdır.
Ancaq, bayaq dediyim kimi, indi biz mülkiyyət formasını
dəyişdiririk, bazar iqtisadiyyatı yolu ilə gedirik, özəl bölməyə
geniş imkanlar yaradırıq və bundan sonra da yaradacağıq. Ona
görə də bunların hamısı ümummilli əhəmiyyət kəsb edən kitab
nəşrinə səfərbər edilməli, cəlb olunmalıdır. Ümidvaram ki, belə
də olacaqdır.
Buradakı sərgidə Azərbaycanın görkəmli yazıçı və şairlərinin,
alimlərinin əsərlərinin miniatür nəşrləri nümayiş etdirilir. Bir
daha qeyd edirəm ki, bu, əlamətdar hadisədir. Yazıçı və
şairlərimiz, alimlərimiz, mədəniyyət xadimlərimiz böyük
potensiala malikdirlər. Onların indiyədək yazdıqları əsərlər
Azərbaycan xalqının təhsillənməsində, biliklənməsində, elm və
mədəniyyətimizin, mənəviyyatımızın inkişafında öz rolunu
oynamışdır. Ancaq xalqımız Azərbaycanın elmi, mədəni
potensialından, ümumiyyətlə intellektual potensialından bundan
sonra daha çox bəhrələnməlidir. Ona görə də çalışmalıyıq ki,
belə yaradıcı adamlar öz fəaliyyətlərini davam etdirsinlər.
Onlara kömək etməliyik, şərait yaratmalıyıq.
Eyni zamanda yazılan kitabların nəşr olunmasının qayğısına
qalmalıyıq. Bilirəm ki, yazanlar və yazmaq istəyənlər çoxdur. Bu
adamlar - alimlər, yazıçılar, mədəniyyət xadimləri yazdıqlarının
bir çoxunu çap etdirə bilmirlər. Bu çətinliyi hamımız dərk
etməliyik. Ancaq bununla kifayətlənmək olmaz. Hər bir
çətinlikdən çıxış yolu tapmalıyıq, özü də bunu birlikdə
axtarmalıyıq. Dövlət də bütün imkanlardan istifadə edəcəkdir.
Ancaq ayrı-ayrı cəmiyyətlər, təşkilatlar, iş adamlarımız da bu
işə qoşulmalıdırlar. Arzu edərdim ki, bu tövsiyənin əməli
nəticələri olsun.
Bugünkü mərasim münasibətilə hamınızı bir daha təbrik edirəm.
Belə hesab edirəm ki, bu, təkcə mənim nitqimin miniatür nəşrinin
təqdimatına yox, ümumiyyətlə, respublikamızda miniatür
kitabların sərgisinə həsr olunmuşdur. Bu sərgini təbrik edirəm
və çox böyük məmnuniyyətlə onunla tanış olmaq istəyirəm.
Mən indi kitabxanaya xeyli kitab bağışladım. Güman edirəm ki,
bunlar fondda öz yerini tutacaqdır. Bunlar cəmiyyətimiz üçün çox
gərəkli olan, ayrı-ayrı mövzulara həsr edilmiş kitablardır.
Bunlar mənim özümün deyil, müxtəlif müəlliflərin kitablarıdır və
kitabxananın böyük xəzinəsində öz yerini tutarlar. Zənnimcə,
gələcəkdə bu təşəbbüs də davam edə bilər. Elə imkanı olan ayrı-ayrı
adamlar kitabxanamızı zənginləşdirmək üçün yəqin ki, ona
kitablar bağışlayacaqlar. Bilirəm, bizim bu kitabxananın çox
böyük fondu var. Kitabxananın direktoru bu barədə məlumat verdi.
Ancaq kitabxana elə bir yerdir ki, gərək daim onun fondu
genişlənsin. Çünki dünya dəyişir, yeni əsərlər, kitablar yaranır.
Bunlar insanlara yeni biliklər, yeni məlumat gətirir. Ona görə
də bizim bu mərkəzi kitabxanamız gərək daim yeni-yeni nəşrlərlə
təmin olunsun. Vaxtilə biz bunu planlı şəkildə edirdik. Dövlət
planı var idi, heç kəsi narahat etmədən bu kitabxananı yaradıb
inkişaf etdirmişdik və o, indi də fəaliyyət göstərir. Ancaq
gərək indi buraya hərə öz payını versin. Azərbaycanın bütün
ictimaiyyətini bu xeyirxah işə dəvət edirəm.
Bağışladığım kitabları nümayiş etdirmək istəmirəm. Ancaq bizim
üçün müqəddəs olan bir kitabı da bağışlamaq istəyirəm.
Bilirsiniz ki, mən Səudiyyə Ərəbistanına rəsmi səfərə getmişdim.
Səfər zamanı biz İslam aləminin müqəddəs yerlərini ziyarət etdik
və bundan çox məmnun olduq. Orada - İslam dininin mərkəzi olan
Məkkədə mənə Quranın nüsxələrini bağışlamışlar. Çox nəfis
şəkildə buraxılmış bu nüsxələrdən birini də Dövlət kitabxanasına
verirəm.
Hamınıza bir daha hörmət və ehtiramımı bildirirəm. Sizinlə,
xarici ölkələrin burada iştirak edən nümayəndələri, səfirləri
ilə görüşdüyümə görə məmnun qaldığımı qeyd edirəm. Sağ olun.