Sivilizasiyaların qovuşuğunda yerləşən
Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq
ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən
həqiqətlərdəndir. Mövcud milli-mədəni müxtəliflik və
etnik-dini dözümlülük mühiti onu çoxmillətli,
çoxkonfessiyalı diyar kimi dünya miqyasında
mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir.
Azərbaycan Respublikasında bu gün həmin mədəni, linqvistik,
etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata
keçirilən dövlət siyasəti multikulturalizm sahəsində
əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi
qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə
bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq
aləmdə təbliğinin gücləndirilməsini zəruri edir.
Multikulturalizmin həyat tərzinə
çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş
tanıdılmasının vacibliyini, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif
multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin
Azərbaycan reallığında təhlili və təşviqinin əhəmiyyətini nəzərə alaraq,
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
-
Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzi yaradılsın.
-
“Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Nizamnaməsi” təsdiq edilsin.
-
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana
uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin; 3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu
Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin; 3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 3.4. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xərclər smetasını və ştat
cədvəlini, işçilərinin say həddini, icraçı direktorunun və işçilərinin aylıq
vəzifə maaşlarını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin; 3.5. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin binasının tikilməsi barədə
təklifləri iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin; 3.6. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinin təşkili ilə bağlı
zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin; 3.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
-
Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dövlət qeydiyyatına
alınmasını bir ay müddətində təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 may 2014-cü il.
|