E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanası

( 5 noyabr 1997-ci il )

M.F.AXUNDOV ADINA AZƏRBAYCAN DÖVLƏT KİTABXANASINDA "AZƏRBAYCAN QAÇQINLARI" FOTOALBOMUNUN TƏQDİMATI MƏRASİMİNDƏ NİTQ


Hörmətli xanımlar və cənablar!

Bu gün Azərbaycanda yaşayan qaçqınların və məcburi köçkünlərin həyatını əks etdirən fotoşəkillərdən ibarət kitabın yaranması və təqdim olunması təqdirəlayiq, əlamətdar bir hadisədir. 1988-ci ildən, Ermənistanın Azərbaycana hərbi təcavüzü başlayandan indiyə qədər Azərbaycanın həyatında qaçqınlar və məcburi köçkünlər amili yaranmışdır. Təəssüflər olsun ki, qaçqınların və məcburi köçkünlərin sayı ilbəil artmışdır. İndi onların sayı artıq 1 milyon nəfərdir.

Ermənistanın Azərbaycana etdiyi hərbi təcavüz nəticəsində yaranmış hərbi münaqişə ölkəmizə çox ağır zərbələr vurmuşdur. Bu hərbi təcavüz Azərbaycanın iqtisadiyyatına, həyatının bütün sahələrinə və vətəndaşlarına böyük zərbələr vurmuşdur. Azər-baycan əsrin sonunda - 1988-ci ildən başlayaraq indiyə qədər üzləşdiyi bu ağır faciə XX əsrdə xalqımızın başına gəlmiş bəlalardan, faciələrdən ən dəhşətlisi, ən ağırı, ən zərərlisidir. Biz bu faciənin mənfi, dəhşətlı, nəticələrini həyatımızın bütün sahələrində hiss edirik. Onun ağır nəticələri o cümlədən insanların, vətəndaşlarımızın həyatında çox təsirli şəkildə hiss olunur.

Dünyada, Yer kürəsinin bir çox yerlərində qaçqınlar və köçkünlər mövcuddur. Ancaq Azərbaycanın, 7 milyon əhahisi olan ölkəmizin vətəndaşlarından 1 milyonu qaçqın və köçkün vəzivyətində yaşayır. Hesab edirəm ki, dünyanın heç bir yerində belə bir hadisə yoxdur.

Biz müharibə nəticəsində çoxlu şəhidlər, itkilər vermişik. Bu xalqımız üçün ağır yaradır. Torpaqlarımızın işğal olunmuş hissəsində əsrlər boyu yaranmış varidatımız dagıdılıbdır, tarixi abidələrimiz təhrif olunubdur, məhv edilibdir. Orada yaşamış insanların qəbiristanlıqları dağıdılıbdır. Bunların hamısı bizim üçün ağır yaradır. Bütün bunlarla bərabər, insanların evindən, yerindən-yurdundan zorla çıxarılması, onların didərgin düşməsi, varım-yoxunu, ailə üzvlərindən çoxunu itirməsi və bir neçə ildən bəri çadırlarda, vaqonlarda, yaşayış üçün yararlı olmayan ayrı-ayrı yerlərdə ağır vəziyyətdə yaşaması bizim həyatımızda, Azərbaycan xalqının, hər bir vətəndaşımızın qəlbində olan böyük bir yaradır.

Təəssüflər olsun ki, biz Azərbaycan xalqının düşdüyü bu ağır vəziyyəti, insanların o çətin şəraitdə yaşamasını, qaçqınların bu ağır vəziyyətini dünya ictimaiyyətinə lazımi qədər çatdıra bilməmişik. Təəssüf ki, Ermənistan-Azərbaycan münaqişəsində kimin günahkar olmasını da son illərə qədər hələ sübut etmək mümkün olmamışdı. Ermənistan Azərbaycana təcavüz etdiyi, respublikamızın torpaqlarını işgal etdiyi halda bəzi beynəlxalq təşkilatlarda, bəzi ölkələrdə, dünyada hesab edilirdi ki, Azərbaycan Ermənistanı blokadaya alıbdır, guya Azərbaycan Ermənistana əziyyət verir, güya Azərbaycanın düzgün olmayan siyasəti nəticəsində Ermənistanda insanlar pis yaşayırlar. Bəzi hallarda belə təsəvvür yaranırdı ki, burada Azərbaycan Ermənistandan daha çox günahkardır.

