Hörmətlı xanımlar və cənablar!
Hörmətli qonaqlar!
Bu gün mən Azərbaycan - İsrail dostluq cəmiyyətinin dəvətini
qəbul edərək buraya gəlmişəm. Bu fürsətdən, yəni İsraildə
nəşr olunmuş kitabın təqdimatından istifadə edərək
Azərbaycan - İsrail cəmiyyətinə, Azərbaycan Respublikası ilə
İsrail arasında qarşılıqlı əlaqələrə münasibətimi bıldirmək
istəyirəm. Bu gün elə hadisə baş verir ki, bəlkə də bir neçə
il əvvəl bunun mümkünlüyünə inanmaq çətin olardı. Bizim
sevimli aktrisamız Dina Tumarkina 1974-cü ildə çəkilmiş
fotoşəkli təqdim etdi. 22 il ötmüşdür. Təsəvvür etmək
olardımı ki, illər ötdükdən sonra dünya bu qədər
dəyişəcəkdir. O zaman, biz sosialist dövləti rejimində
yaşayarkən kim xaricə yaşamağa gedirdisə, üstəlik bunu
qanunlardan yan keçməklə edirdisə, o, cinayətkar sayılır,
yaxud da dövlətin və cəmiyyətin yanında heç bir hörməti
olmayan adama çevrilirdi. Vaxt var idi ki, Sovetlər
İttifaqından adamların müxtəlif ölkələrə, o cümlədən İsrailə
getmələrinə mane olurdular. Xaricə getmək cəhdləri dövlət
əleyhinə hərəkət kimi qiymətləndirilirdi. İndi böyük
dəyişikliklər baş veribdir. Bunlar təbiidir, bütün dünyada
baş verən təbii ictimai-tarixi inkişafın nəticəsidir. Bu
dəyişikliklər bir çox xoşagəlməz hallar, çoxlu mürəkkəb
problemlər doğurubdur. Bununla belə, azadlıq, müstəqillik
gətiribdir, şəxsiyyətin, insanın həqiqi azadlığını təmin
etmək üçün şərait yaradıbdır. Bütün müsbət və mənfi
cəhətləri müqayisə edəndə görürsən ki, müsbət olanlar
mənfilərdən daha çoxdur. Hamımızın birlikdə yaşadığımız
həmin əminamanlıq illəri ilə müqayisədə nə qədər mürəkkəb,
nə qədər çətin olsa da biz baş vermiş bütün bu hadisələri
müsbət, tarixi prosesə, təbii ictimai-tarixi dəyişikliklərə
uyğun olan hadisələr kimi qiymətləndirməliyik.
İndi tamamilə başqa şərait, başqa vəziyyətdir. Azərbaycanda,
Bakıda doğulmuş insanlar bizə qonaq kimi gəlirlər və
deyirlər ki, İsraildə, iyirmi il əvvəl onlardan ötrü
tamamilə bağlı olan ölkədə, bəzi məlumatlara görə,
Azərbaycandan gedən 30 min, 50 və ya 60 min adam yaşayır.
Əksəriyyəti Azərbaycanda doğulub boya-başa çatan, burada
təhsil alan, formalaşan adamlar indi İsraildə yaşayırlar.
Hərə öz həyatını yaşayır, lakin İsraildə yaşayan keçmiş
azərbaycanlıları əhatə edən cəmiyyətdə birləşiblər. Mən
hesab edirəm ki, bu da Azərbaycanın bir hissəsidir.
Həmyerlilərimizin buradan getdiyi vaxtdan beş il, yaxud on
il keçsə də, əminəm ki, onlar özlərini Azərbaycan torpağı,
Azərbaycan xalqı, gözəl Bakı şəhəri ilə birləşdirən
hisslərdən heç cür ayrıla bilmirlər.
Hesab edirəm ki, bu mənada biz İsraildə yaxşı diaspor və
yaxşı lobbi əldə etmişik. Ümidvar olduğumu bildirmək
istəyirəm ki, buradan gedərək hazırda İsraildə yaşayanların
hamısı bu dövlətin qarşısındakı vətəndaşlıq borcları ilə
yanaşı, doğulduqları, təhsil, ixtisas aldıqları, təcrübə
əldə etdikləri, yəni əvvəllər onlara tanış olmayan ölkədə
yaşayıbişləməkdə kömək edən baza qazandıqları torpağın -
Azərbaycanın mənafeyini də qoruyacaq və müdafiə edəcəklər.
