E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

İSTİFADƏÇİLƏRƏ XİDMƏT ŞÖBƏSİ


Şöbə müdiri: Ağabalayeva Leyla Baxşəli qızı


Tel.: (+994 12) 493 83 09

 

E-mail: istifadeci_xidmet@anl.az

 

Şöbə haqqında ümumi məlumat

İstifadəçilərə xidmət şöbəsi 1923-cü ildə kitabxanada Qiraət zalı kimi fəaliyyətə başlamışdır. 1928-ci ildən müstəqil şöbə kimi öz işini davam etdirir.

İstifadəçilərə xidmət şöbəsi kitabxanaya müraciət edən oxuculara xidmətin 80%-ni həyata keçirir. Şöbənin oxu zalları bir ildə 150-170 min oxucu qəbul edə bilir.

2017-ci ildə kitabxanaya 22069 nəfər oxucu üzv olmuş, ümumi oxucuların sayı 143627 nəfərə çatmışdır. İl ərzində 161618 nəfər oxucuya xidmət edilmişdir.

İstifadəçilərə xidmət şöbəsi oxuculara dövri mətbuat, tələbə gənclərə xidmət, humanitar, dəqiq və texniki elmlər zallarında, elektron resurslardan istifadənin təşkili, lokal şəbəkədən istifadə üzrə oxu zalı bölmələrində və internet oxu zalında xidməti həyata keçirir.

Strukturu

Uçot, qeydiyyat və nəzarət bölməsi
Ümumi oxu zalı bölməsi
Köməkçi fond bölməsi
Elmi zallar bölməsi
Dövri mətbuat zalı bölməsi
Elektron resurslardan və lokal şəbəkədən istifadənin təşkili bölməsi
Uşaq bölməsi və uşaq istirahət guşəsi
“Açıq kitabxana” – Sərbəst mütaliə bölməsi
Online xidmət bölməsi

Vəzifələri

Kitabxanaya üzv olan bütün oxuculara tələbə gənclərə xidmət zalında, sahəvi və dövri mətbuat zallarında, elektron resurslardan istifadənin təşkili, lokal şəbəkədən istifadə üzrə oxu zalı bölmələrində və internet oxu zalında elmin bütün sahələri üzrə xidmət göstərmək.

Fəaliyyət istiqamətləri

Oxucuların kitabxanaya yazılışını təşkil edir, oxucu qrupları üzrə xidməti həyata keçirir;
Yardımçı ədəbiyyat fondlarının komplektləşdirməsində iştirak edir və bu ədəbiyyata dair oxucu sorğularını yerinə yetirir;
Zallarda ardıcıl olaraq yeni alınmış ədəbiyyat, eləcə də əlamətdar və tarixi günlərə dair kitab və dövri mətbuat sərgiləri təşkil edir.

Dövri mətbuat zalı

Dövri mətbuat zalında 67 oxucu yeri vardır. Zalın yardımçı fondunda 4 illik jurnal və 5 illik qəzetlər saxlanılır. Bölməyə il ərzində Azərbaycan dilində 200 adda qəzet, 105 adda jurnal, rus dilində 24 adda qəzet, 15 adda jurnal alınmışdırr. Dövri mətbuat zalından hər cür oxucu qrupları istifadə edir.

Tələbə gənclərə xidmət zalı

Tələbə gənclərə xidmət zalında 185 oxucu yeri var. Buraya ədəbiyyat əsas etibarilə Kitab fondlarının mühafizəsi şöbəsindən alınır. Oxucu qrupları əsasən universitet tələbələri, orta təhsillilər, təqaüdçülər və s.dən ibarətdir. Ədəbiyyat oxucular üçün 1 gün müddətində saxlanılır.

Köməkçi fond

Köməkçi fond bölməsində 12000 nüsxə ədəbiyyat vardır. Bunlardan 5600 nüsxəsi Azərbaycan, 6400 nüsxəsi rus dilindədir. Fondda əlifba və sistemli kataloq təşkil olunmuşdur. Köməkçi fond hər yay mövsümündə yoxlanılır, istifadəsi azalmış kitablar fonda qaytarılır, yeniləri ilə əvəz olunur. Burada ensiklopediyalar, lüğətlər, məlumat sorğu kitabları, dərsliklər və s. ədəbiyyat növləri vardır. Bu ədəbiyyatlar- fəlsəfə, tarix, ədəbiyyat, iqtisadiyyat, hüquq, tibb, texnika və s. sahələri əhatə edir. Burada əsasən ali məktəb tələbələrinə, gənclərə və digər oxucu qruplarına xidmət edilir.


Elmi zallar Humanitar elmlər zalı

Humanitar elmlər zalında 36 oxucu yeri vardır. Zalın yardımçı fondunda 4237 nüsxə ədəbiyyat oxucuların istifadəsinə verilmişdir. Bunların 2072 nüsxəsi Azərbaycan, 2165 nüsxəsi isə rus dilindədir. Zalda əlifba və sistemli kataloqlar var. Hər il zalın fondu yeni kitablarla zənginləşdirilir. Bu zalda elmi dərəcəsi olan oxuculara xidmət olunur. Kitabların çoxu tələbnamələr vasitəsi ilə Kitab fondlarının mühafizəsi şöbəsindən gəlir. Oxucuların vaxt itkisinin qarşısını almaq üçün sifarişlər 5 gün müddətində rəflərdə saxlanılır. Bu zalda ensiklopediyalar və illiklər açıq rəfdə yerləşdirilir.