Məlumdur ki, son illər Azərbaycan dövlətinin, hökumətinin apardığı siyasət nəticəsində beynəlxalq təşkilatlarda, dünya ölkələrinin tam əksəriyyətində artıq bu məsələ aydınlaşıbdır. Kimin təcavüzkar olması və kimin təcavüzə məruz qalması artıq məlumdur.

Bizim apardığımız ardıcıl siyasət nəticəsində ATƏT-in Lissabon zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması barəsində qəbul edilmiş bəyanat da buna əyani sübutdur. Ancaq təəssüflər olsun ki, dövlət səviyyəsində aparılan bu ardıcıl siyasətlə bərabər, respublikamızın başqa təşkilatları, ictimai təşkilatları tərəfindən Azərbaycanın həqiqətlərini dünyaya yaymaq üçün lazımi işlər keçmişdə görülməyibdir, indi çox az görülür. Qaçqınların, məcburi köçkünlərin vəziyyəti haqqında dünya ictimaiyyətinə daim ətraflı, müfəssəl məlumat vermək və dünya ictimaiyyətini bu problemə cəlb etmək, onu daim diqqət mərkəzində saxlamaq üçün, yenə də deyirəm, Azərbaycanın müvafıq təşkilatları və ictimaiyyəti, ictimai təşkilatları lazımi iş görə bilməyiblər.

Bu gün burada təqdim olunan kitab Azərbaycanda yaşayan köçkünlərin və qaçqınların vəziyyətini müəyyən qədər əks etdirir. Hesab edirəm ki, bu, həmin məsələni, yəni qaçqınların vəziyyətini müəyyən qədər əks etdirir. Hesab edirəm ki, bu, həmin məsələni, yəni qaçqınların vəziyyətini bu qədər geniş əks etdirən ilk kitabdır. Ancaq mən hesab edirəm ki, Azərbaycanda yaşayan qaçqınların, məcburi köçkunlərin, çadırlarda ağır şəraitdə yaşayan insanların vəziyyətini əks etdirmək üçün bir neçə belə kitab lazımdır. Bu məsələ heç vaxt bir kitaba sığmaz. Ancaq indiyə qədər, demək olar ki, heç bir şey olmadığına, yaxud bu barədə az vəsaitlər olduğuna görə biz bu kitabı yüksək qiymətləndiririk.

Mən fürsətdən istifadə edib, bu münasibətlə bildirmək istəyirəm ki, Azərbaycanda - həm hökumətdə, həm də ictimai təşkilatlarda - qaçqınların və köçkünlərin vəziyyəti ilə məşğul olan orqanlar qeyri-qənaətbəxş işləyirlər. Azərbaycanda qaçqınların və köçkünlərin vəziyyəti ilə məşğul olan xüsusi dövlət komitəsi, böyük bir nazirlik var. Nazirlər Kabinetində bu məsələ ilə məşğul olan böyük bir şöbə var. Bir çox ictimai təşkilatlar bu məsələ ilə məşğul olmalıdırlar. Ancaq mən hesab edirəm ki, bu təşkilatlar, bu orqanlar üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmirlər. Mənim bu sözlərim qaçqınlara və məcburi köçkünlərə daimi göstərilməli olan diqqət, qayğı və humanitar yardımlar məsələsinə də aiddir. Eyni zamanda qaçqınların və köçkünlərin vəziyyətini həm Azərbaycan ictimaiyyətinin, həm də dünya ictimaiyyətinin daim diqqət mərkəzində saxlamaq və dünya ictimaiyyətinə daim çatdırmaq sahəsinə də aiddir.