Bu mənada mən hesab edirəm ki, İsraildəki bu cəmiyyət, həmin
Azərbaycan diasporu ölkəmiz haqqında həqiqəti dünyaya
çatdırmaq üçün təkcə İsraildə deyil, həm də başqa ölkələrdə
bizdən ötrü böyük dayaqdır. Azərbaycan haqqında həqiqətləri
dünyaya çatdırmağa bizim çox ehtiyacımız var. Dörd il öncə
Azərbaycan özünün dövlət müstəqilliyini əldə edibdir. Bu,
tarixi hadisə, bizim tarixi nailiyyətimizdir, onu yüksək
qiymətləndirir, qoruyur və əbədi olaraq qoruyacağıq.
Eyni zamanda sizə məlumdur ki, səkkiz il öncə Ermənistan
Azərbaycana qarşı hərbi təcavüzə başlayıb və bu təcavüz
torpağımıza, ölkəmizə, xalqımıza hədsiz zərər vurubdur. Biz
insanlarımızı .itirmişik, Azərbaycan torpaqlarının bir qismi
işğal edilibdir. İşğal olunmuş ərazilərdən bir milyondan
artıq vətəndaşımız zorla qovulub və indi çox ağır vəziyyətdə
yaşayırlar. Bu gün biz müharibə vəziyyətindəyik. Bununla
belə, biz döyüşləri dayandırmağa, barışıq haqqında sazişə
nail ola bilmişik, 21 aydır ki, atəşkəs davam edir. Biz
sülhsevər ölkəyik.
Regionumuzda sülhü möhkəmləndirməyi, münaqişəni dinc yolla
aradan qaldırmağa nail olmağı qarşımıza məqsəd qoymuşuq.
Lakin bütün bunlar asan deyildır, çünki Azərbaycan haqqında
əsl həqiqəti dünyanın heç də hər yerində bılmirlər. Mən açıq
deyirəm, hətta son vaxtlar müxtəlif dövlətlərin ayrı-ayrı
nümayəndələri ilə görüşlərim zamanı getdikcə daha çox aydın
olur ki, Ermənistan ilə Azərbaycan arasında baş verən
hadisələrin heç də hamısı dünyanın digər ölkələrində yaxşı
məlum deyildir.
Bu günlərdə mən ATƏT-in indiki sədri, İsveçrənin xarici
işlər naziri cənab Kotti ilə görüşdüm. Geniş söhbətimiz
oldu. Lakin mən bir cəhətə xüsusi diqqət yetirdim. O deyir:
Sizin danışdıqlarınızın coxunu Qərbdə heç də hamı bilmir.
Çalışın ki, sizin haqqınızdakı həqiqəti, yəni respublikanız,
Azərbaycan barədə, burada, Azərbaycanda baş verən hadisələr
barədə daha çox bilsinlər, mən Ermənistan ilə Azərbaycan
arasında baş verən, Ermənistanın Azərbaycana qarşı hərbi
təcavüzü ilə bağlı hadisələri nəzərdə tuturam. Bu bir
faktdır, amma belə faktlar çoxdur. Mən bunlarla tez-tez
rastlaşıram və ona. görə də bu gün diqqəti bir məsələyə
xüsusi cəlb edirəm ki, İsraildəki Azərbaycan diasporu, yəni
Azərbaycan cəmiyyəti, həmyerlilərimiz, Azərbaycandan getmiş
dostlarımız ölkəmiz haqqında, bu münaqişə, Ermənistanın
təcavüzü haqqında həqiqəti deyəcəklər. Özü də təkcə İsraildə
deyil, öz imkanları daxilində başqa ölkələrdə, bütün dünyada
da deyəcəklər. Hesab edirəm ki, dostlarımızın belə imkanları
var.
