Şöbə haqqında ümumi məlumatt
Respublikamızda uzun illərdən bəri formalaşmaqda olan kitabxana
fondları içərisində Milli Kitabxananın universal məzmunlu kitab
fondu xüsusi yer tutur.
Respublikanın baş kitabxanasında əsas fondun təşkili və onun
inkişafı 95 illik tarixə malikdir. 1923-cü ildə rəsmi açılışı
olmuş kitabxananın fəaliyyətini təmin etmək məqsədilə fondun
təşkilinə ciddi fikir verilmiş, əsas diqqət ayrı-ayrı şəxslərdən
kitabların satın alınmasına yönəldilmiş və əsasən milli çap
məhsullarının toplanmasına səy göstərilmişdir. Bir faktı
göstərmək kifayətdir ki, 1922-ci ildə Baş İqtisad Şurası Dövlət
kitabxanasına milli dildə kitab almaq üçün 10 000 manat qızıl
pul verilməsini lazım bilmişdir.
Kitabxananın açılışı zamanı onun fondunda 20 441 nüsxə çap
məhsulu toplanmış və bunun 900 nüsxəsi milli dildə olmuşdur. Bu
zaman fond 3 şöbədə : Şərq, Avropa, Rus şöbələri kimi
sistemləşdirilmişdir.
Fondda bütün elm sahələri üzrə kitablar, jurnallar, ardı davam
edən nəşrlər, qəzetlər, avtoreferatlar (Azərbaycan və rus
dilində) toplanılır. Əsas diqqət fondun təşkilinə, uçotunun
aparılmasına, səmərəli istifadə olunmasına və mühafizəsinə
verilir.
Ədəbiyyat format, inventar-sıra, xronloji və əlifba-xronoloji
qaydada düzülmüşdür.Fondun tərkibində erməni və gürcü dilində də
ədəbiyyat saxlanılır.
Strukturu
Azərbaycan ədəbiyyatı bölməsi
Elektron informasiya daşıyıcıları və format üzrə qruplaşdırılmış
ədəbiyyat bölməsi.
Dövrü mətbuat və ardı davam edən nəşrlər bölməsi.
Depozitar ədəbiyyat bölməsi
Vəzifələri
Kitabxananın bütün oxu zallarının oxucularının, Elektron
informasiya xidməti bölməsinin abonentlərinin və kitabxananın
əməkdaşlarının istifadəsini təmin edir.
Universal məzmunlu ədəbiyyat fondunu toplayır və mühafizə edir.
Respublika kitabxanalarına fondun təşkili, qorunması və ondan
istifadə olunması haqqında metodik köməklik göstərir.
Fəaliyyət istiqamətləri
Ədəbiyyat verilişi oxucuların və abonentlərin sifarişi əsasında
həyata keçirilir.
Şöbənin fondu kitabxananın bütün kataloqlar sistemində öz əksini
tapır.
Kitabxanada fondların mühafizəsi üçün mühüm tədbirlər həyata
keçirilir. 2014-cü ildən kitabxananın fondlarında müasir tipli
mobil kitab rəflərinin quraşdırılması işinə başlanılmışdır.
Fondlarda Avropa standartlarına uyğun işıqlandırma, havalandırma
və rütubət rejimini tənzimləyən avadanlıqlar quraşdırılmış,
qazla işləyən avtomatlaşdırılmış yanğın xəbərverici və yanğın
söndürücü sistem quraşdırılaraq istifadəyə verilmişdir. Fondun
xüsusi, mobil kitab rəflərində yerləşdirilməsi həm oxucuya
xidmət işini yaxşılaşdırır, həm də kitab sərvətini mühafizə edir.
Azərbaycan ədəbiyyatı fondunda kitablar mobil rəflərdə inventar-sıra
düzülüşünə əsasən düzülmüş, fond kompyüter avadanlığı ilə təhciz
edilmişdir.
Elektron informasiya daşıyıcıları və format üzrə qruplaşdırılmış
ədəbiyyat bölməsinə 1, 2, 3, 4 ölçüdə format üzrə kitablar,
avtoreferatlar, xəritələr, CD Rom və DVD-lər daxildir.
Avtoreferatlar fondda xronoloji qaydaya əsasən düzülür,
azərbaycan, rus və xarici dillərdədir. Nəşr yerlərindən asılı
olaraq düzülüş şifrələri fərqlənir.
Fondda azərbaycan və rus dillərində 5328 nüsxə xəritə var.
Bəzi nəşrlər kitabxanaya CD Rom və DVD şəklində daxil olur və
şöbədə mühafizə və istifadəsi təmin edilir.
Dövri mətbuat və ardı davam edən nəşrlər bölməsinə qəzetlər,
jurnallar, elmi əsərlər daxildir. Jurnallar və qəzetıər əlifba-xronoloji,elmi
əsərlər isə inventar-sıra düzülüşünə əsasən yığılmışdır.
Jurnallar:
Azərb. dilində - 540 adda
Rus dilində - 1845 adda
Elmi əsərlər:
azərb. dilində - D-4509
rus dilində - П-130693
Dj-13425 (1807-1917-ci illər)
Qəzetlər:
azərb. dilində - 1356 adda
rus dilində - 424 adda
Qəzet fondunun tərkibində 1920-ci ildən sonra çap olunmuş
Azərbaycan və rus dillərində “Qəzet” arxivi yaradılıb.
Depozitar ədəbiyyat bölməsində oxucular tərəfindən az soruşulan
266 401 nüsxə ədəbiyyat saxlanılır. Bu bölmədəki ədəbiyyatlar XX
əsrin əvvəllərindən 1980-ci ilə kimi olan dövri əhatə edir, rus
dilindədir, kitablar format, jurnallar əlifba-xronoloji qaydada
düzülür.
kitab-15519 nüsxə
jurnal- 250882 nüsxə
Şöbənin bütün fondlarının komplektləşdirilməsi müntəzəm olaraq,
Kitab Fondlarının Formalaşdırılması şöbəsi tərəfindən həyata
keçirilir. Bərpaya ehtiyacı olan nüsxələr seçilir və bərpa
olunur.
Ədəbiyyat verilişi oxucuların və abonentlərin sifarişləri
əsasında həyata keçirilir, istifadə olunduqdan sonra fonda
qaytarılır. Digər şöbələrin yardımçı fondlarına verilən
ədəbiyyatlara fərdi kartoçka yazılır və bölmənin daxili
kataloqunda öz əksini tapır. Azərbaycan ədəbiyyatı bölməsindəki
bütün kitablar, format üzrə olan kitabların və jurnalların cari
hissəsi elektron kataloqda öz əksini tapmış, retrospektiv
ədəbiyyatın yazılışı isə davam etdirilir.
Hal-hazırda şöbənin fondlarında mobil kitab rəflərinə köçürülmə
işləri davam edir.