Belə olan halda qaçqınların, məcburi köçkünlərin vəziyyətinə get-gedə diqqət azalır, onların yaşaması üçün göstəriləcək yardımların miqdarı azalır və beləliklə, bu məsələ - bizim həyatımızın ən faciəli bir cəhəti - adiləşir. Təsadüfı deyil ki, beynəlxalq humanitar təşkilatlar da Azərbaycanda olan qaçqınlara, köçkünlərə öz yardımlarını azaldırlar, bu məsələyə öz münasibətlərini soyudurlar. Təəssüf ki, bizim dövlət, hökumət orqanları bu işlərə diqqət yetirmirlər. Bəziləri belə düşünürlər ki, artıq bir çox il keçibdir, qaçqınlar və məcburi köçkünlər öz vəziyyətlərinə alışıblar, çadırlarda, dəmir yolunun üzərində, vaqonlarda yaşamağa öyrəşiblər, dözümlü olublar və dözürlər, ona görə də bunların yaşayışını xırda-xırda elə normal hesab etmək lazımdır. Mən belə meylləri hiss edirəm. Ona görə də mən bu sözləri bu gün həyəcanla, çox narahatlıqla nəinki burada toplaşanlara, ümumiyyətlə, bütün ictimaiyyətimizə çatdırmaq istəyirəm.

Əgər biz işğal olunmuş torpaqlarımızın azad edilməsinə nail ola bilməmişiksə və yerindən-yurdundan didərgin düşmüş insanları öz evlərinə, yurdlarına qaytara bilməmişiksə, demək, bu problem həll olunmayıbdır. Demək, biz qaçqınlara və köçkünlərə daha da borcluyuq və onlara daha da diqqətli olmalıyıq. Çünki insan bir ay, iki ay, bir il belə vəziyyətə dözür. Ona görə dözür ki, onda ümid var ki, o bu vəziyyətdən tezliklə çıxacaq. Ancaq bir il, iki il, üç il, dörd il olanda o, ümidini itirə bilir. Amma gərək biz imkan verməyək ki, insanlar ümidini itirsinlər. Apardığımız böyük işlərlə yanaşı - yəni işğal edilmiş torpaqlarımızın azad olunması sahəsində apardığımız böyük işlərlə yanaşı - biz gərək qaçqınlara, köçkünlərə daim diqqət, qayğı göstərək. Gərək onlara diqqətimizi, qayğımızı, köməyimizi keçən illərə nisbətən daha da artıraq.

Təəssüf ki, vəziyyət belə deyil. Ona görə də mən bu gün bu məsələ barəsində belə həyəcanla danışıram. Mən qaçqınların, məcburi köçkünlərin işi ilə məşğul olanda bütün orqanlardan - hökumət, dövlət orqanlarından tələb edirəm ki, onlar öz işlərində buraxdıqları səhvləri aradan qaldırsınlar, öz vəzifələrini layiqincə yerinə yetirsinlər və bu sahədə öz işlərində ciddi dönüş yaratsınlar.

Nazirlər Kabineti bu işlə ciddi məşğul olmalıdır. Baş nazirin müavini İzzət Rüstəmov - bu məsələyə məsul və həmin vəzifəyə məhz bu məqsədlə təyin edilmiş şəxs gərək bilsin ki, görülən işlər bizi qane etmir. Bu işlərlə daha da ciddi və konkret məşğul olmaq lazımdır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Qəhrəmanovu mən bir dəfə tənqid etmişdim, bu gün bir daha deyirəm - vəziyyəti kökündən düzəltməlidir və biz bu komitənin, bu böyük hökumət orqanlarınn işinin nəticələrini görməliyik.