Axı sizlərdən bir coxunuz Azərbaycanı, Bakını məhz
Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün başlanması ilə
əlaqədar burada vəziyyətin mürəkkəbləşdiyi vaxtdan tərk
etmisiniz. Əlbəttə, mən doğma diyarımızdan getdiyinizə görə
heç birinizi qınamıram. Bayaq dediyim kimi, son illərdə, son
onillikdə gedən proseslərin böyük nəticəsi budur ki, insan
azad olmuşdur. O, güzəranının harada yaxşı keçəcəyi yeri
sərbəşt seçə bilər. Eyni zamanda bu bir faktdır ki, siz, mən
buradan İsrailə, başqa ölkələrə gedənləri nəzərdə tuturam,
əsasən ona görə getmisiniz ki, burada vəziyyət
mürəkkəbləşmiş, Azərbaycana qarşı hərbi təcavüz başlanmış,
çox mürəkkəb proseslər, hadisələr cərəyan etmiş, təkcə
cəbhəyanı ərazilərdə deyil, Azərbaycanın digər bölgələrində
də qan tökülmüşdür. Təbii ki, belə vəziyyətdə bir çoxları
yaşayış yerini dəyişməyi qərara almış, o cümlədən siz də
İsrailə getmisiniz. Mən bunu xatırladıram, lakin siz
İsraildəki həmyerlilərimizsiniz və özünüz bilirsiniz ki,
Qafqazda, xüsusən Ermənistan ilə Azərbaycan arasında nə baş
vermişdir və indi nə baş verir?
Əminəm ki, bu cəmiyyətin - Azərbaycandan gedərək İsraildə
yaşayanların şəxsində bizim yaxşı dayağımız var. Biz
Azərbaycanda sizə, sizin cəmiyyətinizə böyük hörmət
bəsləyirik. İsrail - Azərbaycan dövlətlərarası
münasibətlərindən əlavə, biz hər bir həmyerlimizlə və ümumən
sizin cəmiyyətinizlə əlaqələrimizi inkişaf etdirmək
istəyirik. Əmin ola bilərsiniz ki, bizim tərəfimizdən həmişə
ən xoş, ən ehtiramlı münasibətlə qarşılaşacaqsınız.
Mən burada eşidəndə ki, Azərbaycandan gedənlərin İsraildəki
cəmiyyəti ən mütəşəkkil, dostumuz Bromberqin dediyi kimi, ən
möhkəm, ən yaxşı cəmiyyətdir, bundan sevindim. Əgər
belədirsə, sual doğur: nəyə görə o, ən yaxşı cəmiyyətdir?
Odessalıların cəmiyyətindən, moskvalıların, kiyevlilərin
cəmiyyətindən yaxşıdır? Axı siz hamınız bir millətdən, eyni
dindənsiniz. İstəristəməz düşünürsən: deməli, hansısa bir
təsir var? Yəqin ki, Azərbaycan torpağının, Azərbaycan
mühitinin və Azərbaycan ənənələrinin əhəmiyyəti az deyildir.
Doğrudan da keçmişdəki və indiki bütün çatışmazlıqlara
baxmayaraq, biz burada, Azərbaycanda uzun illər,
onilliklərlə böyük dostluq, qarşılıqlı anlaşma şəraitində,
hörmətehtiram və xeyirxahlıq mühitində yaşamışıq.
Bilirsiniz, adamlar birlikdə yaşayanda bəlkə də çox şeyi
dərk etmir və lazımınca qiymətləndirmirlər, ayrılanda,
bir-birindən uzaq düşəndə isə daha ayıq başla təhlil etməyə
və daha obyektiv qiymət verməyə başlayırlar. İndi də
belədir. İsraildə yaşayan dostlarımız yəqin kı, Azərbaycanda
olubkeçənləri burada yaşadıqları vaxtdakından indi daha çox
qiymətləndirirlər. Bu, tamamilə təbiidir, özü də təkcə
onlara deyil, hər bir adama aiddir. Məsələn, mən özüm də bir
müddət Azərbaycandan kənarda yaşamışam, lakin çox yüksəkdə
olduğum illər və qəzəbə düçar olduğum illər də olmuşdur.
Amma mən əvvəl də və bütün bunlar baş verdikdən sonra da
Azərbaycan üçün, doğma torpaq, Bakı üçün darıxırdım. Otən
vaxtdan xatırlayırdım: bəli, həqiqətən də o zaman çəkişərdik
də, küsüşərdik də və bir-birimizdən daha çox şey də tələb
edərdik, lakin hər halda yaxşı idi.
Əgər indi İsraildəki diasporumuz mütəşəkkil və deyildiyi
kimi, digər cəmiyyətlərlə müqayisədə bir çox keyfiyyətlərinə
görə yüksəkdirsə, bu, yəqin ki, burada, Azərbaycanda mövcud
olmuş dostluq, həmrəylik mühitinin təzahürüdür.
