E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

Gəncə şəhərindəki bu məktəb 1962-ci ildə istifadəyə verilib və ilk dövrlərdə 39 nömrəli beynəlmiləl orta məktəb adlanıb. 1978-ci ildə görkəmli ədəbiyyatşünas alim və yazıçı Mir Cəlal Paşayevin vəfatından sonra onun adını əbədiləşdirmək üçün pedaqoji kollektivin xahişinə əsasən məktəbə Mir Cəlal Paşayevin adı verilib. Bu təhsil ocağı nəinki Gəncənin, ümumilikdə Azərbaycanın ən nüfuzlu məktəblərindən biridir. Məktəbin müəllim kollektivi arasında “Tərəqqi” medalına, “Əməkdar müəllim”, “Qabaqcıl təhsil işçisi”, “İlin ən yaxşı müəllimi” fəxri adlarına layiq görülmüş pedaqoqlar var. Hər il məzunların əksəriyyəti yüksək balla ölkəmizin və dünyanın nüfuzlu ali təhsil ocaqlarına qəbul olur, Prezident təqaüdünə layiq görülür.

Prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı Sərəncama əsasən bu məktəb 2009-2010-cu dərs ilində keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub.

Təhsil müəssisəsinin ümumi ərazisi 12 min kvadratmetrdir. Ətrafda yaşıllıq zolağı yaradılıb, 3,2 min kvadratmetr sahə asfaltlanıb.

Dördmərtəbəli binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Burada, eyni zamanda, smart sinif, informatika, psixoloq otaqları, inzibati bölmə, fizika, kimya, biologiya kabinetləri də zəruri ləvazimatla təchiz edilib.

<< Geri