Nazirlər Kabineti bu məsələni daim diqqət mərkəzində saxlamalıdır və vaxtaşırı, bəlkə də ardıcıl surətdə, müəyyən bir plan əsasında bu məsələlərin vəziyyətini dinləməli, müzakirə etməli, lazımi tədbirlər görməlidir və lazım olan vaxtlarda mənə məlumatlar və öz təkliflərini verməlidir.

Mən ictimai təşkilatlara müraciət edirəm. Onlar da bu sahəyə öz münasibətlərini tamamilə dəyişdirməlidirlər. Qaçqınların, köçkünlərin vəziyyətini unutmaq olmaz. Unutmaq olmaz ki, biz daim onların yanında olmalıyıq, biz onlarla bir yerdə olmalıyıq, onlarla tez-tez görüşməliyik, qaçqın düşərgələrində olmalıyıq, onların vəziyyətini bilməliyik və onlara əlimizdən gələn yardımı etməliyik.

Mən beynəlxalq humanitar təşkilatlara müraciət edirəm və rica edirəm ki, onlar Azərbaycanın bu vəziyyətinə öz diqqətlərini daha da artırsınlar, öz münasibətlərini zəiflətməsinlər, göstərdikləri yardımları da mütəşəkkil etsinlər. Bəzən bunlar pərakəndə xarakter daşıyır və bəzən də bir sıra səbəblərdən, yardımların qaçqınlara çatdırılması ilə məşğul olan ayrı-ayrı Azərbaycan vətəndaşlarının günahı üzündən, yaxud da ki, onların qeyri-qanuni hərəkətlərinə görə bu yardımlar qaçqınlara, köçkünlərə vaxtı-vaxtında çatmır.

Qaçqınlar, məcburi köçkünlər Azərbaycanın bir çox inzibati bölgələrində yaşayırlar və bu inzibati rayonların, şəhərlərin icra orqanları, icra hakimiyyəti başçıları var. Mən onlardan tələb edirəm ki, qaçqınlara və məcburi köçkünlərə qayğı və diqqəti artırsınlar, onların üzərinə bu sahədə qoyduğumuz vəzifələri layiqincə yerinə yetirsinlər.

Şübhəsiz, bu gün burada təqdim olunan kitabı geniş yaymaq mümkün olsa, bu, Azərbaycandakı qaçqınların və məcburi köçkünlərin vəziyyəti haqqında beynəlxalq aləmdə, beynəlxalq təşkilatlarda, dünyada təəssüratı daha da dəqiqləşdirəcəkdir. Ancaq tam təəssürat yaratmaq üçün gərək bu iş ardıcıl, mütəmadi getsin, epizodik xarakter, kampaniya xarakteri daşımasın. Hələ ki Azərbaycanda qaçqınlar, köçkünlər var, hələ ki münaqişə qurtarmayıbdır, bu məsələ ilə hamımız daim, ardıcıl məşğul olmalıyıq.

Qaçqınların, köçkünlərin vəziyyətini bilməyən adamlar uçün əlbəttə ki, bu kitab geniş təəssürat yaradır. Amma bizim üçün, yəni qaçqınların, məcburi köçkünlərin vəziyyətini gözü uə görmüş adamlar üçün bu kitab çox kiçik bir şeydir, azdır. Yəni mən bu kitabda qaçqınların o ağır vəziyyətini tamamilə ağır görmürəm. Yenə də deyirəm, bu kitab kənar adamlarda böyük təəssürat yaradacaqdır. Amma bizim borcumuz odur ki, bütün bu mənzərəni - Azərbaycanın həyatında olan, qaçqınlarla və köçkünlərlə əlaqədar yaranmış mənzərəni bütün dünyaya çatdıraq. Onun üçün bir kitab yox, bir neçə kitab yaranmalıdır, bəlkə seriyalar olmalıdır, bəlkə də hər bir qaçqın düşərgəsi haqqında bir kitab yaratmaq lazımdır. Buna heç bir şeyi əsirgəmək lazım deyil. Bunun üçün hər bir vəsaitdən istifadə etmək lazımdır.

