2023-cü ildə Azərbaycan Milli Kitabxanasının fəaliyyətə
başlamasının 100 illiyi tamam olur.
Azərbaycan Milli Kitabxanası yarandığı vaxtdan etibarən
şərəfli bir yol keçmiş, qarşıya
qoyulan vəzifələrin öhdəsindən həmişə layiqincə gələrək ötən
müddət ərzində cəmiyyətin
intellektual potensialının artırılmasında baza kimi mühüm
rol oynamış, ədəbiyyat sayı milyonları
keçən fondlarını müntəzəm surətdə milli və dünya əhəmiyyətli
nəşrlərlə, nadir kitablar, yeni-yeni
çap məhsulları və qiymətli məlumat daşıyıcıları ilə
zənginləşdirməklə xalqımızın mədəniyyət
xəzinəsinə çevrilmişdir.
Özünəməxsus memarlıq üslubuna malik əzəmətli binada yerləşən
Milli Kitabxana bu gün
fəaliyyət dairəsini daha da genişləndirərək milli‐mənəvi
sərvətlərin etibarlı şəkildə qorunması və
onun gələcək nəsillərə çatdırılması istiqamətində silsilə
tədbirlər gerçəkləşdirir. İşini qabaqcıl
texnologiyaların tətbiqi ilə dövrün tələbləri səviyyəsində
daim təkmilləşdirən Milli Kitabxana
hazırda dünya kitabxanaları ilə qarşılıqlı əməkdaşlıq
əlaqələrini uğurla inkişaf etdirməkdədir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq,
ölkənin mədəni-ictimai həyatında rolunu və kitabxana işinə
töhfələrini nəzərə alaraq, Azərbaycan
Milli Kitabxanasının 100 illiyinin qeyd olunmasını təmin
etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
Azərbaycan Milli Kitabxanasının 100
illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
Sərəncamdan irəli gələn məsələləri həll
etsin.