Aydındır ki, son illər Azərbaycanda dəyişikliklər baş verib
və bunlar müəyyən dərəcədə həm də mənfi səciyyə daşıyıbdır.
Müxtəlif ictimai-siyasi proseslər də gedib, heç də hər şey
sivilizasiyalı səviyyədə, insanlıq səviyyəsində olmayıbdır.
Biz hamımız həddən artıq çətinliklərdən keçmişik və bu gün
də mürəkkəb, çətin şəraitdə yaşayırıq. Amma bütün bunlara
baxmayaraq, əvvəlki ənənələr Azərbaycanda onilliklər,
yüzilliklər ərzində yaranmış milli və ümummilli ənənələr
itməyib, qorunub saxlanıbdır. Mən əminəm ki, biz
çətinlikləri aradan qaldıraraq bu ənənələri daha da
zənginləşdirəcəyik. Bu ənənələr müstəqil Azərbaycan
Respublikası şəraitində, azadlıq şəraitində yeni inkişafını
tapacaqdır. Hesab edirəm ki, biz Azərbaycanın gözəl
gələcəyinin şahidi olacağıq.
Bununla əlaqədar mən Azərbaycan ilə İsrail arasında olan
münasibətlərə böyük əhəmiyyət verirəm, İsrailin tarixi,
xalqın tarixi yaxşı məlumdur, bu ölkədə baş vermiş, və indi
də baş verən proseslər də məlumdur. Budur, dünən İsraildə
daha bir faciə olubdur. Bomba partlayışı nəticəsində 20-dən
çox adam həlak olub, bir çoxları yaralanıbdır. Terrorçular
əməllərini davam etdirirlər. Fürsətdən istifadə edərək demək
istəyirəm ki, biz terrorçuluğun bütün təzahürlərini
pisləyir, onu rədd edirik. Terrorçuluq - vəhşilikdir,
ümumbəşəri dəyərlərlə, sivilizasiya və azadlıqla bir araya
sığa bilməz.
Biz hər cür separatçılığı pisləyirik. Səkkiz ildir ki,
Azərbaycan separatçılıqdan, terrorçuluqdan əzab çəkir. Ona
görə də bu iyrənc təzahürlərin faciəli nəticələrini
xalqımızın taleyində hiss etdiyimizə görə, biz daim
separatçılığın və terrorçuluğun əleyhinə olmuşuq yə bu gün
də əleyhinə olacağıq. Mən hər yerdə, o cümlədən İsraildə baş
verən terrorçuluq hərəkətlərini qətiyyətlə pisləyirəm.
Bu imkandan istifadə edərək, faciə ilə əlaqədar İsrail
dövlətinin rəhbərlərinə, həlak olanların ailələrinə
başsağlığı verir, ümidvar olduğumu bildirmək istəyirəm ki,
tərəqqi, demokratiya irtica, terror, separatçılıq
qüvvələrinə üstün gələçəkdir.
Bizim qarşılaşdığımız təkcə erməni terrorçuluğu,
Ermənistanın təcavüzü deyildir. Daxildə də terrorçuluq
faktları ilə qarşılaşırıq. Terrorçuluq əməlləri nəticəsində
adamlarımız, dövlət xadimlərimiz həlak olublar. Terrorçular
bizim özümüzü də təkcə fiziki cəhətdən məhv etməklə deyil,
həm də dövlətçiliyimizi məhv etməklə hədələyiblər. Lakin
bunların hamısını aradan qaldırmışıq. Əminəm ki, indi
Azərbaycanda yaranmış ictimai-siyasi sabitlik möhkəmlənəcək
və inkişaf edəcəkdir. Əminəm ki, Azərbaycanın bütün
vətəndaşları terrorçuluğun təhlükəsini, cinayətkarlığın
artmasının təhlükəsini dərk edəcək, hər biri Azərbaycan
dövlətçiliyini müdafiə edərək bu təzahürlərin əleyhinə
çıxacaqdır.
Bəli, mən qonaqlarımıza da, bütün dünyaya da cəsarətlə deyə
bilərəm ki, indi Azərbaycanda sabitlik yaranıbdır, biz
vəziyyətə nəzarət edirik, ayrı-ayrı cinayətkar ünsürlərin
müxtəlif cəhdlərinin qarşısı alınır və alınacaqdır. Hazırda
döylətin kifayət qədər gücü, ən başlıcası isə özünə inamı
var. İndən belə biz heç kəsə qanunlarımızı pozmağa,
cəmiyyətimizi, dövlətçiliyimizi laxlatmağa imkan
verməyəcəyik, əgər kimsə belə cinayətkar hərəkətlərə cəsarət
edərsə, qanunlarımıza əsasən cəzasını alacaqdır. Ona görə də
indi Azərbaycanda xarici investisiyalar üçün yaxşı şərait
var, mən bunu həm qonaqlarımıza, həm də İsraildəki
dostlarımıza deyirəm.