Hesab edirəm ki, Nazirlər Kabineti Prezidentin İcra Aparatı ilə bərabər belə kitabların yaranmasının proqramını hazırlamalıdır, tərtib etməlidir. Bu proqram əsasında bir çox seriya belə kitablar yaranmalıdır. Mən bayaq fikirlərimi dedim. Ancaq başqa fikirlər də ola bilər. Bu fikirlərin əsasında bu məsələnin çərçivəsini genişləndirmək olar. Bunun üçün də həm humanitar təşkilatlardan, həm ictimai təşkilatlardan, həm də dövlətdən, hökumətdən lazımi vəsait ayırmaq mümkündür. Biz bunu edə bilərik. Burada çətinlik olmayacaqdır. Ancaq bu işi görmək lazımdır.

Məlumdur ki, biz Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması uğrunda çalışırıq və bu sahədə müəyyən irəliləyişlər mövcuddur. ATƏT-in Minsk qrupunun son təkliflərini Azərbaycan da, Ermənistan da əsasən qəbul ediblər. ATƏT-in Minsk qrupunun həmsədrlərinin nümayəndələri bu günlərdə yenidən bizim bölgəyə gələcəklər, danışıqlar aparacağıq. Hesab edirik ki, məsələnin sülh yolu ilə həll olunması müəyyən bir relslər üzərinə düşübdür. Biz bunu sadəcə, sürətləndirməliyik və qarşıda olan maneələri aradan götürməliyik.

Şübhəsiz ki, işğal olunmuş rayonlar bunların nəticəsində işğalçı hərbi dəstələrdən azad ediləcəkdir. Bilirsiniz ki, birinci mərhələdə, işğal edilmiş altı rayonun azad olunması və oradan zorla köçürülmüş, çıxarılmış insanların öz yerlərinə qayıtması nəzərdə tutulubdur. Ancaq bu, müəyyən vaxt tələb edən bir prosesdir.

Nə qədər ki, biz bu münaqişəyə son qoymamışıq, nə qədər ki, Azərbaycanın işğal olunmuş torpaqları azad edilməyibdir, nə qədər ki, bu qaçqınlar, məcburi köçkünlər öz yerlərinə, yurdlarına qayıtmayıblar, bu problem Azərbaycanın bütün orqanlarının - hökumətin, dövlətin, ictimaiyyətin, hər bir vətəndaşın diqqət mərkəzində olmalıdır. Hamı çalışmalıdır ki, qaçqınların, köçkünlərin indiki vəziyyətinin müəyyən qədər normal saxlanması üçün öz yardımını etsin. Hamımız ardıcıl surətdə çalışmalıyıq ki, Azərbaycanın bugünkü mənzərəsi, məcburi köçkünlərin, qaçqınların belə ağır vəziyyətdə olması dünyanın hər bir guşəsinə, ölkəsinə, hər bir dövlət başçısına, hər bir beynəlxalq təşkilata çatsın. Beləliklə, biz sülh yolu ilə ədalətin qələbəsinə nail olacağıq.

Bu gün təqdim olunan kitabın yaranmasında zəhmət çəkmiş bütün təşkilatlara, şəxslərə təşəkkür edirəm. Bu təşəbbüsü qiymətləndirirəm. Hesab edirəm ki, çox gec də olsa, belə bir təşəbbüs və bugünkü təqdimat mərasimi bu sahədə gələcəkdə görüləsi işlər üçün təkanverici bir məqamdır.

Ümidvaram ki, bu mərasimdə iştirak edən xarici ölkələrin səfirliklərinin, beynəlxalq təşkilatların nümayəndələri bu kitabın yayılmasında, təbliğ olunmasında öz xidmətlərini göstərəcəklər, ümumiyyətlə, bu gün burada meydana çıxmış məsələlərin həll olunmasında Azərbaycan Respublikasına, xalqına və yerindən-yurdundan didərgin düşmüş Azərbaycan vətəndaşlarına yardımçı olacaqdır. Sağ olun.

 

<< Geri