Dəqiq və texniki elmlər zalı

Dəqiq və texniki elmlər zalında 22 oxucu yeri vardır. Bu zalda da yardımçı ədəbiyyat fondu mövcuddur. Fondda 1869 nüsxə ədəbiyyat toplanmışdır. Bunların 757 nüsxəsi Azərbaycan, 1112 nüsxəsi rus dilindədir. Əlifba və sistemli kataloqları var. Bu zalda elmi dərəcəsi olan oxuculara xidmət olunur. Kitabların əksəriyyəti tələbnamələr vasitəsi ilə əsas fonddan alınır. Oxucuların vaxt itkisini aradan qaldırmaq üçün sifarişlər 5 gün müddətində rəflərdə saxlanılır.

Elektron resurslardan və lokal şəbəkədən istifadənin təşkili

Bölmədə oxucu sorğusu əsasında ən çox istifadə olunan kitabların, dövri mətbuatın, dissertasiyaların elektron versiyaları yaradılır və surəti çıxarılır. Elektron versiyaların yaradılması rəqəmli fotoaparatlar vasitəsilə yerinə yetirilir. İstənilən ədəbiyyatın lazım olan səhifələri rəqəmli fotoaparatlar vasitəsilə çəkilir, işlənir, çap edilərək oxucuya verilir. Sonra həmin ədəbiyyatın tam elektron versiyası yaradılır və kitabxananın lokal kompyuter şəbəkəsinə daxil edilir.



Lokal şəbəkədən istifadə üzrə oxu zalıda daha çox oxucunun eyni zamanda kitabxananın lokal şəbəkəsində elektron resurslardan istifadə imkanları artmışdır. Bölmədə 24 kompyuter vasitəsilə oxuculara xidmət göstərilir və onların sorğuları tam şəkildə ödənilir. Zalda həmçinin 5 ədəd planşet oxucuların istifadəsinə verilib.

Uşaq bölməsi və uşaq istirahət guşəsi

Bölmə uşaqların mütaliəsi və istirahəti üçün nəzərdə tutulmuşdur. Bölmədə mütaliə və uşaq istirahət otağı fəaliyyət göstərir.

“Açıq kitabxana” – Sərbəst mütaliə bölməsi

“Açıq kitabxana”- Sərbəst mütaliə bölməsi Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli Kitabxanasının birgə layihəsi əsasında 2016-cı ildə yaradılmışdır. Həftənin bütün günləri, 24 saat ərzində xidmət göstərir.

Açıq kitabxanada ayrı-ayrı vətəndaşlar, oxucular, yazıçılar, şairlər, ziyalılar və alimlər tərəfindən kitabxanaya təqdim olunan kitablar nümayiş olunur və onların mütaliəsinə şərait yaradılır. Kitabxanada “Mən oxudum, sən də oxu” devizi altında “Kitabı kitaba dəyişmə” guşəsi də fəaliyyət göstərir. Burada hər bir vətəndaşa artıq özünün mütaliə etdiyi kitabı gətirərək həmin guşəyə təhvil vermək və əvəzində mütaliə etmədiyi kitabı apararaq özünün iş və yaşayış yerində mütaliə etmək imkanı yaradılmışdır. Açıq kitabxanada həmçinin açıq səma altında poeziya gecələri, mütaliə axşamları, ayrı-ayrı yazıçı və şairlərlə görüşlər keçirilir, yazıçı və şairlərin yeni kitablarının təqdimat mərasimləri təşkil olunur, imzalı görüşlər keçirilir.



Bu gün yeni tipli Açıq kitabxanada oxucuların elektron-informasiya xidmətlərindən yararlanması üçün də əlverişli şərait yaradılmışdır. Açıq Kitabxanada Azərbaycan Milli Kitabxanasının Elektron kataloqundan, Elektron kitabxanasından, Azərbaycan ədəbiyyatının virtual kitabxanasından və digər elektron kitabxanalardan oxucuların istifadəsi üçün kompüter avadanlıqları və ödənişsiz Wi-Fi şəbəkəsi quraşdırılmışdır. Açıq Kitabxanada Azərbaycanla yanaşı, Rusiyada, Türkiyədə və digər ölkələrdə çap olunan kitabları onlayn sifariş etmək imkanı yaradılmışdır. Burada elektron xidmətlərin genişləndirilməsi, oxuculara göstərilən xidmətin səviyyəsinin daha da artırılması məqsədilə Açıq kitabxananın saytı fəaliyyət göstərir. Sayt vasitəsilə oxucular Açıq kitabxananın virtual sifariş xidmətlərindən yararlanır, onun fondunda olan kitablarla onlayn tanış olur, lazım gəldikdə seçdikləri kitabı sifariş edə, eyni zamanda burada keçirilən tədbirlər haqqında məlumat əldə edə bilirlər. Həmçinin oxucuların dünya və respublika kitabxanalarının saytlarına giriş, internetdən kitab satışı həyata keçirən mərkəzlərlə əlaqə imkanı vardır. Açıq kitabxanada avtomat kitab köşkü vasitəsilə kitab satışı təşkil olunmuşdur.

Onlayn xidmət bölməsi

Bölmə istifadəçilərə onlayn rejimdə kitabxana xidmətini həyata keçirir. Eyni zamanda bu bölmə regionlarda yerləşən Mərkəzi Kitabxanalar vasitəsilə bütün Azərbaycan istifadəçilərinə (yerlərdəki Mərkəzi Kitabxanalarda oxuculara verilən rədd cavablarının sayının minimuma endirilməsinə və regionlardakı istifadəçilərə və mütəxəssislərə kitabxana xidmətinin səviyyəsinin yüksəldilməsi məqsədi ilə) və xarici ölkələrdə yaşayan Azərbaycan haqqında bu və ya digər materiallara ehtiyac duyan istifadəçilərə onlayn rejimdə xidmət göstərir.

 

<< Geri