Biz qarşılıqlı fayda, mehriban münasibətlər prinsipləri
əsasında bütün ölkələrlə əməkdaşlıq edirik və bütün
imkanlarımızı, qapılarımızı açaraq xarici investorları
Azərbaycana dəvət edirik. Biz bunu iqtisadiyyatımızı,
dövlətimizi inkişaf etdirmək üçün çox mühüm vasitə sayırıq.
İndi isə kitab haqqında. Ümumiyyətlə, mən özüm haqqında
kitablar yaradılmasının böyük pərəstişkarı deyiləm.
Azərbaycan prezidentinin siyasi portreti haqqında İsraildə,
ivrit dilində kitabın nəşr olunmasından tamamilə xəbərsiz
idim. Bu məndən ötrü gözlənilməz, lakin xoş hadisə oldu. Ona
görə yox ki, mənim həyat yolumu müəyyən dərəcədə əks etdirən
kitab nəşr olunubdur, ona görə ki, bu, Azərbaycan haqqında,
onun xalqı, müstəqil Azərbaycan Respublikası haqqında daha
çox şey bilməyə kömək edəcəkdir.
Bu təşəbbüsü göstərənlərin, bu gün burada kitabı təqdim
edənlərin hamısına öz təşəkkürümü bildirmək istəyirəm. Hesab
edirəm ki, bu, xalqlarımız və ölkələrimiz arasında dostluğun
möhkəmləndirilməsi yolunda yaxşı addımdır. Kitabın təqdimatı
ilə əlaqədar İsraildən buraya gəlmiş dostlarımıza təşəkkür
edirəm, həmyerlilərimi görməyimə şadam. Xüsusən də ona görə
ki, deyəsən, onlar buraya uzun fasilədən sonra gəliblər,
vəziyyəti qiymətləndirmək imkanları var. Əgər iki, yaxud üç
il əvvəl burada olsaydılar, ötən mliddətdə baş vermiş
dəyişikliklər onları bəlkə daha çox heyrətə salardı.
Dəyişikliklər isə çoxdur. 1993-cü ildə mən özüm buraya
gələrkən respublikada, Bakıda vəziyyət çox mürəkkəb idi.
Küçələrdə gəzmək mümkün deyildi, fövqəladə vəziyyət tətbiq
olunmuşdu, hər tində avtomatçılara rast gəlirdin, dövlətə
xidmət edənlər, əksinə çıxanlar və ya gizli silahlı
dəstələrdən olanlar bir sözlə, hər cürəsi vardı. Şübhəsiz
ki, bütün bunlar qorxu, inamsızlıq şəraiti, hərc-mərclik
vəziyyəti yaradırdı. Biz bunların hamısını aradan qaldırdıq.
Mən şadam ki, dostlarımız indi başqa vəziyyəti görürlər.
Amma hesab edirəm ki, gələcəkdə vəziyyət daha yaxşı
olacaqdır.
Mənə belə gəlir ki, teatrımızın ulduzu Dina Tumarkinam
dinləmək hamımız üçün xoş oldu. Biz həmişə onun sənətinə
pərəstiş etmişik. Azərbaycanda Rus Dram Teatrının daim böyük
nüfuzu olub və bu gün də var. Bu teatnn həmişə daimi
tamaşaçıları olubdur. Zənnimcə, bir çoxları bu teatra ümumən
incəsənətdən, eləcə də Dina Tumarkina kimi gözəl aktrisanın
sənətindən zövq almaq üçün gedirdilər. Mən şadam ki, o, yenə
buradadır və Nizaminin şerlərini unutmaması xoş təsir
bağışladı.
Bir daha hamınıza təşəkkürümü bildirirəm. Yenə deyirəm,
bugünkü görüşü sadəcə olaraq kitabın təqdimatı kimi deyil,
daha geniş qiymətləndirirəm. Mən bu gün buraya gəlib bəzi
fikir və mülahizələrimi söylədim. Sağ olun.